Türkiyədəki çevriliş cəhdi Azərbaycanlı tanınmışları ikiyə böldü
Bizi izləyin

Nida.az

Türkiyədəki çevriliş cəhdi Azərbaycanlı tanınmışları ikiyə böldü

Türkiyədə hərbi çevrilişə cəhd Azərbaycanda siyasi-ictimai nüfuza malik şəxslər tərəfindən diqqətlə izlənməkdədir.

Publika.az hadisələrlə bağlı sosial şəbəkələrdə əksini tapan statusları təqdim edir:

Millət vəkili Fazil Mustafa:

- "Darbə" yatırıldı. Türkiyəmizə, Türk millətinə, Türk dünyasına xeyirli olsun! Günün ən axmaq tezisi isə darbənin Ərdoğanın özü tərəfindən təşkil olunması iddiasıdır. Bu qədər bəsit düşüncə ilə siyasət yorumu təqdim etməkdən usanmadılar, utanmadılar. Məclisi Ərdoğan bombalatdı, qaldığı oteli özü bombalatdı, ölkə iqtisadiyyatına özü bilərəkdən zərbə vurdu, öz iqtidarının orduya nəzarət etməyəcək qədər zəif olduğunu özü nümayiş etdirdi... Bu tezisi mənimsəyənlər görünüşcə çevrəmizdə olan ciddi adamlardır, ancaq bir epizod bunların nə qədər bəsit düşüncə sahibi olduqlarını üzə çıxardı. Ərdoğanın da, AKP-nin də siyasətində kifayət qədər yanlış məqamlar var, ancaq kimsə öz iqtidarının nüfuzunu bu cür risk altına qoymaz. Burada ən böyük təşəkkür və tərif dinamik türk millətinə düşür. Tankların zirehini iman və iradə ilə deşdilər. Bir daha aydın oldu ki, millətdən sosial sifariş almayan hər hansı hərəkat uğursuzluğa məhkumdur.

Millət vəkili Qənirə Paşayeva:

- Çox şükür bitdi və hər kəs Türk millətinin gücünü gördü. Bu darbe girişiminə böyük ümidlər bağlayan bəzi xarici güclərə xalq "yeni istiqlal mücadiləsinə hazırıq" cavabını verdi. Türk milləti onun üzərində oynanan böyük oyunların fərqindədir artıq. Xainlər gərəkli cəzanı alacaqlar ki, başqalarına da dərs olsun. Türkiyəyə zərər vermək istəyənlər Türkiyə xaricində yaşayan türk dövlət və toplumlarına da zərər vurur və onlarla mücadilədə bütün Türklər Türkiyənin yanındadır. Gecədən bu yana 1 dəqiqə belə yatmadıq.

Azadinform İnformasiya Agentliyinin redaktoru Niyaz Niftiyev:

- Gecədən narahatıq. Əlbəttə dünyada bu tipli qiyamlar çox olur, vecimizə də deyil. Amma Türkiyə fərqlidir, qardaşıq. Şəxsən mən statuslarımda Türkiyə dövlətini müdafiə edirəm, indiki məqamda hakimiyyətdə Ərdoğan yox başqası olsaydı da, eyni mövqeyi müdafiə edərdim. Əsgər heç bir halda siyasi hakimiyyətə iddialı olmamalı, dövlətin təhlükəsizliyini və suverenliyini qorumalıdır.

Publika.az-ın şef-redaktoru Elçin Əlibəyli:

- Türkiyədə baş verənlərə qiymət vermək olmur. Təslim olmuş əsgərlərə qarşı törədilənlərin adı yoxdur. Kimsə dayanmaq əmri də vermir, əksinə bir çox siyasi bəyanatlarda qisas almaq çağırışı var. Dünən hadisələri pisləyən televiziya şərhçiləri 2016-cı ildir deyib qınaq edirdilər, indi onlar üçün 2016-cı il deyil, niyə əsgərə qarşı törədilənlərə rəy bildirmirlər? Nə oldu sənə, vətənim Türkiyə?"

"AzVision"az sayıtının baş redaktoru Vüsal Məmmədov:

- Ərdoğanla Güləni bir qəfəsə salsınlar, istədikləri qədər didsinlər bir-birini. Zatən bir medalın iki üzüdürlər. Türkiyə, türk xalqı, sevimli türk əsgəri niyə bu zülmləri yaşamalıdır?

Politoloq Elxan Şahinoğlu:

- General Kənan Evren çevriliş həyata keçirtdikdə Türkiyədə kimsə "mık" eləmədi, dərhal dövlət binaları ələ keçirildi, media nəzarət altına alındı, ölkə onsuz da solçu-millətçi davası içində idi və insanlar rahat həyatlarının bərpasını istəyirdi. Kenan Evren də sanki cəmiyyətin sosial sifarişini yerinə yetirirmiş kimi çevrilişi kiçik istisnalarla qan tökmədən reallaşdırdı. Yəni Kenan Evrenin kimsəni bəri başdan öldürmək fikri yox idi, sonralar sifarişli məhkəmələr ölüm hökmləri çıxartdılar. Ancaq bu dəfə hərbi çevrilişi planlayanlar Ərdoğanı öldürməklə yanaşı, hara gəldi bomba yağdırıblar. Demək ki, dünənki çevrilişi planlayanlar dövlət və özəl binalardakı günahsız mülki insanları və polis işçilərini də qətlə yetirəcəklərini anlayırmışlar. Bunun Türkiyə üçün ağır nəticələrinin olacağını da bilməmiş deyildilər. Sadəcə, məni bu qarışıqlıqda çevrilişə qoşulan aşağı rütbəli hərbçilərin motivasiyası maraqlandırır: Əsgərlər və hərbi təyyarələrin pilotları nəyin naminə insanların qətlinə razılaşbılar? Hansısa başıpozuq generalın çevriliş planını yerinə yetirməyə dəyərdimi? Mən inanmıram ki, çevrilişdə iştirak edənlərin tamamı Fətullah Gülənin nəzarətində olub və ya ona itaət ediblər.

Türkiyədə bu qeyri-peşəkar hərbi çevriliş cəhdi ilə bağlı daha nələr eşitməyəcəyik! Türkiyənin rəsmiləri Rusiyanın hərbi təyyarəsinin də məhz hazırki çevrilişçilər tərəfindən vurulduğunu bildirirlər. Başqa sözlə, hərbi çevrilişi planlayanlar əvvəlcə Ankara ilə Moskvanın əməkdaşlığını pozmaq istəyiblər və buna Ərdoğan Putindən üzr istəyənə qədər nail olublar. Bu iddiada həqiqət payı odur ki, Türkiyədə çevrilişin əsas qüvvəsi məhz hərbi hava qüvvələrində cəmləşmişdi. Ancaq əgər həqiqətən Rusiyanın təyyarəsini vurmaq çevrilişçilərin və onların arxasındakı Fətullah Gülənin planı olubsa, niyə həmin zaman Ərdoğan bunun üstünü açmadı, daxildə komissiya yaradıb məsələni özü üçün aydınlaşdırmadı, əksinə sərhədi pozan təyyarənin vurulmasına haqq qazandırdı, baş naziri Əhməd Davudoğlu isə "təyyarəni vurmaq əmrini mən vermişəm" kimi açıqlamanı niyə səsləndirdi? İndi isə deyirlər ki, təyyarəni Gülən tərəfdarları vurub. Ankara bununla sanki bir daha Moskvadan üzrxahlıq edir ki, sizin təyyarəni biz yox, bizim daxili düşmənlərimiz vurub. Görək buna Kreml nə deyəcək? Görünür, Ərdoğan uğursuz hərbi çevrilişlə iki dovşan vuracaq, birincisi orduda və idarəetmə sistemində təmizlik işlərini gücləndirəcək, ikincisi, Moskva ilə daha çox yaxınlaşmağa çalışacaq. Ancaq Ərdoğan daha əvvəlki kim rahat işləyə də bilməyəcək, hər zaman arxasına baxacaq.

Politoloq Ərəstun Oruclu:

- Çoxdan idi Türkiyədə olmamışdım. Nəhayət, bu il gəldim, amma ayağım düşmədi…

İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul:

- Ərdoğan vəziyyət qarışan kimi arxasını bəyənmədiyi Atatürkə söykədi. İndi harada danışırsa, arxasında Atatürkün böyük portreti var. Ay xatakar!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm