“Qiyam cəhdi zamanı Azərbaycanın bu addımı bizi...” – Cəmil Çiçək Publika.az-a DANIŞDI
Bizi izləyin

Nida.az

“Qiyam cəhdi zamanı Azərbaycanın bu addımı bizi...” – Cəmil Çiçək Publika.az-a DANIŞDI

"İyulun 15-də Türkiyədə törədilən dövlət çevrilişinə cəhdə görə həbs olunan şəxslərin ifadələri alınır. Doğrudur, həmin ifadələrdən də bəlli olur ki, bu çevriliş planının arxasında Gülən camaatına bağlı şəxslər dayanır. Ancaq bu, təkcə bir qüvvənin işi ola bilməz. Bu planın ayrı-ayrı qüvvələr tərəfindən dəstəklənməsi heç kəsdə şübhə doğurmur".

Bu sözləri Publika.az-a eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisin (TBMM) keçmiş sədri, parlamentin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradan seçilən millət vəkili Cəmil Çiçək bildirib.

Sabiq spiker deyib ki, sözügedən çevriliş cəhdinin arxasında başqa qüvvələrin və ya şəxslərin dayanması məsələsi hazırda araşdırılır.

C.Çiçək qeyd edib ki, bu hadisə çox qarışıq bir hadisədir: "Bu hadisə bir-iki nəfərin planı ilə həyata keçiriləcək iş deyil. Bunun arxasında başqa kimlərin olub-olmaması ehtimalları hazırda məhkəmələr tərəfindən araşdırılır və həqiqət tezliklə ortaya çıxacaq. Amma işin içərisində kim olursa olsun, nəticə etibarı ilə Türkiyəyə qarşı xain addım atılıb. Ona görə də günahkarlar mütləq cəzalandırılacaq. Bu çevriliş cəhdində iştirak edən və dəstək verən şəxslərə qarşı məhkəmə tərəfindən araşdırmalar başladılıb. Hərbi çevriliş cəhdində iştirak edən və dəstək verən hər bir şəxs ədalətli cəzasını alacaq. Buna heç kəs şübhə etməsin. Əminəm ki, tezliklə Türkiyə bu çətin günləri arxada qoyub, daha da güclənəcək".

AKP-çi deputat təəssüflə vurğulayıb ki, iyulun 15-də Türkiyədə qanlı gecə yaşanıb: "Həmin gecə Türkiyə Silahlı Qüvvələri içərisindəki bir qrup xalqın iradəsi ilə seçilən deputatlara, prezidentə və hökumətə qarşı çevrilişə cəhd etdi. Bu çevriliş cəhdi zamanı xeyli sayda günahsız insanlarımız şəhid oldu. Türkiyə xalqı bu çevrilişin qarşısını aldı, növbəti dəfə demokratiya yolunda mübarizliyini nümayiş etdirdi. Eyni zamanda Türkiyənin ayrı-ayrı siyasi və vətəndaş cəmiyyəti təşkilatları da hərbi çevrilişə qarşı olduqlarını ortaya qoydular. Hətta Türkiyənin aparıcı müxalifət partiyaları da çevrilişə qarşı çıxaraq, hökumətə dəstək verdilər. Hazırda isə çevriliş cəhdinin qarşısı tamamilə alınıb və normallaşma prosesi gedir. Artıq Türkiyədə həyat əvvəlki axarında, normal şəkildə davam edir".

C.Çiçək hadisə baş verən günü Azərbaycanın da Türkiyəyə verdiyi dəstəyin böyük əhəmiyyət kəsb etdiyini söyləyib: "Biz Azərbaycanla doğrudan da qardaşıq. Biz bir millət, iki dövlətik. Belə çətin gündə azərbaycanlı qardaşlarımızın bizə dəstək verməsi və bu vəhşi hadisəni lənətləməsi, habelə xalqın iradəsinin yanında yer alması Türkiyə üçün əhəmiyyətli güc qaynağı oldu. Onsuz da biz qardaşlarımızdan bu mövqeyi gözləyirdik. Azərbaycan və Türkiyə xoş və acı günlərdə hər zaman bərabərdir. Azərbaycan Türkiyəyə öz qardaşlığını və səmimi dostluğunu bir daha nümayiş etdirdi. Bütün bunlara görə qardaş Azərbaycan dövlətinə və xalqına verdiyi böyük dəstəyə görə təşəkkür edirəm".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm