Tükənən Sarkisyan, “darbeçilər”in ilk məğlubiyyəti, “Yeni SSRİ”... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Tükənən Sarkisyan, “darbeçilər”in ilk məğlubiyyəti, “Yeni SSRİ”... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Heç şübhəsiz ki, arxada qoyduğumuz həftənin gündəmində əsas mövzu Türkiyədəki hərbi çevriliş cəhdinin nəticələri, həbslər və anti-FETÖ (Fətullahçı Terror Təşkilatı) əməliyyatları oldu. İrəvanda polis bölməsinə hücum və Qazaxıstandakı terror hadisəsi həftənin siyasi gündəminə damğasını vurdu.

Türkiyə hərbi çevrilişə cəhddə ittiham etdiyi Fətullahçı Terror Təşkilatının lideri Fəthullah Gülənin ekstradisiyası üçün ABŞ-a Prezident, Baş nazir və Xarici İşlər Nazirliyi səviyyəsində müraciət etdi və onun çevriliş cəhdini təşkil etdiyini göstərən dəlilləri göndərdi. Bundan başqa Türkiyə ABŞ-dan Fəthullah Gülən qaytarılana qədər onun 60 günlük həbs olunmasını tələb edib. Vaşinqtondan verilən məlumata görə, müraciət hazırda qiymətləndirilir.

Türkiyənin müxtəlif idarə və təşkilatlarında həftə ərzində həbslər davam etdi.

Türkiyə təhlükəsizlik gücləri hərbi çevrilişə uğursuz cəhdlə bağlı araşdırmalar çərçivəsində 103 general və admiralı saxladı. Türkiyə Dini İşlər İdarəsində Fəthullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu ilə əlaqəli olan 492 vəzifəli şəxs vəzifəsindən uzaqlaşdırılıb.

Milli İstihbarat Təşkilatının (MİT) 100, Türkiyə Təhsil Nazirliyinin 20 mindən çox, Nazirlər Kabinetinin 257 əməkdaşı işindən uzaqlaşdırılıb. Türkiyədə hərbi çevriliş cəhdindən sonra 9322 nəfər barəsində istintaq işi davam edir.

Milli Müdafiə Nazirliyində çalışan 262 hərbi hakim və prokuror vəzifəsindən kənarlaşdırılıb. FETÖ əməliyyatı Türkiyə Böyük Millət Məclsinə (TBMM) də sıçradı. Baş katib köməkçiləri və dairə başçıları da daxil olmaqla 30 nəfər işindən uzaqlaşdırılıb.

Ankara Polis Təşkilatının 900 əməkdaşı hərbi çevriliş cəhdinə dəstək verməkdə ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb. Türkiyədə FETÖ ilə əlaqəsi olan media qurumlarının lisenziyası ləğv edilib.

İyunun 21-dən Türkiyədə 3 ay müddətində fövqəladə vəziyyət rejimi qüvvəyə mindi.

Ermənistanda qiyam

"Yeni Ermənistan" hərəkatının bir qrup üzvü iyulun 17-də paytaxt İrəvan yaxınlığındakı Erebuni rayonunda yerləşən polis patrul alayının binasını ələ keçirdi. Onlar yüksək rütbəli polis zabitlərini və digər əməkdaşları girov götürüblər. Binanın tutulması zamanı bir polis ölüb, daha altı nəfər yaralanıb.

Silahlı qrup həbsdə olan müxalifətçi Jiray Sefilyanın azad olunmasını, həmçinin, Serj Sarkisyanın istefasını tələb edirlər.

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan polis alayına hücumun hərbi qiyam və daha böyük faciəli hadisələrə gətirib çıxara biləcəyini deyib. Onun sözlərinə görə, hazırda ölkə hərbi qiyam təhlükəsi ilə üz-üzədir.

Ermənistan parlamentinin deputatı Nikol Paşinyan isə deyib ki, ölkədə əhalinin əksəriyyəti siyasi məsələləri silah yolu ilə həll etməyin tərəfdarıdır. Nikol Paşinyan prezident Serj Sarkisyanın əsas günahkar olduğunu bildirib.

İyulun 20-dən 21-nə keçən gecə İrəvanda polis alayının binası qarşısında polislə nümayişçilər arasında qarşıdurma baş verib. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazı tətbiq edib və havaya bir neçə atəş açıb. Ermənistanın Səhiyyə Nazirliyinin məlumatına görə, toqquşmaların gedişatında 51 nəfər zərər çəkib. Onlardan 28-nin polis əməkdaşı olduğu deyilir. 136 nəfər nümayişçi saxlanılıb.

Son məlumata görə, Ermənistanda qiyamçılar bütün girovları azad edib. Onlarla bağlı hansı qərarın veriləcəyi hələlik açıqlanmayıb.

Almatıda ara qarışdı

Qazaxıstan Daxili İşlər Nazirliyinin Almatı şəhəri Almalinsk rayonu bölməsinin ətrafında atışma baş verib. Atışma zamanı üç polis və bir mülki şəxs həlak olub. Almatı terrorizmlə mübarizə üzrə operativ qərargahından bildiriblər ki, cinayətkarlardan biri həbs edilib, ikincinin axtarışı elan edilib.

Yeddi polis xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Almatı terror təhlükəsinin ən yüksək səviyyəsi elan olunub. Bəzi məlumatlara görə, cinayətkar qeyri-ənənəvi dini cərəyanın tərəfdarıdır.

Qapalı görüş: Qarabağın qaytarılması müzakirə olundu

Ermənistan prezidenti Serj Sarkisyan iyulun 16-da Dağlıq Qarabağa səfəri zamanı ərazilərin qaytarılması məsələsini müzakirə edib. Ermənistan mediasının yazdığına görə, Sarkisyan Qarabağda separatçılarla görüşərək, onlardan ərazilərin qaytarılması ilə bağlı fikirlərini soruşub.

Görüşdə iştirak edən erməni döyüşçü Razmik Petrosyan deyib ki, vaxtilə ərazilərin qaytarılmasının Qarabağa müstəqillik verilməsi əvəzinə mümkünlüyü müzakirə olunurdu: "İndi isə belə görünür ki, Ermənistan birtərəfli qaydada güzəştlər etməyə məcbur olunur".

Görüşün digər iştirakçısı Hamlet Qriqoryan da təsdiqləyib ki, Sarkisyan onlardan ərazilərin qaytarılması məsələsi haqda düşündüklərini soruşub.

Jirinovskidən ŞOK TƏKLİF: "İranla və Türkiyə ilə yeni SSRİ yaradaq"

Rusiyanın Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski İran və Türkiyə ilə yeni SSRİ-ni yaratmağı təklif edib.

Siyasətçi bu fikirlə "Twitter"dəki mikrobloqunda yazıb. "İstəkdən asılı olaraq yenidən SSRİ-ni yaratmaq olar. İttifaqa İranı, Türkiyəni və başqa ölkələri çağırmaq olar", - liberal-demokratların lideri qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm