Okeanın o tayından bəslənən qiyam, Bakıda yoxlanılan nəbz... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Okeanın o tayından bəslənən qiyam, Bakıda yoxlanılan nəbz... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Almaniya və ABŞ iyulun 25-də terror aktları ilə sarsıldı. Sarkisyan rejimi isə burulğandan xilas ola bilmir. Türkiyədə hərbi çevriliş cəhdindən sonra həbslər davam edir. Gündəmin daha maraqlı bir hadisəsi isə Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı ortaya atılan iddiadır.

Türkiyə Ermənistanla sərhədləri açmaq üçün müzakirələrə başlamaq istəyir.

Bu iddia ilə "Hürriyet" qəzetinin köşə yazarı Fatih Çekirgen çıxış edib. Onun iddiasına görə, xarici işlər naziri Mövlud Çavuşoğlu iyunda Bakıya səfəri zamanı bu məsələ ilə bağlı Azərbaycan rəhbərliyinin "nəbzi"ni yoxlamağa çalışıb.

Türkiyədə "FETÖ əməliyyatı" davam edir. Fətullahçı Terror Təşkilatının (FETÖ) hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində Hərb Akademiyaları Komandirliyində əməliyyat keçirilib. Əməliyyatın gedişatında aralarında rütbəli hərbçilərin də olduğu 40 şübhəli nəzarətə alınıb.

"FETÖ əməliyyatı" mediada. FETÖ hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində aralarında Nazlı İlıcakın da olduğu 42 jurnalistin saxlanılması barədə qərar verilib. Qərar İstanbul Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər Bürosunun tələbi üzrə qəbul olunub.

İstanbul Universitetində aralarında professorların da olduğu 31 akademik saxlanılıb. Türk Hava Yollarının 100-dən çox əməkdaşı işdən çıxarılıb. İşini itirənlərin arasında aviaşirkətin rəhbərliyinin nümayəndələri də var. İyulun 15-i hərbi çevrilişə cəhd gecəsi prezident Rəcəb Tayyib Ərdoğanın Marmarisdə qaldığı otelə hücum edən sui-qəsd bölüyünün 7 komandosu tutulub.

"İncirlik"də məxfi QİYAM GÖRÜŞÜ: ABŞ generalının gizli Türkiyə səfəri

Türkiyədə 15 iyul dövlət çevrilişi planının arxasında ABŞ-ın olmasına dair informasiyalar yayılmaqdadır.

"Yeni Şafak" qəzeti dövlət çevrilişi planını hazırlayanlar arasında İSAF (Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) komandanı, general Con Kempbellin də olduğunu yazıb. Qəzetin məlumatına görə, dövlət çevrilişinə maliyyə yardımı etmək üçün Nigeriyada olan "United Bank of Africa (UBA)"dan CİA (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) vasitəsilə pul köçürülüb.

"Çevriliş planının tətbiq etdiyi vaxta qədər iki dəfə gizli şəkildə Türkiyəyə səfər edən general Kempbell həm Ərzurum, həm də Adanadakı "İncirlik" hərbi bazasında məxfi görüşlər keçirib. Hərbi mənbələrə görə, amerikalı general dövlət çevrilişi uğurlu olacağı təqdirdə yenidən Türkiyəyə gələcəkdi. Həmçinin, UBA-dan köçürülən pullar Türkiyədə 80 nəfərin ayrı-ayrı bank hesablarına yatırılıb. Bu hesablardan çıxarılan pullar xuntaçılara birbaşa təqdim olunub. Türkiyənin Şərq və Cənub-Şərqində bir sıra tanınmış adamlar bu işin içində olub. Anadoluda və digər yerlərdə isə Gülən camaatına məxsus adamlardan istifadə olunub", - deyə məqalədə bildirilir.

Ermənistanda qiyamçılar təyyarəni VURDU

İrəvanda polis-patrul alayının binasının tutan silahlı qrup bütün girovları azad etsə də, binanı tərk etməyib. Müxalif qrupları Sarkisyanın istefasını və həbsdə olan Jiray Sefilyanın azad olunmasını tələb edən silahlılara dəstək aksiyaları keçirir.

Özlərini "məğlubedilməz döyüşçülər" adlandıran silahlı qrupun üzvü Varujan Avetsyan qeyd edib ki, onlar həmçinin, polisin pilotsuz uçan aparatını da vurublar.

Ermənistanda kütləvi həbslər başlayıb. Ermənistan milli təhlükəsizlik xidməti İrəvanda polis-patrul alayının binasını ələ keçirən silahlı şəxslərə kömək etməkdə şübhəli bilinən bir qrup insanı həbs edib. Ermənistan xüsusi xidmət orqanlarının iddiasına görə, həbs olunanlar polis binasına hücum zamanı silahlı qrupa kənardan dəstək veriblər. Onların bəziləri yük maşını ilə hasarı uçurub, digərləri isə "molotov kokteyli" ilə binanın ətrafını yandırıblar. Bundan sonra digərləri içəri girərək, polis əməkdaşlarını girov götürüblər.

Almaniyada partlayış: terrorçu öldü, 12 nəfər yaralandı

Almaniyanın Ansbax şəhərində partlayış törədilib. Restoranlardan birində törədilən partlayış nəticəsində terrorçu həlak olub, daha 12 nəfər yaralanıb. Polislərin məlumatına görə, partlayış 27 yaşlı suriyalı kamikadze tərəfindən törədilib. Bavariya Daxili İşlər Nazirliyinin başçısı İoxan Xerrman bildirib ki, bir il əvvəl ona qaçqın statusunun verilməsindən imtina edilib.

ABŞ-da gecə klubunda güllələnmə

ABŞ-ın Florida ştatında naməlum adamlar gecə klubunun ziyarətçilərini güllələyib. Hadisə Fort-Mayers şəhərində "Club Blu" gecə klubunda baş verib. Polis iki nəfərin öldüyünü açıqlayıb. Daha 16 nəfər yaralanıb. Polis hadisəyə görə iki şübhəlini saxlayıb.

İlk addım şotlandlardan – Britaniya parçalanır

Böyük Britaniyanın üzərindən qara buludlar çəkilmək bilmir.

"Bizim maraqlarımız Böyük Britaniya çərçivəsində qorunmasa, o halda Şotlandiya müstəqilliyə mümkün variantlardan biri kimi baxmaq hüququna malik olmalıdır", - Şotlandiyanın birinci naziri (baş nazir) Nikola Stercet deyib.

Onun sözlərinə görə, ehtiyac olduğu halda Şotlandiya müstəqillik üçün referendumun keçirilməsinə təşəbbüs edəcək. Birinci nazir daha əvvəl də bildirib ki, əgər Britaniya Avropa Birliyində çıxanda Şotlandiyanın mövqeyi qəbul edilməsə, 2017-ci ildə müstəqillik haqqında ikinci referendum keçirilə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm