“Səndən sonra gələnlər səni bəyənmirlər” - Müsavatda dava
Bizi izləyin

Nida.az

“Səndən sonra gələnlər səni bəyənmirlər” - Müsavatda dava

“Səndən sonra gələnlər səni bəyənmirlər”-Müsavatda dava

Müsavat Gənclər Təşkilatında (MGT) yenidən gərginlik yaranıb.

Publika.Az xəbər verir ki, MGT üzvü Tural Sadıqlı Almaniyaya mühacirətə gedəndən sonra onunla təşkilat sədri Əhliman Abbasın tərəfdarları arasında sosial şəbəkələrdə qarşıdurmalar olub. Əsas müzakirə mövzusu “mübarizəni qoyub mühacirətə getmək” məsələsidir.

Sosial şəbəkələrdəki “söz savaşında” MGT sədrinin müavini Vasif Sadiqbəyli, Fərəc Kərimov, Amid Süleymanov, Elçin Cərullazadə, Nicat Əmiraslanov və Ayaz Xəlilov iştirak edib.

Təhqir müstəvisinə keçən “virtual savaş” barədə T. Sadıqlı Müsavat Divanına və Mərkəzi Nəzarət-Təftiş Komissiyasına müraciət edib. Məsələ araşdırılandan sonra Divan sözügedən şəxslər barədə ölçü götürüb və onlara töhmət verib, Ayaz Xəlilov isə Gənclər Təşkilatından uzaqlaşdırılıb. T. Sadıqlı “Facebook”-da yazıb ki, ona qarşı təhqir olub və o da qarşı tərəfə cavab verib.

O təhqirlərə görə adiçəkilən şəxsləri məhkəməyə verməyi düşündüyünü yazıb: “Çünki onlar Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində göstərilən cinayət əməli törədiblər. Lakin onların hamısının Müsavat Partiyasının üzvü olduğunu bildikdən sonra qərarımı dəyişdim və Müsavat Partiyasının Divanına və MNTK-sına şikayət ərizəsi ilə müraciət etdim. Onlar eyni zamanda onlar Müsavat Partiyası nizamnaməsinin preambula hissəsinin 6-cı bəndinin, 1.9 və 1.10-cu maddələrinin tələblərini kobud şəkildə pozublar”.

Məlumatlara görə, partiya Divanında bu məsələ müzakirə olunub, nəticədə iki gəncə töhmət verilib, Ayaz Xəlilov isə təşkilatdan uzaqlaşdırılıb.

Lakin A. Xəlilov çıxarılmasını təkzib edib. Bildirib ki, qovulmaq söhbəti partiyanın ətrafında yaradılmış süni gərginlikdi: “Biz qarşıda gələn tədbirlərə hazırlaşırıq. Müsavat Partiyası siyasi institutları olan bir təşkilatdır. Partiyanın bütün bölgələrdə strukturları, seçkili orqanları var. Odur ki, partiya daxilində verilən yanlış qərarlar olsa belə, ardıcıl müzakirələr, fikir mübadiləsi nəticəsində aradan qaldırılır. Partiyada fikir plüralizminin mövcudluğu, qərarverici orqanların funksionallığı heç kimdə şübhə doğurmur”.

MGT sədrinin müavini Vasif Sadiqbəyli Divanın ona töhmət verdiyini təsdiqləyib. O, T. Sadıqlı ilə mübahisə haqda isə bunları deyib: “Tural Sadıqlı barədə söhbət bitib, gedib yaxşı yol. Biz gedənə qal demirik, sağ-salamat. Nə söz-söhbətlər, nə də Divanın qərarı barədə mətbuata açıqlama verməmək barədə razılığa gəlmişik”.

MGT-nin keçmiş sədri, Divan üzvü Tural Abbaslı gənclərin mübahisəsi ilə bağlı Publika.Az-a açıqlamasında bildirib ki, töhmət, dava, partiya sıralarından çıxarılma halları daxili məsələlərdir: “Əgər bu hadisəni Divan öz məlumatında yaymayıbsa, bu barədə əlavə məlumat vermək hüququm yoxdur. Çünki partiya daxilində belə qərar var ki, Müsavat daxilindəki məsələlər mətbuata çıxarılmasın”.

Onun sözlərinə görə, sosial şəbəkələr o qədər inkişaf edib ki, adi mübahisələr belə ictimaiyyətin və mətbuatın gündəminə gəlir.
T. Abbaslı yeni sədrlə müzakirələrinin olub-olmadığı haqda deyib ki, gənclərlə fikir mübadiləsi, polemikalar olub.

“Bu, adi gündəlik haldır, tək mən yox, partiya rəhbərliyi görüşlər keçirir. Xüsusi treninqlər keçirməmişik. İndi maşallah zəmanə elədir ki, səndən sonra gələnlər səni bəyənmirlər, daha gözəl və mükəmməlinin özlərinin bildiyini qəbul edirlər. Bəlkə də elədir, gün-gündən hər şey inkişaf edir, siyasi texnika və texnologiya təkmilləşir. Soruşanda təcrübəmizi təbii ki, bölüşürük”-deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm