YAP rəsmisi: “Əksəriyyət konstitusiya dəyişikliklərini dəstəkləyir”
Bizi izləyin

Nida.az

YAP rəsmisi: “Əksəriyyət konstitusiya dəyişikliklərini dəstəkləyir”

"Hakim Yeni Azərbaycan Partiyası (YAP) cənab Prezident tərəfindən irəli sürülən Konstitusiyaya dəyişikliklər layihəsini tamamilə dəstəkləyir və təbliğat kampaniyası zamanı bu layihənin hər bir müddəasının cəmiyyətə çatdırılması istiqamətində böyük işlər aparmaq fikrindədir".

Bunu Publika.az-a açıqlamasında YAP Siyasi Şuranın üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Deputat deyib ki, Konstitusiyaya dəyişiklik edilməsi Azərbaycanın inkişafının yeni mərhələyə keçməsi ilə bağlıdır: "Artıq əhalimizin sayı 10 milyona yaxınlaşıb, Azərbaycanın iqtisadi qüdrəti artıb və ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Ona görə də Azərbaycanda demokratiyanın dərinləşməsi və idarəetmənin daha da səmərəli olması üçün artıq yeniliklərə böyük ehtiyac var. Bu baxımdan da Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edir. Bu dəyişiklik Azərbaycan dövlətini daha da gücləndirəcək, iqtisadi qüdrətini artıracaq, vətəndaşların təhlükəsizliyini daha güclü təmin edəcək".

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan cəmiyyəti bu dəyişikliyə müsbət baxır: "Cəmiyyətin ilkin reaksiyası da göstərir ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti konstitusiya dəyişikliklərini dəstəkləyir. Bu baxımdan da sentyabrın 26-da bu layihənin dəstək qazanacağı gözlənilir".

A.Mirzəzadə Milli Şurada təmsil olunan şəxslərin Azərbaycanda keçiriləcək referenduma qarşı müxtəlif çağırışlar etməsi məsələsinə də toxunub: "Bu, onların hüququdur. Yəni, hesab edirik ki, Azərbaycan demokratik ölkə olduğuna görə burada istənilən siyasi qüvvənin referendumun əleyhinə çıxması normal qəbul edilir. Onlara da təbliğat kampaniyasında iştirak etməyə, öz fikirlərini bildirməyə tam şərait yaradılacaq və müxalifət də öz fikrini bildirəcək, arqumentlərini səsləndirəcək. Bütövlükdə isə Azərbaycan vətəndaşları müxtəlif rəyləri dinləyərək yekun fikrini bildirəcək. Ancaq biz inanırıq ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti cənab Prezidentin irəli sürdüyü bu təklifi dəstəkləyəcək".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm