Nida.az
Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO
Aprelin 9-da sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata bəyanatlarla çıxış etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident.
İlk növbədə dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz
qonaqpərvərliyə görə Sizə öz dərin minnətdarlığımı bildirmək
istəyirəm.
Qardaş İran torpağında olmağımdan çox məmnunam. Əminəm ki, mənim
səfərim İran-Azərbaycan əlaqələrinin
inkişafı üçün mühüm addım olacaqdır. Fürsətdən istifadə edərək,
cənab Prezident, Sizi münasib olan vaxtda Azərbaycana rəsmi səfərə
dəvət etmək istəyirəm. Onu da qeyd etməliyəm ki, bu səfər mənim
İrana üçüncü rəsmi səfərimdir. Səfərlərin sayı özlüyündə bir
göstəricidir. Biz istəyirik ki,
əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf etsin və buna nail
olmaq üçün indi çox gözəl imkanlar vardır.
Biz ilin əvvəlində cənab Prezident Ruhani ilə Davosda görüşmüşük.
Bu gün isə İranda bizim siyasi dialoqumuz davam edir. Biz bu gün
ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş və
səmimiyyətlə müzakirə etdik. Biz beynəlxalq təşkilatlarda çox
uğurlu fəaliyyət göstəririk. BMT, İslam Əməkdaşlıq Təşkilatı,
ECO, Qoşulmama Hərəkatı
təşkilatlarında bizim fəaliyyətimiz çox uğurludur.
Bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir. Bu
münaqişə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapmalıdır. Azərbaycanın
ərazi bütövlüyü bərpa edilməlidir. İran İslam Respublikasının bu
münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə, beynəlxalq hüquqa
əsaslanır və bu mövqeyə görə biz Sizə minnətdarıq.
Bildiyiniz kimi, uzun illər Azərbaycanın beynəlxalq birlik
tərəfindən tanınmış əraziləri işğal altındadır. Bu işğal
nəticəsində bir milyondanartıq
azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə
düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır.
Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişlər. Bu
gün işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz
ermənilər tərəfindən dağıdılıbdır. Münaqişənin tezliklə və
beynəlxalq hüquq əsasında həll edilməsi region üçün də böyük fayda
olardı.
Bu gün biz digər sahələrdə əməkdaşlıq
haqqında fikir mübadiləsi apardıq. İqtisadi sahədə, sərmayə
qoyuluşu sahəsində gözəl imkanlar vardır. Energetika sahəsində
əməkdaşlıq uğurludur və bu gün imzalanan “Ordubad” və “Marazad” su
elektrik stansiyalarının tikintisi sazişi bu əməkdaşlığı daha da
gücləndirəcəkdir. Neft-qaz sahəsində əməkdaşlıq üçün çox gözəl
imkanlar vardır. Eyni zamanda, hərbi sahədə əməkdaşlığın
dərinləşməsi üçün biz əlavə yollar axtaracağıq. Bu gün, eyni
zamanda, yüksək texnologiyalar, informasiya-kommunikasiya
texnologiyaları sahəsində mümkün olan əməkdaşlıq haqqında da
fikirlərimiz birmənalıdır və üst-üstə düşür.
Əlbəttə, humanitar və mədəniyyət sahəsində əməkdaşlıq xüsusi məna
daşıyır. Bizim tariximiz, mədəniyyətimiz, tarixi irsimiz
xalqlarımız üçün çox qiymətlidir, dəyərlidir. Xalqlarımız əsrlər
boyu bir yerdə yaşamış, yaratmışlar. Bizim xalqlarımızı dərin
tarixi və mədəni köklər bağlayır. İran-Azərbaycan əlaqələri bu gün
bu möhkəm zəmin üzərində qurulur. Əminəm ki, biz qarşımıza
qoyduğumuz bütün məqsədlərə çatacağıq və birgə səylərlə
İran-Azərbaycan əlaqələrini daha da yüksək pilləyə
qaldıracağıq.
Diqqətinizə görə çox sağ olun.
İran Prezidenti Həsən Ruhaninin bəyanatı
- Mehriban və bağışlayan Allahın adı ilə.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə və onun rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfərinə
görə minnətdarlığımı bildirirəm.
Mənim cənab Prezidentlə ilk görüşüm Davos Forumu çərçivəsində
olmuşdur. Həmin görüş çərçivəsində biz münasibətlərimizin gələcəyi
üçün çox mühüm qərarlar qəbul etdik. Bu gün keçirdiyimiz həm geniş
tərkibdə, həm də təkbətək görüşlərdə ölkələrimizin münasibətləri
ilə əlaqədar bütün sahələri əhatə edən hərtərəfli müzakirələr
apardıq. Bu gün əziz İran xalqına bəyan etmək istəyirəm ki, bizim
dost ölkələrimiz arasında əlaqələrin bütün səviyyədə inkişaf etməsi
üçün heç bir maneə yoxdur. Azərbaycan Respublikası və İran İslam
Respublikası iki yaxın qonşu, dost, qardaş və həmməzhəb ölkələrdir.
Ölkələrimiz arasındakı səmimi münasibətlər xalqlarımızın
xeyrinədir. Həmçinin, ölkələrimiz arasındakı bu münasibətlər
regionda sülhün, əmin-amanlığın və təhlükəsizliyin xeyrinədir.
Biz iki ölkə arasında neft, neft-kimya, elektroenergetika, su və
digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün eyni
fikirdəyik. Bu gün imzalanmış sənədlərdən əlavə, bugünkü görüşümüz
və apardığımız danışıqlar nəticəsində biz gələcəkdə əlaqələrimizin
daha da dərinləşməsi və hərtərəfli inkişafı üçün geniş müstəvi
yaratdıq. Biz iki ölkə xalqlarının mədəni əlaqələrinin inkişaf
etdirilməsi üçün belə razılığa gəldik ki, xalqlarımızın
əlaqələrinin daha da yaxşılaşdırılması üçün lazımlı, gərəkli
addımlar atılsın. O cümlədən bizim İslama və məzhəbə baxışlarımız
eynidir. Hər ikimiz İslam dinindən radikal hərəkətlərdə vasitə kimi
istifadə olunmasına mənfi yanaşırıq. Bizim regionumuzda sabitliyin
qorunması üçün mötədillik və terrorizmlə mübarizədən başqa bir
yolumuz yoxdur. Həmçinin, biz ölkələrimiz arasında Xəzər dənizinin
hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan danışıqlar və
bu sahədə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Hər iki tərəf
bu qənaətdədir ki, bu məsələdə yekun qərarın qəbul olunması üçün
bizi uzaq yol gözləmir.
Biz beynəlxalq platformada əməkdaşlıqla bağlı oxşar fikirdəyik.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti danışıqlarda İran
İslam Respublikasının sülhməramlı nüvə texnologiyasından istifadə
hüququnu dəstəklədiyini bəyan etdi. Biz onun tərəfindəyik ki,
regiondakı bütün münaqişələr, o cümlədən Qarabağ münaqişəsi
beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində
öz həllini tapsın. Bizim mövqeyimiz belədir ki, regiondakı coğrafi
sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Biz gərək bütün
səylərimizi birləşdirək ki, belə oxşar məsələlər danışıqlar və sülh
yolu ilə həll olunsun.
Mən cənab Prezidentin məni Azərbaycan Respublikasına dəvətini çox
böyük məmnuniyyətlə qəbul edirəm. Əminəm ki, yaxın münasib
vaxtlarda dost və qardaş Azərbaycan Respublikasını ziyarət
edəcəyəm.
Həm İran xalqına, həm də Azərbaycan xalqına inkişaf, səadət və
tərəqqi arzulayıram.
Sağ olun.
-
Magazin112:31
Hüseyn Həsənov Rəşad Dağlının oğluna görün nə hədiyyə etdi - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın