Nida.az
İlham Əliyev Qəbələdədir - FOTOLAR (YENİLƏNİR)
Avqustun 10-da Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib.
"Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 52-ci kilometrliyindən ayrılan yerli əhəmiyyətli yoldur. Dördüncü texniki dərəcəyə uyğun yenidən qurulan və iki hərəkət zolağından ibarət olan yolun uzunluğu 12,2 kilometr, eni 6 metrdir. Torpaq yatağının eni isə ərazilərdən asılı olaraq 8-10 metr arası dəyişir. Yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yenidən kipləşdirilib və yola yeni asfalt-beton örtüyü döşənib. Səth sularının avtomobil yolunun altından ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəz edilib, yeni su keçidləri inşa olunub.
Ümumilikdə uzunluğu 113 metr olan 12 suötürücü boru tikilib və təmir olunub. Yolun Tüntül kəndi ərazisində dəmir-beton körpü inşa edilib. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə avtobus dayanacaqları tikilib, yol nişanları quraşdırılıb, yol cizgi və yol göstərici xətlərinin çəkilişi işləri həyata keçirilib.
Bu yol Qəbələ rayonunun 3 yaşayış məntəqəsinin 7 min nəfərə yaxın əhalisinin gediş-gəlişini xeyli asanlaşdırmaqla yanaşı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna maneəsiz çıxışı təmin edir, həmçinin kənd təsərrüfatı məhsullarının rahat şəkildə rayon mərkəzlərinə çıxarılmasına imkan yaradır.
***
Qəbələyə səfəri çərçivəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 10-da Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin "Laza" sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olub.
Publika.az-ın xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Bildirildi ki, sərhəd zastavası Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan Bazardüzü istiqamətində fəaliyyət göstərir və dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşir. Zastavanın mürəkkəb relyefə və soyuq iqlim şəraitinə malik xidməti ərazisində dövlət sərhəd¬lərimizin mühafizəsi yüksək səviyyədə təşkil edilib.
Sərhəd zastavasının binasında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sərhəd qoşunlarının inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb.
Bildirildi ki, dövlət sərhədinin dağlıq ərazidə və səhra şəraitində etibarlı mühafizəsini təşkil etmək üçün lazım olan müvafiq texniki vasitələr, müasir avadanlıqlar və silahlar alınaraq zastavada yerləşdirilib. Xidmətin yüksək səviyyədə aparılması üçün sərhədçilər Qarabağ atları ilə və xüsusi təlim keçmiş itlərlə təmin olunublar.
Yeni layihə üzrə tikilmiş sərhəd zastavasında xidmətin və yaşayışın yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradıl¬ıb, müasir tələblərə cavab verən əsgər yataqxanası, yeməkxana, isti-rahət guşəsi, idman zalı, təlim şəhərciyi, müasir tələblərə cavab verən xüsusi təyinatlı binalar inşa olunub. Zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların ailələri üçün 22 mənzilli yaşayış binası tikilib.
Ərazidə abadlaşdırma işləri görülüb, yüksək zirvələrdə olan bulaqlardan çəkilmiş su xətti hesabına zastava içməli su ilə təmin edilib.
Bununla da Vətəninə, dövlətinə və Prezidentinə sadiqliyi ilə seçilən Azərbaycan sərhədçiləri sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsinə daim hazır olduqlarını bir daha göstərirlər.
****
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələdə "Qafqaz Tufandağ Mountain Resort" otelinin açılışında iştirak edib.
Publika.az bildirir ki, Qəbələnin əsas turizm infrastrukturu obyektləri sırasında xüsusi özəlliyi ilə seçilən bu otelin inşası 2014-2016-cı illərdə həyata keçirilib. Ərazisi 4 hektar olan otelin tikinti sahəsi 3400 kvadratmetrdir. Beşmərtəbəli binada 50 otaq, o cümlədən 23 standart, 12 ailəvi, 14 junior suite, 1 kral nömrəsi yerləşir. Bununla yanaşı, ərazidə 3 kottec də yaradılıb. Oteldə 100 nəfərlik kafe-bar, 400 nəfərlik kafe, 500 nəfərlik steak və şərab evi, 200 nəfərlik "Duruca" yeməkxanası, 500 nəfərlik "Qəbələ" kafesi fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş imkanlar var. Ümumi sahəsi 560 kvadratmetr olan SPA və idman mərkəzində zəruri avadanlıqlar quraşdırılıb, istirahət üçün hər cür şərait yaradılıb.
Oteldə uşaqlar üçün ayrıca yeməkxana və oyun zalı yaradılıb. "Qafqaz Tufandağ Mountain Resort"da sahəsi 1692 kvadratmetr olan terras yaradılıb, xizək ləvazimatlarının kirayəsi və satışı mağazası açılıb, xizək yolu ekskalatoru qurulub və təlimlər üçün otaqlar inşa edilib. Bu da qış mövsümündə oteldə dincələn qonaqların xidmətlərdən yüksək səviyyədə istifadə etmələrinə geniş imkanlar açır. Otel kompleksində 250 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
Beləliklə, turizmin əsas komponenti olan otel biznesinin Qəbələdə inkişaf etdirilməsi və onun müasir standartlar səviyyəsində qurulması yaxın gələcəkdə artıq bu bölgəmizin dünyanın nüfuzlu istirahət məkanlarından birinə çevrilməsinə təminat verir.
***
Azərbaycan Prezidenti İlham Əliyev bu gün "Qəbələ" Park-Bulvar Kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
Publika.az-ın xəbərinə görə, dövlət başçısına məlumat verildi ki, kompleksin inşasına 2013-cü ilin may ayında başlanılıb və bu il başa çatdırılıb. Rayonun daxili imkanları hesabına salınan kompleksin ümumi sahəsi 10 hektardır. Qəbələ şəhərinin ərazisindən keçən, meşə sularından qidalanan Qaraçay çayının hər iki sahilində salınmış parkın ərazisində səkkiz körpü tikilib, doqquz fəvvarə, uşaqlar üçün karusel quraşdırılıb.
Geniş yaşıllaşdırma işlərinin görüldüyü ərazidə müxtəlif sosial obyektlər, yay kafesi, çay evi tikilib, 3,5 kilometr uzunluğunda piyada gəzinti zolağı salınıb. Tikinti işləri zamanı çayın ətrafı da genişləndirilib, yollarda yeraltı keçidlər, hər biri 500 kubmetr su tutumu olan 41 pilləvari su hövzəsi inşa olunub. Hazırda hövzələrə gələn suyun təmizlənməsi üçün altı kameralı sutəmizləyici qurğu və çay kənarında üçmərtəbəli restoran inşa edilir. 350 qonaq üçün nəzərdə tutulan restoran açıq zallardan ibarət olacaq. Ərazidə avtomobil dayanacağı üçün xüsusi sahə ayrılıb.
Bütün bunlar göstərir ki, Qəbələnin turizm potensialının mühüm tərkib hissəsi olan sosial obyektlərin, xüsusilə də əhalinin istirahətinin yüksək səviyyədə təşkil edilməsinə yönələn guşələrin yaradılması davamlı xarakter alıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib.
Dövlət başçısına məlumat verildi ki, Qəbələ regional "ASAN xidmət" mərkəzinin dördmərtəbəli binasının tikintisi yüksək standartlara uyğun həyata keçirilib. Mərkəz rayonun Elçin Kərimov küçəsi 79 ünvanında, şəhərin infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir.
Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Mərkəzdə müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub.
Artıq "ASAN xidmət" təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübə Azərbaycan modeli kimi təqdim edilir. Odur ki, "ASAN xidmət"in təkcə Azərbaycanda deyil, digər ölkələrdə də tətbiqi genişlənir. Bu, müxtəlif beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə aparılan əməkdaşlığın əsas istiqamətlərindən birini təşkil edir. Bundan əlavə, Əfqanıstan ilə dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair imzalanan Anlaşma Memorandumuna əsasən, "ASAN xidmət"in fəaliyyətinin bu ölkədə geniş tətbiqinə dair razılıq əldə olunub. Artıq Əfqanıstanda eyni adlı qurum təsis edilib.
Prezident İlham Əliyev yeni xidmətin işə başlamasını bildirən düyməni basdı.
Dövlət başçısı binada yaradılan şəraitlə tanış olarkən bildirildi ki, "ASAN xidmət" mərkəzinin fəaliyyətindən Qəbələ də daxil olmaqla, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonları ərazisində qeydiyyatda olan vətəndaşlar, ümumilikdə 902 min 435 sakin yararlanacaq.
Fəaliyyətə başladığı tarixdən bu günədək "ASAN xidmət" mərkəzlərinə 11 milyonadək müraciət daxil olub. Gün ərzində "ASAN xidmət" mərkəzlərinə 20 min vətəndaş müraciət edir. 2013-cü ildən "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionların əhalisinə xidmətlərin çatdırılması məqsədilə xüsusi avtobuslarla səyyar xidmətlər göstərilir. Bu günədək 700 minə yaxın vətəndaş bu xidmətdən yararlanıb. Xüsusi qayğıya ehtiyacı olan əlil vətəndaşlara xidmətlər ödənişsiz həyata keçirilib. Prezident İlham Əliyevin tapşırığına əsasən regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili məqsədilə səyyar xidmət avtobuslarının sayı artırılaraq 10-a çatdırılıb.
"ASAN xidmət" mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, "bir qapı" prinsipinin tətbiq olunmasıdır. Əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq olan "ASAN xidmət" mərkəzləri öz fəaliyyətini yüksək standartlar çərçivəsində quran və inkişaf etdirən dövlət orqanı qismində "vahid məkan" prinsipinə əsaslanır.
Mərkəzdə Prezident İlham Əliyev yeni layihələrlə də tanış oldu.
Əvvəlcə dövlətimizin başçısına "ASAN wifi" layihəsi barədə məlumat verildi. Bildirildi ki, müxtəlif yerlərdə quraşdırılan simsiz internet modemləri vasitəsilə insanların internetə əlçatanlığı təmin ediləcək. Bu layihə vasitəsilə dövlət əhəmiyyətli məlumatlar vətəndaşlara daha asan çatdırılacaq. Bundan əlavə, ASAN TV-nin tətbiqi də nəzərdə tutulub. Bu, Azərbaycana idxal ediləcək bütün smart televizorlarda istifadəyə hazır xüsusi bir tətbiq olacaq. Tətbiq vasitəsilə insanlar televizorda ASAN Radionu dinləyəcək, "ASAN xidmət"in fəaliyyəti, mərkəzlərə getmək üçün ictimai nəqliyyat vasitələri, həmçinin mərkəzlərdə növbəlilik statistikası və digər zəruri məlumatları əldə edəcəklər.
Dövlət başçısının diqqətinə çatdırıldı ki, Azərbaycan və ingilis dillərində dərc edilən "ASAN" jurnalı üçün nadir qeydiyyat nömrəsi olan beynəlxalq standart seriya nömrəsi əldə olunub və beynəlxalq reyestrə daxil edilib.
Yeniliklərdən biri də "ASAN VİSA" portalıdır. Bu portal vasitəsilə vizaların verilməsinin tam elektronlaşdırılması və sadələşdirilməsi həyata keçiriləcək. Əcnəbilər sadəcə üç addımda onlayn vizanı elektron formada üç iş günü ərzində alacaqlar.
Artıq "ASAN i-LAB" innovasiya laboratoriyası da hazırdır. "i-LAB" innovativ texnologiyalar və proqram təminatı yaradılması ilə bağlı layihələri cəlb edərək onların reallaşdırılması, hazır məhsul istehsalına dəstəyin göstərilməsi və məhsulun yerli və xarici bazarlara çıxarılmasına xidmət edən innovasiya laboratoriyasıdır.
"BAŞLA" layihəsi çərçivəsində isə istənilən sahəyə aid olan kiçik biznes ideyalarının cəlb edilməsi, maliyyələşdirilməsi və reallaşdırılmasına dəstək göstəriləcək.
Yeni layihələr arasında "Cücələrim inkibatoru" da var. Layihənin məqsədi köhnə soyuducuların yenidən istehsala cəlb olunması və onlardan ev quşları təsərrüfatlarının yaradılması üçün inkubatorlar istehsal edilməsidir.
Daha bir maraqlı layihə isə "i-LAB store"dur. Bu, "i-LAB" çərçivəsində istehsal edilmiş innovativ texnologiyalar və proqram təminatları haqqında məlumatların yerləşdiyi vahid portaldır. Portalda informasiya texnologiyaları məhsullarının onlayn satışı da həyata keçiriləcək.
Prezident İlham Əliyevə "Ready 1.0-hazır sənəd" cihazı haqqında da məlumat verildi. Vətəndaşlar bu cihazlar vasitəsilə sənədlərin hazır olması barədə SMS, elektron poçt vasitəsilə real vaxt rejimində məlumatlandırılacaq, hazır sənədin verilməsi proseduru daha da səmərəli təşkil olunacaq.
Yeni layihələrdən biri də xilasetmə qolbağıdır. Suda batma zamanı istifadə edilən bu qolbaqlar GPS ilə təmin olunub, avtomatik işə düşmə xüsusiyyətinə malikdir.
"Sağlam yaşam platforması-çanta və portal" layihəsi isə vətəndaşlara qısa vaxtda 42 parametr üzrə müayinə olunmağa imkan verən bir sıra avadanlıqdan ibarət səyyar tibbi müayinə çantasıdır.
Dövlət başçısına Sosial Layihələr Portalı barədə məlumat verilərkən bildirildi ki, bu portal dövlət və özəl təşkilatlar tərəfindən həyata keçirilən bütün sosial layihələrin vahid elektron mühitdə elan olunmasına xidmət edəcək. Bununla da daha çox insan bir ünvana daxil olmaqla bütün layihələr haqqında məlumat əldə edəcək. Yardıma ehtiyacı olan və yardım etmək istəyən şirkətlər, təşkilatlar və fərdlər vahid portalda qeydiyyatdan keçəcəklər.
Diqqətə çatdırıldı ki, respublikamızda sayca onuncu mərkəz olan Qəbələ "ASAN xidmət" mərkəzində işçilərin ümumi sayı 200 nəfərdir ki, onların da 45 nəfəri könüllüdür.
Sonra Prezident İlham Əliyev Qəbələ rayon ictimaiyyətinin nümayəndələri və mərkəzin kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
***
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, binanın inşasına 2014-cü ilin oktyabrında başlanılıb. Tikinti işləri yüksək səviyyədə başa çatdırılıb.
İkimərtəbəli binada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu Öndərin və partiyanın sədri, Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb.
Müxtəlif iş, xidməti və yardımçı otaqlardan ibarət binada rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi də fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün 60 yerlik konfrans zalı da yaradılıb.
Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının 6145 üzvü var. Onların 2525-i qadın, 2343-ü gəncdir.
***
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.
Dövlət başçısı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Qəbələ rayonunda 24 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 860 uşaq təhsil alır. Rayonun tələbatını nəzərə alaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik daha bir yeni məktəbəqədər təhsil müəssisəsi inşa olunub.
Sahəsi 3300 kvadratmetr olan ikimərtəbəli binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Qrup otaqlarında uşaqların təlim-tərbiyəsi, yataq otaqlarında isə balacaların rahatlığı üçün hər cür şərait var. Bağçada əyləncə, idman və oyun zonası, musiqi otağı, digər təlim və tədris məkanları da yaradılıb. Bağçanın ətrafındakı yaşıllıq zolağı, əyləncə meydançası və attraksionlar da uşaqların çox xoşuna gəlir.
***
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələ rayonuna səfərə gəlib.
Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev abidənin ətrafında, ümumiyyətlə, son illər rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
-
Magazin119:10
Meyxanaçıya ağır sözlər: "Atlar ölüb, itlərin bayramıdır" - VİDEO
-
Sosial18:40
Şəhid Xudayarın qardaşı müğənninin qızı ilə ailə qurur
-
Yaxın Şərq16:53
İsrail bu ölkədən qoşunlarını çıxarmağa başladı
-
Rəsmi xronika16:15
Prezident bu Məcəlləyə dəyişiklik etdi: 7 min manatadək cərimə
-
Sosial15:02
Təhsillə bağlı çağırışa möhlət verilməsi qaydasına dəyişiklik edilir
-
Sosial15:00
İlkin hərbi qeydiyyata alınma müddətləri dəyişir
-
Yaxın Şərq14:12
Vaşinqton rəsmən açıqladı: ABŞ və Türkiyə Suriyanın gələcəyi ilə bağlı razılığa gəldi
-
Hadisə13:36
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - Vəfat etmiş 11 şəxsi sağ kimi göstərib və...