Ermənistana torpaq payı, sonsuz müharibə, Putindən Qarabağ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Ermənistana torpaq payı, sonsuz müharibə, Putindən Qarabağ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

15 iyul hərbi çevriliş cəhdindən sonra sakit günlərinə qayıtmaq istəyən Türkiyə həftə ərzində PKK terroru nəticəsində növbəti itkilərini verdi. Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin (Rövşən Canıyev) İstanbulda öldürülməsi oldu. Rusiya ilə münasibətləri düzəldən Türkiyə Suriya lideri Bəşər Əsədlə mövqeyini xeyli yumşaldıb. ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza "Atlantic Council" Amerika analitik mərkəzinin saytında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məqalə dərc etdi. Rusiyanın fəal olduğunu bildirən diplomat ABŞ-ı aktiv olmağa çağırıb.

FETÖ əvəzinə PKK?

Avqustun 15-də Türkiyənin Diyarbəkir əyalətinin Çinar və Bismil rayonları arasındakı yerləşən polis nəzarət-buraxılış məntəqəsində minalanmış avtomobillə partlayış törədildi. Hadisə nəticəsində 4 polis və 3-ü mülki şəxs olmaqla 7 nəfər şəhid oldu, 20 nəfər yaralandı.

PKK Elazığ, Van və Bitlisdə avqustun 18-də növbəti terror aktlarını törətdi. Terror aktlarında 9 nəfər şəhid olub, 200-dən çox insan yaralanıb. PKK terror təşkilatı terror hücumlarına görə məsuliyyəti üzərinə götürüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın son terror aktlarının arxasında Fəthullahçı Terror Təşkilatının (FETÖ) məlumat paylaşmasının olduğunu söyləyib. O, 15 iyul dövlət çevrilişi cəhdinin uğursuz olmasından sonra növbəni digərlərinin aldığını deyib. "PKK-nın hücumlarının arxasında Fəthullahçı Terror Təşkilatının olduğunu görmək üçün kahin olmağa ehtiyac yoxdur", - prezident vurğulayıb.

Ankara Əsədə şərtlə "hə" dedi

Türkiyənin baş naziri avqustun 20-də xarici media nümayndələri ilə görüşündə bildirib ki, Bəşər Əsəd keçid prosesində qəbul edilə bilər, amma Suriyanın gələcəyində yeri ola bilməz. Binəli Yıldırım daha əvvəlki açıqlamasında Suriyada qarşıdakı 6 ayda mühüm hadisələrin baş verə biləcəyini söyləmişdi.

Türkiyə prezidentini əməliyyat masasında öldürmək istəyiblər.

FETÖ prezident Rəcəb Tayyib Ərdoğanı cərrahiyyə əməliyyatı zamanı öldürməyi planlaşdırıb.

Bu barədə 17-25 dekabr dövlət çevrilişi cəhdi sonrası təşkilata aid 200-ə yaxın məxfi məlumat, sənəd, görüntü və səs yazısını İzmir Respublika baş prokuror Vəkili Okan Batoya təslim edən FETÖ imamı Hüseyn Sarıçiçek bildirib.

"7 fevral MİT böhranının yaşandığı gün idi. Fətullah Gülənə ən yaxın 6 nəfərlik çox gizli heyətdə olan Egey dənizi bölgə imamı Necdət İçel mənə zəng etdi və avtovağzaldan bir polkovniki götürərək Torbalıdakı bağ evinə aparmağımı istədi. Mən də o polkovniki götürərək İçelin bağ evinə apardım. Bu arada Necdət İçelin qışqıraraq bağçaya çıxdığını və yanında olan bir polis rəisinə hücum etdiyini gördüm. İçel "Əməliyyata necə girməz? Bu adam necə ölməz? deyə bağırırdı. Sonradan həmin dövrdə baş nazir olan Ərdoğanın İstanbulda bir cərrahiyyə əməliyyatından son anda imtina etdiyini öyrəndim. Necdət İçel 7 fevral və 17-25 dekabr hadisələrindən əvvəl Amerikaya gedib gəlmişdi", - Hüseyn Sarıçiçək deyib.

İkinci Sevr: Türkiyə bölünəcək, Ermənistan bölgəsi ayrılacaq... – ŞOK PLAN

"Hərbi çevriliş cəhdi uğurlu olsaydı, yüz minlərlə insan həbsə atılacaq, minlərlə insan həyatını itirəcəkdi. Bu xaosdan faydalanan beynəlxalq cəmiyyət bizə ikinci bir Sevr müqaviləsini imzalamağa məcbur edəcəkdi. Türkiyə bölünəcək, Ermənistan, kürd bölgəsi ayrılacaq, ölkə işğal altına girəcəkdi".

Bunu bunu ehtiyatda olan polkovnik Əhməd Zeki Üçok deyib.

"O gecə kimin hansı tərəfdə olduğu müəyyən edilməlidir. Əks halda, bu çevriliş cəhdini analiz edə bilməzsiniz. Orduda hələ də FETÖ-çular var. Təhlükə hələ keçməyib. Parlamenti yenə də bombalaya bilərlər", - o, bildirib.

Qeyd edək ki, Sevr müqaviləsi 1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) müttəfiq dövlətlər və Türkiyə arasında bağlanan sülh müqaviləsi, daha doğrusu Türkiyənin bir neçə hissəyə bölünməsini nəzərdə tutan müqavilə idi. Müqavilədə maraq doğuran məsələlərdən biri də Ermənistana geniş ərazilərin verilməsi idi. Belə ki, ABŞ Prezidenti Vudro Vilsonun təklifinə əsasən, regionda Ermənistana aid olmayan, hətta erməni əhalisinin üstünlük təşkil etmədiyi bir sıra ərazilər, məsələn Qara dəniz limanı olan Trabzon onlara verilirdi. Buna görə də, bu ölkəni "Vilson Ermənistanı" adlandırırdılar.

Sultan VI Məhəmməd müqavilənin şərtlərini qəbul etsə də, Ankarada yaranmış Atatürk hökuməti onu qəbul etməkdən imtina edir.

Sonsuz müharibə, Türkiyəni parçalamaq, Ərdoğanı... – DƏHŞƏTLİ PLAN

"Kimsənin etdiyi cavabsız qalmayacaq. Edam bir dəfəlik ölümdür, amma onlar üçün ölümdən daha böyük ölümlər var".

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında ölüm hökmünün bərpası ilə bağlı çağırışları şərh edərkən deyib.

O, PKK-nın "kürd problemi" adlanan bir probleminin olmadığını, əksinə kürd vətəndaşlarının PKK kimi bir probleminin olduğunu dilə gətirib. Baş nazirin sözlərinə görə, 15 iyuldan əvvəl və sonra sözügedən terror təşkilatları bir araya gələrək plan hazırlayıblar: "15 iyul oldu. Əvvəlcə hər şeyi mükəmməl şəkildə etdiklərini güman etdilər. Planları Rəcəb Tayyib Ərdoğanı zərərsizləşdirmək, milləti bir-birinin üstünə salmaq, daha sonra xilasedici kimi gələrək qardaş müharibəsini sonsuz bir vəziyyətə gətirmək idi. Plan bu idi. 15 iyul millətlə onların seçdiyi hökumətin birlikdə olduğunu bir dəfə dünyaya göstərdi".

Putindən yeni həmlə

İranın Həmədan hava bazasında yerləşdirilən Tu-22M3 və Su-34 Rusiya bombardmançıları bu həftə Suriyadahava əməliyyatlarına başlayıb.

İndiyə kimi Mozdok aerodromundan (Çeçenistanda, Azərbaycan və Gürcüstan sərhədinə yaxın yerləşir –red.) qalxan Rusiyanın strateji bombardmançı təyyarələri bundan sonra Moskva və Tehran arasında imzalanan razılaşma çərçivəsində Həmədan bazasından istifadə edəcək. Portalın xəbərinə görə, Rusiya təyyarələrinin Suriyadakı uçuş müddəti təxminən 60 faiz azalacaq. Bu, Kremlə həm yanacağa qənaət etməyə kömək edəcək, hava hücumlarının effektliyini artıracaq.

Pekindən MÜHARİBƏ QƏRARI

Pekin Suriya müharibəsinə daxil olduğunu rəsmən açıqladı.

Çinli hərbi səlahiyyətlilər Suriya ordusuna silah və hərbi təlim dəstəyi verəcəklərini bildiriblər.

Məlumata görə, ötən bazar günü Dəməşqdə Suriya müdafiə naziri və Çin hərbi heyəti arasında keçirilən görüşdə əhəmiyyətli qərarlar qəbul edilib. Çin uzun müddətdir ki, Rusiya ilə birlikdə Bəşər Əsəd rejiminə siyasi dəstək verir. Pekin BMT Təhlükəsizlik Şurasında Dəməşqin əleyhinə olan qətnamələrə 4 dəfə veto qoyaraq Əsədin ən böyük dəstəkçilərindən biri olub.

Rusiyadan DƏHŞƏTLİ SİLAH – müdafiə sistemləri gücsüz qalacaq

Rusiyada 2020-ci ilə qədər səs sürətindən 6-7 dəfə sürətlə uçan raketlər hazırlanacaq.

Bunu "Taktik raket silahlanması" korporasiyasının (KTRV) baş direktoru Boris Obnosov "Rambler News Service" nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, bu cür raketlərin yaradılması hava hücumundan müdafiə sistemlərini əhəmiyyətli dərəcədə zəiflədəcək.

Xatırladaq ki, Boris Obnosov 2014-cü ilin mayında hipersəsli silahların yaradılması proqramını elan edib. O, bu silahların 2020-ci ilə kimi yaradılacağına söz verib. Proqramın hazırlamasında bir neçə elmi-tədqiqat və sənaye müəssisəsi iştirak edir.

"Bütün qadınlar sünnət olunmalıdır..." - Şimali Qafqaz müftisindən TƏKLİF

Rusiyanın Dini qurumlarla iş üzrə prezident şurasının üzvü və Şimali Qafqaz müsəlmanlarının Koordinasiya mərkəzinin başçısı İsmayıl Berdiyev bütün qadınları sünnət etməyə çağırıb.

"Bütün qadınları sünnət etmək lazımdır ki, Yer kürəsində əxlaqsızlıq olmasın və şəhvaniyyət azalsın", - müfti "İnterfaks" agentliyinə müsahibəsində deyib. O, bildirib ki, Dağıstanın bəzi yaşayış məntəqələrində sünnət tətbiq edilir. Eyni zamanda, Berdiyevin sözlərinə görə, islam qadınların sünnətini qadağan edir.

Maraqlıdır ki, Şimali Qafqazın müftisi sonradan həmin agentliyə açıqlamasında qadınların sünnət edilməsi çağırışından imtina edib. İsmayıl Berdiyev izah edib ki, əxlaqsızlıq problemi haqqında danışırdı: "Mən qadınları sünnət etməyə çağırmıram. İslam buna icazə vermir və bu, sadəcə mümkün deyil. Mən əxlaqsızlıq problemindən danışıram və deyirəm ki, problem mövcuddur, nəsə etmək lazımdır".

Kriminal müharibənin qurbanı

Heç şübhəsiz ki, bu həftə medianın gündəmində olan əsas mövzulardan biri məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin (Rövşən Canıyev) İstanbulda güllələnməsi oldu.

Avqustun 18-dən 19-na keçən gecə Rövşən Lənkəranski İstanbulda güllələndi. Barbaros bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı "90 ND 011" nişanlı avtomobillə ayrılan Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.

Killerlərin gülləbaran etdiyi "Range Rover"də Rövşən Canıyevlə birlikdə üç nəfər olub. Killerlərin atəş açmasından dərhal sonra avtomobildən onlara cavab atəşi açılıb. Lakin "Range Rover"in sürücüsü və Rövşən Canıyev çoxsaylı güllə yaraları alıb. Aldığı yaralardan sürücü yerində keçinib, Rövşən Canıyev isə xəstəxanaya çatdırılıb. Polisdəki mənbələrin bildirdiyinə görə, Canıyevə 5 güllə dəyib, güllələrdən biri onun gözündən dəyib və beynini dağıdaraq başının arxa tərəfindən çıxıb.

Anqustun 19-u günortadan sonra Azərbaycanın İstanbuldakı konsulluğu kriminal avtoritetin xəstəxanada həyatını itirdiyini açıqlayıb.

Onun ölümü ilə bağlı müxtəlif versiyalar səslənir. Məlumdur ki, avtoritet uzun illərdir ki, bir sıra kriminal qruplaşmalarla konfliktdə idi. Bu sırada ilk yada 2013-cü ilin yanvar ayında qətlə yetirilən "Ded Xasan" ləqəbli Aslan Usoyanın klanı düşür. "Ded Xasan" klanı qətlin Lənkəranskinin sifarişi ilə törədildiyini iddia edirdi və hətta onun başına 5 milyon dollar mükafat da vəd edildiyi bildirilirdi.

"Rosbalt" agentliyinə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə isə deyib ki, Rövşən Lənkəranski Rusiyada kriminal aləmin lideri "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşovun həbsindən sonra baş verən kriminal müharibənin qurbanı olub.

Mənbəyə görə, bu ilin iyul ayında Rusiya mafiyasının lideri Zaxari Kalaşov həbs olunandan sonra onun rəqibləri Merab Suxumski (Canqveladze) və Rövşən Lənkəranski fəallaşmağa başlayıblar. Onlar "Şakro Molodoy"un Aslan Usoyan (Ded Xasan) və Tariyel Oniani (Taro) arasında olan münaqişə ilə əlaqədar "qanuni oğru" tituluna qoyduğu qadağını ləğv ediblər.

Hüquq-mühafizə orqanlarındakı mənbə hesab edir ki, Rövşən Lənkəranski məhz bu fəallığın qurbanı olub.

Ərdoğanı yox etmək, Türkiyəni 5 hissəyə bölmək... – ABŞ-ın DƏHŞƏTLİ PLANI

Türkiyənin "Yeni Şafak" nəşrində yazar İbrahim Karagül yazdıqlarında da analoji iddialar səsləndirilir.

Türkiyənin tarixinin ən ciddi təhdidləri ilə üzləşdiyini yazan Karagül təhdidin mərkəzinin Vaşinqton və Brüssel olduğunu iddia edib. O, qeyd edib ki, 15 iyul Türkiyəni işğal planı idi: "Bizləri Anadoluya həbs etmək, ardınca da beş hissəyə bölmək layihəsi idi. Gülən və terrorçuları vasitəsilə ölkə içəridən işğal ediləcək və ABŞ-a təslim olunacaqdı. Ardınca etnik və məzhəb döyüşlərinin baş verdiyi suriyalaşma planı tətbiq olunacaqdı".

Yazar bildirir ki, xüsusilə son 20 ildə ABŞ-ın bölgədə tətbiq etdiyi bütün planlar və həyata keçirdiyi siyasətlə Türkiyəni hədəf alıb (http://publika.az/p/147161).

"Putin iki rayonu qaytarmağı təklif etdi" - Metyu Brayzadan Vaşinqtona ÇAĞIRIŞ

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza "Atlantic Council" Amerika analitik mərkəzinin saytında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məqalə dərc edib.

Amerikalı diplomat münaqişənin həlli ilə bağlı Rusiya prezidenti Vladimir Putin və Azərbaycan əsilli nüfuzlu rusiyalı biznesmen, 2004-2009-cu illərdə Rusiya Federasiya Şurasının üzvü olmuş milyarder Fərhad Əhmədovun təkliflərinə toxunub.

Metyu Brayzanın iyunun 20-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü ilə bağlı yazdıqları xüsusilə diqqət çəkir: "Azərbaycan, və erməni həmkarları ilə görüşdə Putin dalandan çıxmaq üsulunu tapdı. Putin, görünür, tədricən irəli hərəkət etməyi təklif etdi: Ermənistan iki rayonu qaytarmalıdır və əvəzində Azərbaycan Ermənistanla nəqliyyat əlaqəsi və iqtisadi əlaqələri bərpa etməlidir, Madrid prinsiplərinin bütün başqa aspektləri, həmçinin işğal edilmiş qalan beş rayon sonrakı danışıqların predmeti olacaq" (http://publika.az/p/147199).

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm