Çingiz Qənizadə: “Dövlət idarəçiliyində daha çevik addımların şahidi olacağıq”
Bizi izləyin

Nida.az

Çingiz Qənizadə: “Dövlət idarəçiliyində daha çevik addımların şahidi olacağıq”

Xəbər verildiyi kimi, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2212 nömrəli Sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilmiş, eyni zamanda Referendum Aktının layihəsi KİV-də dərc olunub.

Konstitusiya Məhkəməsi tərəfindən Referendum Aktı layihəsinin mətninə bəzi dəyişikliklər edildikdən sonra ölkə Prezidentinin 2016-cı il 26 iyul tarixli 2241 nömrəli Sərəncamı ilə Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılıb, ümumxalq səsverməsi (referendum) isə 2016-cı il sentyabrın 26-na təyin edilib.

Publika.az açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı fikirlərini bildirib.

Çingiz Qənizadə bildirib ki, Konstitusiyada təklif edilən əlavə və dəyişikliklərdə təxminən 15 maddə insan hüquq və azadlıqlarının daha geniş təminatına, vətəndaşların hüquq və azadlıqlarının daha da genişləndirilməsinə xidmət edir: "Hesab edirəm ki, bu cür addımlar həmişə müsbət qiymətləndirilməlidir. Bəzi məqamlar var ki, zaman keçdikcə araşdırılır, müzakirələr edilir və dünyanın başqa dövlətlərinin təcrübələrinə istinad edilərək boşluqlar doldurulur. Deputatlığa namizəd üçün 25, prezidentliyə namizəd üçün isə 35 yaş həddinin müəyyənləşdirilməsi əslində 18 yaşına çatan vətəndaşların hansısa bir hüququnun pozulması idi. Yəni, o, seçə bilər, amma seçilə bilməzdi. On səkkiz yaşına çatan hər bir şəxs bütün hüququn subyekti olduğu halda, seçmək hüququnun olması, özünün isə seçilə bilməməsi onun hüququnun pozulması idi. Hesab edirəm ki, bu insanların hüququnun özünə qaytarılmasıdır".

Millət vəkili vitse-prezident institutunun yaradılması ilə bağlı təklifi də müsbət qiymətləndirib: "Heç kim şübhə edə bilməz ki, cənab prezidentin nə qədər işi-gücü var və o, nə qədər gərgin iş rejimində işləyir. Prezident bir gün Qəbələ, yaxud da Naftalanda olursa, digər bir gün Avropanın hansısa ölkəsində beynəlxalq tədbirdə iştirak edir, iki gün sonra Bakıda konqresmenləri qəbul edir, növbəti gün yenə hansısa başqa bir ölkədə beynəlxalq tədbirdə iştirak edir və sair. Dövlət idarəçiliyinin daha çevik və operativ həyata keçirlməsi üçün vitse-prezident institutunun yaradılması vacib şərtlərdən biridir. Təbii ki, idarəçilik və səlahiyyət cənab prezidentdə olmaqla onun və dövlətin adından bu və ya digər hərəkətləri etmək üçün Konstitusiya ilə səlahiyyətlər verilmiş müəyyən insanlar lazımdır. Bu şəxslər də vitse-prezidentlər ola bilər. Bu institutun yaranmasından sonra dövlət idarəçiliyində daha önəmli və çevik addımların şahidi olacağıq. Digər bir məsələ prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə qaldırılması, yeddi illik prezident institutnun yaradılmasıdır. Bunu normal hesab edirəm. Əgər dünyanın bir sıra ölkələrində bu institut varsa, bizdə niyə olmasın. Bu müddət Rusiyada altı, bir sıra ölkələrdə yeddi ildir. Müstəqilliyini iyirmi beş il əvvəl əldə edən Azərbaycanın olduqca böyük problemləri və qarşıya qoyulan uzunmüddətli dövlət proqramları var. Bunların həyata keçirilməsi üçün prezidentə beş il kifayət etməyə, layihələr yarımçıq qala bilər. Ona görə də yeddi illik prezidentlik institutunun yaradılması normaldır. Bu, iqtisadi baxımdan da normaldır. Bütün dünyada iqtisadi böhranlar var və prezident seçkilərinin beş il deyil, yeddi ildən bir keçirilməsi maliyyə vəsaitinə qənaət olunmasına gətirib çıxaracaq. Təbii ki, referendumdan sonra məlum olacaq ki, xalq bu əlavə və dəyişiklilərə "hə", yaxud da "yox" deyəcək. Əgər Konstitusiya Məhkəməsi bu əlavə və dəyişikliklərin referenduma çıxarılmasına razılıq veribsə, hesab edirəm ki, bu, olduqca normal bir haldır. Hesab edirəm ki, ümumilikdə xalq referendumda "hə" deyəcək və referendum normal keçiriləcək".

Referenduma çıxarılan əlavə və dəyişiklərlə bağlı səsləndirilən əks arqumentlərə gəlincə, millət vəkili ölkədə fikir plüralizmi mövcud olduğu üçün əks arqumentlərinin də olmasını normal adlıandırıb.

Çingiz Qənizadə həmçinin qeyd edib ki, hər şey qanun və hüquq çərçivəsində əsaslandırılmalıdır: "Boş-boş çayxana söhbətləri, yaxud da kiminsə təxəyyülü mətbuatda yer alırsa, belə bir ümumi siyasi kampaniyaya kölgə salırsa, hesab edirəm ki, bu fikirlərə ciddi yanaşmaq lazım deyil. Baxmayaraq ki, təklif cənab prezidentdən gəlib, bu məsələni nə prezident, nə də əks arqumentlər gətirən insanlar reallaşdıracaq, bunu Azərbaycan xalqı reallaşdıracaq. Buna görə də 26 sentyabrı gözləyək".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm