Nida.az
Sui-qəsd planı, daha çox insan öləcək, “Mehmetcik”ə arxadan zərbə... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Özbəkistan prezidenti İslam Kərimovun səhhəti və mümkün hakimiyyət dəyişikliyi ilə bağlı məlumatlar gündəmdən düşmür. Suriyanın şimalında Türkiyənin başladığı "Fərat Qalxanı" əməliyyatı genişlənir. Bu, İran və ABŞ başda olmaqla, bir sıra ölkələr tərəfindən müsbət qarşılanmır. Kürd gücləri Ankaranın "qırmızı xətti"ndən geri çəkilmək istəmir. Ankara və Moskva dollara qarşı müharibə hesab oluna biləcək addım atmağa hazırlaşır. İkitərəfli ticarət əlaqələri lirə və rublla həyata keçiriləcək.
Kərimovun zəhərlənməsi, "varis"in təbriki...
Hazırda xəstəxanada olduğu deyilən İslam Kərimovun
vəziyyəti haqda dəqiq informasiyalar yoxdur. Versiyalara görə, hər
şey Özbəkistanın müstəqillik günü münasibətilə keçiriləcək bayram
şənliyindən sonra aydınlaşacaq. Hətta bayramdan iki gün sonra İslam
Kərimovun ölümünün açıqlanacağı haqda da iddialar
var.
"Fərqanə" agentliyinin baş redaktoru Daniil Kislov da Kərimovun öldüyünü, bunun hələlik açıqlanmadığını bildirib.
Özbəkistan prezidenti İslam Kərimovun qızı Lola Kərimova Müstəqillik Günü ilə əlaqədar xalqı təbrik edib. Kərimova həmçinin atasına verdiyi dəstəyə görə və tezliklə sağalmasını arzuladığı üçün Özbəkistan xalqına təşəkkür edib.
İslam Kərimovun "varis"i isə sabah xalqın qarşısına
çıxacaq. Ölkənin yeni prezidenti postuna ən
real namizəd sayılan Özbəkistanın baş naziri Şövkət Mirziyoyev
sentyabrın 1-də müstəqillik günü münasibətilə İslam Kərimovun
əvəzinə xalqı təbrik edəcək.
Məlumata görə, əvvəlki illərdən fərqli olaraq, bu dəfə təntənəli
proqramlar bir qədər azaldılacaq. Daşkənddə ənənəvi bayram konserti
ləğv olunacaq.
Kərimovun ölüm xəbərinin isə onun qızı Lola Kərimova tərəfindən yayıldığı iddia olunur. "Yüksək dairələrdə belə bir fikir var ki, avqustun 29-da Kərimovun ölüm xəbərini qızı Lola yayıb", - Özbəkistan hökumətinə yaxın mənbə Rusiyanın "İzvestia" nəşrinə deyib. Lakin o, bunun səbəbini dəqiq açıqlamayıb.
Mənbə bildirib ki, baş nazir Şövkət Mirziyoyev dövlət başçısı postuna gələcəyi halda Kərimovlar ailəsi siyasi həyatdan kənarlaşdırılacaq.
Mənbə bildirib ki, İslam Kərimov süni nəfəs aparatına qoşulub:
"Ehtimal ki, bu, bir neçə gün üçün lazımdır. Ölkədə hakimiyyət
yenidən qurulana qədər onun ailəsinin üzvləri buraxılmayacaq. Böyük
qız Gülnarə Kərimova Londonda ev dustaqlığındadır. Lola Kərimovanı
isə güclü qruplar hakimiyyətə qoymazlar. Şövkət Mirziyoyev əsas
namizəddir. Onu ölkə daxilində və hüdudlarından kənarda da
dəstəkləyirlər",
Özbəkistan prezidenti İslam Kərimovun xəstəxanaya
düşməsinin arxasında sui-qəsd planı var. Bu iddia ilə
Rusiyanın "vremenynet" saytı çıxış edib.
Məqalədə bildirilir ki, İslam Kərimovun xəstələnməsi şübhələrə yol açır: "Çünki İslam Kərimovun yaşı 78 olsa da, adətən Şərqdə hökmdarlar bu yaşda ölmürlər. Məsələ hətta onun yaşının 78 olmasında da deyil. Bu, dövlət rəhbəri üçün kritik yaş həddi deyil. Digər tərəfdən, İslam Kərimovun təkcə Özbəkistanda yox, bütün Mərkəzi Asiyada sabitliyin qorunmasındakı rolunu nəzərə alsaq, o zaman onun sağlamlığı xüsusi diqqətdə olmalı idi. Güman etmək olar ki, əslində belə də olub. O zaman Kərimovun xəstələnməsi təsadüfdürmü? Burada Mərkəzi Asiyanın iki lideri diqqət mərkəzinə düşür. İslam Kərimov və Nursultan Nazarbayev. Onlar hələ SSRİ vaxtında hakimiyyətə gəlmişdilər. Uzunmüddətli hakimiyyət təkcə Şərqin ənənələrindən irəli gəlmir, regionda sabitliyi saxlamaq üçün buna ehtiyac var. Müşahidəçilər də bildirirlər ki, Özbəkistan və Qazaxıstan sabitliyi məhz Kərimov və Nazarbayevin liderliyinə görə əldə edib. Təcrübə bunu təsdiq edir. Qırğızıstanda Əsgər Akayevin gedişindən sonra baş verənlər, yaxud Tacikistanda vətəndaş müharibəsi bunu deməyə əsas verir. Ehtimallara görə, bu, Mərkəzi Asiya ağsaqqallarından istənilən birinin aradan götürülməsi, hər iki respublikada qeyri-sabitliyin başlanması deməkdir. Bu baxımdan, İslam Kərimovun xəstələnməsi və ölümü haqda xəbərlər bomba effekti yaradır. Həmçinin, onun xəstəxanaya düşməsində hər hansı sui-qəsd planı, misal üçün, zəhərlənməsi kimi halların olması ehtimalı var. Çünki dünyanın müxtəlif yerlərində idarəolunan xaos strategiyasını həyata keçirənlər, bununla regionu ciddi şəkildə qarışdıra bilərlər".
Amerikalılar öldürüldü, "Mehmetcik" və kürdlər razılaşdı – ŞOK İDDİA
Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Fərat Qalxanı" əməliyyatı ilə əlaqədar ABŞ-dan sürpriz bir iddia gəlib.
ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Con Tomas türk və kürd qrupların (PYD/YPG) qarşıdurmaya girməmək barədə təminat verdiklərini bildirib. Onun sözlərinə görə, məqsəd əsas diqqəti Suriyada İŞİD təhlükəsinə ayırmaqdır.
Lakin bu iddia Ankara tərəfindən rədd edilib. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic kürd qrupların tezliklə Fərat çayının şərqinə çəkilməli olduğunu deyib. O, Münbiç əməliyyatından sonra Fərat çayının qərbində PYD/YPG güclərinin qalmayacağına dair ABŞ-ın üzərinə götürdüyü öhdəliyi xatırladıb.
Üç güc toqquşur: BÖYÜK DÖYÜŞ orada olacaq
Türkiyə Silahlı Qüvvələrinin dəstək verdiyi Azad Suriya Ordusu hər keçən gün irəliləyir. "Fərat Qalxanı" əməliyyatı avqustun 24-də İŞİD-dən azad edilən Cerablus şəhərinin cənubunda genişlənir.
Azad Suriya Ordusu yeni hədəfinin Əl-Bab mahalı olduğunu açıqlayıb. PYD-nin əlində olan çoxlu sayda kənd və qəsəbəyə nəzarəti təmin edən Azad Suriya Ordusu Münbiçdən 20 kilometr şimalda - Saruc çayında dayanıb. Səlahiyyətlilərə görə, əməliyyatın növbəti hədəfi İŞİD-in əlində olan Əl-Bab mahalıdır. Digər tərəfdən isə PYD (PKK terror təşkilatının Suriya qanadı – red.) Əl-Babı işğal etməyi planlaşdırır.
Əl-Bab İŞİD-in nəzarətindəki Marenin ən əhəmiyyətli təchizat yolunun üzərində yerləşir. Hələb vilayətinin ən böyük mahalı olan Əl-Bab bölgənin sənaye və ticarət mərkəzi olması ilə də xüsusi əhəmiyyətə sahibdir. İŞİD mahalı 2014-cü ilin yazında ələ keçirib. Əl-Bab şəhəri İŞİD üçün Rakkadan sonra "ikinci paytaxt" xüsusiyyəti daşıyır. Mahal həm rejim, həm PYD, həm də Suriya müxalifəti üçün həyati əhəmiyyətə malikdir. Hazırda rejim qüvvələri mahalın 15, PYD 25, müxalifət gücləri isə 23 kilometrliyindədir. Müxalifət gücləri həm Çobanbey, həm də Cerablusdan iki istiqamətdə, rejim isə Kuveyrisdən irəliləyir.
"Daha çox insan öləcək, Türkiyə dərhal...!" – TƏLƏB
İranın Xarici İşlər Nazirliyi Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatı ilə əlaqədar bəyanat verib. Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi yazılı bəyanatında bütün ölkələrin Suriyanın ərazi bütövlüyü və suverenliyinə hörmət göstərməli olduğunu bildirib. O, əməliyyatın dərhal dayandırılmasını tələb edib:
"Türkiyənin Suriya torpaqlarında qalması bölgədəki vəziyyəti daha qarışıq vəziyyətə gətirəcək. Qarşıdurma sahəsinin Suriyanın şimalına doğru genişlənməsi daha çox günahsız insan və vətəndaşın ölümünə səbəb olacaq. Terrorizmlə mübarizə, bölgədə sabitlik və təhlükəsizliyin təmin edilməsi bölgənin sülhsevər ölkələrin xarici siyasətində dəyişməyən təməl prinsiplərdən biridir. Ancaq bu prinsip mərkəzi hökumətlə koordinasiya edilmədən başqa bir ölkənin ərazi bütövlüyünü pozaraq hərbi əməliyyat həyata keçirməsinə əsas verə bilməz", - bəyanatda deyilir.
Rusiya G8-ə qayıtmaq üçün... - ŞƏRT
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Rusiyanın G8-in ("Böyük səkkizlik") tərkibinə qaytarılması təklifi ilə çıxış edib.
Nazir bu haqda "RedaktionsNetzwerk Deutschland" saytına müsahibəsində deyib. "Suriya və Ukraynada münaqişələrin davam etməsinə baxmayaraq, biz dünyanın ən böyük iqtisadiyyatlarının daxil olduğu klubumuzdan Rusiyanı kənarda saxlamağa maraqlı deyilik", - nazir söyləyib.
Moskva ilə danışıqlar aparmağın "çətin" olduğunu vurğulayan Frank-Valter Ştaynmayer bununla belə itirilmiş etibarın bərpasında maraqlı olduqlarını dilə gətirib. O, əlavə edib ki, indiki "yeddilik" (G7) Suriya və Ukraynanın şərqindəki böhranların nizama salınmasında əhəmiyyətli irəliləyiş əldə olunduqdan sonra Moskva ilə söhbətə hazır olacaq.
Kravçuk torpaqların qaytarılmasının yolunu göstərdi: "Putinlə..."
Ukrayna Donbas münaqişəsinin nizama salınması üçün Rusiya ilə ikitərəfli danışıqlara təşəbbüs etməlidir. Bunu Ukraynanın birinci prezidenti Leonid Kravçuk deyib. "Minsk razılaşmaları öz rolunu oynadı, onları müsbət qiymətləndirmək lazımdır. Razılaşmalar mümkün geniş təcavüzü dayandırdı, bu, müsbət haldır. Amma Minsk razılaşmaları Ukraynanın ərazi bütövlüyü məsələsini həll edə bilməyəcək, Donbası və Krımı qaytarmağa kömək etməyəcək", - Ukraynanın sabiq prezidenti bildirib.
Mossad keçmiş şefindən ŞOK PROQNOZ: "Vətəndaş müharibəsi başlanacaq"
İsraildə vətəndaş müharibəsi başlaya bilər. Bu iddia ilə İsrailin kəşfiyyat xidməti MOSSAD-ın keçmiş şefi Tamir Pardo çıxış edib.
O, İsraildə ən böyük təhlükənin sosial parçalanmadan qaynaqlandığını bildirib. Keçmiş kəşfiyyat şefinin sözlərinə görə, fanatik sağçılar ilə solçular arasındakı qütbləşmənin davam etməsi vətəndaş müharibəsinə gətirib çıxara bilər.
Tamir Pardo İsrailin mövcudluğu üçün təhdidin xaricdən gəlmədiyini, daxili təhlükədən qorxmalı olduqlarını deyib. O, Yaxın Şərqdə daxildən gələn təhdidin hakimiyyətlərin yıxılmasına gətirib çıxardığını vurğulayıb.
Putin və Ərdoğan ABŞ-a müharibə elan etdi
Ankara və Moskva ABŞ-a qarşı "iqtisadi müharibə"
elan edib. Türkiyə və Rusiya ikitərəfli ticarət
əlaqələrini lirə və rublla həyata keçirəcək.
Türkiyə iqtisadiyyat naziri Nihat Zeybekci deyib ki, Rusiya və Türkiyə arasında rubl və lirədən istifadə olunması ilə bağlı hər iki ölkənin mərkəzi bankları arasında texniki müzakirələr aparılır. "İlkin hədəf Türkiyəyə gələn Rusiya vətəndaşları ödənişləri rubl ilə, Rusiyaya gedən Türkiyə vətəndaşları isə lirə ilə etmələridir", - deyə o bildirib.
Kiyev Rusiyaya qarşı sanksiya siyahısını genişləndirdi
Kiyev Rusiya vətəndaşları və müəssisələrinə qarşı sanksiyalar siyahısını genişləndirib. Ukrayna baş nazirinin birinci müavini Stepan Kubiv siyahıya daha 250 fiziki və 46 hüquqi şəxsin adının daxil edildiyini deyib.
Bundan başqa, Ukraynanın Nazirlər Kabineti 388 fiziki və 105 hüquqi şəxs barəsində sanksiyaların müddətini uzadıb. Sanksiyalar altına düşən fiziki və hüquqi şəxslərin yenilənmiş siyahısı hələ dərc edilməyib.
Qeyd edək ki, Ukrayna hakimiyyəti sanksiyalar siyahısını 2015-ci ilin sentyabrında dərc edib. Siyahının bütün iştirakçılarına eyni məhdudiyyətlər tətbiq edilməyib. Onların bir hissəsinin Ukraynaya girişi qadağan edilib, başqalarının maliyyə aktivləri dondurulub, üçüncü qrup barəsində isə digər məhdudiyyətlər tətbiq edilib.
Kiyev və Avropa Birliyinin bir sıra ölkələri Moskvanın Ukraynanın cənub-şərqində münaqişə tərəflərindən biri olduğunu iddia edir. Moskva isə bu ittihamlar qəbul etmir və bu barədə sübutların olmadığını bildirir.
Ömər Dağlı
-
İdman03:18
Avropada ən çox məvacib alan futbolçular
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin26 Dekabr 21:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar
-
Nəqliyyat6 Dekabr 19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal6 Dekabr 19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO