Putindən 7 şərt, gizli Qarabağ danışıqları, “su müharibəsi”nin bir addımlığında... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Putindən 7 şərt, gizli Qarabağ danışıqları, “su müharibəsi”nin bir addımlığında... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Özbəkistan prezidenti İslam Kərimovun canı ilə əlləşdiyi bir vaxtda Qırğızıstan müharibəyə gətirib çıxaracaq bir addım atıb. Rəsmi Bişkek Özbəkistanın istifadə etdiyi Orto-Toki su anbarının Qırğızıstan ərazisi olan Cəlalabad rayonunda yerləşməsi məsələsini yenidən gündəmə gətirib və Daşkənddən həmin əraziləri tərk etməsini tələb edib. Mərkəzi Asiyada isə "su müharibəsi" başlaya bilər. Putin və Ərdoğan arasında avqustun 9-da Sankt-Peterburqda keçirilən görüşün detalları ortaya çıxıb. Erməni politoloq Aqasi Yenokyan Ermənistanda Qarabağla bağlı gizli müzakirələrin aparıldığını bildirib. Ekspertlər Ankaranı "Suriya bataqlığı" mövzusunda xəbərdar edirlər.

Putinlə Ərdoğanın məxfi Qarabağ söhbəti: "Türk casusları..." - DETALLAR

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın avqustun 9-da Rusiyaya səfəri zamanı Vladimir Putinlə bağlı qapılar arxasında keçirdiyi görüşün detalları məlum olub.

"Sözcü" qəzetinin köşə yazarı Can Ataklının yazdığına görə, görüşün detalları barədə ona Kremlin analitiklərindən biri məlumat verib. Onun yazdıqlarına inansaq, Putin qapalı görüşdə Ərdoğanın qarşısında 7 şərt qoyub.

1. Qarabağ: bu bölgə bizim üçün önəmlidir. Azərbaycana görə sizin üçün də önəmlidir. Amma konstruktiv olun. Bizimlə inada girib, problemi həll etmək əvəzinə, daha da çətinləşdirirsiniz.

2. Əsədi artıq qəbul edin: Suriya siyasətiniz əvvəldən səhv idi. Əsədin varlığını qəbul edin. Suriya probleminin həlli Əsəddən keçir, bunu qəbul edin.

3. Krım və Qafqazı buraxın: Krımda tarixi bağları önə çəkərək, əleyhimizə olan fəaliyyətləri dəstəkləyirsiniz. Bunu bəzi Qafqaz ölkələrində də edirsiniz. Bunlar münasibətlərimizin düzəlməsinə yox, daha da pisləşməsinə səbəb olur.

4. Dörd ölkədən - Qırğızıstan, Türkmənistan, Qazaxıstan və Özbəkistandan əl çəkin. Sizin casuslarınızın bu ölkələrdə kəşfiyyat apardığını, bölgədəki xalqları bizə qarşı təşkilatlandırmağa çalışdığınızı bilirik. Artıq bunlardan vaz keçin. Göz görə-görə sizə imkan vermərik.

5. PYD Rusiya üçün də önəmlidir: Suriyada əsas təhlükə İŞİD və ona bənzər terror təşkilatları olduğu halda, siz diqqətinizi PYD-yə verirsiniz. Bunu bilin ki, PYD bizim üçün də önəmlidir. Addımlar atarkən, buna diqqət edin. Yoxsa, bölgədə arzuolunmaz hadisələr baş verə bilər.

6. Sərhədlərinizi terrora bağlayın: Artıq Suriyaya silah göndərməyi dayandırın. Sərhədlərinizi terrorun üzünə bağlayın. Rusiyanın maraqlarına qarşı hərəkət edənlər sizin sərhədlərdən keçir.

7. Nazirləriniz sözlərinə diqqət etsin: İki ölkə arasındakı münasibətlərdə qarşılıqlı inam və səmimiyyət çox vacibdir. Daxili siyasət üçün dediklərinizi anlayırıq, lakin bəzi nazirləriniz və rəsmilərinizin Rusiya əleyhinə sözləri bizi narahat edir. Bundan sonra zəhmət olmasa daha diqqətli olun.

Bu qadın 2018-ci ildə Putini əvəz edəcək – İDDİA

Krımın baş prokuroru Natalya Poklonskaya "Vahid Rusiya" Partiyasının dəstəyi ilə Dövlət Dumasına seçkilərə öz namizədliyini irəli sürmək niyyətindədir.

Bundan başqa, "Daily Mirror" nəşrinin iddiasına görə, Krımın baş prokuroru 2018-ci ildə keçiriləcək prezident seçkilərində potensial namizəddir. 36 yaşlı Poklonskaya artıq "Forbes" jurnalı tərəfindən dərc edilmiş ən perspektivli siyasətçilərin siyahısına girib.

Nəşrin yazdığına görə, Natalya Poklonskaya xarici görünüşü və gəncliyi sayəsində internetdə yüksək reytinq qazanıb. Ona mahnılar, şeirlər və animasiya filmləri həsr edilib.

Gizli Qarabağ müzakirəsi - İrəvana verilən vaxt başa çatdı

"Ermənistanda Qarabağla bağlı gizli müzakirələr aparılır. Ola bilsin ki, bu müzakirələr "Lavrov planı" ilə bağlıdır".

Bu iddia ilə Ermənistanda siyasi və beynəlxalq tədqiqatlar mərkəzinin direktoru, politoloq Aqasi Yenokyan deyib. Onun sözlərinə görə, münaqişənin həlli ilə məşğul olan vasitəçilər İrəvanda polis binasının tutulması ilə baş verən hadisəyə görə Ermənistana öz daxili problemlərini həll etmək üçün vaxt verdi: "Laki Qarabağ məsələsində Ermənistanın güzəştə getməsi aktual olaraq qalır. Sadəcə olaraq, bizim bunun qarşılığında nə alacağımız dəqiq bilinmir. Yalnız o dəyişdi ki, hakimiyyət ərazilərin qaytarılması haqda danışmaqdan daha çəkinmir".

A. Yenokyan əlavə edib ki, hazırda Ermənistanda ərazilərin qaytarılması ilə bağlı gizli müzakirələr aparılır.

"Güman ki, müzakirələrin əsas mövzusu "Lavrov planı"dır. Rusiyanın irəli sürdüyü bu plan rayonların qaytarılmasını nəzərdə tutur. Əslində, İrəvanda baş verən hadisələr Ermənistan üçün təhlükəli olan bu planın həyata keçməsinin qarşısını aldı. Lakin bu, müvəqqətidir. Ermənistana vaxt verilib və bu vaxt yaxınlarda bitəcək. Ermənistan daxilindəki gizli müzakirələri nəzərə alsaq, artıq vaxtın bitdiyini də deyə bilərik", - deyə erməni politoloq vurğulayıb.

Sarkisyan Azərbaycana gəldi

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər edib.

Məlumata görə, Sarkisyan Qarabağa bu gün səfər edib. Məqsəd qondarma "DQR"-in "25 illik yubileyi"ndə iştirak etməkdir.

Amerika və Rusiyasız Suriya bataqlığı... – Türkiyə üçün ŞOK PROQNOZ

Avqustun 24-də Türkiyə Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyatına başladı.

Türkiyəli ekspertlər "Birgün" nəşri ilə söhbət zamanı əməliyyatın Türkiyə üçün risklərini qiymətləndiriblər.

Onların sözlərinə görə, Türkiyə ehtiyatlı hərəkət etməlidir. Xarici siyasət məsələləri üzrə ekspert Semih İdiz qeyd edir ki, Türkiyənin daxili siyasətində əməliyyat müsbət qarşılanmasına baxmayaraq, risk həmişə var: "Bəzi müşahidəçilər xəbərdarlıq edirlər ki, biz bataqlıqda batacağıq. Belə risk var və bu cür müdaxilələr həmişə özü ilə təhlükələri gətirir".

Yaxın Şərq üzrə ekspert Arif Kəskin qeyd edib ki, əməliyyatın müvəffəqiyyəti Türkiyənin yaradacağı ittifaqlardan asılı olacaq: "Amerika ilə münasibətlər düzəlmədən, Rusiya, İran və Suriya ilə lazımı ittifaqlar olmadan regionda müvəffəqiyyət qazanmaq mümkün deyil".

Kəskin qeyd edib ki, hədəflərin yanlış müəyyənləşdirilməsi "Fərat Qalxanı" əməliyyatını müvəffəqiyyətsizliyə uğrada bilər: "Əməliyyat münasibətlərdə etibarın sınaqdan keçirilməsidir. Rusiya, İran, Suriya və Amerika prosesi diqqətlə müşahidə edirlər. Əgər Türkiyə yanlış gedişləri edərsə, bu əməliyyat tələyə çevrilə bilər. Əgər bu mərhələdə regional güc balanslarını nəzərə alınmasa, Türkiyə üçün hesab ağır olacaq".

Çavuşoğlu: "Obama bizə söz verdi ki..."

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Milliyyət" nəşrinə müsahibəsində deyib ki, PYD (PKK terror təşkilatının Suriya qanadı –red.) Suriyada Fərat çayının şərqinə geri çəkilməlidir.

"Münbic əməliyyatına PYD-nin qatılmamasını istədik. Amerikalılar az sayda YPG-nin (PYD-nin hərbi qanadı –red.) əməliyyata qatılmasının əhəmiyyətli olduğunu söylədilər. Biz buna qarşı çıxdıq. Amma ABŞ prezidenti Barak Obama bizə söz verdi ki, PYD əməliyyat bitən kimi Fəratın şərqinə geri dönəcək. Amma hələ dönməyiblər. PYD Fəratın şərqinə dönməsə, ABŞ-a olan etibar tamamilə itər", - türkiyəli nazir vurğulayıb.

Kərimov xəstə yatağında... Özbəkistana müharibə elan edildi

Rəsmi Bişkek Özbəkistanın istifadə etdiyi Orto-Toki su anbarının Qırğızıstan ərazisi olan Cəlalabad rayonunda yerləşməsi məsələsini yenidən gündəmə gətirib və Daşkənddən həmin əraziləri tərk etməsini tələb edib.

Bu haqda Qırğızıstanın yerli informasiya agentliklərindən biri mənbələrə istinadən məlumat yayıb. "Bişkek tərəfi Özbəkistan tərəfinə dəfələrlə bildirib ki, Orto-Toki su anbarı Qırğızıstana aiddir və onun ərazisində yerləşir", - deyə mənbə bildirib.

Mənbə qeyd edir ki, Qırğızıstan dövləti ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipini əsas gətirərək, Özbəkistanı beynəlxalq hüquq normalarına əmə etməyə çağırır.

Qeyd edək ki, Mərkəzi Asiyanın əsas problemlərindən olan su mübahisəsinin əsası SSRİ dövründə qoyulub. Belə ki, 1930-cu ildə Özbəkistanın Fərqanə vadisində pambıq istehsalı inkişaf etdiyi üçün SSRİ bu bölgəyə güclü dəstək verib. 1940-cı ildə 660 hektarlıq Qırğızıstan ərazisi su hövzəsinin tikilməsi üçün Özbəkistana verilib. 1972-ci ildə su rezervləri genişləndirilib. Amma sovet imperiyası dağılandan sonra qırğızlar tarixi torpaqlarını geri istəyiblər. Özbəklər isə həmin əraziləri qaytarmaq niyyətində deyil.

Belə vəziyyət isə region ölkələrini üz-üzə qoyur. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı "2030-cu ilədək qlobal tendensiyalar: alternativ dünyalar" hesabatında da göstərilir ki, 2030-cu ilədək Mərkəzi Asiyada su resursları uğrunda dövlətlər arasında münaqişələrin baş verməsi mümkündür.

Özbəkistan prezidenti İslam Kərimovun insult keçirməsindən sonra Bişkekin tarixi mübahisəni yenidən dirçəltməsi Mərkəzi Asiyada 20 ildir aktual olan su müharibəsinin baş vermə ehtimallarını gündəmə gətirir. Görünür, indiyə qədər sərt siyasəti ilə Qırğızıstana meydan oxuyan Kərimovun yoxluğu Bişkekə yarayır. Hər halda Daşkənddə hakimiyyət daxilindəki gərgin vəziyyət ərazilərini geri almaq baxımından ən çox Qırğızıstana sərf edir. Bişkekin Daşkəndə çağırış etməsi ilə bağlı xəbərin məhz sentyabrın 1-də - Özbəkistanın müstəqillik günündə yayılması da təsadüfə bənzəmir. Əslində, bu məsələnin gündəmə gətirilməsi Özbəkistana müharibə elan etmək mənasına gəlir.

Avropadan Rusiyaya növbəti ZƏRBƏ

"Avropa Birliyinə üzv ölkələrinin daimi nümayəndələri Rusiya Federasiyası və Ukrayna ("LXR" və "DXR" separatçı qurumlarının liderləri –red.) üçün "qara siyahı"nın müddətini uzadacaqlar. Ehtimal ki, bu, gələn həftə baş verəcək".

Bu haqda SİTA agentliyinə Avropadakı diplomatik mənbə bildirib.

Mənbə qeyd edib ki, Rusiya və Ukraynanın 146 vətəndaşı və 37 təşkilatına qarşı sanksiyalar yarım illiyə uzadılacaq. Onların müddəti 15 sentyabrda bitir.

Diplomatın sözlərinə görə, məhdudlaşdırıcı ölçülərin uzadılması haqqında qərarın hər hansı müzakirəsiz qəbul edilməsi planlaşdırılır. "Ukrayna üzrə vəziyyət dəyişməyib. Buna görə də siyasi müzakirələr gözlənilmir", - o, izah edib.

Sonuncu dəfə Rusiyaya üçün "qara siyahı" cari ilin 12 martında uzadılıb.

Trampdan "kişi sözü": "İlk saatda iki milyon insanı..."

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp dövlət başçısı seçiləcəyi halda ilk saatda iki milyon insanı ölkədən deportasiya edəcəyinə söz verib.

Milyarder bu haqda Arizona ştatında tərəfdarları qarşısında çıxışında bildirib. Onun sözlərinə görə, radikal ölçülər qanunu pozan miqrantlara toxunacaq. "Biz onlardan ilk gün qurtulmağa başlayacağıq. Mənim prezident postunda olduğum ilk saatda onlar artıq burada olmayacaqlar", - Tramp deyib.

Milyarderin sözlərinə görə, ABŞ-a qeyri-leqal girənlərin hamısı deportasiyaya məruz qalacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm