• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

Azərbaycan üçün hazırlanan “16 iyul” xaos ssenarisi - TƏHLİL

  • Nida.az
  • 2 Sentyabr 2016 15:22
  • 1 960 Baxış
Azərbaycan üçün hazırlanan “16 iyul” xaos ssenarisi - TƏHLİL

2013-cü il "17-25 dekabr" hadisələri Türkiyədə Gülən camaatının dövlət içində "paralel dövlət" yaratdığını ortaya çıxartdı. Buna qədər Türkiyə Gülən camaatını tanıyır, hətta müəyyən qədər hörmət də bəsləyirdi. "Paralel dövlət" layihəsi ortaya çıxanda təhlükənin səviyyəsi, təhdidin hədəfləri göründü. Ardınca Gülən şəbəkələşməsinin Azərbaycana da uzandığı, dövlətin içinə sızdığı məlum oldu. Rəsmi Bakı 2014-cü ildə dövlətin müəyyən strukturlarında, həmçinin, millət vəkilləri arasındakı gülənçilərin neytrallaşdırılması gedişini etdi. Amma onlara qarşı daha sərt addımların atılmaması da səbəbsiz deyildi.

Təhlükənin başı görünsə də, gövdə hələ də qaranlıqda idi və bunu tam aydınlaşdırmaq üçün müəyyən qədər gözləmək lazım idi. Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd isə təhlükənin gövdəsini də ortaya çıxartdı.

15 iyul hadisələrindən sonra Azərbaycanda FETÖ şəbəkələşməsi ilə bağlı ortaya çıxan dəlillər bu təhlükənin səviyyəsinin gözlənildiyindən daha böyük olduğunu göstərir. (http://publika.az/ p/147696).

Görünən odur ki, rəsmi Bakı FETÖ şəbəkəsinin genişlənməsinə və Azərbaycanın "ikinci Türkiyə" olmasına imkan verməyəcək.

Gülən şəbəkəsinin Azərbaycandakı fəaliyyətinin məqsədi, qurduqları planlar və uğurlu olacaqları təqdirdə ata biləcəkləri addımlar göz önünə gətiriləndə onların sıradan çıxarılması zərurəti də qəti şəkildə aydın olur. Hansı ki, iki il öncə atılan addımlara rəğmən, onların hələ də qaranlığa çəkilmiş şəkildə fəaliyyətlərini davam etdirdikləri məlumdur.

Türkiyədə 15 iyul çevrilişindən sonra apardığımız analizdə Gülən caamatının bəsit icmalaşma olmadığını, 50 il bəslənməsinin daha uzağa gedən hədəflərə sahib olduğunu, xüsusilə Türkiyə üzərindən İslama, eləcə də türk dünyasına qarşı hazırlanan geosiyasi planın icraçısı missiyasını daşıdığını yazmışdıq. (http://publika.az/p/145934).

Bu geosiyasi planda Azərbaycanın üzləşə biləcəyi təhlükələr nələr olacaqdı?

1. Gülən camaatı dövlətin mühüm strukturlarında (Elnur Aslanov) yerləşdirməklə yanaşı, müxalifətin radikal qanadını (Əli Kərimli) da ələ alır. Nədən iqtidara paralel olaraq, müxalifətin Qərbdəki dairələrin sözündən çıxmayan qanadı da bu plana daxil edilir?

2. Azərbaycan şəbəkəsinin əsas açarı hesab olunan Elnur Aslanovun anası, Milli Məclisin keçmiş komitə sədri Rəbiyyət Aslanova Rusiyada yaşayan azərbaycanlı iş adamı İlham Rəhimovla izdivaca girir. Niyə məhz Rusiya prezidenti Vladimir Putinin yaxın dostu olan iş adamı?

3. 15 iyuldan sonra Azərbaycanın taleyi necə olacaqdı?

Bu üç amil FETÖ-nün Azərbaycan planlarına dair ehtimalları ön plana çıxarır.

Heç şübhəsiz ki, Türkiyə üçün illərlə hazırlanan 15 iyul planı kimi Azərbaycan üçün də hansısa oyunlar qurulmuşdu və bunun iqtidarın ələ keçirilməsi hədəfinə hesablandığı da aydındır.

Birinci mərhələ: iqtidarın ələ keçirilməsi

İqtidar içindəki şəbəkələşmə genişlənənə qədər gözlənilir, dövlətin güc strukturları da daxil olmaqla bütün qurumlarında kök atılır, xüsusilə gənclərin təşkilatlanması aparılır və qəfil dəyişiklik baş verir. Hakimiyyətə gülənçilərdən biri, ən çox ehtimal olunan Elnur Aslanov gətirilir və Azərbaycan FETÖ-nün yuva qurduğu Qərbin çətiri altında olan ölkəyə çevrilir.

Proseslərin təhlilində Qərbin müəyyən dairələrində indiyə qədər Azərbaycanla bağlı hazırlanan ssenarilərdə FETÖ şəbəkəsinin həmişə ehtiyatda olan "B planı" olduğu aydın görünür.

Azərbaycanda FETÖ-nün dövlətə sızması və ölkənin bu şəbəkə tərəfindən ələ keçirilməsi istəyinin bir sıra səbəbi var:

a) Gürcüstan və Ukrayna kimi post-sovet ölkələrindəki "rəngli inqilab"ların Azərbaycana da gətirilməsi cəhdləri ilə qarşılaşmışıq. Lakin bu günə qədər "inqilab mütəxəssisləri" azərbaycanlıları seçdikləri iqtidara qarşı qaldıra bilməyib. Ən son məqamda bu planlar alt-üst olub. Halbuki, 2003-cü ildə "oktyabr cəhdi", 2005-ci ildə "narıncıların qiyamı", 2012-ci ildə "facebook inqilabı" kimi təcrübələr çox da uzaq keçmiş deyil. Azərbaycan xalqını iqtidarına qarşı qaldıra bilməyən Qərb dairələri ölkə daxilində ultra-liberal qərbçilərə qoyulan külli miqdarda kapitalın yalnız kimlərinsə varlanmasına səbəb olduğunu anladılar. Məhz bu zaman uzun müddət hücrələrə çəkilmiş "B planı" – FETÖ variantı dövriyyə girir.

b) "B planı" həm də "ağrısız keçid" ssenarisinin bir hissəsi hesab oluna bilər. Qərb 2003-cü ildə Gürcüstanda Saakaşvili təcrübəsi ilə bunu sınaqdan çıxarmışdı. "Ağrısız keçid" ssenarisində hakimiyyət sakit formada dəyişir, ümumi planlara zərər az dəyir. Həmçinin, yeni hökumət dövlət strukturlarını yenidən formalaşdırarkən, kadr siyasətində problemlərlə üzləşmir. Misal üçün, istefaya göndərilən hər-hansı dövlət qurumu rəhbərinin yerinə uzun müddət idarəçilikdən kənarda qalmış, yaxud heç bir təcrübəsi olmayan şəxsin gətirilməsi yox, həmin rəhbərin hansısa müavininin, yaxud qurumdakı şöbə müdirinin gətirilməsi yolu seçilir. Əslində Elnur Aslanovun əsas missiyası bu idi. Qərb dairələri FETÖ planı ilə hakimiyyətin öz içindən dövlət idarəçiliyində müəyyən təcrübə qazanmış birini rəhbərliyə gətirmək istəyib. Burada müxalifətin də rolu Əli Kərimlinin qismində təmin olunub.

c) Elnur Aslanov iqtidarı ələ keçirir, Əli Kərimli isə müxalifətdə radikalların ona dəstəyini təmin edir. Növbədənkənar keçiriləcək seçkilərdə Elnur Aslanov-Əli Kərimli ittifaqı ilə koalisiya hökuməti yaradılır.

İkinci mərhələ: seçkidə "HDP variantı"

FETÖ-nün planlarını təhlil edərkən, Azərbaycan üçün "HDP variantı"nın həyata keçirməyə cəhd olunacağı ehtimalları da ortaya çıxır.

"HDP variantı": Türkiyədə 2015-ci il 7 iyununda keçirilən parlament seçkilərində dolayısı ilə PKK-nı dəstəkləyən HDP 13,4 faiz səs topladı. Bu Türkiyə seçki tarixinin ən acınacaqlı günü idi. Belə ki, AKP 41,4, CHP 25, MHP 16,2, HDP 13,4 faiz səsə sahib oldu.

HDP-nin bu qədər səs toplaması və AKP-nin təkbaşına hökumət qura bilməsinin qarşısının alınmasında FETÖ izi aydın görünürdü. Çünki "paralel dövlət" hadisələri artıq yaşanmışdı və gülənçilər hər an qisas almağa hazırlaşırdılar.

HDP-nin "uğuru"nun arxasında vaxtilə Türkiyədə hökumətləri devirmək gücündə olan, lakin Ərdoğan iqtidara gələndən sonra taxtdan salınan, elə buna görə də onun düşməni Fətullah Gülənlə ittifaqa girən iş adamı Aydın Doğan dayanırdı. Hər iki qüvvənin – Doğan və Gülənin hədəfi eyni idi. Gülənin tərəfdarları bir qayda olaraq HDP-yə səs verdi, Doğan media qrupu isə kürdlərin seçki kampaniyasını pulsuz olaraq apardılar. Nəticədə, Ərdoğan məğlub duruma düşdü. Lakin sonradan koalisiya hökuməti qurulmadı və noyabrın 2-də keçirilən növbədəkənar seçkilərdə AKP hökuməti təkbaşına qurmaq üçün lazımi səsi toplaya bildi.

Bu ssenari FETÖ-nün Azərbaycanda da seçkilərə "əl uzada" biləcəyini deməyə əsas verir. "Paralel dövlət" prosesini Xəzərin sahillərinə qədər daşıyan şəbəkənin hədəflərə nail olmaq üçün izlədiyi ssenarilərin ardıcıllığı da belə bir nəticəni öncədən göstərir. Doğrudur, bunun hansı metodlarla ediləcəyinə dair təsəvvürlər zəifdir. Amma fakt budur ki, FETÖ hakimiyyəti ələ keçirmək üçün bütün vasitələrdən istifadə edir.

Elnur Aslanov-Əli Kərimli ittifaqının xaos planı

İqtidarları devirmək üçün Qərbin ən çox sınaqdan çıxmış üsullarından biri xaosdur."Məxməri", "qərənfil", "narıncı" və nəhayət "ərəb baharı".
1984-cü ildə Nobel mükafatı laureatı, "Kvarklar nəzəriyyəsi"nin banisi, İngiltərə kraliçasının elmi məsləhətçisi Mürrey Gel-Mann tərəfindən hazırlanan "idarəolunan xaos" nəzəriyyəsi üzərində bu ssenarilər həyata keçirilib. Və bunların hər biri üzrə Azərbaycan planlarının olması da şübhəsizdir. Amma cəhdlər baş tutmur, ərəblərə bahar adı altında soyuq qışı gətirənlər azərbaycanlıları aldada bilmirlər. Belə bir məqamda Elnur Aslanov-Əli Kərimli ittifaqı haqqında ortaya çıxan xəbərlər diqqəti mümkün planların üzərinə yönəldir.

Ssenari: Əli Kərimli sayları az olan radikal qanadı küçəyə çıxarır. Elnur Aslanov dövlətin verdiyi səlahiyyətləri "radikal çevriliş" yolunda fəda etməyə başlayır. Beləliklə, uzun müddət azərbaycanlıları aldadaraq, iqtidara qarşı çıxara bilməyən qüvvələr FETÖ çətiri altındakı bu ittifaqla istəklərinə nail olurlar.

Və iqtidarın başına Aslanov-Kərimli koalisiyası keçir.

Ehtimal olunan bu ssenaridə Elnur Aslanovun anasının Putinin dostu olan iş adamı İlham Rəhimovla izdivaca girməsi ən əsas hissələrdən biri hesab oluna bilər.

Putinə atılan "qarmaq"

Azərbaycan Cənubi Qafqaz coğrafiyasının bir parçasıdır və o da bəllidir ki, bu coğrafiyada siyasi şərtlər Rusiya ilə anlaşmağı zəruri edir. Hesab etmək olar ki; FETÖ-nün işğal etmək istədiyi Azərbaycanda quracağı yeni iqtidar Putinin dəstəyini məhz İlham Rəhimov vasitəsilə almaq istəyib. Rəbiyyət Aslanovun Rəhimovla izdivaca girməsi heç də təəccüblü qarşılanmamalıdır. Plan nə qədər Avropasayaq olsa da, onun tətbiq olunacağı məkan Şərq torpaqları idi və Şərqdə qadınlar üzərindən siyasətə təsir təcrübəsi tarixi əsaslara söykənir. Nə qədər kobud səslənsə də, Rəbiyyət Aslanovanın "bu yaşda" yenidən izdivaca girməsinin başqa hansı səbəbləri ola bilərdi?

Planlar ard-arda alt-üst olur, Rəhimov bu oyunda "Troya atı" olmaqdan imtina edir, FETÖ-nün "qadın gedişi" təsirsiz qalır, gülənçilər Elnur Aslanovun qismində neytrallaşdırılır və azərbaycanlılara məlum "baharı" gətirmək istəyənlər qayaya rast gəlirlər.

Amma bütün bunlara rəğmən Elnur Aslanov iyerarxiyası altında toplanan şəbəkə üzvləri ölkəni tərk etmirlər; Dövlətə, dövlət başçısına "sadiq" olduqlarını hər addımda gözə soxmağa çalışır; taleləri ilə barışdıqlarını nümayiş etdirir; məğlub görüntüsü yaradırdılar.

Halbuki, siyasi təcrübə məğlubların əsasən qaçmağı seçdiklərini təsdiq edib; Onlar isə məğlub olduqlarını düşünmür, şəbəkələşməni gücləndirir, müxalifətlə restoran-kafe köşələrində müzakirələr aparır, gündüzlər "sadiq", gecələr "asi" fəaliyyətlərini davam etdirirdilər.

Və burada Türkiyədəki 15 iyul çevriliş planı önə çıxır. Əminliklə demək olar ki, Azərbaycandakı gülənçilər də Fətullah Gülənin "15-17 dekabr" hadisələrindən sonra dini hədislərdən nümunələrə istinadən "SƏBR EDİN" mesajını dinləyərək, yerlərində qalmağa qərar veriblər. O günü gözləyiblər, hansı ki, Türkiyədə hərbi çevriliş olacağı günü.

"Nə qədər ağır olsa da, səbir edin".

Elnur Aslanov rəhbərliyində birləşən gülənçilərin 2014-cü ildən indiyə qədər dözməsində Fətullah Gülənin belə mesajlarının rolunun böyük olduğunu deyə bilərik.

Onlar "səbir etdilər" və həmin gün gəlib çatdı: Türkiyədə FETÖ-nün 15 iyul dövlət çevrilişi cəhdi günü Elnur Aslanov və şəbəkəsi harada idi? Onlar nə planlaşdırırdı? Ərdoğan devrilsəydi bir gün sonra – 16 iyul Azərbaycan üzərində hansı ssenari işə salınacaqdı?

a) Türkiyədə dövlət çevrilişi baş tutsaydı, dərhal Elnur Aslanov qaranlığa çəkilmiş şəbəkəni fəaliyyətə keçirəcəkdi.

b) Əli Kərimlinin rəhbərliyi altında toplaşan azsaylı radikallar küçələrə çıxacaqdı.

c) Ölkədə əvvəlcədən hesablanması çətin olan təxribatlar olacaqdı. (Hətta dini radikalların peyda ola biləcəyi də istisna edilmir).

ç) İqtidarın ələ keçirilməsi, "köhnə düşmənlərin" – Aslanov-Kərimli ittifaqının ölkənin başına keçməsinə qədər ən müxtəlif, ən ağlasığmaz təxribatlara əl atılacaqdı.

d) Azərbaycan indiyə qədər yüksək ağıl nəticəsində qaçdığı, qorunduğu, yayındırdığı xaosa bürünəcəkdi.

Məqsədlər, hədəflər, planlar təhlil edildikdə, yuxarıda göstərilən sualların ehtimal olunan cavabları budur. Lakin bu həm də təsəvvür edilə bilən mənzərədir. Və belə görünür ki, təsəvvür belə edilməyən hadisələrin olmaması üçün FETÖ-nün təmizlənməsi daha ciddi şəkildə aparılmalıdır.

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR