“Mən kiməm ki, kadrım da olsun?” – MÜSAHİBƏ – ÖZƏL
Bizi izləyin

Nida.az

“Mən kiməm ki, kadrım da olsun?” – MÜSAHİBƏ – ÖZƏL

“Mən kiməm ki, kadrım da olsun?” – MÜSAHİBƏ – ÖZƏL

“Yeni rektoru çox gözəl tanıyıram”

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru (2004-2014) Şəmsəddin Hacıyevin Publika.Az-a müsahibəsi:

- Şəmsəddin müəllim, Dövlət İqtisad Universitetində rektor vəzifəsindən çıxarılmağınızdan dərhal sonra məlumatlar yayıldı ki, keçmiş müşaviriniz olmuş professor Bədirxan Musayevlə münasibətlərinizin pis olması vəzifədən çıxarılmaığınızda ciddi rol oynayıb. Hətta sizin “vurulmanız” barədə də mətbuatda tez-tez məlumatlar yayılmaqdadır. Bu barədə söylənilənlərə və yazılanlara münasibətinizi öyrənmək maraqlı olardı.

- Rektorluqdan çıxarılmağımın qətiyyən bununla əlaqəsi yoxdur. Bu məsələni şişirtməyə ehtiyac yoxdur. Rektorluq mənim üçün çox ağır yük idi. Təsəvvür edin ki, İqtisad Universitetinin 20 mindən çox heyəti var. Bu, kiçik bir rayon səviyyəsində idi. İqtisad Universiteti 2000-ci ildə hörmətli nazirimiz Əli Abbasovun rektorluğu dövründən başlayaraq özünün inkişaf mərhələsinə qədəm qoydu. Son illər ərzində isə universitet Avropa universitetləri səviyyəsinə gəlib çatmışdı. Təbii ki, hər yerdə olduğu kimi, burada da müəyyən problemlər var idi. Ancaq İqtisad Universitetində keyfiyyətli təhsil mühiti yaradılıb, ən müasir təlim-tədris və İKT texnologiylarından çix geniş formada istifadə olunur. Universitetdə şəffaflıq sahəsində əhəmiyyətli dəyişikliklər baş verdi. Demək olar ki, bu proses başa çatmaq ərəfəsində idi. Ancaq problemlər də qalmaqdadır. Bu belədir də. Hər bir əldə olunmuş nailiyyətdən yeni problemlər doğur. Onun da həlli üçün bütün resursları səfərbər etmək lazımdır.

- Yeni rektorun fəaliyyətini izləyirsiniz?

- Bəli, yeni təyin olunan rektor çox cavan, enerjili adamdır. Özü də iqtisadçıdır. Mən də onu çox gözəl tanıyıram, işinə çox yaxşı başlayıb. Əminəm ki, universitetlə bağlı deyilən problemlərin aradan qaldırılması üçün əlindən gələni edəcək.

- Universitetdə sizin vaxtınızda çalışan və “kadrlarınız” hesab olunan şəxslər yeni rektor gələndən sonra işdən çıxarılıb. Bəs bunu necə başa düşmək olar?

- Yox, nə bizim kadrlar? Ola bilər, kimsə katibəsini işdən çıxarırsa, köməkçisini dəyişirsə, bu o demək deyil ki, bizim kadrları çıxarırlar. Digər tərəfdənsə mən kiməm ki, kadrım da olsun? Bu barədə yazılanlar doğru deyil.

- Rektor və ya Milli Məclisdə komitə sədri vəzifələri arasında seçim təklifi olsaydı, hansını seçərdiniz?

- Mən indiki vəzifəmdən çox məmnunam. Hətta mənə təklif də olunsaydı ki, rektor və ya Milli Məclisin komitə sədri, təbii ki, millət vəkilliyini, komitə sədrliyini seçərdim. Vaxtilə sərəncamla rektor təyin olunmuşdum və sonra da bu vəzifədən azad olundum. İndi mənim siyasi fəaliyyətlə və qanunvericiliklə məşğul olmaq üçün daha böyük imkanlarım var və bundan çox məmnunam. İnanın ki, çox məmnunam. Bu, səmimi sözlərimdir. Bundan sonra da bütün enerjimlə, gücümlə Azərbaycanda qanunvericilik, iqtisadi və elmi araşdırmalar, elm və təhsil siyasətinin daha da irəli aparılması üçün öz töhfəmi vermək niyyətindəyəm.

- Son illər təhsil üzrə aparıcı dünya ölkələrində distant təhsil sistemi geniş formada həyata keçirilir. Bəs Azərbaycanda necə, ölkənin ali təhsil müəssisələrində distant təhsil sisteminin geniş formada tətbiqinə necə baxırsınız?

- Əvvəla, onu qeyd edim ki, distant təhsil sistemi də təhsil alma formalarından biridir. Bu, “Təhsil Haqqında” Azərbaycan Respublikasının qanununda da təsbit olunub. Artıq dünyada qiyabi təhsil deyilən forma qalmayıb. İndi qiyabi təhsil forması yalnız keçmiş SSRİ və bir neçə bu cür ölkələrdə qalmaqdadır. İndi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əsasən əyani təhsil forması ilə yanaşı, distant təhsil forması da geniş vüsət alıb. Azərbaycanın bir neçə universitetlərində isə Bolonya sisteminə keçid prosesi artıq başa çatdırılıb. Bununla bağlı indi də Avropanın təhsil məkanına sürətlə inteqrasiya olunuruq.

Son hadisələr, o cümlədən Təhsil Nazirliyi səviyyəsində həyata keçirilən islahatlar da bunu bir daha təsdiq edir. Hesab edirəm ki, yaxın gələcəkdə qiyabi təhsilin distant təhsillə əvəz olunması ciddi məsələ kimi qarşıda dayanacaq. Artıq bu istiqamətdə bir neçə ildir ki, ciddi addımlar atılır. Həmçinin, Dövlət İqtisad Universitetində məndən əvvəl çalışmış keçmiş rektor, hörmətli nazirimiz Əli Abbasovun vaxtında distant mərkəzi yaradılıb. Həmin mərkəz ABŞ-ın İndiana Universiteti ilə həyata keçirilmiş birgə layihə çərçivəsində yaradılıb. Hətta mən deyərdim ki, bu mərkəz gələcəkdə Azərbaycanda distant təhsilin geniş formada yayılması istiqamətində nümunə ola bilər. Yəni, bu mərkəzin təcrübəsindən yararlanaraq digər universitetlərdə də distant təhsili yaymaq olar.

İndi heç çox uzağa getməyək, qonşu Türkiyənin bir sıra universitetləri var ki, burada əyani təhsil alan tələbələrdən 2-3 dəfə çox tələbə distant formada təhsil alır. Bu, həm bakalavr, həm də magistratura səviyyəsində olur. Yəqin ki, yaxın gələcəkdə də Azərbaycanda da bu məsələ həllini tapacaq.

- Həmin xarici ölkələrin ali təhsil müəssisələrində distant təhsil alan azərbaycanlı tələbələrin diplomları Azərbaycanın Təhsil Nazirliyi tərəfindən əksər hallarda tanınmır və bir sıra problemlər yaradılır. Bu məsələyə münasibətiniz necədir?

- Açığı, bu barədə məlumatlı deyiləm. Amma hər halda, istənilən xarici ölkədə təhsil almış Azərbaycan vətəndaşlarının diplomlarının ölkədə tanınması üçün səlis bir sistem var. Yəni, nostrifikasiya qaydaları – diplomların tanınma sistemi mövcuddur. Bu sistem o qədər də mürəkkəb deyil. Mən deyərdim ki, çox sadə bir sistemdir. Bu nostrifikasiyanın tələblərinə müvafiq gəldiyi halda diplomların tanınmasında hər hansı əngəl yarana bilməz. Yəni, bu məsələ ilə bağlı müvafiq qanunvericilik bazası var. Diplomların tanınması barədə də qanunvericilik bazası mövcuddur. Onun konkret mexanizmləri, lazım olan sənədləri və müddətləri də göstərilib.

Ümumiyyətlə, son dövrlərdə Təhsil Nazirliyində aparılan islahatlar əsasən ona istiqamətlənib ki, sənədlərin verilməsi və ya digər bu kimi məsələlərdə asan xidmət təmin olunsun. Bu, təqdirəlayiqdir. Ancaq bu istiqamətdə bizim təcrübəmiz hələ azdır. Düşünürəm ki, bir qədər maariflənməyə ehtiyac var. Çünki həmin diplomların tanınması ilə bağlı bəzən fikirləşirlər ki, distant təhsil alandan sonra görəsən, həmin məzunları dövlət idarələrində işə götürəcəklərmi. Ona görə də bu məsələdə maariflənməyə böyük ehtiyac var. Təhsillə bağlı olan bütün qanunları isə yaxşı öyrənmək lazımdır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm