• USD 1,7000 0,00% EUR 1,9187 +0,51%
    • GBP 2,1242 +0,29% RUB 0,0239 -0,84%

İlham Əliyev Yəhudi İcmaları Federasiyasının prezidentini qəbul edib (YENİLƏNİB)

  • Nida.az
  • 5 Sentyabr 2016 10:52
  • 517 Baxış
İlham Əliyev Yəhudi İcmaları Federasiyasının prezidentini qəbul edib (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinteri qəbul edib.

İsveçrə Yəhudi İcmaları Federasiyası nümayəndə heyətinin Azərbaycana səfər proqramının geniş olduğunu, çoxsaylı görüş və tədbirlərin keçiriləcəyini vurğulayan Prezident İlham Əliyev qonaqların ölkəmizi daha da yaxından tanımaları üçün səfərin yaxşı imkan yaradacağına əminliyini bildirib.

Əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və dostluq şəraitində yaşamalarını Azərbaycanın ən böyük sərvətlərindən biri kimi dəyərləndirən dövlət başçısı ölkəmizdəki yəhudi icmasının da cəmiyyətimizin fəal hissəsi olduğunu deyib.

Prezident İlham Əliyev ölkəmizdə multikulturalizm, sülh və dini tolerantlıq dəyərlərinin təbliğ olunduğunu vurğulayaraq bu ilin Azərbaycanda "Multikulturalizm ili" elan edildiyini deyib. Dövlət başçısı dünyanın bir sıra bölgələrində multikulturalizmin boğulduğu bir vaxtda onu diqqət mərkəzinə gətirməyin vacibliyini də vurğulayıb.

Dünya ölkələrinin əksəriyyətinin çoxmillətli olduğunu deyən Prezident İlham Əliyev hər bir ölkənin daxilində əmin-amanlığın mövcudluğunun əhəmiyyətini də qeyd edib. Dövlət başçısı bu baxımdan Azərbaycanın yaxşı nümunə kimi göstərilə bilən ölkələrdən biri olduğunu deyib. Yəhudi icmasının Azərbaycanda böyük tarixə malik olduğunu, öz kimliklərini və ənənələrini qoruyub saxladıqlarını deyən Prezident İlham Əliyev bu icmanın ölkəmizin inkişafına töhfə verdiyini məmnunluqla qeyd edib.

İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter Azərbaycanda Prezident İlham Əliyevlə keçirdikləri görüşün ölkəmizə səfərlərinin ən yaddaqalan hissəsi olacağına əminliyini ifadə edib. Qonaq bildirib ki, səfər zamanı əsas məqsəd müxtəlif mədəniyyətlərarası, etnik və dini qruplararası dinc yanaşı yaşama məsələləri ilə yaxından tanış olmaqdır. Herbert Vinter Azərbaycanın multikulturalizm məsələlərinə böyük önəm verən çox az sayda ölkələrdən biri olduğunu deyib. O, Azərbaycanda müxtəlif dini icmaların üzvləri ilə keçirəcəkləri görüşlərin önəmini qeyd edib. Herbert Vinter İsveçrədən - Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsasının qoyulduğu ölkədən gəldiklərini vurğulayaraq sülh və əmin-amanlıq prinsiplərinin böyük maraq doğurduğunu deyib.

İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter qeyd edib ki, Azərbaycan həqiqətən gözəl ölkədir, iqtisadi baxımdan böyük uğurlar qazanıb, ümumiyyətlə, bütün sahələrdə nailiyyətlər əldə etmiş ölkədir. Qonaq İsveçrənin Azərbaycan ilə ikitərəfli münasibətlərinə toxunaraq bu əlaqələrin inkişafından çox məmnun olduqlarını bildirib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR