Mərkəzi Asiyada ABŞ, Çin, Rusiya savaşı başlayır - TƏHLİL
Bizi izləyin

Nida.az

Mərkəzi Asiyada ABŞ, Çin, Rusiya savaşı başlayır - TƏHLİL

"Xərçəngi Amerika yayır" deyən Venesuelanın mərhum prezidenti Uqo Çavesin bu sözlərini sağalmaz xəstəliyə düçar olan şəxsin ömrü boyu mübarizə apardığı ABŞ siyasətinə qərəzdən doğduğunu düşünmək olardı. Lakin Amerikanın 200 ildən bir az artıq tarixi boyunca həmişə zəbt etmək istədiyi cənub torpaqlarının liderlərinin ard-arda sağalmaz xərçəngə tutulması fonunda sui-qəsd nəzəriyyəsi görünür. U.Çavesin bu sözləri Argentina prezidenti Kristina Fernandez de Kirchnerin eyni bəlaya yoluxmasının ardından deməsi təsadüfi ola bilməzdi. Paraqvay prezidenti Fernando Luqo, Braziliya parlamentinin bir neçə gün öncə impiçment elan etdiyi Dilma Roussof da xərçəng xəstəliyindən əziyyət çəkir.

Və anqlosaksonların Kolumbun kəşf etdiyi torpaqların sahiblərinin başına açdıqları dəhşətli oyunları "Latın Amerikasının doğranan damarları" kitabında qələmə alan Uruqvay əsilli yazıçı Eduardo Qaleanonun 2015-ci ilin yazında yenə eyni bəladan – xərçəngdən vəfat etməsi qurulan siyasi oyunlara, panlaşdırılan strategiyalara mane olanların ölümünü sirr pərdəsinə bürüyür.

Və biz Yasir Ərəfat, Turqut Özal, Bülənt Ecevit kimi müəmmalı ölümlərdə də bu izi müşahidə edirik.

"Liderlərin ölümü siyasi hədəflərə daha çox yaxınlaşdırır". Özbəkistan, ümumilikdə Mərkəzi Asiya üzərinə hesablanmış strateji planlara bu prinsiplə yanaşdıqda özbək lider İslam Kərimovun 78 yaşının olmasına baxmayaraq, ölümü (adətən prezidentlərin səhhəti ciddi nəzarətdə olur, xüsusilə, dövlətin taleyinin birinci şəxsdən çox asılı olduğu Şərqdə buna ciddi riayət edilir) Latın Amerikası liderlərini "bir-bir aradan götürmək" planını yada salır.

İslam Kərimovun ölümü nələri dəyişdirəcək?
Bu ölüm Mərkəzi Asiya çöllərinə xaosu gətirəcəkmi?
Özbək liderin dünyaya vida etməsi ən çox kimə sərf edir?


Bu sualların cavablarını təhlil edərkən ortada sui-qəsd planının ola biləcəyi, yaxud ən azından Allahın göndərdiyi ölümün kimlər üçün göydəndüşmə olduğunu aydınlaşdırmaq mümkündür.

***

Kərimovdan sonra Özbəkistanda kim(lər)in iqtidarın başına keçəcəyinə dair versiyalar açıqdır.

Səmərqənd klanı

İslam Kərimovun da məxsus olduğu bu klanın hazırda ən güclü şəxsi baş nazir Şövkət Mirziyoyevdir. Sərt idarəçiliyi ilə seçilən Mirziyoyevin tacik olduğu deyilir. (Əslində etnik baxımdan rəngarəng olan Öbəkistana 27 il rəhbərlik etmiş İslam Kərimov da "təmiz özbək" deyildi). Mirziyoyev hakimiyyətin ən yüksək pilləsinə qalxması üçün xarici və daxili amillər baxımından rəqiblərindən daha üstündür:

O, Rusiyaya yaxın şəxsdir; Putin iqtidarına yaxın özbək milyarder Əlişir Usmanovla qohumluq əlaqələri var. Həmçinin, bölgədə maraqları olan Çin bu şəxsin hakimiyyəti götürməsində maraqlıdır; Vaxtilə Qərb özbək pambığını boykot edəndə Daşkənddə pambıq birjası yaradan Mirziyoyev Rusiya və Çinlə iqtisadi əməkdaşlıq şəbəkəsi yarada biləcəyini sübut edib;

Ölkə daxilində Ş.Mirziyoyev Kərimovlar ailəsinin ən yaxın adamı hesab olunur; Özbəkistanda kifayət qədər güclü olan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnyatovun dəstəyini arxasında hiss edir; Baş nazirliyi dövründə əlində ciddi siyasi resurslar cəmləşdirə bilib.

Daşkənd klanı

İslam Kərimov xarici siyasətdə ziddiyyətli-balanslı xətt tutduğu kimi daxildə də oyun qaydalarını özü müəyyən edirdi. İndi Daşkənd klanının əsas namizədi olan baş nazirin, yəni Şövkət Mirziyoyevin müavini Rüstəm Əzimovu məhz Kərimov özü 2000-ci ildə bu postda gətirmişdi. Şövkət Mirziyoyev Əzimovdan üç il sonra – 2003-cü ildə baş nazir postunda əyləşdi. İki il sonra – 2005-ci ildə Kərimov şahmat taxtasında fiqurları yerindən oynatdı və Əzimovu həm də maliyyə naziri təyin etdi. Bu, özbək liderin daxili – Səmərqənd və Daşkənd klanı arasında balans yaratması, həm də xarici – Rusiya və Qərb arasında tarazlığı qoruması gedişi idi. Çünki R.Əzimov əsasən Qərbə yaxın hesab olunur. Təsadüfi deyil ki, protokol qaydalarının ziddinə olaraq, Qərb yarımkürəsində baş nazirin də qatılmalı olduğu tədbirlər də daxil olmaqla, istənilən beynəlxalq toplantıda rəsmi Daşkəndi Əzimov təmsil edirdi.

Onun hesabındakı üstünlüklər rəqibindən daha zəif görünür.

1. Rusiya və Çindən fərqli olaraq uzaq Qərbin çətiri altındadır.
2. Siyasi resurslar zəifdir.
3. Ailəyə Mirziyoyevdən daha uzaq şəxsdir. Həmçinin, texnokrat – qanunpərəstliyi ilə seçilən Əzimovun ailə üzvlərinin şəxsi maliyyəsini təmin etməkdə xəsislik göstərdiyi yəqin ki, unudulmayıb. Bunun əksinə olaraq, Şövkət Mirziyoyev bütün məsuliyyəti öz üzərinə götürərək Kərimovların krallar kimi yaşamasında xüsusi əziyyəti ilə həmişə öndə olub.

Yalnız Rüstəm Əzimovun iki üstün cəhəti var: maliyyə onun əlindədir; Kərimovlarla bağlı gizli məlumatlara sahib olduğu ehtimal olunur.

Fərqanə klanı

Kərimovun taxtı uğrunda mübarizəyə qoşula biləcək üçüncü qüvvə Kokand (Fərqanə) klanıdır. Daha zəif olan bu qruplaşmanın iqtidara gəlişi çətin görünür. Onlar hakimiyyətin daha aşağı pillələrində təmsil olunurlar. Və güman ki, yeni dövrdə daha çox öz mövqelərini qorumağa çalışacaqlar.

Gözlənilməz ssenari: özbəklərə kimin rəhbərlik edəcəyi sualının cavabında ruslar bir xal öndədir. Məhz bu baxımdan, Qərbin gözlənilməz ssenarini işə salması – Kərimovun "vurulmuş" böyük qızı Gülnarə Kərimova üzərindən oynaması ehtimalı da gözardı edilməməlidir. Atasının ölümü ilə 2013-cü ildən Londonda nəzarətdə saxlanılan Gülnarə Kərimovanın gələcəyə ümidləri yaranır. O, qeyri-rəsmi məhkum edildiyi ev dustaqlığından xilas ola və "qisas" üçün geri dönə bilər. Ona qisas almaqda Qərb sevə-sevə dəstək verəcək. Nə qədər ki, Oksford Universitetində magistr dərəcəsi almış Qərb düşüncəli Rüstəm Əzimov da Daşkənddədir, Gülnarə Kərimovanın geri dönüşü üçün şansları hələ də qalır. Vaxtilə onun "vurulması"nda iştirak etmiş Şövkət Mirziyoyevə qarşı Gülnarə-Rüstəm ittifaqı yarana və Qərbin dəstəyini əldə edə bilər.

Bütün sular ən gec üç ay ərzində durulacaq: Özbəkistan qanunvericiliyinə görə, prezident vəfat edəcəyi, yaxud vəzifəsini icra edə biləcək vəziyyətdə olmayacağı halda onun səlahiyyətlərini parlamentin sədri icra etməlidir. Kərimov torpağa tapşırıldı və onun səlahiyyətlərini Senatın Ali Məclisinin sədri Niqmatulla Yuldaşev öz üzərinə götürdü.
Zəif və zərərsiz fiqur. Yuldaşev belə xarakterizə olunur. Bu sistem post-sovet məkanı üçün xarakterikdir. Kərimov da özündən sonrakı fiqurun məhz iddiasız, zərərsiz olması üçün bu sistemi seçib. Lakin bu plan onun sağlığında keçərli idi. İndi ölkəyə rəhbərlik edən şəxsin zəif fiqur olması hakimiyyətdaxili savaşa açıq zəmin yaradır. Hansı ki, Yuldaşev üç ay ərzində növbəti seçkiləri keçirməli və özbəklər yeni prezidentlərini müəyyənləşdirmək üçün bülletenlərlə baş-başa qalmalıdır.
Əsas proqnozlara görə, özbək klanları "sakit keçid" yolunu seçəcək və hakimiyyəti razılaşdırılmış namizədə ötürəcəklər. Bunun üçün onlar sərhədin o tayına – Türkmənistana baxa və təcrübədən asanlıqla istifadə edə bilərlər.

Lakin Berdimuhemmedin hakimiyyətə gəlişində nəzərdən qaçan bir detal var. Türkmənistanın birinci prezidenti Saparmurat Niyazov 2006-cı ildə vəfat etdi və Dəfnetmə komissiyasına başçılıq edən Q.Berdimuhemmed qanunvericiliyin əksinə olaraq iqtidara gəldi.

Kərimovun ölümündən günlər keçib və hələ ki özbəklər qanuna əməl edərək, Yuldaşevə toxunmayıblar. Hesab etmək olar ki, klanlar əvvəldən – hələ Kərimova süni nəfəs taxarkən hər şeyi hazırlayıblar və Yuldaşev sadəcə ağrısız keçid missiyasını yerinə yetirir. Lakin burada klanların razılaşa bilmədiyi versiya da nəzərdə saxlanılmalıdır. Və bir sıra amillər Özbəkistanda Türkmənistan ssenarisinin baş tutmayacağı ehtimalını göz önündə gətirir.

Hakimiyyət daxilində toqquşan maraqlar

1. Kərimovlar ailəsi hələ də öz gücünü qoruyur.
2. Şövkət Mirziyoyev və Rüstəm Əzimov, onların timsalında da Səmərqənd-Daşkənd klanları barışmaz rəqiblərdir.
3. Gülnarə Kərimova faktoru az da olsa həmişə aktual olaraq qalır.

Sentyabrın 6-da Rusiya prezidenti Vladimir Putinin İslam Kərimovla vidalaşmaq üçün yola düşdüyü Səmərqənddə Yuldaşev tərəfindən deyil, məhz Şövkət Mirziyoyev tərəfindən qarşılanması da hər şeyin proqnozlaşdırıldığı kimi olmadığını, əslində hakimiyyət daxilində mübarizənin açıq müstəviyə keçdiyini deməyə əsas verir. Çünki həqiqətən də klanlar ağrısız keçid məsələsində razılığa gəlmiş olsaydılar, o zaman Putini Yuldaşev qarşılamalı idi. Mirziyoyevin "ev sahibi" olaraq qapı önünə çıxması situasiyanın daha qarışıq olduğunu göstərir. Hesab etmək olar ki, digər klanlar "boğulub", bu isə seçkidə vəziyyətin qarışa biləcəyini ehtimalını gücləndirir.

Özbəklərin seçimi

Bu amilin Özbəkistanın gələcəyinə təsirsiz ötüşəcəyini demək çətindir:

1. 27 il ölkəsinə rəhbərlik edən Kərimov xalqı tərəfindən nə qədər sevilsə də, ölkədə narazı kəsimin olması, xüsusilə 2005-ci ildə Əndican hadisələrindən sonra bu kəsimin böyüməsi faktdır.

2. Kərimov sevilən lider olmaqla yanaşı, həm də qorxu mühiti yaratmışdı. Onun ölümü ilə bu qorxunun əsas hissəsi torpağın altına getdi. Qorxunun müəyyən qismini üzərindən atan narazı kəsim ayağa qalxa bilər.

3. Etiraz üçün hazırkı sosial-iqtisadi situasiya kifayət qədər əlverişli görünür.

- Təbii qazın ixracından gələn gəlirlər azalıb. Xüsusilə 2012-ci ildən sonra bu gəlirlər əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu da büdcədə kəsirlərin yaranmasına səbəb olub ki, sərt idarəçilik kəsirləri daha çox əhali üzərindəki vergilərin artırılması ilə doldurur.
- Ölkənin əsas ixrac məhsulu olan pambıqdan əldə olunan gəlirlər də əhəmiyyətli dərəcədə azalıb. ABŞ Dövlət Departamentinin məlumatına görə, Özbəkistanın pambıq ixracı 2012-2013-cü illər ərzində 3,2 milyon tay olsa da, 2015-2016-cı illərdə bu göstərici 2,3 milyon taya düşüb.
- Özbəklərin əsas gəlir mənbəyi olan Rusiya bazarının zəifləməsi isə ən böyük zərbələrdən biridir. Belə ki, Rusiya iqtisadiyyatında yaşanan çətinliklər dolayısı ilə Özbəkistan iqtisadiyyatına da təsir edib. Rusiya Mərkəzi Bankının məlumatına görə, bu ölkədəki özbək miqrantların pul köçürmələri 2015-ci ildə 2013-cü ildəki 6,16 milyard dollarla müqayisədə yarıya qədər azalaraq, 3,05 milyard dollar olub. 2016-cı ilin birinci rübündə isə özbəklərin pul köçürmələri cəmi 378 milyon dollar təşkil edib.
- Milli valyuta olan somun dollar qarşısında gücdən düşməsi də əhalinin həyatına ciddi təsir göstərir. Məlumatlara görə, bu ilin avqust ayında qara bazarda 1 ABŞ dolları 6380 soma satılıb. Halbuki, cəmi üç il öncə - 2013-cü ilin avqust ayında 1 ABŞ dolları qara bazarda 2800 som təşkil edirdi.

"Acların müharibəsi": sosial-iqtisadi çətinliklə üzləşən sadə özbəklər 27 illik liderlərini (həm də qorxunu) itirməyin ağrısı ilə kortəbii etirazlara başlaya bilər.

Bu xaosdur və Kərimovun ölümündən boylanan sui-qəsd nəzəriyyəsinin əsasında bunun dayanması mümkündür.

***

Xaos: SSRİ-nin dağıdılmasında istifadə olunan bu nəzəriyyə Balkanlarda, Şərqi Avropada (Ukrayna), Qafqazda (Gürcüstan) və ərəb coğrafiyasında da uğurla təcrübədən çıxarılıb. Növbəti hədəf Mərkəzi Asiyadırmı? Qərbin Rusiyanın "yumşaq qarnında" bu ssenarini işə salmaq cəhdləri indiyə qədər baş tutmayıb. Kərimovun ölümü Asiyanın qumlu səhralarını qızılı rəngə boyayacaqmı?

Özbəkistanın bu coğrafiyada önəmi diqqətdən yayınmamalıdır. 1989-cu ildə - SSRİ hələ dağılmamışdı – Özbəkistana rəhbər gələn, 1991-ci ildə prezidentlik institutunu təsis edərək, 2016-cı ilə - ölümün ona qalib gəlməsinə qədər hakimiyyətini sürdürən Kərimov faktoru da təkcə özbəklər üçün yox, bu coğrafiya üçün kiçik məsələ deyildi. Məhz Kərimovun Mərkəzi Asiya gəmisinin batmamasında rola malik olduğunu sübut edən iki amil var.

Su müharibəsi: SSRİ-nin Mərkəzi Asiya üçün miras qoyduğu bu problem demək olar ki, bölgədəki bütün dövlətləri bir-birinə qarşı çıxaran amildir. Doğrudur, zaman-zaman bu məsələyə görə bölgə ölkələri müharibə həddinə belə çatıb, lakin son anda silah çəkilməyib. Kərimov dövründə Özbəkistanın maraqları qurban verilməsə də, problemin nəzarətdən çıxmasına da imkan verilmirdi.

Radikal ekstremistlər: 1990-cı ildə Fərqanə vadisində baş verən qarşıdurma Özbəkistanda radikalların ciddi təhlükə olduğunu göstərdi. Kərimov həmin vaxt hadisələrin qarşısını ala bildi. Amma indiyə qədər bu təhlükə öz mövcudluğunu qoruyur. "Özbəkistan İslam Hərəkatı" bu qüvvələrin lokomotivi rolunda çıxış edir. Digər tərəfdən, Əfqanıstanla sərhədin olması əfqan dağlarında yetişən ekstremistlərin təsirinə səbəb olur. Ekstremistlər Özbəkistan qədər Əfqanıstanla sərhəddə yerləşən Türkmənistan və Tacikistan üçün də təhlükədir. Amma bu qüvvələrin Özbəkistana keçməsi Qazaxıstana ayaq açmasına, beləliklə bütün bölgəni zəbt etməsinə zəmin yaradan amildir. Kərimov faktoru məhz bu amilin qarşısının alınmasında xüsusi paya sahib idi.

Kərimovdan sonra Özbəkistanın qarışması, yaxud yeni hakimiyyətin bu təhlükələr qarşısında zəif duruşu bütün bölgəyə ciddi zərər verə bilər. Bu, həm də Qərb, Rusiya və Çinin bölgədəki maraqlarını həyata keçirmək istəyində önəmli yer tutur.

Özbək torpaqlarında toqquşan maraqlar: Kərimov Özbəkistanın xarici siyasətində daim ziddiyyətli və balanslı mövqe tutub. Vaxtilə ruslara bel bağlayan Daşkənd 2000-ci illərdən sonra qəfil Amerikaya qucaq açdı və Əfqanıstan əməliyyatlarında amerikalılara lojistik dəstək verdi. 2005-ci il Əndican hadisələrindən sonra Amerikadan "küsən" Kərimov yenə Rusiyanın yanına qayıtdı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv yazıldı. 2012-ci ildə Özbəkistan Putin "NATO"-sunun qapısını arxasınca örtdü və regionda tədricən güclənən Çinə maraq göstərməyə başladı. Kərimovun bu üç güc arasında var-gəl etməsi onun ölümündən sonra ölkəsini rahat buraxmayacaq. Özbəkistan üzərində ABŞ, Rusiya və Çin mübarizəsi başlanacaq.

Rusiyanın maraqları

Özbəkistan hər şeydən öncə Moskvaya "yumşaq qarnını" bərkitməyə lazımdır;
Daşkəndin Rusiyanın kurasiyasına tamamilə keçməsi, yaxud Kərimovdan sonra da eyni siyasətin davam etməsi bölgədə sabitliyin olmasını təmin edə bilər;
Mərkəzi Asiyada sabitlik Rusiyanın daha uzun ömürlü olmasında və imperiya gücünü qaytarmaq siyasətində mühüm yer tutur;
Özbəkistanı Avrasiya İqtisadi İttifaqına və KTMT-yə daxil etməklə Mərkəzi Asiyada dayaqlarını daha da möhkəmləndirə və Qərbə qarşı daha güclü Avrasiyaçılıq ideologiyasını tətbiq edə bilər;
Həmçinin, bununla Avrasiya bazarı böyüyə və güclənər;
Təbii ki, ruslar özbək torpaqlarında iqtisadi maraqlarını da heç nəyə qurban vermək istəmir;
Özbəkistanda möhkəmlənmək Əfqanıstan üzərindən bölgəyə ixrac olunan ekstremizmin qarşısını almaq üçün vacibdir;
Ümumi planda Özbəkistan ruslar üçün Qərbin Mərkəzi Asiyaya daxil olmasının qarşısında əsas sədlərdən biridir.

Çinin maraqları

Pekin özünü ikinci planda saxlamaqla ümumi ekranda az görünsə də, Mərkəzi Asiya onun üçün ən önəmli bölgədir.

İqtisadi

Mərkəzi Asiya Çin üçün demoqrafik probleminin ən asan həllinin yollarından biri hesab oluna bilər. Çünki artan əhalini yaymaq üçün ən sərfəli region buradır;
Mərkəzi Asiya Çin üçün əsas iqtisadi bazarlardandır;
Yeni İpək Yolu layihəsinin həyata keçirilməsi üçün bölgədə sabitliyin olması əsas şərtdir və belə bir vaxtda liderini itirmiş Özbəkistanın nəzarətdən çıxması arzuolunan deyil.

Siyasi

Birincisi: Özbəkistan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞOS) üzvüdür. Kərimovdan sonra özbək torpaqlarında xaosun olması, yaxud amerikalıların ölkəni ələ alması ŞOS-un da ciddi itki ilə üzləşməsi deməkdir.
İkincisi: Çin Şərqi Türküstan adlanan ərazidə uyğur türklərinin ayaqlanmaması üçün əlindən gələni edir. Vaxtilə məshətilərin Fərqanə vadisindən (Qərbi Türküstan) köçürülməsinə görə Pekin Kərimova minnətdar idi. Bu, Şərqi və Qərbi Türküstanın birləşə bilməsi ehtimallarını daha da azaltdı. Lakin o da faktdır ki, Fərqanə vadisi radikalların əsas məskən saldığı bölgədir. Çin hökumətinin Qərbi Türküstanda uyğurların İslam qaydaları çərçivəsində yaşamasına, ibadət etməsinə qarşı sərt şəkildə çıxması həmin bölgədəki müsəlmanların radikallara tərəf meyllənməsinə səbəb olur. Kərimov radikalları nəzarətdə saxlamaqla həm də Çinə kömək etmiş olurdu. Ondan sonra bu bölgədə radikalların ayağa qalxması Çin üçün qorxulu nəticələrə gətirib çıxara bilər.

Amerikanın maraqları

a) Özbəkistanda Kərimov sonrası idarəçiliyi ələ almaq ABŞ-ın Mərkəzi Asiyaya "Troya atı"nı yerləşdirməsi deməkdir. Amerikalılar 2000-2005-ci illərdəki vəziyyətə yenidən qayıtmaq istəyirlər. Bu, Əfqanıstana daha yaxın məsafədən nəzarət üçün lojistik dəstəyin bərpası, həmçinin, Rusiyanın (rəqibin) arxasına keçmək deməkdir. Hansı ki, Amerika bununla Rusiyanın mühasirəyə alınması yolunda məsafə qət etmiş olar.

b) Mərkəzi Asiyaya "giriş bileti"nin əldə edilməsi ABŞ üçün Rusiyaya enerji alternativini gücləndirə bilər.

Ukraynadan sonra Rusiya qazından imtina yolunu seçən Qərb Azərbaycan enerji resurslarını əsas alternativ seçdi. Lakin Avropanın enerji təhlükəsizliyi üçün daha çox qaza ehtiyac duyulması digər variantları da gündəmə gətirdi. Siyasi hədəflər baxımından ən strateji variant Türkmənistan qazını Xəzər dənizinin dibi ilə Bakıya çıxaracaq Transxəzər layihəsidir. Lakin Rusiya buna bütün vasitələrlə qarşı çıxır.

ABŞ Özbəkistan üzərindən Mərkəzi Asiyaya daxil ola bilərsə: Rusiyanın mövqelərini zəiflədə və iqtisadi layihə olan Transxəzəri reallaşdıra bilər; Bu layihənin həyata keçirilməsi Amerikanın uzun illərdən bəri çalışdığı, amma bacarmadığı Xəzər dənizinə daxil olması və gələcəkdə dənizdə hərbi güc əldə etməsinə şərait yaradar; Bununla həm də enerji layihələrində iştirakçı olan Türkiyənin 15 iyul çevriliş cəhdindən sonra üz tutduğu Avrasiya yolu kəsilə və Amerika hegemonluğunun çətiri altına qaytarıla bilər.

c) Mərkəzi Asiyanın "zəbt olunması" ilə Rusiyanın parçalanması, dağılması, yaxud Amerika hegemonluğunu qəbul edən post-Putin dövrünün başlanması təmin olunar.

ç) ABŞ-ın önümüzdəki onillikdə əsas təhlükə gördüyü Çinin qarşısı alınar. Xüsusilə Fərqanə vadisində (Qərbi Türküstan) radikalların ayağa qalxmasına yardım edərək, Şərqi Türküstanın Pekinə qarşı çıxması təmin olunar və "yatmış əjdaha"nın boynu yuxudaykən vurular. Beləliklə Çin zərərsizləşdirilər, əsasən də 4-5 sentyabr tarixlərində keçirilən G-20 sammitində Amerikaya meydan oxuyan Pekinin qarşısına sədd çəkilər.

d) ABŞ-ın Mərkəzi Asiyaya hakim olmaq istəyi eyni zamanda, Pentaqonun 2025-ci ildə Çinlə hazırlaşdığı müharibə ssenariləri üçün vacibdir. (http://publika.az/p/146005).

d) Rusiya və Çin oyundan çıxarılandan sonra, meydanda tək qalan Amerika bütün ölkələri alternativsizlik qarşısına qoya və nəhayət ki, dünya hegemonluğu arzusuna çata bilər.

***

Amerikanın bu istəkləri Rusiya və Çinin bölgə üzərində şəxsi maraqlarını kənara qoyaraq, uzlaşmasını vacib edir. Putinin Kərimovun dəfninə üç gün sonra getməsi də artıq belə bir uzlaşma haqda ehtimalı gücləndirir.
O, Çində keçirilən G-20 sammitini əsas gətirərək, sentyabrın 3-də Səmərqəndə getməkdən imtina etdi. Halbuki, məhz həmin sammitdə iştirak edən bir sıra ölkələr Kərimovu son mənzilə yola salmağa vaxt tapmışdılar. Hesab etmək olar ki, Putin Səmərqəndə getməmişdən öncə Çində Si Cinpinlə məsləhətləşməyə ehtiyac duyub. Bölgəyə daha çox hakim olan iki ölkənin liderləri Amerikanın qarşısını almağın yollarını müzakirə ediblər və Kərimov sonrası Özbəkistanın gələcəyini müəyyənləşdiriblər. Putin məhz razılaşdırılmış variantla dəfndən 3 gün sonra – sentyabrın 6-da Kərimovla vidalaşmağa gəlir. Və məzarı başında dualar oxuduğu Kərimovdan sonra Özbəkistanın gələcəyini müəyyən etmək üçün müzakirələr aparır. Güman ki, hakimiyyətdə anti-Qərb qüvvənin – Şövkət Mirziyoyevin gəlməsinə Rusiya və Çin tərəfindən dəstək verilib. Putin həm də yeni hakimiyyətdən Avrasiya İqtisadi İttifaqına və KTMT-yə daxil olmağın zəmanətini alıb. Kərimovun məzarı başında Şövkət Mirziyoyevlə gizlətmədiyi səmimiyyəti də bunu deməyə əsas verir.

Rusiya və Çin Özbəkistanda güclənməklə Amerikaya bölgənin hakim olduqlarını sübut etmək istəyəcəklər. Bu, həm də ziddiyyətli Kərimovdan sonra Daşkəndin Avrasiyaya təkcə coğrafi deyil, siyasi bağlılığını da gücləndirəcək. Lakin Amerikanın prosesləri sakit izləyəcəyi də şübhəlidir, xüsusilə belə bir fürsət varkən.

Amerika: mümkün variantlar

Zəif bənd: Rusiya-Çin ittifaqından fərqli olaraq, ABŞ-ın özbək hakimiyyətinin içində dayağı zəifdir. Hər-halda daxildə güclü baş nazir, xaricdə Moskva və Pekin tərəfindən təklənmiş Rüstəm Əzimov, yaxud Londonda ev dustaqlığında olan həvəskar müğənniyə - Gülnarə Kərimovaya bel bağlayaraq, nələrinsə baş verəcəyini gözləmək ağılsızlıq olardı.

Güclü bəndlər: Amerika bölgədə Tacikistan, Qırğızıstan və Özbəkistan, Qazaxıstan, Türkmənistan cəbhəsi arasında "su müharibə"sini qızışdıra bilər. (Kərimovun xəstə yatağına düşməsindən iki gün sonra Qırğızıstanın Özbəkistana Orto-Toki su anbarının yerləşdiyi ərazini tərk etmək çağırışı da hər an baş verə biləcək müharibə ssenarinin aktual olduğunu göstərdi. http://publika.az/p/148589); Əfqanıstandan terrorçuların Özbəkistan sərhədlərinə hücumuna start verə, buna paralel olaraq, Tacikistan və Türkmənistan sərhədlərini də təzyiq altında saxlamaqla bölgədə gərginliyin fitilini alovlandıra bilər; radikalların hücumu ilə yanaşı, Fərqanə vadisindəki ekstremistlərin ayağa qaldırılması eyni vaxtda aparıla və təzyiqi iki qata çıxara bilər; Özbəkistanda iqtisadi çətinliyi əsas götürərək, əhalini etiraza qaldıra və "rəngli inqilab" ssenarisni tətbiq edə bilər.

***

Məhz "rəngli inqilab" ehtimalı Kərimovun ölümündən bir müddət öncə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin xəyali ölümü ssenarinin ortaya çıxmasını yada salır.

Almaniyanın Elm və Siyasət Fondunun (SWP) analitiklərinin hazırladığı ssenari: "Nursultan Nazarbayev 2021-ci ildə 81 yaşında qəfil vəfat edir. Bundan sonra qazax elitasında parçalanmalar baş verir. Beynəlxalq təzyiqə görə seçkilər keçirilir. "Xarizmatik namizəd Muxtar Kunanbay" (ssenaridə Muxtar Kunanbayev Rusiya əleyhinə olan xəyali şəxsdir) "millətçi, anti-Rusiya, həmçinin, demokratik şüarlarla" seçkidə qalib gəlir. Qərb Kunanbayı "əsl demokratik alternativ kimi qəbul edir və beynəlxalq ictimaiyyət ona güclü dəstək verir". Lakin Rusiya bölgəyə müdaxilə edir və beləliklə Qazaxıstandan alovlanan xaos bütün Mərkəzi Asiyanı bürüyür. (http://publika.az/p/144794)".

Qərb texnoloqlarının Mərkəzi Asiya ssenarisini məhz Nazarbayevin ölümündən sonrakı dövrə hesablaması diqqəti "Liderlərin ölümü siyasi hədəflərə daha çox yaxınlaşdırır" prinsipinin üzərinə gətirir.

Və burada xronoloji ardıcıllıq da diqqətdən yayınmır.

- Qazaxıstanın Aktobe şəhərində ekstremistlər fəallaşdıqdan sonra iyun ayında "Mərkəzi Asiya baharı" ssenarisi gündəmə gəldi.
- İyul ayının sonunda Nazarbayevin "ölüm ssenarisi" ortaya çıxdı.
- Avqustun sonunda İslam Kərimov öldü.


Bu ardıcıllıq Mərkəzi Asiyanın gələcəyinə dair narahatlıqlar yaradır. Bu nə qədər təsadüf ola bilər? Çavesin təbirincə desək, "xərçəngi yayan" Amerika Mərkəzi Asiya planını işə salmaq üçün "Nazarbayevin ölümünü" gözləməkdən vazmı keçdi? Bölgənin iki əsas fiquru-ağsaqqalı olan Nazarbayev və Kərimovdan daha zəif olanını aradan götürmək planın tətbiqini sürətləndirirmi? Özbəkistan yıxılmaqla bölgədə "domino effekti" baş verəcəkmi?

Hətta burada sui-qəsd nəzəriyyəsini kənara qoysaq, Kərimovun ölümünü "qədər" hesab etsək belə, özbək liderin gözlərini əbədi yumması "Mərkəzi Asiya ssenarisi"n önünü açır. Burada "növbəti hədəf Nazarbayevdirmi?" sualı önə çıxır. Əgər, Kərimovdan sonra Nazarbayevin zərərsizləşdirilməsi mümkün olarsa, yaxud, Özbəkistan nəzarətdən çıxarsa, o zaman, Mərkəzi Asiya səhralarının qan qırmızısına bürünməsinin qarşısını almaq müşkülə çevriləcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm