• USD 1,7000 0,00% EUR 1,9230 +0,22%
    • GBP 2,1260 +0,08% RUB 0,0237 -0,84%

Qiyamətin başlanacağı yer, Putinə son təklif, Türkiyəyə qarşı müharibə... – GÜNÜN SİYASİ XÜLASƏSİ

  • Nida.az
  • 8 Sentyabr 2016 20:08
  • 8 614 Baxış
Qiyamətin başlanacağı yer, Putinə son təklif, Türkiyəyə qarşı müharibə... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu gün Moskvada keçirilən Dağlıq Qarabağla bağlı məsləhətləşmələr diqqət mərkəzində idi. İŞİD qiyamət gününün Türkiyə ilə müharibədən başlanacağını iddia edir. Ermənistanın baş naziri istefa verdi və ölkədə rəhbərlik səviyyəsində ciddi kadr dəyişiklikləri gözlənilir. Türkiyə ordusu isə Rakka və Mosulun İŞİD-dən azad edilməsi üçün genişmiqyaslı əməliyyatlara başlamaq niyyətindədir.

Moskvada Qarabağ toplantısı

Bu gün Moskvada Dağlıq Qarabağla bağlı məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələrdə Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də qurumun fəaliyyətdə olan sədrinin köməkçisi Anjey Kaspşik iştirak edib. Bu, Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə iyunun 20-də Sank-Peterburqda keçirilən prezidentlərin görüşündən sonra Qarabağla bağlı ilk toplantı idi.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktual məsələlər, mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqa əldə olunmuş razılaşmaların reallaşdırılması vəziyyəti, habelə Ermənistan-Azərbaycan sərhədində və təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub.

Putin və Nazarbayev İrəvana gedir – Qarabağa görə

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti iclası oktyabrın 14-də İrəvanda keçiriləcək.

Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev başda olmaqla təşkilata üzv ölkələrin liderləri Ermənistana səfər edəcək (http://publika.az/p/149460).

Mahmud Abbas DTK-nın agenti idi, Putinin köməkçisi ilə… - ŞOK İDDİA

Fələstin prezidenti Mahmud Abbas 1980-ci illərdə SSSİ Dövlət Təhlükəsizlik Komitəsinin agenti olub.

Bu barədə İsrailin "Chanel One" telekanalının verdiyi süjetdə bildirilir.

Kanal məlumatın təsdiqi olaraq Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) məlumatlarına - xüsusi xidmət orqanının arxiv bölməsinin keçmiş əməkdaşı Vasiliy Mitroxinin Rusiyadan çıxardığı "Mitroxin arxivi"ndəki sənədə istinad edir. Sənədə 1983-cü il tarixi qoyulub. Mahmud Abbas (adından başqa, təvəllüdü (1935) və FƏTH-ə üzvlüyü uyğun gəlir) Suriyada DTK-nın adamı kimi təqdim edilib.

İddia edilir ki, Mahmud Abbas diplomat Mixail Boqdanovla birlikdə işləyirdi. Mixail Boqdanov 1980-ci illərdə Yaxın Şərq ölkələrində SSRİ-nin bir neçə diplomatik nümayəndəliyində işləyib. O, hazırda Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavinidir.

Fələstin Prezidentinin özü İsrail telekanalının süjetini şərh etməyib. Amma "Haaretz" nəşri qeyd edir ki, Fələstin məmurları bu informasiyanın həqiqətə uyğun olmadığını bildiriblər.

Xüsusi halda, Fələstində qeyd etdilər ki, DTK-nın agenti olmağa ehtiyacı yox idi. FƏTH 1980-ci illərdə SSRİ-də açıq fəaliyyət göstərirdi. Patris Lumumba adına Moskva Xalqlar Dostluğu Universitetində təhsil alan Mahmud Abbas SSRİ-Fələstin dostluğunun gücləndirilməsi üzrə təşkilatla rəhbərlik edirdi.

On müharibədən biri başladı – TÜRKİYƏYƏ QARŞI

PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı olan YPG Türkiyənin sərhəd polis bölməsinə atəş açıb.

Türk əsgərləri atəşə cavab veriblər. Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Təşkilatı isə Afrinin Türkiyə tərəfindən top atəşi ilə vurulduğunu və altı YPG-linin öldüyünü açıqlayıb. 2012-ci hökumət gücləri Afrindən çəkiləndən sonra bu ərazi YPG-nin nəzarətinə keçib.

Qeyd edək ki, ABŞ-ın "Vaşinqton Post" nəşri Yaxın Şərqdə 10 yeni müharibənin başlaya biləcəyini iddia edib. Qəzetin müharibə ssenarilərinin 3-də Türkiyə var. Bunlar ABŞ-ın dəstəklədiyi YPG ilə Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu, Türkiyə və suriyalı kürdlər, Türkiyə ilə Suriya arasında baş verə bilər.

Amerika nəşrinin iddiasına görə, Yaxın Şərqdə başlana biləcək digər müharibələr aşağıdakı tərəflər arasında baş verə bilər:

1. Suriyalı kürdlərlə Suriya

2. ABŞ-la Suriya

3. İraqlı kürdlərlə İraq hökuməti

4. İraqlı kürdlərlə şiə qüvvələri

5. Kürdlərlə digər kürd qüvvələri

6. Sünni ərəblərlə şiələr və ya kürdlər

7. İŞİD-lə digər bütün qüvvələr

Ermənistanın baş naziri istefa verdi

Ermənistanın baş naziri Ovik Abramyan istefa ərizəsini təqdim edib.

O. Abramyan istefasını hökumətin bugünkü iclasında açıqlayıb.

O. Abramyan bildirib ki, Ermənistanda daxili və xarici proseslərdən qaynaqlanan bir sıra problemlər var: "Buna baxmayaraq, dövlət təhlükələrə qarşı duraraq, problemləri həll edir. Lakin keçid dövrü olduğu üçün iqtisadiyyatdakı problemlər hələ də qalır. İnanıram ki, yeni hökumət bu problemləri həll edəcək".

O. Abramyan 2014-cü ilin 13 aprel tarixindən bu postda idi. Onun istefasından sonra yeni baş nazirin İrəvanın keçmiş meri Karen Karapetyanın olacağı deyilir.

Putindən şifrəli mesaj: nazirə verilən medalın pərdəarxası

Abramyanla yanaşı, xarici işlər naziri Eduard Nalbandyanın da istefaya göndəriləcəyi haqda məlumatlar var. Xarici siyasət rəhbərliyinə prezident aparatının rəhbəri Viqen Sarkisyanın gətiriləcəyi deyilir.

Nalbandyanın istefa verəcəyi ilə bağlı məsələdə diqqət çəkən məqam ötən həftə Rusiya prezidenti Vladimir Putinin ona medal verməsi idi. Ermənistan KİV-i yazır ki, əslində Putin bununla Nalbanydana vida mesajı verib.

"Görünür, Ermənistan hökumətində yeni dəyişikliklər baş verir və bu prosesin banisi Putindir. O, Nalbanydana medal verməklə bu dəyişikliyə şifrəli mesaj verdi", - deyə erməni jurnalist Yeqiazar Ayntabsiqeyd edib.

Türkiyənin başqa şansı yoxdur – ÜÇ VARİANT

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Çində təşkil edilən G20 sammitində iştirakından sonra Rakka və Mosul şəhərlərinin İŞİD-dən təmizlənməsində Türkiyənin alacağı rol yenidən gündəmə gəlib.

Türkiyənin "Yeni Şafak" nəşri Rakka və Mosul əməliyyatları üçün Türkiyənin qarşısında üç variantın olduğunu yazıb.

G20 sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obamanın İŞİD-in "paytaxt"ı Suriyanın Rakka şəhərinin azad edilməsi üçün birlikdə çalışmağı təklif etdiyini bildirdi.

"Obama, xüsusilə Rakka mövzusunda birlikdə addımlar atmaq istəyir. Bizim tərəfdən çətinlik olmayacağını bildirdik. "Hərbçilərimiz bir araya gəlsinlər, nə lazımdırsa edərik" dedik. Türkiyənin Rakka məsələsində rolu ABŞ ilə müzakirə etdiyimiz mövzulardan biridir. Hansı addımlar ata biləcəyimiz danışıqların nəticəsində dəqiqləşəcək. Bu, ABŞ-ın mövqeyi ilə bağlıdır", - Ərdoğan bildirib.

Prezidenti vurğulayıb ki, Türkiyə artıq bölgədə var olduğunu göstərmək niyyətindədir: "Əgər geri addım atsaq, oralarda İŞİD, PKK, PYD və YPG kimi terror təşkilatları yerləşər. İraqda da eyni risk var. PKK orada özünə meydan əldə etməyə çalışır".

Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birlikdə həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatı çərçivəsində ələ keçirdiyi ən yaxın bölgə Rakkanın 110, Mosulun isə 450 kilometrliyində yerləşir. "Yeni Şafak" yazır ki, mümkün müdaxilə olacağı halda Türkiyənin qarşısında 3 variant var (http://publika.az/p/149459).

"Bu, Rusiyaya qarşı müharibə üçün əsas olacaq" – ŞOK İDDİA

"Rusiyanın haker hücumlarında ittiham olunması ciddi bəyanatdır. Hillari Klinton bundan Rusiya ilə müharibə üçün istifadə edə bilər".

"Foreign Policy" nəşrində Amerika tədqiqatçısı Klinton Erliks yazıb.

Erliksin sözlərinə görə, əgər Klinton ABŞ prezident olarsa, o halda 25 avqustu yeni "soyuq müharibə"nin başlanğıcı hesab etmək olar. Həmin gün Demokratlar Partiyasından prezidentliyə namizəd öz nitqində Rusiya prezidenti Vladimir Putini "son dərəcə təhlükəli millətçiliyin xaç atası" adlandırdı.

2011-ci ildə Klinton Rusiyada kütləvi etirazları dəstəklədi. Müəllif bildirir ki, Putində heç bir əsas yoxdur ki, Klintonun Qırmızı Meydanda "Maydan" haqqında arzudan imtina etdiyini düşünsün.

Qeyd edək ki, bu yaxınlarda ABŞ Demokratlar Partiyasının serverlərinə bir neçə dəfə hücum olub. Klintonun yaxın ətrafında olan şəxslərin fikrincə, Rusiya bu hərəkətlərlə seçkilərin nəticəsinə təsir etməyə çalışa bilər.

İstintaqın versiyası da budur ki, partiyasının qərargahına edilən kiberhücumların arxasında Rusiya Baş Kəşfiyyat İdarəsi (QRU) dayanır. Kiberhücumların QRU ilə bağlı olan "Fancy Bear" haker qruplaşması tərəfindən həyata keçirildiyi ehtimalı üzərinə dayanılır.

Haker hücumları Hillari Klintonun seçkilər üzrə komitəsinin serverlərinə edilib. Komitə namizədin seçki kampaniyası üçün vəsait toplamaqla məşğuldur. Təxmin edilir ki, hakerlərin mümkün hədəfi partiyanın donorları haqqında məlumatı olub.

Bir müddət əvvəl isə ABŞ-ın "Politico" nəşrində Maykl Kroul və Culiya Yoffe belə nəticəyə gəliblər ki, ABŞ Demokratlar Partiyasının Milli Komitəsinin elektron poçtunun qırılmasında Rusiyanın iştirakı haqqında iddiaların arxasında Rusiyada seçkilərin şəffaflığını şübhə altına qoyan Klintona Kreml liderinin qəzəbi gizlənir (http://publika.az/p/144856).

Qiyamət burada başlayacaq – Azərbaycana o qədər yaxındır ki...

İŞİD terror təşkilatı Məhəmməd peyğəmbərin qiyamətlə bağlı söylədiyi deyilən "Romalılar Dabık və Amaka enmədikcə qiyamət qopmaz" hədisi ilə təbliğat aparır.

İŞİD qiyamətdən əvvəl "Melhame-i Kübra" kimi tanınan böyük döyüşün bu bölgədə baş verəcəyini bildirir.

Buna görə də İŞİD digər bölgələrdən fərqli olaraq bu bölgədə müqavimət göstərərək Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusunun irəliləməsinə mane olmağa çalışır. İŞİD-ə görə, III Dünya Müharibəsi də adlandırılan böyük döyüş Türkiyənin Kilis vilayətinin Elbeyli mahalının qarşısındakı Dabık ilə Hatay vilayətinin Amik düzənliyi arasında baş verəcək.

Dabık bölgəsi İŞİD üçün Əl-Babdan daha əhəmiyyətli hesab olunur. Buradakı döyüşdə qalib gələcəyinə inanan İŞİD İstanbulu da silahsız alacağı barədə təbliğat aparır. Terror təşkilatı media orqanlarına da "Dabık", İstanbulun keçmiş adı "Konstantiniyye" və "Amaq" adlarını verib.

Türkiyə sərhədinin 20 kilometrliyində yerləşən bu bölgədə 1516-cı ildə Sultan I Səlimin başçılıq etdiyi Osmanlı ordusu ilə Məmlük ordusu üz-üzə gəlir.

Digər tərəfdən Türkiyənin İŞİD-ə qarşı bağladığı "Fərat Qalxanı" əməliyyatının tarixi də diqqət çəkir. Əməliyyatın başlandığı 24 avqust Türkiyə tarixində önəmli yer tutur. Avqustun 24-də Osmanlı ordusunun qalib gəldiyi Mercidabık döyüşünün 500 ili tamam olub.

Bidzina İvanişvili Gürcüstan prezidentini özünün ən böyük səhvi adlandırıb

Gürcüstanın hakim "Gürcüstan arzusu" partiyasının qeyri-rəsmi lideri, milyarder Bidzina İvanişvili Gürcüstan prezidenti Georgi Marqvelaşvilini özünün ən böyük səhvi adlandırıb.

O, bu səhvinə görə ictimaiyyət qarşısında üzr istəməli olduğunu bildirib: "Georgi Marqvelaşvili siyasətə gəldiyim gündən bəri buraxdığım ən böyük səhvimdir. Mən hələ elə bir insan görməmişəm ki, bu yaşında diametrik olaraq xarakterini dəyişsin. O, hələ özünü tapa bilməyən yeniyetmə kimidir. Mən bu problemi nəzərə almamışdım. Marqvelaşvili bir dəfə bildirdi ki, prezident sarayına ona görə girib ki, mənimlə əks tərəfdədir. Əslində isə o özü ilə əks mövqedədir. Hakimiyyətə gəlməzdən öncə bir Marqvelaşvili var idi, gəldikdən sonra isə dəyişdi".

Putinə son ŞANS: Təkliflər qəbul olunmasa...

Vaşinqton Suriya münaqişəsinin nizama salınması üzrə Moskvaya son təklifini göndərib.

Bu haqda prezident Barak Obamanın administrasiyasındakı mənbələrə istinadən "Washington Post" qəzeti bildirib.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ABŞ-ın müraciəti Rusiyaya ultimatum xarakteri daşımasa da, amerikalılar bildiriblər ki, onların səbri sona yaxınlaşır. "Washington Post"un məlumatına görə, Amerika planı özündə bir neçə maddəni birləşdirir: Suriyada tam barışıq elan olunur, Suriyanın hərbi aviasiyası bütün uçuşları dayandırır, terrorizmə qarşı Rusiya və ABŞ birgə hava əməliyyatlarına başlayır.

Qəzet qeyd edir ki, Ağ Evdəki mənbələr təkliflərin qəbul olunmayacağı halda hansı addımların atılacağını dəqiqləşdirməyib.

İŞİD Tramp üçün duaya başladı

İŞİD terror qruplaşması Donald Trampın ABŞ prezidenti vəzifəsinə namizədliyini dəstəkləyir.

Demokratlar Partiyasından ABŞ prezidentliyə namizəd, respublikaçı Donald Trampın rəqibi Hillari Klinton İsrailin "Channel 2" telekanalına müsahibəsində deyib.

Klintonun sözlərinə görə, İŞİD respublikaçı milyarderin seçkilərdə qələbəsi üçün canfəşanlıq edir.

"İŞİD-in döyüşçüləri deyirlər: "Allah, Trampı Amerika prezidenti et". Mən onların şeytan ambisiyalarına imkan vermək istəmirəm. Onları məğlub etmək, terrorun hökmranlığına son qoymaq istəyirəm", - deyə Klinton bildirib.

Xatırladaq ki, daha əvvəl Donald Tramp sabiq dövlət katibini İŞİD-i yaratmaqda ittiham edib. Florida ştatında tərəfdarları qarşısındkı çıxışında Tramp hazırkı prezident Barak Obamanı da tənqid etməkdən çəkinməyib: "Barak Obama Klintonu öz administrasiyasında dövlət katibi vəzifəsinə təyin etdiyinə görə son dərəcə təəssüflənməlidir. O, İŞİD-in yaradıcısıdır", - milyarder bildirib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR