• USD 1,7000 0,00% EUR 1,9389 +0,09%
    • GBP 2,1349 -0,11% RUB 0,0240 0,00%

Deputat: “Milli Şuranın maliyyəsi gecikdiriləcək”

  • Nida.az
  • 14 Sentyabr 2016 15:08
  • 597 Baxış
Deputat: “Milli Şuranın maliyyəsi gecikdiriləcək”

"Milli Şuranın təşkil etdiyi mitinqlər korporativ maraqlar güdür və öz varlığını qoruyub saxlamağa hesablanıb".

Bunu Publika.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Milli Şuranın sentyabrın 11-də keçirdiyi mitinqə münasibət bildirərkən deyib.

F.Ağamalı bildirib ki, Milli Şuranın təşkil etdiyi mitinqlərin digər əsas məqsədi isə xaricdən maliyyə resursları almaqdır:

"Mən bu fikirləri hələ bir neçə il bundan əvvəl söyləmişəm və bu gün də eyni mövqedəyəm. Əslində, Milli Şurada Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) savayı heç kəs təmsil olunmur. Sadəcə olaraq, AXCP indi də Milli Şura adı ilə fəaliyyət göstərir və özünü "Milli Şura" kimi təqdim edir. Təbii ki, bunlar anti-Azərbaycan qüvvələri arasında yer alıblar. Xronoloji olaraq da diqqət yetirsək görərik ki, AXCP, Milli Şura və orada təmsil olunan bir neçə təşkilat Azərbaycanda beynəlxalq və dünya əhəmiyyətli tədbirlərin keçirilməsi ərəfəsində fəallaşır, mitinqlər təşkil etməyə cəhd edirlər, anti-Azərbaycan təbliğatı aparırlar. Bütün bunlar bir daha təsdiq edir ki, Milli Şuranın əsas məqsədi xarici maraqları təmin etməkdir".

Deputat təəssüflə qeyd edib ki, Azərbaycan hələ də bu cür "siyasi alver" davam edir: "Bəzi qeyri-hökumət təşkilatları (QHT) isə Azərbaycana qarşı böhtan xarakterli yazıları dərc etdirib, xaricə göndərərək, onun müqabilində vəsaitlər alırlar. Həmin qüvvələr Azərbaycan əleyhinə fəal iş aparırlar, hətta, sözügedən yazıları beynəlxalq təşkilatların tribunalarına da çıxartmağa cəhdlər edirlər. İndi Milli Şurada da bu cür təşkilatlarla sıx əməkdaşlıq edərək, əslində öz biznesini qurub. Bu biznesi quran şəxslər arasında Leyla Yunus, onun həyat yoldaşını və digər bu kimi şəxslərin adlarını qeyd etmək olar".

F.Ağamalı deyib ki, Milli Şura erməni lobbisinə bağlı xarici qüvvələrlə yaxından əməkdaşlıq edir: "İndi də Milli Şura mitinqləri yenidən başlatmaqla, xarici qüvvələrin maraqlarını cəlb edərək, öz həyat səviyyəsini yaxşılaşdırmağa çalışır. Mən Milli Şuranın sentyabrın 11-də keçirdiyi mitinqi "Azadlıq" radiosunun saytından izləyərək, araşdırmışam. Bu mitinq olduqca sönük və anti-milli keçib. Bu mitinq daha çox demoqogiya və xaricin diqqətini cəlb etməyə yönəlmişdi. Burada tribunda çıxış edən şəxslərin yetərincə tanınmaması və cəmiyyət arasında nüfuzunun olmaması kiçik bir stadionun belə dolmamasına səbəb olan əsas amillərdən biri idi. Bütün bunlar bir daha sübut etdi ki, doğrudan AXCP, Milli Şura Azərbaycan cəmiyyətində heç bir nüfuza malik deyil, onların sosial dayaqları yoxdur. Hətta, mitinqdə iştirak edən şəxslərin bir çoxu da "Azadlıq" radiosuna müsahibələrində aksiyanın çox sönük keçdiyini və bir çox şəxslərin mitinqə gəlmədiyini etiraf ediblər".

Deputat söyləyib ki, Milli Şuranın xaricdən aldığı vəsait mitinqin zəif keçməsinə görə gecikə bilər:

"Buradan çıxan əsas nəticə odur ki, Milli Şuranı himayə edən qüvvələrin mitinqdən gözləntiləri baş tutmadı. Yəqin ki, xarici təşkilatlar mitinqin sönük keçdiyi üçün Milli Şura və AXCP-yə nəzərdə tutulan maliyyə vəsaitini gecikdirəcəklər. Çünki Milli Şuranın çağırışına Azərbaycan cəmiyyəti sentyabrın 11-də bir daha birmənalı olaraq "yox" deyib".

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR