• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

Rusiyanın dağılacağı tarix, Türkiyədən alınan dəniz, dəhşətli müharibə... – GÜNÜN SİYASİ XÜLASƏSİ

  • Nida.az
  • 14 Sentyabr 2016 20:09
  • 6 850 Baxış
Rusiyanın dağılacağı tarix, Türkiyədən alınan dəniz, dəhşətli müharibə... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Moskva Baş qərargah başçısının dilindən Ankaraya mesaj verdi: Qara dənizi artıq "türk dənizi" deyil. Ukrayna millətçiləri Rusiyanın dağılacağı tarixi açıqladı. Kiyev BMT-nin dəniz hüququ üzrə Konvensiyasının pozulması ilə əlaqədar arbitraj məhkəməsində "dağılan" Rusiyaya qarşı iddia qaldırmağa hazırlaşır. Avropa Birliyi hərbi blok yaratmaq niyyətini açıqladı. Ermənistanda isə etiraf edirlər ki, İrəvan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində çox çətin vəziyyətdədir.

Erməni politoloq: "Qarabağı qaytaracağıq, əvəzində..." – rəsmi Bakı qalib gəldi

"1994-cü ildə Bişkek protokolundan sonra ərazilərin verilməsi məsələsi aktual olub. Əvvəlcə ərazilərin qaytarılması əvəzinə Qarabağa statusun verilməsi nəzərdə tutulurdu. İndi isə ərazilər qaytarılır, əvəzində sadəcə müharibəyə son qoyulur".

Bu barədə "Modus Vivend" mərkəzinin rəhbəri, politoloq Ara Papyan deyib.

Onun sözlərinə görə, son danışıqlarda ərazilərin qaytarılması əvəzinə aralıq statusun verilməsi gündəmə gəlib.

"Bu, təzə xəbər deyil, hansı ki, 1994-cü ildə biz buna razı olduq, Madrid prinsipləri ilə inkişaf etdirdik, indi də əkdiyimizi biçirik. Sülh naminə güzəştlərin sülhə gətirib çıxaracağı çətin görünür, bu, dəhşətli müharibəyə səbəb ola bilər. Bizim seçimimiz pis və çox pisin arasındadır. Pis seçim indiki vəziyyətdir. Ərazilərin qaytarılması bizim vəziyyətimizi pisləşdirəcək. Hazırda danışıqlar prosesi davam edir və bizim alternativlərimiz yoxdur", - deyə o bildirib.

A. Papyan qeyd edib ki, Serj Sarkisyanı əraziləri qaytarmağa məcbur edirlər: "2008-ci ildə o, hakimiyyətə gələndə əla bilirdi ki, onu bu gözləyir".

NATO və ABŞ-a GÜC NÜMAYİŞİ – Yeni hərbi blok yaradılır

Avropa Birliyinə üzv ölkələrin müdafiə imkanlarının uyğunlaşdırılması üçün vaxt gəlib.

Bunu Avropa Parlamentinin plenar iclasında çıxış edən Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib.

"Lissabon müqaviləsi Avropa Birliyinin üzvlərinə müdafiə imkanlarını daimi struktur formada birləşdirməyə imkan verir. Hesab edirəm ki, bu imkandan istifadə etmək vaxtı çatıb", - o, vurğulayıb.

Siyasətçi həmçinin vahid qərargahın yaradılmasını təklif edib. Onun sözlərinə görə, Avropa İttifaqı "bir dövlətdən" və ya ayrı-ayrı ölkələrin hərbi imkanlarından asılı ola bilməz.

PKK-ya ağır zərbə - 195 ölü

Türkiyənin Hakkarı vilayətinin Çuxurca rayonunda davam edən əməliyyatlarda daha 7 PKK-çı öldürülüb.

Bununla da, bölgədə zərərsizləşdirilən terrorçuların sayı 195-ə çatıb.

ABŞ-dan rekord hərbi yardım - RAZILAŞMA

ABŞ və İsrail milyardlarla dollarlıq hərbi yardım mövzusunda razılaşıb.

ABŞ Dövlət Departamentindən verilən məlumata görə, razılaşmanın bu gün Vaşinqtonda imzalanması gözlənilir. Razılaşma 2019-cu ildən 2028-ci ilə qədər olan müddəti əhatə edir. Bu, ABŞ tarixinin ən böyük ikitərəfli hərbi yardım razılaşmasıdır. İsrail tərəfindən verilən məlumata görə, hərbi yardımın həcmi 38 milyard dollar təşkil edir.

Hazırda qüvvədə olan razılaşmanın müddəti 2018-ci ildə başa çatacaq. On illik razılaşma İsrailə 30 milyard dollar həcmində yardımın edilməsini nəzərdə tuturdu.

Rusiya bu tarixdə dağılacaq, sonra... – ŞOK PROQNOZ

Rusiya 2017-ci ildə vahid dövlət kimi mövcudluğunu dayandıracaq.

Bu proqnozla Ukraynanın millətçi "Azadlıq" Partiyasının lideri Oleq Tyaqnibok Kiyevin Podolsk rayon məhkəməsinin yanında keçirilən mitinqdə çıxış edib.

"Biz hesab edirik ki, 2017-ci il Kreml üçün son olacaq. Bunu yalnız biz demirik, həm də bir çox politoloq və analitik vəziyyəti düzgün qiymətləndirirlər. Rusiya bir neçə milli dövlətə parçalanacaq və Ukrayna bu prosesi stimullaşdırmağa məcburdur", - Tyaqnibok bildirib.

O, əlavə edib ki, Rusiyanın dağılacağı halda Kiyev itirilmiş əraziləri özünə dərhal qaytaracaq. "Biz həmçinin Sovet İttifaqının dağılmasından sonra Ukraynanın almadığı payı tələb edəcəyik. Məsələn, qızıl-valyuta ehtiyatları, almaz fondu, xarici nümayəndəliklər", - Ukrayna millətçilərinin lideri vurğulayıb.

Kiyevdən DONBAS PLANI: "2-3 il ərzində..."

Donbas üzərində nəzarətin bərpası halında Kiyev hakimiyyəti 2-3 il ərzində regionun infrastrukturunu yenidən qurmağı planlaşdırır.

Bu haqda Ukrayna hökumətinin işğal edilmiş ərazilər üzrə nazir müavini Georgi Tuk "112 Ukrayna" telekanalına bildirib.

"Düşünürəm ki, bu, qismən Ukraynanın dövlət büdcəsi, qismən də beynəlxalq maliyyə institutlarının maliyyə vəsaitinin hesabına olacaq", - Tuk deyib.

Rusiya Baş qərargah başçısı: "Türkiyə daha buranın sahibi deyil"

"Bundan bir neçə il əvvəl Türkiyənin az qala Qara dənizin sahibi olduğunu deyirdilər. Artıq hər şey dəyişib".

Bunu Rusiya Silahlı Qüvvələri Baş qərargah başçısı Valeri Gerasimov deyib.

"Qara dənizdə Rusiya və Türkiyə donanmaları arasındakı güc balansı son bir neçə il ərzində ciddi şəkildə dəyişib. İndi Türkiyənin Hərbi-Dəniz Qüvvələrini regionun sahibi adlandırmaq olmaz, - rusiyalı general bildirib.

Rusiyaya qarşı "su müharibəsi" başladı

Ukrayna prezidenti Pyotr Poroşenko BMT-nin dəniz hüququ üzrə Konvensiyasının pozulması ilə əlaqədar arbitraj məhkəməsində Rusiyaya qarşı iddia qaldırılması barədə Xarici İşlər Nazirliyinə tapşırıq verib.

Bu haqda "Twitter" səhifəsində Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Seqolko yazıb.

Çərşənbə axşamı Ukrayna Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin bildirib ki, Kiyev BMT-nin dəniz hüququ üzrə Konvensiyası çərçivəsində Moskvaya qarşı iddia qaldıracaq. Onun sözlərinə görə, Ukrayna kompensasiyanın ödənilməsinə nail olmaq niyyətindədir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində bildirib ki, Moskva öz maraqlarının müdafiəsi üçün beynəlxalq hüququn bütün alətlərdən istifadə edəcək.

Ərdoğanı onlar devirmək istəyiblər – ŞOK ETİRAF

FETÖ (Fəthullahçı Terror Təşkilatı) əməliyyatı çərçivəsində həbs olunan general-leytenant Saleh Ulusoy 15 iyul dövlət çevrilişinin arxasındakı güclərin kim olduğunu etiraf edib.

General çevriliş arxasında gizli xidmətlərin olduğunu bildirib.

"Bu hadisədə Qərb ölkələrinin barmağının olduğunu düşünürəm. Ancaq bunu NATO üzərindən deyil, gizli xidmətlər vasitəsilə həyata keçiriblər", - o, deyib.

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah başçısına bağlı olan və "J başçısı" adlandırılan 6 general-leytenantdan 4-ü həbs olunmuşdu. Onlardan biri də Saleh Ulusoy idi.

Dünyanın 8 yerə bölüblər – "Kainat imamı"nın İŞĞAL XƏRİTƏSİ

Fəthullahçı Terror Təşkilatı (FETÖ) təşkilatlanma baxımından dünyanı 8 hissəyə bölüb.

Türkiyə mediasının yazdığına görə, bunlar Avropa, Şimali Amerika, Cənubi Amerika, Asiya, Mərkəzi Asiya, Sakin okeanı bölgəsi, Yaxın Şərq və Afrikadır.

Ayrılan hissələrə imamlar rəhbərlik edir. Qərbi Avropa, Balkan, keçmiş şərq bloku ölkələrinə 3, ABŞ-Kanada və Cənubi Amerikaya 2, türk respublikaları, Uzaq Şərq, Yaxın Şərq və Rusiyaya 4, Afrikaya isə 1 imam təyin edilib.

Təşkilatın başında dayanan Fəthullah Gülən isə "kainat imamı" adlandırılır və Mehdi olaraq qəbul edilir. Güləndən aşağıda isə 3 qrup var: "Mollalar qrupu", "Müşavirə heyəti" və "Özəl Qələm" (bu qrupdakılar Gülənin sirdaşları hesab edilir).

Prezident kim olacaq?

Türkmənistan parlamenti konstitusiyaya dəyişiklikləri qəbul edib.

Yeni konstitusiya prezidentin səlahiyyətlərinin 5 ildən 7 ilə artırılmasını nəzərdə tutur. Həmçinin, prezidentliyə namizədlər üçün şərt qoyulan 40-70 yaş senzi ləğv olunub.

Yeni konstitusiyanın qəbulu Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədovun 2017-ci ildə üçüncü dəfə prezidentliyə namizəd ola biləcəyinə imkan yaradır.

Yeni konstitusiyada ölkə prezident respublikası olaraq qalır, dövlət başçısı vəzifəsini yerinə yetirə bilməyəcəyi təqdirdə, onun səlahiyyətləri parlamentin sədrinə keçir. Maraqlıdır ki, 2006-cı ildə Saparmurat Niyazov vəfat edəndə Berdimuhəmmədovun hakimiyyətə gəlişi konstitusiyanın pozulması ilə mümkün oldu. Qanunvericiliyə görə, türkmənbaşının səlahiyyətləri parlament sədrinə keçməli idi. Lakin parlament sədrinə qarşı cinayət işi açıldı.


2007-ci ildə keçirilən seçkilərdə Berdimuhəmmədov qalib gəldi, 2012-ci il seçkilərində də fərqli heç nə yaşanmadı.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR