O pərdənin arxasında kim var, Əli Kərimli?
Bizi izləyin

Nida.az

O pərdənin arxasında kim var, Əli Kərimli?

"Get-gedə dövran özü insanların,

Dəymişi halında kalın göstərir" (Baba Pünhan)

Nikolay Karamzin əsrlər əvvəl "Rusiyanın iki əsas bəlası yollar və ağılsızlardır" deyəndə, onun söylədikləri rus ədəbiyyatında sentimentalizm cərəyanının ən böyük nümayəndəsinin şikayəti təki anlaşılmışdı.

Halbuki, çox sonralar "Rusiyanın Sterni" adlandırılacaq bu şəxs ölkəsinin mərəzlərini cərrah dəqiqliyi ilə demişdi.

İki əsr əvvəlin Çar Rusiyasından indinin Azərbaycanına hopan problemlərin arasında məntiqsiz çağırışlara aldanan insanların inamlarında "kamil" olmaları ilə bahəm, bu adamlara sürəkli vədlər verib yalnız öz maraqlarını düşünənlərin hədəfləri var.

Azərbaycan müxalifəti, nə yazıqlar, indi siyasi möhtəkirlərin özlərini asudə hiss etdikləri və hər tənqidi az qala tərif kimi qəbul edərək marginallıq etdiyi insanların çoxaldığı məkana çevrilməkdədir. Müxalifət düşərgəsindəki adekvat insanlar, reallığı dəyərləndirən və ruhən demokrat olanlarsa problemlərin həllini hakimiyyətlə dialoqda, ən geniş koalisiya qurulmasında, qarşı tərəfin də mövqelərinin anlayışla qarşılanmasında gördüklərini söyləyirlər, di gəl, onlara qulaq asmır, üstəlik "müxalifət ideallarının xəyanətkarı" adlandırırlar.

Belə iddialar nə qədər absurd, ağlasığmaz və məntiqdən kənar təsir bağışlasa da, çıxışları və müsahibələri bitmək bilməyən patetika, bezdirici pafos üzərində köklənmiş radikalların fəaliyyət proqramıdır.

Və yenə də əfsuslar olsun ki, bir zamanlar ciddi, potensiallı və perspektivli siyasi təşkilat olan AXCP son 20 ildə tam deqradasiyaya uğradı, intellektuallar və təşkilat rəhbərliyinin mənasız demaqogiyasından, paradoksal ritorik fəndlərindən və ələlxüsus da "İstefa! Biz gələcəyik!" klişelərindən bezənlər partiya sıraların tərk etdilər.

AXCP sədri Əli Kərimli rəhbərlik sisteminin guya demokratik prinsiplərə əsaslandığını göstərmək üçün partiya sədrinin seçkilərində alternativ də hazırlamışdı. Fəqət, həmin alternativ elə seçki günündə namizədliyini geri götürmüş və 2018-ci ilədək Əli Kərimliyə qarşı bir kəlmə də (!) tənqid söyləməməyə az qala təntənəli şəkildə and içmişdi.

Belə psevdoseçki, azad seçimin və fikrin izharının parodiyası nəticəsində postunda qalan, daha doğrusu, qalmağı sıravi cəbhəçilərə "tövsiyə" olunan Əli Kərimli indi Milli Şuranı yeni alətə çevirərək radikallıq həddini maksimuma çatdırıb.

"Bir-iki yarımçıq işlərim qalıb, vaxt edib onları çözüm, gedəcəm..."

Təxminən dörd il əvvəl Əli Kərimli "bir para işləri də başa vurandan sonra" AXCP sədri postundan istefa verəcəyini demişdi. Onu dilə tutdular, "a bəy, etmə, eləmə" söylədilər, hətta sosial şəbəkələrdə AXCP üzvləri arasında "sadiq Əli bəyçilər" gerçək və "feyk" profillərində vaysınma prosesinə də başlamışdılar ki, qəflətən xəbər gəldi: "Bəy getmir, daha vacib işləri var, vaqe tamam".

O "vacib" işlərsə "Hizmet" hərəkatının banisi və lideri Fəthullah Gülənin ölkədəki "mürid"ləri ilə yanaşı, "Xoca"nın Pensilvaniyadakı funksionerlərindən alınan təlimatlardı ki, qısa şəkildə "Farağat dur, işinə davam et" təki səslənirdi.

Təlimat dəyişməmişdi: AXCP-nin rəhbərliyindəki şəxslər bütün imkanlarını səfərbər edib xaricdəki sifarişçilərin, xüsusilə də "nurçular" və ABŞ-ın xüsusi xidmət orqanlarının mənsublarının əmrlərini yerinə yetirmək, Azərbaycanda xaos yaratmaq, kütləvi iğtişaşlara nail olmaq və bununla da hakimiyyəti devirmək planlarını reallaşdırmağa çalışmalıydılar.

İllər keçsə də, o, planların heç biri gerçəkləşməyib, çünki əvvəl, sadəcə, Əli Kərimli və onun orbitindəki mikroskopik siyasi partiyalar, sonrasa Milli Şura az qala sərasər iş qrafikinə keçsələr də, onların qarşısını Azərbaycanın vətəndaşları, xalq aldı və indi də belədir.

AXCP sədri, "nurçular", kəşfiyyat strukturlarının zabitləri və təsir agentlərinin bütün səylərinə rəğmən, onların çağırış etdikləri, xitabda bulunduqları insanlar bu zatların əsl niyyətlərini anlayır, maskaların arxasında daldalanan üzləri yaxşı tanıyırlar.
Lakin Əli Kərimli sakitləşmədi, axı sifariş, daha doğrusu göstəriş yetərincə konkret idi və ondan bu əmrin yerinə yetirilməsini tələb edirdilər.

Sentyabrın 11-də Bakının Yasamal rayonundakı "Məhsul" meydanında Milli Şuranın "təşkilatçılığı" ilə keçirilən mitinq sifarişçilərin hövsələsizliyinin, səbr kasalarının daşmalarının göstəricisi sayıla bilərdi.
Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendum ərəfəsində ölkə müxalifətinin guya "aktivləşməsini", vətəndaşların da siyasətə parodiyaya çevrilmiş Milli Şuranı "dəstəkləməsi"ni göstərmək üçün bilavasitə ABŞ-dan və bəzi Qərb ölkələrinin hakimiyyət kuluarlarından, o cümlədən kəşfiyyat strukturlarından gələn göstəriş əsasında davrananlar meydana çıxdılar.

Lakin bundan əvvəl AXCP, Müsavat, Ümid, REAL və digər qurumların rəhbərlərinin ABŞ, Britaniya və Fransa səfirliklərinə çağırıldı, orada müzakirələr aparıldı və yalnız bundan sonra Milli Şuranın mitinqinin keçirilməsinə qərar verildi.

AXCP rəhbərliyi və ABŞ səfirliyi gerçəkdənmi bizi o qədər sadəlövh sayır ki, sentyabrın 11-dən əvvəlki günlərdə Birləşmiş Ştatların Bakıdakı səfirliyinin bəhs etdiyimiz siyasi partiyalarla intensiv "məsləhətləşmə"lər aparması, fəaliyyətlərinin nədən ibarət olduğu sübut edilmiş QHT-lərlə "bazarlığa" başlaması və onlara dəqiq tapşırıqlar verilməsi, o cümlədən 11 sentyabr mitinqinə maksimal dəstək vermələrinin "xahiş edilməsi"ni adi diplomatik fəaliyyət, rutin işlər saymalıyıq?

Və ya Milli Şuranın sədri səlahiyyətlərini icra edən Cəmil Həsənlinin Strasburqa səfəri, daha sonra ABŞ Konqresində və Haaqada Azərbaycanla bağlı müzakirələrin təşkili, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariçin aşkar marama qapılaraq Azərbaycanı az qala Şimali Koreyaya tən tutması və Bakıya qarşı "ən sərt sanksiyaların tətbiqi"ni tələb etməsi aşkar göstərir - Qərb yenə Azərbaycanda vəziyyəti qarışdırmaq, situasiyanı idarə olunmayan xaosa döndərmək üçün növbəti planını işə salıb.

Ümid Partiyasının funksionerləri Elmar Abbaszadə və Ənvər Ağazadənin avqustun 15-də Fransa səfirliyində keçirdikdəri görüş: radikal REAL hərəkatının rəhbərləri Rəsul Cəfərov və Erkin Qədirlinin avqustun 17-də ABŞ səfiri Robert Sekuta ilə müzakirələri; ertəsi gün Xədicə İsmayılın Fransa səfirliyinə baş çəkməsi; avqustun 19-da Əli Kərimlinin Britaniya səfirliyinə yollanması və ən nəhayət, avqustun 23-də Əli Kərimli-Cəmil Həsənli duetinin ABŞ səfirliyində peyda olmaları, avqustun 24-də ABŞ səfirinin yenə Cəmil Həsənlini qəbul etməsi də "təsadüf"dür?

Və ya avqustun 30-da Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard ofisində Əli Kərimlini qəbul edərək qlobal iqlim dəyişiklərinin yaratdığı problemləri müzakirə edib?

AXCP rəhbərliyi ilə Fəthullah Gülən "camaatı" arasında sıx əlaqələr - bunu Əli Kərimli inadla, emosional şəkildə dansa da - artıq "Polişinel sirri"dir və ölkə siyasəti ilə az-çox maraqlananlara əyan məqamdır.
Yaxın Şərq ölkələrindən səmum yeli kimi keçən, əvvəlcə Tunis, Misir və Liviyada, sonra Suriya, Yəmən və Bəhreyndə dövlətin dayaqlarının laxlamasına, vətəndaş müharibəsinin alovlanmasına yönəlmiş ssenariləri indi Azərbaycanda reallaşdırmağa çalışırlar.

Siyasi təşkilata karikatura olan "Milli Şura" və AXCP də həmin ssenarinin, az qala qan daman planın icraçılarına çevriliblər.
"Milli Şura"nın rəhbəri Cəmil Həsənli istədiyi qədər millətin adından, maraqlarından, indisindən və gələcəyindən danışa bilər: amma onun rəhbər təyin olunduğu təşkilatın adında uyarsızlıq var. Əvvəla, bu qurum millətin maraqlarını təmsil etmədiyi üçün "Milli", normal seçim və şəffaf fəaliyyət prinsiplərinə əsaslanmadığı üçün "Şura" ola bilməz.

Azərbaycanın Ottosu

AXCP sədri Əli Kərimli isə, deyəsən, müasir tarixə "Azərbaycanın Otto Kuusineni" kimi düşmək istəyir.
1881-ci ildə doğulan, 1904-cü ildə Finlandiya Sosial-Demokrat Partiyasına üzv olan və sonralar bu təşkilata rəhbərlki edən Kuusinen SSRİ-nin buyruq quluna çevrilmişdi.

1939-cu ildə SSRİ-i Finlandiyaya hücum edəndə məhz Kuusinen ölkənin marionetka hökumətinin başçısı olmuşdu. Lakin finlər geri çəkilmədilər, Finlandiya ilə bağlı planlar alınmadı və Kuusineni xalq tarixin zibilliyinə atdı. Kuusinen vəfat edəndə də finlər onun Finlandiyada dəfn olunmasına icazə vermədilər.

AXCP sədri Əli Kərimli də eynən Kuusinen təki ölkəsinə yönəlmiş bütün həmlələri dəstəkləyir, Azərbaycana qarşı düşmən mövqe tutmuş şəxslərin, təşkilatların və siyasi güc mərkəzlərinin sifarişlərini icra edir, hakimiyyətə gəlmək üçün istənilən qüvvə ilə "əməkdaşlığa" hazır olduğunu əyani göstərir.

Azərbaycanda normal müxalifət faktiki olaraq, yoxdur. 25 ildən bəri aramsız təkrarlanan şüarları dəstəkləməksə ölkənin vəziyyətinin ən pis hala düşməsini arzulamaqdır.

AXCP sədri Əli Kərimli, Milli Şuranın "lider"i Cəmil Həsənli və digərləri 1990-cı illərin eyforiyasından hələ də qurtula bilməyən, marginallığı siyasi fəaliyyət kursu seçmiş və öz oyunlarını oynamağa davam edən fiqurlardır.

Belədirsə, AXCP funksionerlərinin sosial şəbəkələrdəki ünsiyyətlərində, xüsusilə də hədəf aldıqları adama qarşı kampaniyalarında faydalanmağı çox sevdikləri kəlməni təkrarlasaq, ritorik sual yaranır: Azərbaycan Əli Kərimli ilə onun ətrafının məqsədyönlü təxribatlarına çoxmu dözməlidir? Bu qaragüruh dəstəsinin, milli maraqları fərdi mənafelərə və merkantil istəklərə çoxdan qurban vermiş şəxslərin fəaliyyətlərinin qanun çərçivəsində dəyərləndirilməsinin vaxtı çatmayıbmı?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm