Terror simpatiyası, tapşırıq, dəstək - Əli Kərimli radikal dindarları niyə toplayır?
Bizi izləyin

Nida.az

Terror simpatiyası, tapşırıq, dəstək - Əli Kərimli radikal dindarları niyə toplayır?

Vaxtilə müxtəlif rənglərə boyanıb Bakının küçələrində "mitinq" deyə qısqıran radikal müxalifətin son 10 ildə görünməməsi, yaxud mövsümü olaraq ortaya çıxıb, sonra itməsi adi hal alıb. Burada parçalanan müxalifətin şəxsi ambisiyalar üzərindəki intiriqaları ilə yanaşı, ölkədə dəyişən reallıqlar da mühüm rol oynayıb. Hər şeydən öncə, Azərbaycan iqtidarının apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində tərəfdarlarının sayı getdikcə azalan radikal müxalifət ölkənin siyasi səhnəsində silinmək təhlükəsi ilə üzləşib. Hətta artıq silinib də deyə bilərik.

Və elə bu zamanda Qərb dairələri radikal müxalifətə dəstəyini artırır, onları yenidən siyasi həyatın üzünə çıxarmağa çalışırlar.

Məqsəd Azərbaycanda klassik ssenari olan "vuran əl" missiyasını dirçəltməkdir. Lakin klassik ssenariyə yeni elementlər də əlavə olunur.

Belə ki, radikal müxalifəti siyasi səhnəyə qaytarmaq üçün onların radikal dindarlarla əlaqələri qurulur.

"Milli Şura"nın sentyabrın 11-də keçirilən mitinqində Mövsüm Səmədov və Taleh Bağırzadənin tərəfdarlarının iştirakı, AXCP rəhbərliyinin adıçəkilən şəxslərin azadlığa buraxılması ilə bağlı bəyanatları da bunu bir daha sübut edir.

Bu, Qərb dairələrinin planlarıdır. Lakin reallıqda radikal dindarlarla Milli Şura və AXCP arasındakı dərin çatların olduğu da aydındır. Sosial şəbəkələrdə səslənən fikirlər bunu deməyə əsas verir.

Dindarlar hesab edirlər ki, onlara "qucaq açan" Milli Şura onlardan Əli Kərimlinin siyasi ambisiyalarının reallaşdırılmasında vasitə kimi istifadə edir. Həmçinin, dindarlar Milli Şuraya yalnız meydanı doldurmaq və izdiham görüntüsü yaratmaq üçün lazımdır. Dindarlar Qərb dairələrinin sifarişini yerinə yetirən Əli Kərimlinin əlində oyuncaq olduqlarını görür və mitinqə qoşulmaqlarını səhv hesab edirlər.

Sosial şəbəkələrdə etiraz aksiyası zamanı dindarların nümayəndəsinə söz verilməməsi, onlardan yalnız sonda ümumi cümlə ilə bəhs olunmasını həzm edə bilmirlər.

Aktiv radikal dindarlar "Qərbçi müxalifətin içərisində həzm olunmamaq" üçün tərəfdarlarını ehtiyatlı olmağa çağırır, satqın müxalifətlə əlaqələri tənqid edirlər.

"İslamçılar Qərbyönümlü müxalifətin içində həzm olunmamalıdırlar. Bu müxalif qrupların islamla ziddiyyətləri var", - Tohid İbarahimbəyli yazır.

Mövsüm Səmədov səhifəsinin admini isə Milli Şuranın sonuncu mitinqini dindarların hesabına doldurduğunu yazıb. "Milli Şura indiyə qədər dəfələrlə mitinqlər edib. Amma heç vaxt bu qədər adam yığışmamışdı", - deyə o bildirir.

Rauf Musazadə adlı dindar isə təəccüb edir: "Sionistlərlə (müxalifət) möminlər necə dil tapıb? Möminlər, bu sionist fondlarından pul alan müxalifətə inanmayın. 2005-ci ildə bunlar Corc Buşun şəklini mitinqdə qaldırırdılar. O vaxt Amerika müsəlman şiə İraq xalqını qətl edir, hərəmləri bombalayırdı".

Başqa bir dindar isə sual edir: "Ə.Kərimlinin məscidə getdiyini, namaz qıldığını görən olub? Amma Amerika səfərliyindən əl çəkmir".

Heç vaxt namaz qılmayan, Amerika səfirliyinin qapısı önündən əl çəkməyən Əli Kərimlinin radikal dini kəsim üzərindən siyasət aparması ilk dəfə deyil.

Hələ 2014-cü ildə o, dini kəsimlə yaxınlaşaraq, yeni bir AXCP-nin yaranması zərurətini irəli sürmüşdü.

Dini kəsimin AXCP-yə hər şeydən öncə sıfırlanan elektoratının qarşısına heç olmasa 1 rəqəmini artırmaq üçün lazımdır.

Dini kəsimin xüsusilə radikal qanadına ağırlıq verilməsi Milli Şuranın radikallığı ilə üst-üstə düşməsindən irəli gəlir.

AXCP-nin FETÖ ilə bağlantılarının olması fonunda da radikal dini kəsimlə əlaqələrin səbəbi aydın olur.

Həmçinin, bu, AXCP-nin "hakimiyyətin getməsi üçün" istənilən vasitədən istifadə etməsi düşüncəsindən doğan amillərdəndir. Təsadüfi deyil ki, AXCP rəhbərliyi 2014-cü ildə "Meşə qardaşları" və "Ceyşullah" kimi terrora meylli radikal dini qruplara da dəstək verirdi.

Belə ki, həmin vaxt adıçəkilən bu iki qrup Azərbaycan hakimiyyətinə təhdid mesajı ünvanlamışdı.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "facebook" səhifəsində iqtidara "bu hələ başlanğıcdır" mesajını verdi.

"Başlandı. "Meşə qardaşları" və "Ceyşullah" dini təşkilatları Azərbaycan iqtidarına qarşı cihad qərarı veriblər və silahlı mübarizəyə başlayacaqlarını bəyan ediblər. İndi özünüzün, övladlarınızın üstünə gələcək canlı bombalardan, terror aksiyalarından qorunun görək, necə qorunacaqsınız? Azərbaycandan qat- qat güclü, professional kəşfiyyat təşkilatı olan ölkələr silahlı mübarizənin, terrorun qarşısını kəsə bilmirlərsə, sizlər necə edəcəksiniz? Bu hələ başlanğıcdır", - deyə o bəyan etdi.

İndi həmin terror simpatiyalı radikal istiqamət AXCP siyasətində daha aydın şəkildə görünür.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm