Sorğu: Əhali Konstitusiyada dəyişiklikləri dəstəkləyir
Bizi izləyin

Nida.az

Sorğu: Əhali Konstitusiyada dəyişiklikləri dəstəkləyir

ABŞ-ın "AJF&Associates Inc." təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar "exit-poll" sorğusu öncəsi sosioloji araşdırma aparıb.

Publika.az xəbər verir ki, sosioloji sorğunun keçirilməsində əsas məqsəd referendum ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, referendumla bağlı ictimai rəyin öyrənilməsi olub. Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 1000 nəfər respondent cəlb edilib. Bunlardan 73,7 faizi böyük şəhərlərdən, 10,1 faizi kiçik şəhərlərdən, qalanları isə qəsəbə və kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,6 faizini qadınlar, 50,4 faizini kişilər təşkil edib. Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılıb və respondentlərin 35 faizi 30-39 yaş arası, 25,8 faizi 18-29 yaş arası, 16,6 faizi 40-49 yaş arası, 7,6 faizi 50-59 yaş arası və yalnız 1,5 faizi 70 və daha yuxarı yaşda insanlar olub.

Əhalinin referendumla bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə qoyulmuş "Ümumiyyətlə, Azərbaycanda milli seçkilər və referendum keçirildikdə siz səsvermədə necə iştirak edirsiniz" sualına verilən cavablar aşağıdakı kimi olub. Respondentlərin böyük əksəriyyəti–74,2 faizi hər zaman referendumda iştirak etdiklərini bildiriblər. 82,9 faiz respondent isə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində (referendum) iştirak edəcəyini bildirib. "Siz səsvermədə necə iştirak edəcəksiniz" sualına 76,8 faiz "Əlbəttə ki, iştirak edəcəyəm" və 6,1 faiz "Ola bilsin ki, iştirak edəcəyəm" cavabını verib.

"Sizin qarşıdan gələn 26 sentyabr ümumxalq səsverməsi (referendum) barədə hər hansı məlumatınız varmı" sualına 95 faiz "bəli" cavabını verib ki, bu da keçiriləcək referendumla bağlı təbliğat, təşviqat kampaniyasının düzgün qurulduğunu və əhalinin siyasi proseslərə marağının yüksək səviyyədə olduğunu göstərir. Sorğu nəticəsində məlum olub ki, əhali Konstitusiyada dəyişikliklər aparılmasını dəstəkləyir. Belə ki, "Ümumilikdə, siz 26 sentyabr referendumuna çıxarılan konstitusiya islahatının lehinə və ya əleyhinəsiniz" sualına cavab olaraq respondentlərin 92,8 faizi Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin lehinə olduqlarını bildirib.

Təhlil əsasında belə nəticəyə gəlmək olar ki, ölkədə aparılan islahatlar əhalinin yaşayış səviyyəsinə mənfi təsir göstərməyib. Bu fikri əhalinin iqtisadi və sosial vəziyyəti ilə bağlı verilən suallara cavablar da təsdiqləyir. Belə ki, "Fikrinizcə, bu gün ölkənin qarşısında duran ən vacib məsələ hansıdır" sualının cavabında respondentlərin 77,4 faizi "Dağlıq Qarabağ münaqişəsi" cavabını qeyd edib. Burada yalnız 5,8 faiz məşğulluq, 5,3 faiz isə iqtisadi məsələləri vacib məsələ kimi qeyd edib. Anket vərəqində yer almış "Ümumiyyətlə, Azərbaycanda görülən tədbirlər nəticəsində proseslər necə cərəyan edir" sualına verilən cavablarda respondentlərin 91,4 faizi ölkədə inkişaf meylinin olduğunu göstərib.

Sorğu anketinin digər bloku əhalinin siyasi məsələlərə münasibətinin öyrənilməsi ilə bağlıdır. Burada "2015-ci ildə keçirilən parlament seçkilərində hansı partiyanın namizədinə səs vermişdiniz" sualına cavab olaraq respondentlərin 92,8 faizi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verdiklərini bildirib. Respondentlərin 98,4 faizi əmindir ki, ölkə rəhbərliyi xalqı terror aktlarından qoruyur, 95,9 faizi inanır ki, bir çox ölkələrdə qeyri-sabit vəziyyət olduğu halda, Azərbaycan regionda ən sabit ölkədir.

Sorğu vərəqində Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər aşağıdakı kimi qruplaşdırılaraq bloklar şəklində təqdim edilib və bunun əsasında alınan nəticələr belədir:

Respondentlərin 86,4 faizi Azərbaycan Respublikasında icra hakimiyyətinin quruluşunda, 89,1 faizi Azərbaycan Respublikasının təhlükəsizliyi və müdafiəsi ilə bağlı, 88,9 faizi insan hüquqları və onların təminatı sahəsində və 84,2 faizi ölkədə sosial təminatlarla bağlı dəyişikliklər edilməsinə razı olduqlarını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm