Qarabağın qaytarılması ssenarisi, qlobal güclərin anti-Putin PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Qarabağın qaytarılması ssenarisi, qlobal güclərin anti-Putin PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan hakimiyyətinin növbəti 10 illik dövrü tədricən sona yaxınlaşır. Serj Sarkisyan və komandası hakimiyyəti ağrısız şəkildə təhvil verməyə hazırlaşır. Türkiyə Suriyada "Fərat Qalxanı" əməliyyatının üçüncü mərhələsinə başlayıb. Türkiyənin daha 10 vətəndaşı PKK terrorunun qurbanı oldu. Özbəkistanda isə İslam Kərimovun xələfinin kimliyinə böyük ölçüdə aydınlıq gəlib.

MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı keçirilib.

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdəki "Ala-Arça" dövlət iqamətgahında MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı keçirilib.

Toplantıda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Moldova və Tacikistan prezidentləri, Moldovanın baş naziri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Özbəkistan xarici işlər naziri və Ukraynanın Qırğız Respublikasındakı səfiri iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.

Rusiyadan Ermənistana ÖLDÜRÜCÜ ZƏRBƏ: Ərazilər qaytarılır, Sarkisyan isə...

Ermənistan hakimiyyətinin növbəti 10 illik dövrü tədricən sona yaxınlaşır. Serj Sarkisyan və komandası hakimiyyəti ağrısız şəkildə təhvil verməyə hazırlaşır.

Bu barədə "Lragir" saytı yazıb. Sayt "Qazprom"da çalışmış, Kremlə yaxın şəxs olan Karen Karapetyanın baş nazir postuna gətirilməsini bununla izah edir. K.Karapetyanın gəlişi və Sarkisyanın hakimiyyəti təhvil verməyə hazırlaşdığı haqda xəbərlərin ortaya çıxması müəyyən suallara yaradır.

Ehtimallara görə, Kreml Karapetyanı hakimiyyəti təhvil almağa göndərib. Serj Sarkisyanın da buna etiraz etmədiyi deyilir. Çünki Ermənistanda sosial vəziyyət yaxşı deyil və iqtisadi çöküşdən xilas yolu görünmür. Sarkisyan məsuliyyətdən qaçmaq üçün hakimiyyəti təhvil verə bilər.

Digər əsas səbəb isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyətdir. Belə ki, İrəvan üzərində hökmə sahib olan Kreml münaqişənin həlli üçün Sarkisyanı sıxışdırır. Sarkisyan əvvəlcə ərazilərin bir qismini qaytarmalı, daha sonra digər ərazilərin azad olunması istiqamətində danışıqlara başlamalıdır. Vaxtilə ermənilər rayonları qaytarılması əvəzinə Qarabağın müstəqilliyi şərtini irəli sürür və öz müqəddəratını təyin etmə prinsipinin təmin olunacaqlarını düşünürdülər. Lakin aprel müharibəsində sonra reallıq dəyişdi və Bakının əli gücləndi. İndi ərazilərin qaytarılmasının əvəzinə Ermənistana yalnız "müharibə olmayacaq" sözü verilir. İrəvanın Rusiyanın təzyiqləri qarşısında Qərbdən gözlədiyi dəstək də alınmadı. Xüsusilə ABŞ-dakı prezident seçkiləri Vaşinqtonun qınına çəkilməsinə səbəb olub. Belə situasiyada Sarkisyanın şərtlərlə razılaşmaqdan başqa yolu qalmır. Erməni ekspertlər də bunu təsdiq edirlər.

Hesab etmək olar ki, o, Qarabağın qaytarılması məsuliyyətindən də boyun qaçırmaq üçün hakimiyyəti təhvil vermək qərarına gəlib. Baş nazir postuna Rusiyanın "Qarabağ klanı"ndan olmayan öz adamını gətirməsi də önümüzdəki dövrdə münaqişənin həlli üçün yeni şəraitin yaranacağını göstərir.

Türkiyədə qanlı gecə: 10 şəhid, 5 yaralı

PKK terrorçuları Türkiyənin Ağrı vilayətinin Doğubayazıt ilə Van vilayətinin Çaldıran mahallarının sərhədində yerləşən Tendürek dağında kənd mühafizəçi məntəqələrinə hücum edib.

Nəticədə 7 kənd mühafizəçisi, 1 çavuş, 1 əsgər və 1 keçmiş kənd mühafizəçisi şəhid olub, 3 əsgər və 2 mülki şəxs yaralanıb. Bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir.

"Putini təmizləmək, dünyanı 500 dövlətə parçalamaq..." – ŞOK SSENARİ

"15 iyul gecəsində birbaşa hədəf Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ikinci hədəf isə Rusiya prezidenti Vladimir Putin idi".

Bu sözləri Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan olan millət vəkili Mətin Külünk "Sputnik" agentliyinin Türkiyə xidmətinə müsahibəsində deyib.

"Türkiyə ilə Rusiyanı zərərsizləşdirmək istəyirdilər. İki ölkə də bunun fərqindədir və buna görə davranırlar", - millət vəkili söyləyib (http://publika.az/p/150386).

Lavrov: "Türkiyə bu siyasətindən imtina edir"

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov rəsmi Ankaranın Suriya siyasətinin dəyişdiyini açıqlayıb.

Nazir Türkiyənin Suriya prezidenti Bəşər Əsədin taleyi ilə bağlı ultimatum verməkdən imtina etdiyini bildirib: "Türkiyə Suriyadakı terrorçuların ona ciddi təhlükə olduğunu anlayır. Bu səbəbdən Ankara ultimatumlara son qoymağa başlayıb".

Kiyev "Krım əvəzinə Donbas" variantını rədd etdi

"Krımın məsələsi Kiyev üçün ticarətin predmeti deyil və Donbasda vəziyyətin nizama salınmasına əvəz olaraq yarımadanın verilməsi variantı qəbuledilməzdir".

Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə keçirilən "Dünya, Avropa və Ukrayna: dəyişikliklərin fırtınaları" konfransında deyib. "Biz heç vaxt Donbas münaqişəsində yaxşı qərar üçün Krımla ticarət etməyəcəyik. Krım Ukraynanın ərazisidir", - Poroşenko bildirib.

"Rusiya təbliğatı Qərbi paranoidal ideyalarla doldurub". Bu sözləri də Ukrayna prezidenti Pyotr Poroşenko deyib. "Avroskeptisizm, anti-amerikanizm və izolyasionizm Qərb koordinatlar sistemini dağıdır", - Poroşenko bildirib.

O, əlavə edib ki, Kreml Avropa Birliyini dağıtmağa, eqoizm, populizm və həyasızlığa əsaslanacaq alternativ Avropanı qurmağa çalışır: "Biz bu potensial reallığa hazırlaşmalıyıq".

Poroşenkonun fikrincə, "Brexit" Avropada ən yaxın seçkilər zamanı fəal təbliğ ediləcək və ən yaxın aylar Qərb üçün "həqiqət anı" olacaq.

Putinin namizədi, yoxsa… – Özbəkistan prezidenti kim olacaq?

Özbəkistanda dekabrın 4-də keçiriləcək seçkilərdə iştirak edəcək iki namizədin adı məlum olub.

"Milli Dirçəliş" Demokrat Partiyası Özbəkistan parlamentinin vitse-spikeri Sərvər Otamuradovun namizədliyini irəli sürüb. Özbəkistan Liberal-Demokrat Partiyası (UzLiDeP) isə hazırda prezidentlin səlahiyyətlərini icra edən Şövkət Mirziyoyevin namizədliyini irəli sürüb.

Özbəkistan qanunvericliyinə uyğun olaraq, prezidentliyə namizədləri yalnız siyasi partiyalar irəli sürə bilər. Hazırda Özbəkistanda 4 siyasi partiya var. UzLiDeP, "Milli Dirçəliş", "Ədalət" və Xalq Demokratiyası.

Qeyd edək ki, İslam Kərimovun ölümündən sonra onun səlahiyyətlərini müvəqqəti olaraq Şövkət Mirziyoyev icra edir. Ekspertlər onun Rusiyaya yaxın olduğunu deyirlər. Səmərqəndə səfər edərək İ. Kərimovun məzarını ziyarət edən Rusiya prezidenti Vladimir Putinlə səmimi münasibətləri də Mirziyoyevin yeni prezident olacağı ehtimallarını artırır. Digər namizədlərin isə sadəcə görüntü yaradılmasına xidmət etdiyi deyilir.

Türkiyə ordusu "ikinci paytaxt" a hücuma başladı

Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə "Fərat Qalxanı" əməliyyatının üçüncü mərhələsi olan Əl-Bab əməliyyatına başlayıb.

Türk döyüş təyyarələri və haubitsaları İŞİD-in mövqelərini bombalayır, Azad Suriya Ordusu isə Çobanbəy qəsəbəsinin cənubunda qurudan irəliləyir. Əməliyyata 200 türk əsgəri ilə 2500 Azad Suriya Ordusunun döyüşçüsü qatılıb.

Qeyd edək ki, Əl-Bab şəhəri Suriyada İŞİD terror qruplaşmasının Rakka şəhərindən sonra "ikinci paytaxt"ı hesab olunur.

Prezident mindən çox insanın qətlini sifariş edib – ŞOK İTTİHAM

Keçmiş muzdlu qatil Edqar Matobato Filippin Senatında keçirilən dinləmələrdə şok bir ittiham irəli sürüb.

Onun sözlərinə görə, Filippin prezidenti Rodriqo Duderte minlərlə insanın qətlini sifariş edib. "Duterte, Davao şəhərinin meri olaraq mindən çox insanın qətlini sifariş edib. Davao Duterte tərəfindən təşkil edilən ölüm eskadronuna daxil idi", - o, deyib.

Dövlət başçısının özü ittihamlara cavab verməyib. Mətbuat katibi Martin Andanar bildirib ki, insan hüquqları üzrə komissiya daha əvvəl araşdırma aparıb və Filippin prezidentinin günahını sübuta yetirəcək dəlillər tapmayıb.

Merkeldən SOS: "AB kritik vəziyyətdədir"

Almaniya kansleri Angela Merkel Avropa Birliyinin (AB) kritik vəziyyətdə olduğunu bildirib.

Onun sözlərinə görə, Avropa dəyişmək bacarığının olduğunu praktikada sübut etməyi bacarmalıdır: "Biz bir görüşlə problemləri həll edə bilmərik. Bratislavada bu gün miqrasiya və miqrasiya böhranının səbəbləri müzakirə ediləcək".

Qeyd edək ki, bu gün Slovokiyanın paytaxtı Bratislavada AB ölkələri liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək. Sammitdə əsas müzakirə mövzusu "Brexit"dən sonra AB-nin taleyi məsələsi olacaq. Bratislavaya Böyük Britaniyadan başqa bütün AB liderləri dəvət edilib.

Böyük Britaniya isə AB-dən çıxmaq üzrə aparılan danışıqların sərtləşdiriləcəyi halda blokdan çıxmaqdan imtina edə bilər.

Britaniyanın yüksək vəzifəli məmurların "The Telegraph" nəşrinə verdiyi məlumata görə, hələ ki, Birləşmiş Krallığın AB-dən çıxması üçün nəzərdə tutulan 50 səhifəlik Lissabon müqaviləsi işə düşməyib. Məhz bu səbəbdən AB-nin "Brexit"in işə düşməsi üçün şərtləri sərtləşdirəcəyi təqdirdə Britaniyanın qurumun tərkibində qalacağı gözlənilir.

Xatırladaq ki, daha öncə İngiltərə parlamentinin üzvü Devid Devis "Brexit"in işə düşməsini 1 ay təxirə salmağı təklif etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm