Müxalifətin mitinqləri niyə uğursuz olur? – Səbəb
Bizi izləyin

Nida.az

Müxalifətin mitinqləri niyə uğursuz olur? – Səbəb

Uzun illər fasilədən sonra "ana müxalifət" adına iddia edən Müsavat və Xalq Cəbhəsi (Milli Şura) partiyalarının bir-birinin ardınca, cəmi bir həftə ərzində keçirdiyi 3 mitinqin aparılan təbliğat və ayrılan vəsait müqabilində bu qədər sönük olması diqqətdən yayına bilməz. Necə olur ki, xarici ölkə səfirliklərindən mitinqlər üçün böyük maliyyə ayrıldığı və təşkilatçıların aksiyaya gələnlərin ən azı yol və azuqə xərcini qarşıladığı faktları ortaya çıxandan sonra belə hər üç mitinqdə iştirakçıların sayı üst-üstə 5 minə çatmır.

Bu "5 minin" bəzilərinin hər üç mitinqdə iştirak etdiyini, üstəlik radikal dindarların da aksiyalara cəlb edildiyini nəzərə alanda isə ortaya çıxan statistikanın partiyaların rəhbərliyində duran şəxslərin ən yaxın qohum-əqrəbalarının sayına yaxınlaşmaması çox düşündürücü amildir.

"Niyə böyük aksiya keçirmək ənənəsi olan bu partiyalar uzunmüddətli fasilədən sonra və böyük maliyyə hesabına normal mitinq keçirə bilmirlər" sualına cavab vermək üçün mütləq şəkildə Azərbaycan əhalisini narahat edən məsələlər nəzərə alınmalıdır.

Başqa sözlə, mitinq aşağıdakı səbəblərdən kütləvi olur:

Qarabağ dərdi

1. Xalq torpağın düşməndən azad edilməsində hakimiyyətin prinsipial mövqe ortaya qoyduğuna inanmır.

Azərbaycanda kütləvi aksiyalar yalnız ermənilərin Qarabağ işğalı və Azərbaycan hakimiyyətinin bu işğalın qarşısında acizliyi zamanı kütləvi xarakter alıb. Başqa sözlə desək, xalqı kütləvi etiraza çıxaran əsas faktor Qarabağ dərdidir.

Hazırda Azərbaycan hakimiyyəti bu vaxta qədər olmamış səviyyədə erməni diplomatiyasına qarşı hücum siyasəti aparır. Prezident İlham Əliyevin bir neçə il öncə diplomatiyada "müdafiədən hücuma keçmək" strategiyası bütün beynəlxalq instansiyalarda ən bariz şəkildə özünü göstərir və etiraf edilməlidir ki, bu hücum strategiyasının nüvəsində elə Prezident İlham Əliyevin özü dayanır. Uzağa getmədən, elə bu mitinqlər keçirilən ərəfədə Prezident İlham Əliyevin Bişkekdə, MDB Dövlət Başçıları Şurasının iclasında öz çıxışı ilə Serj Sərkisyanı necə dalana dirədiyi hazırda ən çox müzakirə olunan mövzudur.

Azərbaycan xalqına artıq çoxdan bəllidir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan qüvvələr kimlərdir və onlar heç bir halda Qarabağın hərbi yolla azad olunmasına imkan vermirlər. Bütün bu təzyiqlər qarşısında Azərbaycan hakimiyyətinin necə əzmkarlıq və cəsarətlə mübarizə apardığı da gözlər önündədir. Belə şəraitdə niyə və nəyə görə aksiyaya çıxıb, etiraz etməlidir? Xalq kütləvi şəkildə aksiyaya çıxıb, hakimiyyətdən "Sərkisyanı niyə susdurdunuz", "AŞPA-da Azərbaycanın lehinə qərarnaməni niyə aldınız" deməlidir?

Məğlubiyyət səbəbi

2. Ermənistan-Azərbaycan təmas xəttində ermənilərin üstünlüyü özünü göstərir, Azərbaycan Ordusu qarşısına qoyulan tapşırığı yerinə yetirmir, fərarilik yaranır, Orduya inam itir.

Bu səbəblərin hansı biri var? Bütün beynəlxalq hərbi ekspertlər Azərbaycan Ordusunun düşmənindən müqayisə edilməyəcək qədər güclü olduğunu təqdiqləyir. Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın bütövlükdə dövlət büdcəsindən çoxdur, Ordunun təchizatında heç bir problem mövcud deyil və ən əsası: Azərbaycan Ordusu öz qüdrətini vaxtaşırı olaraq göstərir.

Təkcə Aprel savaşı və həmin ərəfədə xalqın reaksiyasını misal göstərmək kifayətdir ki, Azərbaycan xalqının öz Ordusuna və Ali Baş Komandanına nə qədər güvəndiyi isbat olunsun. Savaşın ilk günündəcə onminlərlə gəncin Müdafiə Nazirliyinin qarşısına toplaşıb, könüllü olaraq cəbhəyə getmək üçün siyahıya alınmasını istəməsi, dünyanın müxtəlif ölkələrindən Ali Baş Komandan İlham Əliyevin adına gələn teleqramlar və s. də bunu təsdiqləyir.

Beləliklıə, qoşunların təmas xəttində və yaxud lokal toqquşmada məğlubiyyət yox, böyük uğur var. Azərbaycan Ordusu 22 ildə ilk dəfə olaraq 2 min hektar ərazini düşməndən azad edib və xalqımız bu uğurlu əməliyyatın hansı şəraitdə və nə üçün dayandırıldığını da yaxşı bilir. Aksiyaya çıxıb, "Ordumuzu niyə bu qədər güclü etmisiniz", "Niyə düşmənin 20 ildir möhkəmləndirdiyi istehkamını bir neçə saat ərzində darmadağın etməyi bacaran inamlı, cəsur əsgər yetişdirmiş və ən müasir silah almısınız", "Niyə torpağımızın 2 min hektarını düşməndən azad etdiniz" deməlidir?

İqtisadi çətinlik

3. Yoxsulluq artır, iqtisadi çətinliklər yaranır...

Azərbaycanda yoxsulluğun səviyyəsi Ermənistanla müqayisədə 12 dəfə (!) aşağıdır, ölkə iqtisadi qüdrəti hesabına regional oyunçuya çevrilib; Neft qiymətlərinin dünya bazarında Rusiyaya təzyiq üçün aşağı salınmasından sonra neft ixrac edən ölkələr içərisində ən az zərər görən Azərbaycandır (Müqayisə üçün bildirək ki, əsas neft ixracatçıları olan ölkələrdə neftin ucuzlaşmasından sonra ÜDM 70 (Venesuelada hətta 95) faiz azalıb), ölkədə qlobal iqtisadi zərbəni azaltmaq üçün böyük islahatlara başlanılıb.

İşsizliyin ləğv olunması üçün Prezident İlham Əliyevin həyata keçirdiyi meqalayihələr də göz önündədir. Elə bu mitinqlərin keçirildiyi ərəfədə Sabirabadda respublika müşavirəsində çıxış edən Prezident İlham Əliyev təkcə pambıqçılıq sahəsində gələn il 100 min (!) yeni iş yerinin açılacağı barədə dövlət strategiyasını bəyan etdi.

Kənd təsərrüfatının inkişafı prioritetdir, ölkədə formalizmin, süründürməçiliyin və korrupsiyanın aradan qalxması üçün ASAN Xidmət kimi dünyada analoqu olmayan model yaradılıb və inkişaf etdirilir, siyasi sabitlik bərqərardır, kriminal toqquşmalar yoxdur, ölkənin kriminagen durumu tam nəzarət altındadır və s.

Bütün bunları radikal müxalifətin ənənəvi etirazçıları da yaxşı görürlər və 90-cı illər onların da xatirindədir: Azərbaycanda iqtisadi-sosial gərginlik, hakimiyyət böhranı ilə bərabər, kriminal özbaşınalıq da vüsət almışdı: ölkə "kriminal avtoritetlərin" təsir dairəsinə bölünmüşdü...

Xalq kütləvi surətdə aksiyaya çıxıb, "Yeni iş yerləri açmayın", "Yoxsulluğu azaltmayın, qoyun, acından ölək", "Kriminal avtoritetlərə imkan verin hər axşam saat 6-dan sonra küçələrdə at oynadıb, qarşımızı kəsib, olanımızı alsınlar" deməlidir?

İnsan haqları

4. İnsan haqq və hüquqlarının pozulması.

Artıq Azərbaycan xalqı çox yaxşı dərk edir ki, insan azadlığı, insan haqları və s. anlayışlar dünyanın heç bir ölkəsində - o cümlədən "demokratiya beşiyi" ABŞ-da da ideal səviyyədə deyil. Dünya həddən artıq kiçilib və informasiya əsrində yaşayırıq. ABŞ-da heç bir səbəb olmadan həbs edilməsi üçün yerə yıxılmağa məcbur edilən qara dərili şəxsin polislərin kobudluğu - üstünə çöküb nəfəs almağa imkan verməmələri nəticəsində boğulub öldüyünü də, polislərin aksiyaçılara atəş açıb, "sabitliyi pozduqları üçün" mitinqçiləri öldürdüyü faktlarının da; polisin və ya məhkəmənin "səhvindən" heç bir günahı olmayan və ömürlük həbsə məhkum edilən insanların 20 ildən sonra günahsızlığının sübut olunması səbəbindən azadlığa buraxılmasını və buna görə, yalnız "dövlət sizdən üzr istəyir" deyildiyinin də şahididir.

Əlbəttə, Azərbaycanda da insan haqları ideal vəziyyətdə deyil; əlbəttə, Azərbaycanda da yanlış həbslər olur... Ancaq bu yanlış həbslər heç vaxt 20 il çəkmir, polis tapançanı çıxarıb, əlindəki dönəri "səhvən" silah zənn etdiyi adamı küçənin ortasındaca, hamının gözü qabağında güllələmir.

Ədalətsizliklərin baş verdiyi anda isə yuxarı instansiyalar mütləq şəkildə işə qarışır və ədaləti bərpa edirlər.

Azərbaycanda hüquqi dövlət var: bütün instansiyalarda hüquq mübarizəsi aparmaq imkanı hamıya verilib. Üstəlik, Avropa Məhkəməsinə müraciət etmək imkanını da Azərbaycan hakimiyyəti hər bir vətəndaşın üzünə açıb.

Bütün bunların fonunda Azərbaycan xalqı artıq yaxşı bilir ki, insan haqları supergüclərin əlində başqa ölkəni işğal etmək alətidir – Yaxın Şərqdə baş verən gündəlik qətliam xəbərləri gözləri yağır edib. Belə vəziyyətdə hansı ciddi "insan haqları pozuntusuna görə" etiraza qalxmalıdır?

***

Bu siyahını uzatmaq da olar. Fakt isə dəyişməz: ölkədə nəinki kütləvi etiraz, bircə izdihamlı mitinqə səbəb olacaq heç bir siyasi yanlışlıq yoxdur. Ona görə də hətta mitinqə yol və yemək xərcini qarşılamaq bahasına belə insan gətirmək olmur. Çünki bu ölkədə 4-5 saat ayaqüstə inanmadığı siyasi liderə çəpik çalmaq hesabına ödənilən 10 manat kimsəyə lazım deyil: istənilən şəxs 4-5 saatını normal günəmuzd işə sərf edib, bundan dəfələrlə artığını qazanmaq imkanında olduğunu yaxşı anlayır.

Müxalif liderlər bu reallığı bilmir?

Əlbəttə bilir və təsadüfü deyil ki, hər 3 mitinqdə ölkədəki "radikal kəsimə" stavka etmək uğrunda partiya sədrlərinin çabaları özünü göstərdi. Sanki radikal islamçılara pənah aparırdılar.

Qəribəsi odur ki, bu siyasilər nə qədər gecikdiklərini anlamırlar. Nardaranın "radikallarına" stavka etmək üçün növbəyə duran siyasətçilər bilmirlər ki, Azərbaycan hakimiyyəti artıq Nardaranı xarici xüsusi xidmət orqanlarının işğalından çoxdan azad edib. Bu və Bakının digər – xarici xüsusi xidmət orqanlarının əlini ilişdirməyə nail olduğu – qəsəbələrində elə abadlıq işləri aparılır ki, Avropa ora həsəd apara bilər: kommunal borcları dövlət hesabına silinib, istixanalarına geniş şərait yaradılıb, küçələri, parkları təmir edilib, təsərrüfatlarını inkişaf etdirmək üçün subsidiyalar ayrılıb.

Sovet zamanında belə Nardaranda polis bölməsi yox idi, sanki bu qəsəbə sovet hökumətinin "yadından" çıxmışdı. Ancaq artıq bir neçə aydır ki, Nardaranda polis bölməsi fəaliyyət göstərir və sakinlər də o quruma güvənib, sənədi olmayan silahlarını çoxdan təhvil veriblər.

Yəni, birdəfəlik anlamaq lazımdır ki, Azərbaycan hakimiyyətinin düşünən beyinləri həddən artıq ağıllıdır: ölkənin və insanların rihafı üçün hər şey edir, dövləti gücləndirir, ölkə daxilində özünə qarşı çevrilə biləcək adi və xırda boşluqları dərhal aradan qaldırmağı bacarır və siyasi opponentinə heç bir şans tanımır.

Müxalifət olmamalıdır?

Əlbəttə, ölkəyə müxalifət lazımdır; ölkənin inkişafı və bəzi milli məsələlərdə müxalifət hakimiyyətlə birgə çox bəlaların öhdəsindən gəlir – necə ki, Türkiyədə Dövlət Baxçalı 15 iyul qiyamının qarşısında durdu və Ərdoğan da buna cavab olaraq Türkiyənin ən böyük parkının "Dövlət Baxçalı" adlandırılmasına nail oldu.

Ancaq radikal kəsimdən "güc almaq" üçün primitiv cəhd edən, nə yolla olursa-olsun aksiya keçirmək istəyən və dünyanın hazırkı geosiyasi durumunu düşünməyən korazehin müxalifət yox, düşünən, ölkənin gələcəyi üçün çalışan, təkliflər verən, ölkə üçün kadrlar yetişdirən, əcnəbi ölkə səfirlərinin qara niyyətinə qul olmayan, xaricdə ölkənin əleyhinə aparılan kampaniyalara qoşulmayan, ermənilərlə birlik yaradıb, dövlətin maraqlarını satmayan, əksinə, dövlət və milli maraqlar üçün hakimiyyətlə işləməyi bacaran müxalifət!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm