Əli Kərimli Müsavata qarşı oynadı, Milli Şuranı bir daha batırdı...
Bizi izləyin

Nida.az

Əli Kərimli Müsavata qarşı oynadı, Milli Şuranı bir daha batırdı...

2013-cü ilin prezident seçkiləri ərəfəsində Kremlin xeyir-duası ilə Azərbaycan müxalifətinin bir hissəsi Milli Şura adında bir qurum yaratdı. O zaman cəmi 2 ay ərzində aparılan müşahidələrdən, əldə edilən informasiyalardan bəlli oldu ki, millilikdən heç bir əsər-əlamət yoxdur bu təşkilatda; Moskvanın projesidir, məhz dövlətçiliyimizin əsaslarının, demokratiya təməllərinin əleyhinədir.

Xarici bir paytaxtda əsası qoyulan və oradan da idarə olunan bir təsisatın birbaşa dövlətə, millətə təhdid olduğu aksiomdur. Bu baxımdan, qurumun adının Milli Şura olması da gülüş doğurdu, doğurmaqda davam edir və bir el misalını yada salır; "Kasıb itinin adını "Gümüş" qoyar"...

Milli Şuraya "kabab qoxusuna gəlib uzunqulaq dağlandığını görən" bir qisim adam vardı, onlar tədricən uzaqlaşdılar; birinə para çatmadı, digəri abrına qısıldı, bir başqası məkrli oyunlarda iştirak etmək istəmədi və beləcə, MŞ AXCP-ni darmadağın, məhv etmiş Əli Kərimlinin yeni siyasi alətinə çevrildi. Hazırda onun rəhbərliyi altında 50-60 əlikərimliçi, "beyni yuyulmuş" adamlar bu təşkilatda necə deyərlər, su bulandırmaqla, oyun oynamaqla məşğuldur. Hazırda bu qurum Əli Kərimlinin patronajlığı altında indi də ermənilərlə birgə anti-Azərbaycan layihələrinə qoşulub. Bunun detallarına az sonra dönəcəyik, hələlik tarixə ekskurs etmək zərurəti var:

Əslində, Əli Kərimli düz 21 ildir – 1995-ci ilin parlament seçkilərindən üzü bu yana xəyanətkar oyunların lideridir. O zaman parlamentə düşmək, mandat almaq üçün demokratik düşərgəyə etdiyi xəyanət bir müddət öncə rəsmi şəkildə etiraf edildi, YAP funksioneri, deputat Siyavuş Novruzov bunun konkret detallarını açıqladı və Əli Kərimlinin 1995-ci ilin parlament seçkilərində hökumətlə əməkdaşlıq etdiyini ilk dəfə bəyanladı. Əlbəttə, biz bunu daha öncələr də yazmışdıq, demişdik, Siyavuş Novruzovun açıqlaması isə sözün həqiqi mənasında son ifşa oldu...

Daha sonra bu adam 2000-ci ilin parlament, 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkilərində də eyni oyunları oynadı. Hər zaman bu adam müxalifətin hansısa bir uğuru ola biləcəyi ehtimalı yarananda arxadan bıçaq saplayıb. Kərimli 2005-ci ilin parlament seçkilərindən sonra 26 noyabr mitinqində "əyilin oturun burada, mənim xalqım" deyərək təxribat törədib, prosesi xəyanətkarcasına bitirdikdən sonra imicini düzəltmək işini həyata keçirir illərdir. Onun "radikal" obrazını yaratması isə "yağış yağdı, çatlar örtüldü" siyasətidir. Bu məqsədinə çatmaq, yəni "sərtəm, dönmərəm" obrazını formalaşdırmaq üçün isə o, ətrafındakı adamları "uf" demədən qurban verir, türmələrə yola salır...

Buradaca bir incə məqama diqqət edək. Dəfələrlə belə fikirlər də qeyd edilib ki, əgər gəncləri radikal siyasətə qoşmaq yaxşı işdirsə, Əli Kərimli niyə öz oğlunu ölkəyə gətirib, proseslərə qoşmur. İndi ortaya başqa bir məsələ çıxıb; Ə.Kərimli oğlunu proseslərə qoşub, indi onun Londonda təhsil almış oğlu Türkel Kərimli ermənilərlə birgə anti-Azərbaycan layihəsində iştirak edir, Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğlu Armen Saakyanla, ermənipərəst konqresmen Cim Makqavernlə birlikdə ABŞ-da Azərbaycan əleyhinə təşkil olunan dinləmələrdə onlarla eyni mövqedən çıxış edir, dövlətimiz əleyhinə məruzə söyləyir...

Faktiki olaraq Əli Kərimli fəaliyyətinin miqyasını böyüdüb, indi ermənilərlə birgə çalışırlar, təkcə demokratik düşərgəyə deyil, bütövlükdə dövlətimizə, milli maraqlarımıza xəyanət edir. Yeri gəlmişkən, 2 aprel döyüşləri zamanı da Azərbaycanda iqtidarlı-müxalifətli bütün güclər eyni mövqedən çıxış etdilər. O zaman yalnız Əli Kərimli dövlət maraqlarına ziyan vuran mövqedə dayandı, yalnız onun "cəbhəsindən" çatlaq səslər eşidildi. İndi də Azərbaycan üçün danışıqlar prosesində çox həssas bir dönəmdə, MDB dövlət başçılarının iclası keçirilən, Qarabağ məsələsi prezidentlər səviyyəsində müzakirə olunan bir vaxtda bu adam ermənilərlə birlikdə Azərbaycan əleyhinə proses aparır...

Milli Şura belə olmalıdırmı? Adından göründüyü kimi, təbii ki, yox. Amma ortada çox maraqlı bir düşüncə də formalaşdıran reallıq var: Əli Kərimli sanki qarşısına çıxan, əli yetən, ünü çatan nə varsa hər şeyi dağıtmaq, məhv etmək, xəyanətləri hər yerdə həyata keçirmək missiyası götürüb. Milli maraqlara da xəyanət edib, dostlarına, müttəfiq partiyalara da zaman -zaman "atıb", birgə mübarizəyə arxadan zərbə vurub. Son projesi olan Milli Şuranın imici zatən ləkəli idi, 11 və 17 sentyabr mitinqləri şousu ilə Əli ona son zərbəni vurdu və beləcə Milli Şuranı da bitirdi. 11 sentyabrda deyirdilər ki, bəs, mitinqə minlərlə adam qatıldı. Əli buna adətkardır; 5-10 adamı bir yerdə görəndə eyforiyaya qapılır. 11 sentyabrda hay saldı ki, baxın, camaat hakimiyyətdən narazıdır, tez-tez toplaşaq bura. 17 sentyabrda isə tam biabır oldular.

Beləcə, Milli Şura da getdi iş-gücünə. Adamın xisləti budur. İstədi ki, Müsavat Partiyasını qabaqlasın, onlara (iqtidara yox) güc göstərsin, Müsavatın 18 sentyabra təyin etdiyi mitinqi pozsun. Bəlkə də nail oldu- 11 sentyabr aksiyasından sonra müxalif düşərgədə yaranan eyforik nikbinlik bu gün sona çatdı. Əli Kərimli özü və Milli Şurası ilə bərabər, bütün düşərgədə közərən ümidləri də məhv etdi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm