Əlvida, Azərbaycan müxalifəti
Bizi izləyin

Nida.az

Əlvida, Azərbaycan müxalifəti

Vidkun Kvislinq lüteran keşişin oğlu idi və o, Norveçin ən qədim, məşhur nəsillərindən birinin mənsubu idi.

1931-1933-cü illərdə Norveçin müdafiə naziri olmuş bu şəxs mitinqlərdə və nümayişlərdə çıxış etməyi çox sevirdi. O, tribunaya çıxan kimi sağ əlini qaldırıb uzağı, üfüqlərdən o yandakı naməlumluğu göstərərək "İrəli, yalnız irəli! Belə yaşamaq olmaz!" deməyi çox sevirdi. Etnos, dövlət, tarix, qədim köklər və işıqlı gələcək barədə danışmağı çox sevən, hər çıxışı patetika ilə pafosun qarışığı olan bu adamın tərəfdarları, ona inananlar da vardı. Amma az sonra məlum oldu ki, Kvislinq alman nasistlərinin marionetkasıdır, idarə olunan fiqurdur.

Kvislinq Norveç tarixində milli xəyanətkar, satqın kimi düşüb və belə də qalasıdır.
Azərbaycanda indi Kvislinq təkilər var və onların kimliyi diqqətli oxucularımıza, prosesləri anlamağa çalışan hər vətəndaşa bəlli olduğundan bir daha adlar və soyadları çəkməyə lüzum görmürük.

Zərurət son günlərdə AXCP, Milli Şura və Müsavatın mitinqlərində səslənən ifadələr, edilən çıxışlar və çağırışların mahiyyətinin aşkarlanması ilə bağlıdır.

Müxalifətçilər 11, 17 və 18 sentyabrdakı mitinqlərin fiaskoya uğramasında, Bakının "Yasamal" rayonundakı "Məhsul" stadionuna vəd olunandan on dəfələrlə az insanın toplanmasında, faktiki və real məğlubiyyətlərinin səbəblərini həmişəki kimi öz marazmatik siyasətlərində, yarıtmaz fəaliyyətlərində və xalqın onları qəbul etməmələrində yox, hakimiyyətdə görürlər. Onlar süni əngəllərin yaradılmasını israrla təkrarlamaqdan tutmuş, pis hava şəraitinədək ən müxtəlif bəhanələri səsləndirirlər.

AXCP və Milli Şuranın iki mitinqinin iki rüsvayçılığa çevrilməsi barədə yazdıq.
Müsavatın dünənki mitinqi də müxalifətin pərişanlığı olduğundan, bu partiyanın rəhbərlərinin iddialarının absurdluğuna nəzər salaq.

1. "Sloqanımız uğurlu idi!"

"Respublikanı qoru!" Müsavat Partiyasının dünən "Məhsul" stadionunda keçirdiyi mitiqin sloqanı belə idi.
Partiyanın sabiq sədri İsa Qəmbər və indiki başqanı Arif Hacılı respublikanı kimdən, nə zaman, niyə və necə qoruyacaqları barədə "spiç" söyləsələr də, onların nitqlərinin məzmunu son onillərdəki ifadələrdən xali deyildi.
1990-cu illərin bağırtılı eyforiyasından, çığırtılı şüarçılığından hələ də qurtula bilməyən İsa Qəmbər və Arif Hacılı dueti yenə də "Vətənin başı üzərini alan qara buludlar"dan, "dilənçi həddinə çatmış xalq"dan, "işsizlər ordusunun artmasından" və digər vəhşətlərdən bəhs etdilər.

İsa Qəmbər hətta çıxışına rəqəmlərlə rövnəq vermək və daha səbatlı təsir bağışlamaq üçün statistik göstəriciləri səsləndirdi, məntiqli görünməyə çalışdı. Amma onun bir sözlərindəki aşkar ziddiyyətlər, guya iqtibas gətirdiyi rəqəmlərin yanlışlığı mitinqə toplaşanlara belə, əyan idi.

"Respublikanı qoru!" sloqanı yazılmış ağ parçanın büründüyü tribunada duran İ.Qəmbər həmin anlarda özünü bəlkə də Magistr Yoda kimi hiss edirdi.

O Yoda ki, amerikalı kinorejissor Corc Lukasın çəkdiyi "Star Wars" fantastik kinosaqasında cedayların müəllifi və rəhbəri olmaqla yanaşı, Respublikanın baş mühafiziydi.

Bəlkə də Müsavat rəhbərliyi elə həmin kinosaqanın "The Clone Wars: Defenders of the Republic" ("Klon savaşları: Respublikaçının qoruyucuları") filmindən ilham alaraq mitinqi "Respublikanı qoru!" sloqanlı etmişdilər - kim bilir...

İsa Qəmbər parlamentin spikeri, Arif Hacılı da ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri vəzifəsində çalışanda Azərbaycan Respublikasını qorumaq üçün nə etmişdilər? Fizuli rayonuna, döyüş bölgəsinə qısamüddətli səfərdən savayı, praktiki olaraq heç nə.

Sürət Hüseynov Gəncədə qiyam qaldıranda tribunaya çıxaraq həyəcanlı səslə az qala qiyamətin yaxınlaşdığını anons edən Arif Hacılı idi ki, həmin çıxışda onun vəziyyətini birmənalı dəyərləndirməyənlər o zaman yetərincə idi.

Arfi Hacılının Müsavat başqanı postuna "seçilməsi", bu seçkilər ərəfəsində partiyada çox böyük qalmaqalların yaşanması, seçkilərin keçirilməsi və səslərin sayılması proseslərinin saxtakarlıqla müşayiət olunması ilə bağlı iddiaların hələ də səngimədiyini də unutmayaq.

Əvvəllər postunu, sonra partiyasının bütünlüyünü, ən başlıcası isə intellektual kəsimini qoruya bilməyən Arif Hacılının indi "Respublikanı qoruyacağı"nı düşünmək sadəlövhlüyün ən maksimal forması sayıla bilər.

2. "Müsavatın mitinqində çıxışlar gerçəyi əks etdirirdi"

Bu sözlər Arif Hacılı ilə İsa Qəmbərin çıxışlarının leytmotividir. Halbuki, onlar, gerçəkdən, bir kəlmə də danışmadılar, əksinə 24 ildən bəri qurtula bilmədikləri illüziyalar aləmində qaldıqlarını bir daha göstərdilər.
Orta Asiya ölkələrindəki "akın"ların, yəni yerli aşıqların, şifahi xalq yaradıcılığının görkəmli nümayəndələrinin ifalarını adətən "nə görürəm, onu oxuyuram" tipologiyasına şamil edirlər. Akınların ifaları bəzən 7 sutka çəkir və dinləyicilər də bahadırların igidliklərdən bəhs olunan uzun-uzadı mahnılara bəzən əsnəyərək qulaq asırlar.

Arif Hacılı-İsa Qəmbər dueti də "Məhsul" stadionunda çıxış edəndə mitinqə toplaşanlar arasında əsnəyənlər az deyildi. İş o yerə çatdı ki, hətta onlarla müsavatçı - İsa bəyin xətri xoş olsun deyə mitinqə qatılmış təsadüfi insanları belə adlandıraq - Arif Hacılının çıxışı başa çatmamış meydanı tərk etdilər.

3. "Hakimiyyət mitinqə imkan verməmək üçün əlindən gələni etdi"

Müsavat rəhbərliyinin daha bir "fenomenal ittihamı"dır bu. Hakimiyyət nə etdi?! "Məhsul" stadionuna gedən yollar bağlandı, giriş qapısının önündə barrikadalar quruldu, mitinqə gedənlər yarıyolda həbs olundu və ya onlar real hədələr eşitdilər?! Bəlkə polis "Məhsul"un qarşısında hamını saxlamağa, tutmağa çalışdı?!

Xeyr, bütün bunlar yoxdu və Müsavat rəhbərliyinin absurd iddialarının tam əksinə olaraq, "Məhsul"un qapıları açıqdı. Polis əməkdaşları isə elə mitinq iştirakçılarının təhlükəsizliyinin təminatı ilə məşğuldu.
Digər tərəfdən, İsa Qəmbərlə Arif Hacılı özlərini "müxalifət liderləri" sayırlar. İsa Qəmbər hələ bir qədər "təvazökar"dır, çünki Arif Hacılının göstərişi ilə onun Wikipedia-dakı səhifəsində "Arif Hacılı Azərbaycan müxalifətinin lideridir" (!) yazılıb. "Liderlərindən biri" yox, məhz "lideri" - Arif Hacılı siyasi natamamlıq kompleksindən qidalanan ifrat iddialarını və ambisiozluğunu həmin səhifədə də nümayiş etdirib.

İstənilən zaman, istənilən ölkədə müxalifət kütləvi aksiya (oxu: mitinq, yürüş, nümayiş, piket və s.) keçirirsə, hakimiyyətin davranışı, icazə verib-verməməsi, cəza mexanizmini işə salıb-salmaması nəzərə alınmır, çünki müxalifət qarşısına qoyduğu məqsədə doğru qətiyyətlə irəliləyir, bütün maneələri dəf edir, qurbanlar bahasına olsa da, niyyətini gerçəkləşdirməyə çalışır.

"Bizə icazə vermədilər, "Bizi sıxışdırdılar" tipli yalanlar isə bacarıqsızlıq və yarıtmazlığın pərdələnməsi cəhdi ilə yanaşı, Azərbaycan müxalifətinin, xüsusilə də Müsavatın geniş xalq kütlələri arasında dəstəkdən məhrum olduğunun nişanəsidir.
Əks təqdirdə, Müsavat Partiyasının mitinqinə Azərbaycan əyalətlərində adi toya yığışan qonaqların orta statistik sayından iki dəfə az, təqribən 300 nəfər yığışmazdı.

Meydandakı o, 300 nəfərin də tam əksəriyyəti Facebook-da "müxalifət aslanları" funksiyasını yerinə yetirən "trol"lardılar.

4. "Dindarlar, möminlər, imanlı qardaşlar bizimlədir!"

Müsavat rəhbərliyi ölkədəki radikal dindarları tərəfinə çəkmək, onlardan faydalanmaq, təşkil etdiyi aksiyalara qatılanların sayını bu minvalla artırmaq niyyətindədir. İsa Qəmbərlə Arirf Hacılı bəyan edirlər ki, "həbsxanalardakı imanlı qardaşlar dərhal azad olunmalıdır".

Əcəba, Musavatın sabiq və indiki başqanları bu açıqlamalarının nə qədər saxta, bəyanatlarının siyasi möhtəkirlik ruhlu olduğunu nədən belə ciddi şəkildə pərdələməyə çalışırlar?! Axı onların yeganə məqsədi radikal dindar qrupların mənsublarının AXCP və Milli Şuraya qatılmasına imkan verməmək, bu minvalla guya "ölkədə müsavatçılarla dindarların ittifaqına nail olmaq" istiqamətində çalışdıqlarını göstərməkdir.

Azərbaycanda zorakı hakimiyyət dəyişikliyinə, qiyama, kütləvi iğtişaşlara çağırışlar edən, Konstitusiyada bəlirlənmiş idarəetmə sisteminə qarşı çıxan və bu sistemi dağıtmaq niyyətlərini gizlətməyən, hüquq-mühafizə əməkdaşlarının qətlə yetirilməsi ilə müşayiət olunan qanlı hadisələrdə iştirakda suçlanana adamları "imanlı şəxslər" adlandırıraq bununla yetinmək siyasi mimikriya, məqsədə çatmaq üçün ən natəmiz vasitələrdən çəkinməməkdir.

Gərçi AXCP sədri Əli Kərimli oğlu Türkel Kərimlini özünə "varis" hazırlamaq niyyətindəydisə, ABŞ Konqresində Azərbaycana qarşı olan dinləmələrdə tələbə "Cunior" Kərimlinin Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın oğlu Armen Saakkyanla eyni səfdə oturması ata Kərimlinin ümidlərinin puç olmasıdır.
Türkel Kərimli bu davranışı ilə hələ başlamadığı siyasi karyerasını faktiki olaraq məhv edib, çünki düşmənlə, terrorçuların nümayəndəsi ilə eyni cərgədə Azərbaycana hücum etməyə çalışan insandan ölkəmizin mənafeyini, vətəndaşlarını maraqlarını düşünəcək siyasətçi ola bilməz. Beləsi ən yaxşı halda sırf merkantil maraqlarının təminatına çalışacaq, fürsət tapan kimi Vətənə arxadan zərbə endirəcək, xəyanətlərini sıralayacaq.

4. "Tərəfdarlarımızın sayı yüz minlərlədir!"

Müsavat rəhbərliyi belə deyir. Amma "Məhsul"dakı mitinqə 300 nəfər toplayır, sentyabrın 24-nə təyin edilən mitinqə bel bağlayır. Siyasi xəyanətin maestroları olan bu insanların vədlərinə aldananların sayı fasiləsiz azalsa da, onlar hələ də eyforiyadadır, hansısa "kütləvi dəstək"dən bəhs edirlər.

Xalq onlardan üz döndərib, onlara inanmır. Məsələ vətəndaşların nədənsə çəkinməsi deyil, çünki heç bir hakimiyyət, heç bir idarəetmə sistemi və ya iqtidar konstruksiyası qəzəblənmiş xalqın qarşısını ala bilməz.
"Kütləvi xalq narazılığı"ndan bəlağətlə, pafosla danışan Arif Hacılı üçün "Məhsul"dakı mitinq soyuq duş oldu: həmin duşa bir qədər əvvəl Əli Kərimli ilə Cəmil Həsənli məruz qalmışdılar.

Facebook-dakı 2-3 min "trol"un, əksəriyyəti bir neçə, hətta onlarla saxta profil sahibləri olan insanların "like"lər vasitəsilə "sanballı siyasətçi imici" yaratdıqları Müsavat rəhbərliyi hətta qıcıqlı münasibət bəstəlikləri AXCP lideri Əli Kərimlidən də zəif siyasi demaqoqlar olduqlarını əyan etdilər.
Xalq yenə onları eşitmədi, eşitmək istəmədi.

Nədən? Çünki bu siyasət dəllalları yalnız problemləri sadalayır, çətinliklərin həlli üçün heç bir konkret proqram, alternativ inkişaf istiqaməti göstərmirlər.

Azərbaycanda hakimiyyətin uğuru, dövlət başçısına xalqın dəstəyi də məhz iqtidarın problemlərin həlli üçün axtarışlarında, rüşvətxorluq və korrupiya ilə mübarizədən tutmuş, sosial təminatın yaxşılaşdırılmasınadək ən geniş spektrdə real işlər görməsindən də qaynaqlanır.

Belə fəaliyyətin fonunda Arif Hacılı və İsa Qəmbər siyasi arxaizmə dönür, milli demokratiyasının pafos sərgisindəki kunst-kamera obrazlarını xatırladır.
Xalq zamanın tozu basmış belə siyasətçilərdən, hələ də 1990-cı illərdə qalanlardan usanıb.
Xalq stabillik, normal yaşam, sabaha ümid istəyir ki, bunu da insanlara ölkə hakimiyyəti verir.
Müsavat lideriləri gerçəyi görmək istəmədiklərindən "mitinq" adlı toplantılarda rüsvay olmağa razılaşır, amma unudulduqlarını, xalqa gərək olmadıqlarını etiraf etmirlər.

Onların hikkələri o qədərdir ki, utanmasalar "Mitinqlərimizə gəlməyən bu xalq istefa verməlidir!" də deyərlər.
Hələ ki, demirlər.

Amma deyə də bilərlər: Arif Hacılı axı özünü Ulyanov-Lenin sayır, "Lider mənəm" söyləyir. Halbuki, AXCP, Milli Şura və Müsavat faktiki olaraq ölkə müxalifətinin tabutuna son mıxları vurmaqla məşğuldur./Milli.Az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm