Bakının Qarabağ üçün xilas planı: İrəvan bütün cəbhələrdə məğlub olur
Bizi izləyin

Nida.az

Bakının Qarabağ üçün xilas planı: İrəvan bütün cəbhələrdə məğlub olur

Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan Madrid prinsiplərini yenidən gözdən keçirmək fikri ortaya atılıb.

Publika.az xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Madrid prinsiplərinin "gözdən keçirilməsi" haqda danışıb.

Burada ən diqqətçəkən məqam Ermənistanda hökumətin dəyişikliyi fonunda bu fikirlərin səsləndirilməsidir. Ermənistanın baş naziri Ovik Abramyan istefaya göndərildi. Hansı ki, biznesmen Qaqik Sarukyanın kürəkəni olan Obramyan qayınatasının Sarkisyanla anlaşmasından sonra bu posta gətirilmişdi. Onu birbaşa Kremlin ən yaxınında olan Karen Karapetyan əvəz etdi. Ehtimallara görə, Karapetyanın baş nazir postuna gətirilməsi həm də Dağlıq Qarabağa münaqişəsinin həlli üçün Rusiyanın irəli sürdüyü planın tətbiqini sürətləndirməkdir.
Bu dəyişiklik kontekstində Madrid prinsiplərinin yenidən gündəmə gətirilməsi ilə Ermənistanın nə etmək istədiyi də maraqlıdır.

İrəvan bu prinsiplərdən imtina edə bilməz. Çünki bunun baş verməsi indiyə qədər aparılan danışıqların sıfırlanması deməkdir. Deməli burada başqa məqamlar var.

Erməni jurnalist Aram Amatuninin şərhi bu məqamda diqqət çəkir.


"Hesab etmək olar ki, İrəvanın Madrid prinsiplərini gündəmə gətirməsi danışıqlar prosesinin sürətləndirilməsinə xidmət edir. Çünki bu prinsiplər 2007-ci ildə - Robert Koçaryanın prezidentliyi, Vardan Oskanyanın xarici işlər nazirliyi dövründə qəbul olunub. Sarkisyan hakimiyyəti dövründə də bu prinsiplər əsas tutulub. İndi hakimiyyətin ötürülməsi ərəfəsində yenidən bunun gündəmə gəlməsi ortada ciddi güzəştlərin olduğunu deməyə əsas verir. Belə görünür ki, İrəvan hakimiyyət dəyişikliyinə paralel şəkildə Qarabağ münaqişəsində də güzəştləri aparacaq", - deyə erməni jurnalist qeyd edib.

***

Hazırda Ermənistanın iqtisadi və siyasi vəziyyəti ağırdır. Bunun fonunda erməni diplomatiyası rəsmi Bakının qarşısında duruş gətirə bilməyəcəyini də anlayır. Son günlər gündəmə olan iki hadisə də bunu təsdiqlədi.


1. İlham Əliyev Sarkisyanı yerində oturtdu.

Sentyabrın 16-da MDB dövlət başçılarının Bişkekdə keçirilən iclasında Serj Sarkisyan aprel döyüşlərinə görə Azərbaycanı ittiham etməyə başladı. Prezident İlham Əliyevin "yalanlarınızla bütün dünyanı bezdirmisiniz" deyə sərt reaksiyasından sonra Sarkisyanın dili topuq çaldı. O, "Yalana cavab vermək mənasızdır" deyərək, özünü güclü göstərməyə çalışanda, İlham Əliyev "Mən artıq yalana cavab verdim" sözləri erməni prezidentini "siyasi nokaud"a saldı. Bu, Sarkisyanın timsalında bütün Ermənistan diplomatiyasının məğlubiyyəti idi.

Erməni jurnalist Qraçya Qalustyanın Bişkekdə baş verənlərlə bağlı yazdıqları İlham Əliyevin sərt sözlərinin Ermənistan ictimaiyyətinə təsirini aydın ifadə edir.

"Serj Sarkisyan Bişkek iclasında aprel hadisələrinə toxunaraq Azərbaycanın ünvanına tənqidlər səsləndirdi. O, yavaş-yavaş, yeknəsək, darıxdırıcı və bəzən səhvlər buraxaraq kağızdan oxuyurdu. Onun nitqi hamının əsnəməsinə səbəb oldu. Artıq bu, birinci biabırçı fakt idi. Çünki bizim ölkəni savadsız təqdim edir, onun çıxışı ilə kolleqalarının heç biri ona hörmət etmirlər. Həm də bunu gizlətmirlər belə. Axı, birinci dəfə deyil. Hətta Vladimir Putin belə Sarkisyana hörmət etmədiyini nümayiş etdirdi. Ermənistan prezidentinə hörmət qoyulmadığı daha sonra açıq şəkildə ortaya çıxdı. Belə ki, əlifba sırası ilə Belarus prezidenti Aleksandr Lukaşenko çıxış etməli idi. Lakin İlham Əliyev Lukaşenkodan çıxış üçün icazə istədi. O rədd edə bilərdi, amma kimə görə, Serj Sarkisyana görəmi? Lukaşenko Əliyevə Sarkisyanı alçaltmağa şərait yaratdı. İlham Əliyev "Ermənistan tərəfi şikayətləri ilə artıq bütün beynəlxalq təşkilatları bezdirib" deyə bildirdi. Bu, açıq şəkildə Sarkisyanı, ümumiyyətlə Ermənistanı şillələmək idi. Özü də bu şillə medianın və prezidentlərin önündə gəldi. Hər kəs Əliyevə hörmətlə qulaq asdı. Sarkisyan isə canını yazıq fraza ilə qurtarmağa çalışdı: "Yalana cavab vermək mənasızdır". Dərhal Əliyevdən növbəti zərbə gəldi: "Mən artıq yalana cavab verdim". Diplomatiyanı və mübahisə etməyi bacarmayan, müzakirələrdən qaçan bu adama niyə dözməliyik?", - Q. Qalustyan yazıb.


2. Beynəlxalq arenada Azərbaycanın irəliləyişi

Venesuelada keçirilən Qoşulmama Hərəkatının zirvə toplantısında Dağlıq Qarabağla bağlı qərar qəbul edildi və Ermənistanın işğalçı olduğu faktiki olaraq təsdiqləndi. Qoşulmama hərəkatında 120 ölkənin təmsil olunduğunu nəzərə alsaq, bu, bütün beynəlxalq ictimaiyyətin erməni işğalçılığını təsdiq etməsi deməkdir. Başqa sözlə, İlham Əliyevdən Bişkekdə şillə yeyən Sarkisyandan sonra, Ermənistanın işğalçılıq siyasəti 10 dövlət tərəfindən qəbul olundu. Bu, ard-arda iki zərbə deməkdir.

***

Baş verənlər fonunda Ermənistanın Madrid prinsiplərini gündəmə gətirməsi erməni ictimaiyyətini əraziləri qaytaramağa hazırlamaq gedişi olaraq qəbul olunmalıdır. Lakin o da faktdır ki, erməni əhalisinin əksər hissəsi Qarabağın qaytarılmasına razıdır. Onlar sadəcə müharibə istəmir.

Ermənistanda "Region" Tədqiqatlar Mərkəzinin direktoru Laura Baqdasaryanın 20 gün öncəki açıqlaması bunu sübut edir.

Mərkəzin direktoru deyir ki, Ermənistan ictimaiyyəti münaqişənin həll olunması və müharibənin baş verməməsi üçün əraziləri qaytarmağa hazırdır.

"Əvvəllər Qarabağ məsələsi erməni cəmiyyəti üçün dördüncü, beşinci yerdə idi. Əsas diqqət həmişə daxili problemlərə yönəlmişdi. Aprel döyüşlərindən sonra isə cəmiyyət ordudakı səhvlərdən danışmağa başladı. İnsanlar anladılar ki, Qarabağda baş verən hər hansı hadisə Ermənistan üçün itkidir. Cəmiyyət Qarabağ münaqişəsinin nizama salınmasının mümkün variantlarını müzakirə etməyə başladı. Hazırda erməni cəmiyyəti müharibədə döyüşməmək üçün Qarabağı güzəştə getməyə razıdır". (http://publika.az/p/148349).

Göründüyü kimi, rəsmi Bakının diplomatiyası qalib gəlir. Bu qalibiyyət həm də Qarabağın azad olunması işini sürətləndirir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm