Daha dəhşətli müharibə xəbərdarlığı, Qarabağ gizlinləri, “B planı”... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Daha dəhşətli müharibə xəbərdarlığı, Qarabağ gizlinləri, “B planı”... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Suriyada atəşkəs razılaşması faktiki olaraq uğursuzluğa düçar olub və qarşıdurma yeni mərhələyə keçib. Bir neçə ildən sonra Vaşinqton nəhayət ki, Ankaranın təklifini dəstəklədi. ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya silah çatdırılmasına icazə verən qanun layihəsini bəyəndi. Donbasda vəziyyət gərginləşə bilər. ABŞ-da qaradərili vətəndaşın polis tərəfindən qətlinə qarşı etiraz aksiyaları keçirilir. KİV isə Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovu "öldürdü". Ermənistanın keçmiş xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinin bəzi detallarını açıqlayıb.

Ermənistan Qarabağla bağlı nəyi gizlədir? – keçmiş nazirlər detalları açdı

"Azadlıq" radiosunun erməni xidməti Ermənistanın keçmiş xarici işlər nazirlərindən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinin bəzi detallarını öyrənib.

1993-96-cı illərdə xarici işlər naziri olmuş Vaan Papazyan ermənilərin bir məsələdə yalan danışdığını bildirib: "Mən bir sıra məsələləri tamamilə açmaq istəmirəm. Çünki danışıqlar prosesi hələ də gedir. Lakin onu deyə bilərəm ki, Azərbaycanın atəşkəs haqda xahiş etməsi, yaxud yalvarması haqda deyilənlər tamamilə yalandır. Hər iki tərəf münaqişə edirdi və hər iki tərəfin ordusu zəifləmişdi".

1996-1998-ci ildə Papazyanı əvəz edən Aleksandr Arzumanyan güzəştlərin məcburi və qaçılmaz olduğunu bildirib: "Kazanda, yaxud Madriddə qəbul olunmuş prinsiplər ətrafında həll paketini hazırlamaq olar" (http://publika.az/p/151234).

"B planı" hazır – 41 min hərbçi sərhədi keçəcək

Türkiyə İŞİD terror təşkilatının ən güclü olduğu məntəqələrdən biri olan Suriyanın Əl-Bab şəhəri ilə bağlı "B planı" hazırlayıb.

Azad Suriya Ordusu şəhəri azad edə bilməyəcəyi halda, "B planı" işə salınacaq. Məlumata görə, Azad Suriya Ordusunun bölgədə hazırda 1800 döyüşçüsü var. İŞİD-in isə 4 min döyüşçüsü Əl-Babı qorumaq üçün hazır vəziyyətdədir.

Türkiyə mediasının hərbi mənbələrdən əldə etdiyi məlumatlara görə, Suriyadakı əməliyyatlar üçün 41 min hərbçi Türkiyə-Suriya sərhədində hazır vəziyyətdə gözləyir. Sərhəd bölgəsində zirehli texnikanın cəmlənməsi davam edir.

İslam Kərimovun qızı öldürüldü? - DETALLAR

Sentyabrın ilk günlərində vəfat edən Özbəkistanın prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ruhi xəstəxanaya yerləşdirilib.

Bu barədə "nur.kz" saytına etibarlı mənbələr məlumat verib. Məlumata görə, Gülnarənin oğlu İslam Kərimov anası ilə əlaqə saxlaya bilmir.

2013-cü ildə İslam Kərimovun yerinə gələcəyi haqqında yayılan informasiyalardan sonra G.Kərimova atası tərəfindən Londonda ev dustağı edilib. Məlumata görə, onu hər həftə anası yoxlayıb.

Lakin bəzi mənbələr G. Kərimovanın Daşkənddə ev dustaqlığına olduğunu da deyirlər. Digər versiyaya görə, o dəlixanaya düşüb.

Başqa versiyada isə G. Kərimovanın hakimiyyətin sifarişi ilə xarici xüsusi xidmət orqanları tərəfindən öldürüldüyü deyilir. Onun atasının dəfnində iştirak etməməsi öldürülməsi ehtimalını daha da gücləndirib. Həmçinin, oğlu İslam Kərimovun anası ilə əlaqə saxlaya bilməməsi də diqqət çəkir.

Vaşinton Putinə qulaq asmadı - Kiyevə hücum başlanacaq!

ABŞ Konqresinin Nümayəndələr Palatası "Ukraynada sabitlik və demokratiyanın dəstəyi Haqqında" qanunu bəyənib.

Qanun Kiyevə ölümcül silahların çatdırılmasına icazə verir.

Prosedura əsasən, qanun layihəsi həmçinin Konqresin yuxarı palatası - Senat tərəfindən bəyənilməli və ölkə prezidenti tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp Ukraynaya silah verilməsinin əleyhinə olduğunu bəyan edib. Onun demokrat rəqibi, keçmiş dövlət katibi Hillari Klinton isə bildirib ki, prezident seçiləcəyi halda Kiyevə ölümcül silahı verə bilər.

Xatırladaq ki, rəsmi Moskva ABŞ-ın Ukrayna silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini dəfələrlə bəyan edib.

Rusiya ABŞ-ın Ukrayna ordusuna silah verəcəyi təqdirdə Kiyevi hücumla hədələyib. Ukrayna parlamentinin "Xalq cəbhəsi" fraksiyasının deputatı Anton Qeraşenko ötən il bildirib ki, Rusiya ABŞ-ın Ukrayna ordusuna silah verəcəyi təqdirdə Kiyevi hücumla hədələyib.

Deputatın sözlərinə görə, bu barədə ona Vaşinqtonda deyiblər.

"Mən Vaşinqtonda idim, bir sıra analitik qruplarla görüşdüm. Onlara sual verdim ki, Obama Ukraynaya silah verilməsi haqda Konqresin rəsmi qərarından niyə bu qədər inadla imtina edir? Mənə bildirdilər ki, Kremldən Obama və köməkçilərinə xəbərdarlıq edilib: əgər ABŞ Ukraynaya silah verərsə, o zaman bütün cəbhə boyu Kiyevə hücum etmək qərarı veriləcək. Çünki Amerika silah versə, dinamika Ukraynanın xeyrinə dəyişəcək. Biz Donetski geri alacağıq, Krımın blokadasını yaracağıq və Rusiya məğlub olacaq", - deyə o bildirib.

Ukrayna prezidenti Pyotr Poroşenko BMT Baş Assambleyasında çıxışı zamanı SOS verib. O, Krımın böyük hərbi bazaya çevrildiyini bildirib.

Ukrayna və Suriya konfliktlərinin eyni ssenari üzrə inkişaf etdiyini deyən dövlət başçısının sözlərinə görə, yarımadadan Suriyaya silahlar göndərilir.

ABŞ-dan Kiyevə XƏBƏRDARLIQ: "Əks halda Rusiya..."

ABŞ-ın vitse-prezidenti Co Bayden Kiyevi vəd verdiyi iqtisadi və siyasi islahatları yerinə yetirməyə çağırıb.

Bayden əks təqdirdə, Avropa Birliyinin Rusiya barəsində sanksiyalardan imtina edə biləcəyini bildirib. "Biz bilirik ki, hazırda ən azı beş ölkə Moskvaya qarşı sanksiyalardan "Biz çıxmaq istəyirik" demək istəyirlər", - vitse-prezident Nyu-Yorkda Beynəlxalq münasibətlər üzrə Şurada çıxışında deyib.

O, məhz hansı ölkələrin Rusiyaya qarşı sanksiyaların ləğvini dəstəklədiyini dəqiqləşdirməyib.

ABŞ Suriya müharibəsini Türkiyəyə keçirdi

ABŞ Səhiyyə Nazirliyi sosial şəbəkədəki səhifəsində Suriya lideri Bəşər Əsədin əleyhinə olan bir video paylaşıb.

Videoda İstanbulda nümayişə polis müdaxiləsi zamanı çəkilmiş bir kadra da yer verilib. ABŞ-a oxumağa gələn Sana adlı 25 yaşında bir suriyalı gəncin ailəsinin başına gələnlərdən bəhs edilən videoda müxaliflərin hökumət tərəfindən işgəncə ilə öldürüldüyü və bir çox adamın həbsə atıldığı bildirilir (VİDEO BURADA -http://publika.az/p/151197).

Kerridən Suriya ilə bağlı təklif

ABŞ dövlət katibi Con Kerri Suriyada atəşkəs razılığının xilas edilməsi üçün hərbi təyyarələrin ölkənin əsas bölgələri üzərində uçuşları dayandırmalı olduğunu deyib.

Con Kerri deyib ki, bu qadağa Suriyanın "Əl-Nüsra" Cəbhəsinə qarşı mübarizə aparmaq bəhanəsi ilə mülki vətəndaşları hədəf almasının qarşısının alınmasına kömək edə bilər. Qeyd edək ki, Türkiyə Suriyada uçuşa qadağan bölgənin yaradılması təklifi ilə dəfələrlə çıxış edib. ABŞ isə yalnız indi bu təklifə müsbət yanaşır. Suriya, İran və Rusiya uçuşa qadağan bölgənin yaradılmasına qarşıdır.

Con Kerri deyib ki, o, Vaşinqtonun hələ də diplomatik həll yoluna üstünlük verdiyini Rusiya üçün vurğulamağa çalışıb. Kerri əlavə edib ki, Suriyada münaqişənin bundan artıq pisləşə bilməyəcəyini düşünənlər yanılır. O, bildirib ki, Cenevrədə iki həftə bundan əvvəl Rusiya və ABŞ arasında əldə olunmuş atəşkəs planı qüsurlu olsa da, bundan daha yaxşı nəticəyə gətirib çıxaracaq başqa real alternativ mövcud olmayıb.

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer də Hələb şəhəri yaxınlığında humanitar yardım karvanına hücumdan sonra Suriyada müvəqqəti - üç gündən yeddi günə qədər uçuşlara qadağa zonasının tətbiqini təklif edib.

Suriya lideri Bəşər Əsəd isə bildirib ki, ölkədə savaşın bitəcəyi vaxtı heç kim bilmir. Onun sözlərinə görə, terrorçular Qərb ölkələrindən dəstək aldıqları müddət ərzində Suriya böhranı davam edəcək: "Heç kim bu yardımın nə vaxt kəsiləcəyini söyləyə bilməz".

Suriya prezidenti ABŞ təyyarələrinin Deyr əz-Zor şəhərində Suriya ordusunu hədəfə aldığını deyən Əsəd hücumun qəsdən planlaşdırıldığını iddia edib.

"ABŞ qəsdən ordumuzu vurdu. Bombardman azı bir saat davam etdi. Hələbdə humanitar karvanın atəşə tutulmasına görə bizi və Rusiyanı günahlandırmaq olmaz. Hökumətimiz heç vaxt Hələbə yardım göndərilməsini əngəlləməyib. Sadəcə, ABŞ-ın Suriyadakı terrorçulara qarşı Rusiya ilə birgə çalışmaq niyyəti yoxdur".

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Hərbi Hava Qüvvələri Suriya ordusunu hədəfə alıb. Nəticədə 62 hərbçi ölüb, 100 nəfər yaralanıb.

İŞİD terrorçuları paytaxt Dəməşq yaxınlığında Suriya ordusuna məxsus döyüş təyyarəsini vurub. Bu, son 4 gün ərzində ikinci analoji hadisədir. Terror qruplaşması daha əvvəl Deyr əz-Zor şəhərində Suriya ordusuna məxsus təyyarəni vurmuşdu.

Şimali Karolinada etirazlarla əlaqədar fövqəladə vəziyyət tətbiq edilib

ABŞ-ın Karolina ştatının qubernatoru polisin qaradərili şəxsi qətlə yetirməsi ilə əlaqədar etiraz aksiyalarının keçirildiyi Şarlott şəhərində fövqəladə vəziyyət tətbiq edib. Şəhərə Milli Qvardiyanın dəstələri göndərilib.

Şarlott şəhərində etirazlar artıq ikinci gündür davam edir. İğtişaşlar nəticəsində 15-dən çox polis xəsarət alıb, hüquq-mühafizə orqanlarının əməkdaşları dəfələrlə etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Cümə axşamına keçən gecə nümayişlər dinc şəkildə başlayıb. Amma sonradan insan izdihamı arasında atəş səsləri eşidilib. Etirazçılardan biri yaralanıb, onun vəziyyəti kritikdir.

Nümayişçilər polislərə butulka və petardlar atıb, şüşələri sındırıb, tonqallar qalayıblar.

Xatırladaq ki, çərşənbə axşamı 43 yaşlı qaradərili Kit Lamont Skottun polisin açdığı atəş nəticəsində ölümcül yaralanması, ardından isə xəstəxanada dünyasını dəyişməsindən sonra Şarlott sakinləri küçələrə axışıb. Polis Skottun əlində silah olduğunu və bilavasitə ölümcül təhlükə mənbəyi olduğunu iddia edir. Amma mərhumun qohumları onun silahsız olduğunu bildirirlər.

Məşhur müğənni: "Gündə beş dəfə namaz qılmasam da..."

Tatarıstanın Bolqar şəhərində yerləşən Ağ məcidin qarşısında yarıçılpaq vəziyyətdə göbək rəqsi edərək klip çəkdirən müğənni Razeda Qaniulina ondan inciyənlərdən üzr istəyib.

Müğənni klipin internetdən silinməsi barədə tələbləri qəbul etməyib (http://publika.az/p/151251).

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm