Xəzərin hüquqi statusu: Kim nə istəyir?
Bizi izləyin

Nida.az

Xəzərin hüquqi statusu: Kim nə istəyir?

Xəzərin hüquqi statusu: Kim nə istəyir?

Xəbər verildiyi kimi, Xəzər hövzəsində yerləşən ölkələrin dövlət başçılarının Rusiyanın Həştərxan şəhərində növbəti görüşü planlaşdırılır. Bu ilin sentyabr ayında planlaşdırılan liderlərin görüşündən əvvəl, aprelin 22-də zirvə toplantısına hazırlıq iclasının keçiriləcəyi bildirilir.

Xəzərin hüquqi statusunun müəyyənləşdirlməsi ilə bağlı məsələlər Türkmənistanın Nazirlər Şurasının iclasında gündəmə gətirilib. Türkmənistanın baş nazirinin sözlərinə görə, liderlər arasında keçiriləcək zirvə görüşündə Xəzər dənizinin hüquqi statusu müəyyənləşdirmək istiqamətində fikir mübadiləsi aparılacaq.

Xəzərin hüquqi statusunun həll olunmaması sahilyanı ölkələri arasında münasibətlərdə tam yaxınlaşmaya imkan verməyən əsas problemlərdəndir. Məsələnin həll olunmamasının nəticəsidir ki, Xəzərin həm enerji, həm də bioloji ehtiyatlarının mənimsənilməsi ilə bağlı anlaşılmazlıqlar davam edir. Xəzərin hüquqi statusu məsələsi niyə həllini tapmır?

Publika.Az – ın verdiyi məlumata görə, Türkiyənin Beynəlxalq Siyasi Akademiyasının internet səhifəsində yerləşdirilən yazıda məhz bu məsələdən bəhs edilib. Həmin yazını oxuculara təqdim edirik.

Xəzərin hüquqi statusu ilə bağlı 3 yanaşma

Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran tərəfindən əhatələnən Xəzər sahilinin ümumi uzunluğu 7000 kilometri keçir. Xəzərin qapalı bir hövzə olması onun statusunun dəniz, yoxsa göl olması ilə bağlı qeyri-müəyyənlik yaradıb. Neft və təbii qaz ehtiyatları baxımından çox zəngin olması və kəşf edilməsini gözləyən çoxlu sayda neft-təbii qaz yatağının olması Xəzərin statusunu ön plana çıxarır.

Xəzər dənizinin hüquqi statusunu təyin edilməsi zamanı 3 əsas yanaşma ortaya çıxıb. Bunlardan birincisi, beynəlxalq quru sərhədlərinin orta xətt boyunca dənizə qədər uzadılması ilə milli sektorların yaradılması və sahil dövlətlərin özlərinə aid milli sektorlar daxilində hər cür suverenliyə və haqqa sahib olmasıdır. Bu yanaşmaya Rusiya və Qazaxıstan qarşı çıxır. İkinci yanaşma isə 1982-ci il tarixli BMT Dəniz Hüququ üzrə Müqaviləyə uyğun olaraq hər bir ölkə üçün 12 millik dəniz suları nəzərdə tutur, qalan ərazi isə sahil ölkələrinin ümumi istifadəsinə verilir. Türkmənistan ilə İran bu yanaşmaya müsbət yanaşır. Xəzərin hüquqi statusu mövzusunda ortaya qoyulan üçüncü yanaşma isə dənizin beş ölkə arasında bərabər bölünməsini nəzərdə tutur. İranın irəli sürdüyü bu həll yoluna Xəzərlə ən uzun sahili olan dövlətlər Qazaxıstan və Rusiya qarşı çıxır. Mövcud bölünmədə yalnız Qazaxıstanın payı 20 faizdən çoxdur. İran ilə sərhədi olan Azərbaycan və Türkmənistan kimi ölkələr öz paylarından İrana təhvil verəcəyi halda özlərinə qonşu olan Qazaxıstandan pay ala bilməyəcəyini bildikləri üçün bu yanaşmanın əleyhinədir.

Status razılaşmaları və Aşqabadın “Abşeron yarımadası” iddiası

Rusiya Xəzərdə qonşusu olduğu Qazaxıstan və Azərbaycan ilə razılaşaraq problemi həll etmək istəyir. Çünki, Rusiya problemin davam etməsinin bölgədəki ehtiyatların istifadəsinin gecikməsinə səbəb olduğunu düşünür, eyni zamanda Azərbaycanın ABŞ və Avropa Birliyinə yaxınlaşmasından narahatlıq keçirir. Azərbaycan Xəzəri bir "göl" olaraq qəbul edir və bu gölün sahil ölkələri arasında “milli sektorlara” uyğun olaraq bölünməsinin tərəfdarıdır. Azərbaycan və Türkmənistanın tezislərin bir-birinə olduqca yaxın olmasına baxmayaraq iki ölkə arasında ciddi bir anlaşılmazlıq da var. İki ölkə arasındakı anlaşılmazlığın əsas nöqtəsi “orta xəttin çəkilməsi” mərhələsində ortaya çıxır. Türkmənistan Azərbaycanın Abşeron yarımadası vasitəsilə Xəzərin dərinliklərinə doğru daxil olduğunu, buna görə də Azərbaycan ilə özü arasında orta xəttin çəkilməsi zamanı Abşeron yarımadasının nəzərə alınmamasın lazım olduğunu bildirir. İki ölkə arasındakı anlaşılmazlıq səbəbi ilə “Kəpəz” və “Azəri-çıraq” yataqları mübahisəli hesab olunur. Azərbaycanın nəzarətində bu yataqlar Türkmənistanın iddiaları qəbul olunacağı halda Türkmənistana aid milli sektora daxil olacaq. Qazaxıstan Xəzərin şimalında Rusiya ilə yaşaya biləcəyi anlaşılmazlığı həll etmək üçün bu ölkə ilə bir müqavilə bağlamış, iki ölkə dəniz sərhədlərinin müəyyən olunmasında “orta xətt” prinsipinə söykənərək sərhəd bölgəsindəki enerji yataqlarının bərabər istifadəsində razılaşmışdır. Qazaxıstan bənzər bir razılaşmanı Azərbaycan ilə də əldə edib. Yəni, Xəzərin şimalındakı bölgü istiqamətində bir konsensusun olduğu deyilə bilər. Amma Rusiya enerji şirkəti “Lukoyl”un Rusiya-Qazaxıstan sərhədini keçdiyi üçün Qazaxıstanın Rusiyaya dəfələrlə nota verdiyini də bilirik.

İranın hədəfi Azərbaycandır

İranın Xəzərin beş bərabər hissəyə bölünməsini nəzərdə tutan prinsipi əldə bayraq tutması etirazla qarşılanır. İranın Xəzərdəki paylaşma mübarizəsi çərçivəsindəki hədəfinin Azərbaycana zərər vermək, bu ölkənin iqtisadi inkişafının arxasındakı ən əhəmiyyətli silah olan enerji ehtiyatlarının rolunu zəiflətmək olduğu da ortadadır. Bu baxımdan İranın Xəzərdə Azərbaycanla problem yaşayan Türkmənistana dəstək verdiyini də görürük. İran Azərbaycanın Xəzərdəki enerji ehtiyatları çərçivəsində Türkiyə, Avropa Birliyi və ABŞ ilə əməkdaşlıq etdiyini görür və bunun Rusiyada da narahatlıq doğurduğunu bildiyi üçün Rusiya ilə də Xəzər oxunda uyğunlaşmağa çalışır. İran Azərbaycan ilə Xəzərdəki sərhədin qeyri-müəyyən olmasından faydalanaraq müəyyən vaxtlarda Azərbaycan ilə əldə etdiyi razılaşmalar çərçivəsində fəaliyyət göstərən “Exxon” və BP kimi Qərb şirkətlərin gözünü qorxutmaq üçün hərbi təlimlər keçirib.

Rusiya və İran xüsusilə ABŞ-ın Xəzər ətrafında artan fəaliyyətindən narahatdır. ABŞ-ın Azərbaycan ilə inkişaf etdirdiyi müttəfiqlik əlaqələri və Əfqanıstandan çəkilmə mərhələsində Özbəkistan-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan marşrutundan istifadə edəcəyini bildirməsi Xəzərdəki nüfuzunun azalmasından qorxan Rusiya və İranın təlaşına səbəb olub. ABŞ-ın Xəzərdə hərbi dəniz bazası yaratmaq istiqamətində işlər görməsi və Vaşintonun Qazaxıstan və Azərbaycana yaxınlaşa biləcəyi fikri Moskva və Tehranı yaxınlıqda olan təhlükənin qarşısını almaq üçün birləşməyə vadar edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm