İlham Əliyevin Çexiya səfəri bizə nə vəd edir? - Ekspert Praqadan yazır
Bizi izləyin

Nida.az

İlham Əliyevin Çexiya səfəri bizə nə vəd edir? - Ekspert Praqadan yazır

İlham Əliyevin Çexiya səfəri bizə nə vəd edir?- Ekspert Praqadan yazır

“Rusiyanın təzyiqlərinə baxmayaraq aprelin 24-də Praqada təşkil edilən Şərqi Tərəfdaşlıq Sammitində dövlət başçılarının iştirakı regionda avrointeqrasiya prosesinin alternativsiz olduğunu bir daha təsdiq etdi”.

Publika.Az xəbər verir ki, bu barədə sammitdə iştirak edən Avropa Birliyi Şərqi Tərəfdaşlıq Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Praqa sammiti Şərqi Tərəfdaşlıq Proqramına yeni nəfəs verdi: “Moskva Çexiya paytaxtında ölkələrin nisbətən aşağı ranqda təmsil olunmasına çalışsa da proqrama üzv olan dövlətlərin əksəriyyəti ən yüksək səviyyədə tədbirə qatıldılar. Sammitdə Şərqi Tərəfdaşlıq proqramına üzv olan ölkələrinin əksəriyyətinin dövlət başçılarının və eləcə də Avropa Birliyi rəhbərləri ilə yanaşı Mərkəzi və Şərqi Avropanın bir sıra dövlətlərinin prezidentlərinin də iştirakı tədbirin əhəmiyyətini göstərir. Ukraynada baş verən hadisələr fonunda Avropa Birliyi regiondakı dəyişikliklərə ciddi önəm verir və rəsmi Brüssel bu prosesdə bölgə dövlətlərinə daha yaxından dəstək vermək niyyətindədir. Rusiyanın bölgə ölkələrinə birbaşa və dolayı təzyiqlərinə rəğmən Şərqi Tərəfdaşlıq Proqramı strateji əhəmiyyətini qoruyub saxlamaqdadır”.

V. Bayramov bildirib ki, Praqa Sammiti Şərqi Tərəfdaşlıq Proqramının 5 illik yubiley tədbiri olduğu üçün hər hansı birgə bəyannamənin qəbul edilməsi gözlənilmir.

“Bununla belə, tədbirdə iki tərəfli və çox tərəfli görüşlər və o cümlədən prezidentlərin mətbuat üçün birgə brifinq keçirməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin sammitdə iştirakı ölkəmizin Avropa Birliyi ilə əməkdaşlığı daha da genişləndirəcəyindən xəbər verir. Prezident Əliyevin tədbir çərçivəsində keçirdiyi iki tərəfli görüşlərdə ölkəmiz ilə Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Praqada bu gün təşkil edilən tədbir eyni zamanda ötən ilin noyabrında keçiriləcək Vilnüs Sammitinin davamı kimi qiymətləndirilməlidir. Vilnüs sammitindən sonra regionda baş verən dəyişikliklər regionda Avro-inteqrasiya prosesinə fərqli yanaşmanın vacibliyini ortaya qoyur. Növbəti ilin payızında Riqada keçiriləcək sammitədək Avropa Birliyinin region ölkələri ilə bir çox məsələlər ilə bağlı anlaşmalar imzalayacağı gözlənilir”-deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin də iştirak etdiyi tədbirə bir sıra Avropa ölkələrinin dövlət başçıları qatılıblar. Hazırda davam edən sammitdə ikitərəfli danışıqlar təşkil edilməkdədir. Artıq dünən Prezident İlham Əliyev Çexiya paytaxtında bir sıra rəsmi görüşlər keçirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm