İstanbulda Əliyev-Putin-Ərdoğan zirvəsi: gələcəyin konturları cızılır – TƏHLİL
Bizi izləyin

Nida.az

İstanbulda Əliyev-Putin-Ərdoğan zirvəsi: gələcəyin konturları cızılır – TƏHLİL

Azərbaycan prezidenti İlham Əliyev 23-cü Dünya Enerji Konfransında iştirak üçün İstanbula səfər edib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşən Azərbaycan prezidentinin müxtəlif görüşlər keçirəcəyi gözlənilir.

Azərbaycan prezidenti İlham Əliyev 23-cü Dünya Enerji Konfransında iştirak üçün İstanbula səfər edib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşən Azərbaycan prezidentinin müxtəlif görüşlər keçirəcəyi gözlənilir. Dünyanı bir çox ölkəsindən liderlərin qatıldığı İstanbul zirvəsi Rusiya prezidenti Vladimir Putinin də iştirakı ilə diqqət çəkir.

Putinin İstanbula səfər etməsi Rusiyanın enerji dövləti olması baxımından təəccüblü deyil. Lakin bu həm də Ankara-Moskva yaxınlaşması fonunda dəyərləndirilməlidir. Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdindən sonra Ərdoğanla Putin təyyarə böhranı ilə yaranan problemləri bir kənara qoyaraq, əl sıxışdılar. İki liderin yaxınlaşmasında Bakının da müəyyən rolu oldu. Əslində, bununla regionda yeni siyasətin – Ankara-Bakı-Moskva yaxınlaşmasının izlənəcəyi şübhəsiz idi. Bu baxımdan, hər üç liderin – İlham Əliyevin, Vladimir Putinin və Rəcəb Tayyip Ərdoğanın İstanbulda üçtərəfli şəkildə nələri müzakirə edəcəyi maraqlıdır.

Hesab etmək olar ki, hər üç liderin rəsmi görüşü olmasa belə, qeyri-rəsmi şəkildə müzakirələri baş tutacaq. Bu, bağlı qapılar arxasında da ola bilər, yaxud kulislərdə də. Amma bir sıra siyasi amillər bu görüşü şərtləndirir.

Konfransda ilk diqqət çəkən məqam İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın fotosu idi.

Bu foto üçtərəfli formatın-ittifaqın görüntüsü hesab oluna bilər. Hansı ki, liderlər avqust ayında bu formatın əsasını qoymuşdular. Avqustun 8-də Bakıda səfərdə olan Putin bir gün sonra Sankt-Peterburqda Ərdoğanı qəbul etmişdi. Həmin görüşdə, regionda "Türkiyə-Rusiya-Azərbaycan" formatının anonsu verildi. Lakin görüşdən sonra bu format haqda çox da danışılmadı, hər-halda bununla bağlı heç bir məlumat mediaya çıxmadı.

Hesab etmək olar ki, Türkiyə və Rusiyanın razılaşdığı formatla bağlı İstanbulda Azərbaycanın da mövqeyi öyrəniləcək və bundan sonra daha konkret addımlar atılacaq.

Mümkün Əliyev-Putin-Ərdoğan görüşündə əsas xətt bu ola bilər.

Bu məsələni həll etmək üçün xüsusi görüşə ehtiyac olmaya da bilərdi. Çünki Putin Ərdoğanla görüşdən bir gün öncə Bakıda idi və güman ki, məsələ ilə bağlı razılaşdırmalar aparmışdı. Lakin yeni müzakirəni zəruri edən səbəblər var.

1. Türkiyə və Rusiya yeni formatda Ermənistanı da görmək istəyir.
2. Azərbaycan bu məsələyə yalnız Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həll olunacağı təqdirdə razıdır.

Türkiyə Ermənistanla münasibəti normallaşdırmaq üçün qeyri-rəsmi şəkildə təmaslar aparıb. Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu da açıqlamışdı. Təbii ki, hər şey Bakının məlumatlandırılması çərçivəsində aparılırdı. Ankara-Moskva münasibətlərinin düzəlməsindən sonra bu məsələ daha real forma alır.

Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunur. Lakin Rusiya bu məsələdə öz planına üstünlük verir. Bu plana görə, rayonlar qaytarılır, qaçqınlar qayıdır, Qarabağın statusunun həlli müzakirə olunur. Moskvanın istəyi odur ki, regiona rusiyalı sülhməramlılar yerləşdirilsin. Bu, Azərbaycanın marağına uyğun deyil. Lakin sülhməramlıların tərkibində türk hərbiçilərinin olması bu məsələnin müzakirə edilməsinə şərait yarada bilər.

Beləliklə, münaqişə həll olunur və regionda Ermənistanın da iştirak etdiyi yeni birlik yaranır.

Rusiya: bununla Qərb qarşısında yeni güc əldə edir; Cənubi Qafqazın ABŞ-ın əlinə keçməsinə imkan vermir; cənub sərhədlərində təhlükəsizliyini təmin edir.

Türkiyə: Qərbə qarşı alternativ güc əldə edir; Ermənistanla münasibətlərini yoluna qoyaraq, qondarma "erməni soyqırımı" iddialarını sıradan çıxarır, yaxud ən azından zəiflədir; Ermənistanda yeni iqtisadi bazar qazanır;
Azərbaycan: işğal altında olan ərazilərini güllə atmadan azad edir.
Ermənistan: iqtisadi dividentlər qazanır; regiondakı layihələrə qoşula bilir.

Əgər plan baş tutsa və Ermənistan bu formatda yer alsa, İranın da regional ittifaqda təmsil olunması təmin oluna bilər. Avqustun 8-də Bakı görüşündə Putin Həsən Ruhani ilə bu məsələni müzakirə edib. Lakin hazırda Qərbin sanksiyalarından yenicə qurtulmağa çalışan Tehran müəyyən qədər ehtiyatlı davranır. Xüsusilə Rusiya ilə açıq əməkdaşlığa getmək istəmir. Hesab etmək olar ki, Bakı görüşündə razılıq olub ki, regionda planlaşdırılan formatla bağlı hər kəsin razılığı alındıqdan sonra İran bura qoşula bilər.

İstanbulda liderlərin görüşündə məhz bu məsələlər müzakirə oluna bilər. İstanbul səfərindən sonra Putinin oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak üçün İrəvana səfər etməsi ehtimalları daha da artırır. Güman ki, Putin İstanbul razılaşmaları haqda Sarkisyanı təlimatlandıracaq.

Lakin Amerikanın bunu sakit izləyəcəyini demək çətindir. Vaşinqtonun regiondakı yeni formatı pozmaq üçün üç yolu var.

1. Rusiyaya qarşı yeni müharibə cəbhəsi açmaq. Suriyada buna nail ola bilməyən Amerikanın ən yaxşı yolu Ukraynada müharibəni qızışdırmaqdır. Avqustun 10-da (Putin Bakı səfərindən qayıtdıqdan sonra Ərdoğanla görüşmüşdü və haqqında danışılan formatın anonsunu vermişdi) Moskvada Putin-Sarkisyan görüşünün getdiyi bir vaxtda Ukrayna xüsusi təyinatlılarının Krıma hücum etməsi də bu kontekstdə təsadüfi deyildi.

2. Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan verməmək. ABŞ dövlət katibi Con Kerrinin bir neçə gün öncə "liderlər münaqişənin həllinə hazır deyil. Bu münaqişə Fələstin-İsrail münaqişəsi qədər mürəkkəbdir" açıqlaması da buna hesablanmış addımdır.

3. ABŞ indiki məqamda məmnuniyyətlə Sarkisyan hakimiyyətini devirərək, İrəvana qərbyönümlü iqtidar gətirərdi. Lakin Rusiya faktoru bunu mümkünsüz edir. İndi ən yaxşı variant Sarkisyanı "yoldan çıxarmaqdır".

Sarkisyan "yoldan çıxdımı?"

Ermənistan mediasının məlumatına görə, Sarkisyan bu gün ABŞ-a gedib. Rəsmi məlumata görə, o, ABŞ-da investorlarla görüşəcək. Lakin ehtimal ki, erməni prezidenti Vaşinqtona yalnız buna görə dəvət olunmur. Hesab etmək olar ki, Amerika erməni diasporunun xətti ilə ona müəyyən vədlər verərək regionda razılaşmaları qarışdırmaq tapşırığı verəcək. Sarkisyanın ABŞ-dan qayıdandan sonra atacağı addımlar bu baxımdan maraqlıdır. Onun cəbhədə təxribat hücumlarını artırması ehtimalı da var.

İndi hər şey Putinin İrəvanda necə qarşılanacağı və Sarkisyanın ABŞ-dan nə ilə qayıdacağı ilə aydınlaşacaq. Lakin o həqiqətdir ki, regionda yeni proseslərə artıq start verilib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm