Türkün demarşı: seçimsiz Putin və strateji məğlubiyyət
Bizi izləyin

Nida.az

Türkün demarşı: seçimsiz Putin və strateji məğlubiyyət

Rusiya və Türkiyə oktyabrın 10-da “Türk axını”nın reallaşdırması üzrə razılaşmanı imzaladı. Razılaşma hər birində 15,75 milyard kubmetr qaz olmaqla Qara dənizinin dibindən keçəcək magistral qaz kəmərinin iki xəttinin tikintisini nəzərdə tutur.

Rusiya və Türkiyə oktyabrın 10-da "Türk axını"nın reallaşdırması üzrə razılaşmanı imzaladı. Razılaşma hər birində 15,75 milyard kubmetr qaz olmaqla Qara dənizinin dibindən keçəcək magistral qaz kəmərinin iki xəttinin tikintisini nəzərdə tutur. Beləliklə, artıq dəfn edildiyi deyilən layihə dirçəldilib. Rusiya Ukrayna vasitəsilə Avropaya qaz tranzitindən asılılığını azaltmaq istəyir. Razılaşma Türkiyəyə nə verir?

Publika.az xəbər verir ki, "lenta.ru" saytında gedən "Türkün demarşı" başlıqlı yazıda razılaşmanın Türkiyəyə verəcəyi faydalara toxunulub.

Moskva da xüsusi seçim etmək vəziyyətində deyildi

2014-cü ilin sonunda "Türk axını" "Qazprom" üçün iflasa uğrayan "Cənub axını"na alternativ xilasedici kimi görünürdü. "Cənub axını"nı reallaşdırmaq Avropa Birliyinin mövqeyinə görə mümkün olmamışdı. Faktiki olaraq, Ankara ilə razılaşmanı imzalayaraq, əvvəlki layihə üçün tikilmiş yerüstü infrastrukturdan istifadə etmək mümkün idi. Həmin xətlərə artıq milyardlarla dollar xərclənib. Düzdür, Türkiyə və Avropa Birliyinin sərhədində qazın ixracı ilə bağlı əlavə məsələlər yaranırdı. Amma Moskva xüsusi seçim etmək vəziyyətində deyildi.

Artıq bir neçə ay sonra şərait kəskin dəyişdi. Türkiyə Suriya əməliyyatında iştirak edən Rusiyanın Su-24 təyyarəsini vurdu və Moskva ilə Ankara arasında münasibətlər kəskin pisləşdi. "Türk axını"nın hər bir perspektivdən məhrum olduğu deyilirdi.

Amma bu ilin ortalarında vəziyyət 180 dərəcə dəyişdi, ölkələr arasında dialoq bərpa olundu və "Türk axını" gündəliyə qayıtdı.

Nəticədə, oktyabrın 10-da Moskva və Ankara yeni razılaşma imzaladı. Razılaşma 2019-cu ilə qədər hər birində 15,75 milyard kubmetr qaz olmaqla magistral qaz kəmərinin iki xəttinin tikintisini nəzərdə tutur. Birinci xətt Türkiyənin özü üçün nəzərdə tutulub, ikinci xətt Cənubi Avropa ölkələrini qazla təmin edəcək.

Üçüncü və dördüncü xətlər haqqında hələ heç nə açıqlanmır. Beləliklə, 2014-cü ildə elan edilmiş "Türk axını" layihəsi üzrə 31,5 milyard kubmetr təbii qaz nəql ediləcək. Halbuki, bu miqdar 63 milyard kubmetr olmalı idi. Bununla belə imzalanmış razılaşma böyük irəliləyişdir.

Bu vəziyyətdə Rusiyanın marağı aşkardır. Ukraynadakı vəziyyət və bu ölkə ilə pisləşən münasibətlər Rusiyanı başqa marşrutlar axtarmağa vadar edir. Hazırda Rusiya təxminən 60-65 milyard kubmetr qazı Ukrayna vasitəsilə Qərbə çatdırır. "Türk axını" Kiyevi oyundan tamamilə çıxara bilərdi.

"Türk axını" Ankaraya nə verir?

BKS maliyyə qrupunun analitiki Kiril Taçennikov bildirib ki, hazırda Türkiyənin Rusiyadan aldığı qazın yarısından çoxu Avropa vasitəsilə gedir və Ankara üçün onun qiymətini artırır. "Türk axını" bu xərcləri azaldacaq. Bundan başqa, hazırda qazın qiymətində 10 faiz endirimin edilməsi haqqında danışıqlar gedir. Rusiya üçün "Türk axını" ehtimal ki, daha çox siyasidir, nəinki iqtisadi layihə. Çünki yeni satış bazarlarını o yaratmır", - ekspert qeyd edib.

Rusiyanın il ərzində Türkiyəyə çatdırdığı 30 milyard kubmetr qazın təxminən 15 milyardı Ukraynadan keçir. Ukraynadakı siyasi münaqişəyə görə, çatdırmaların dayandırılması avropalılar qədər türkləri də əsəbiləşdirir. Qeyd edək ki, qışda Türkiyənin daxili rayonlarda xüsusilə soyuq olur.

Bütovlükdə, Rusiya qazı Türkiyənin ehtiyacının təxminən üçdə ikisini təmin edir. Türkiyənin qaz tələbatının 15 faizi İran, 12 faizi isə Azərbaycanın hesabına ödənilir. Mayeləşdirilmiş qaz isə Əlcəzair və Nigeriyadan idxal edilir.

"Artan istehlakı nəzərə alaraq Rusiya qazı Türkiyə üçün əhəmiyyətlidir. Hazırda Türkiyənin illik tələbatı təxminən 48 milyard kubmetrdir. Türkiyə həmçinin energetika habına çevrilir. Bu, siyasi nöqteyi-nəzərdən də əhəmiyyətlidir. Bundan başqa, "Türk axını" üzrə sazişin şərtlərindən biri Türkiyənin "Botaş" şirkəti üçün qaza endirimdir", - "Promsvyazbank"ın baş analitiki Yekaterina Krılova bildirib.

"RusEnergy" konsaltinq şirkətinin partnyoru Mixail Krutixin qeyd edib ki, Türkiyə üçün yeni boru kəməri qazın Avropa Birliyinə hərəkəti yolunda hab olmaq üçün əlavə imkandır: "Türkiyə ərazisində Azərbaycan, Türkmənistan, İran, Şimali İraq, İsrail, Kipr və Rusiya qazı birləşə bilər. Razılaşmadan Türkiyə daha çox alır, nəinki faktiki olaraq Avropaya qaz marşrutunun əsas sahəsi üzərində strateji nəzarəti itirən Rusiya".

Karbon qazının tullantılarının azalması və ekoloji vəziyyət üçün mübarizə bütovlükdə təbii qazın istehlakının artmasına imkan yaradır. Avropa üçün istənilən halda idxal gələcəkdə daha əhəmiyyətli olacaq, çünki şəxsi istehsal aşağı düşür. Türkiyə bütün karbohidrogen tranzit yollarının üzərində olacaq. Bu Avropa qitəsinin həm siyasi, həm də iqtisadi taleyində böyük rol oynamaqdır. Buna görə də strateji nöqteyi-nəzərdən "Türk axını" Ankara üçün sadəcə taleyin hədiyyəsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm