Nida.az
Vaşinqtona qarşı Brüsselin Qarabağ planı - TƏHLİL
Fransa ATƏT-in Minsk qrupundakı həmsədrini dəyişdirdi.
Bundan sonra fransız diplomat Stefan Viskonti öz həmkarı Pyer
Andriunu əvəzləyəcək. Andriunu həmsədrlik fəaliyyəti
dövründə o qədər də yadda qalan olmadı. Bunu diplomatın şəxsi
keyfiyyətləri ilə izah edə bilərik. Lakin böyük tabloda Fransanın
özünün həmsədr dövlət olaraq Minsk qrupunda aktiv olmadığı görünür.
Bu baxımdan, Yeliseyin həmsədri dəyişdirməsi "Fransa Qarabağ
məsələsində aktivləşirmi?" sualını gündəmə gətirir.
Paris sonuncu dəfə prezidentlərin görüşünə 2014-cü ilin 27
oktyabrında ev sahibliyi etdi. Həmin görüşdən üç ay öncə - avqustun
ilk günlərində cəbhədə erməni təxribatı nəticəsində vəziyyət
müharibə həddinə çatmışdı. Avqustun 10-da Rusiya prezidenti
Vladimir Putin prezidentlərin Soçi görüşünü təşkil etdi. Soçi
görüşü fonunda Paris görüşü Qərb-Rusiya qarşıdurması və Dağlıq
Qarabağ münaqişəsinin nizama salınmasında inhisarçılıq
mübarizəsindən irəli gəlirdi. Paris görüşü də ABŞ və Avropa
Birliyinin birlikdə Rusiyaya qarşı müharibəsindən yaranan addım
idi. Parisdə sonuncu dəfə iki il öncə masa ətrafında əyləşən
Azərbaycan və Ermənistan prezidentlərinin yolu indiyə qədər Fransa
torpaqlarına düşməyib. 2015-ci ildə yalnız bir dəfə İsveçrənin Bern
şəhərində görüş keçirildi. Bu görüş daha çox Minsk qrupunun
hesabatı xarakteri daşıyırdı, nəticə etibarilə yalnız böyük bir
sıfır ortaya çıxdı.
2016-cı ildə aprel döyüşləri Qarabağ ətrafında da vəziyyət dəyişdi.
Vyana və Sankt-Peterburq görüşündən sonra prezidentlərin növbəti
görüşü keçirilmədi. Halbuki, bununla bağlı müzakirələr davam
edirdi. Prezidentlərin avqust ayında Paris görüşünün keçiriləcəyinə
dair məlumatlar yayıldı. Bu təkliflə Fransa tərəfi çıxış edirdi.
Amma o, bu təklifdən əyani işə keçmədi.
Prezidentlərin sonuncu görüşünün rus torpaqlarında
(Sankt-Peterburq) keçirildiyini nəzərə alanda, fransızların
təklifini "Qarabağ məsələsində Qərb-Rusiya qarşıdurması" olaraq
qəbul etmək olardı. Hansı ki, 2014-cü ildə bu, əyani şəkildə özünü
göstərirdi. Avropada dəyişən siyasi mənzərə isə fərqli ehtimalları
önə çıxarır. Fransız həmsədrin dəyişməsinə də bu kontekstdə baxmaq
olar.
Avropa Birliyi-Amerika mübarizəsi
Brüssel-Vaşinqton müttəfiq olduğu qədər də rəqib hesab oluna bilər.
Əslində uzaq Şərqdə Çin, Asiyada Rusiya təhlükəsi bu iki qitənin
birgə hərəkət etməsini şərtləndirir. Lakin məsələnin alt qatında
ABŞ-ın Avropa Birliyinə Şərqə doğru irəliləməsində maneə kimi
baxdığı, Avropa Birliyinin də Amerikanı böyüməsindəki əngəl olaraq
gördüyü mövcuddur. Vaşinqton və Brüsselin maraq mübarizəsinə təsir
edən "gündüzün dostluğu, gecənin düşmənçiliyi" "Brexit"dən sonra
aşkar müstəviyə keçdi. Artıq dünya Rusiya-Çin və Qərb yox,
ABŞ-İngiltərə, Almaniya-Fransa, Rusiya-Çin cəbhələrinə ayrılır.
ABŞ-la bütün cəbhələrdə fərqli yanaşma sərgiləməyə başlayan
Almaniya-Fransa tandeminin Dağlıq Qarabağ məsələsində də əvvəlki
kimi Vaşinqtonla eyni mövqedən çıxış etmədiyi məlumdur. Fransanın
aktivləşməsini Avropa Birliyinin Qarabağ məsələsində ABŞ-ın rolunu
üzərinə götürmək istəyi hesab oluna bilər.
2015-ci ildə Azərbaycan prezidenti Almaniyaya səfəri zamanı Angela
Merkel Brüsselin prosesdə daha aktiv iştirak etmək istədiyi
mesajını vermişdi. Həmin vaxt Minsk qrupunun tərkibinin
dəyişdirilməsi, Avropa Birliyi və Türkiyəyə aktiv missiyanın
verilməsi təklifi gündəmi zəbt etdi. Bu təkliflər reallaşmasa da,
Avropa Birliyi hər an alternativ ola bilmək istəyini ortaya
qoydu.
Fransanın həmsədr dəyişikliyinə məhz indi getməsinin arxasında iki
səbəb ola bilər.
a) Avropa Birliyi Amerikada prezident
seçkilərindən istifadə edərək, münaqişədə Vaşinqtonun rolunu
üzərinə götürmək gedişi edir.
b) Bu dəyişikliyin oktyabrın 19-da Fransa,
Almaniya və Rusiya liderlərinin Berlində Ukrayna və Suriya
münaqişəsini müzakirə etməsindən iki gün sonra edilməsi də
diqqətdən yayınmır. Görünür, Paris və Berlin Moskva ilə eyni masada
əyləşib, "dondurulmuş münaqişələri" incələmək qərarına gəliblər.
ABŞ-ın seçkiyə getməsi onun payını mənimsəmək üçün əla fürsətdir.
Qarabağ münaqişəsində aktiv mərhələyə keçidin də arxasında bu
hədəflərin dayandığını deyə bilərik.
Avropa Birliyi ABŞ-ın münaqişədə təsirini azaltmaqla nəyə
nail olmaq istəyir?
1. Amerikanın Qarabağ da daxil olmaqla digər
münaqişələrdə təsirinin azaldılması Qərbdə Almaniya-Fransa
cəbhəsinin önə keçməsi deməkdir.
2. Bununla Avropa Birliyi həm də ABŞ-ın öz
üzərindəki təsirlərindən qurtulmaq istəyir.
3. Rusiya ilə konstruktiv mövqedən çıxış edərək
"dondurulmuş münaqişələr"i həll etməklə, Avropa Birliyinin nüfuzu
iki qat artır, həmçinin, bu münaqişələrin mövcud olduğu bölgələrdə
Brüsselin öz maraqlarını təmin etmək imkanı yaranır.
Konkret, Qarabağ münaqişəsinə gəldikdə, Avropa Birliyinin Cənubi
Qafqazda öz marağını təmin etmək hədəfinə doğru addım atdığını
demək mümkündür.
Enerji: Cənubi Qafqazdan Avropaya təbii qaz
daşıyacaq layihələrdə Amerika əsas təşəbbüskar kimi çıxış edir. Bu
isə Avropa Birliyinin ABŞ-dan asılılığını gücləndirir. Amerika ilə
yolları ayırmaq qərarına gələn Avropa Birliyi enerji tələbatını
ödəmək siyasətinə özü yiyəlik etmək istəyir. Məhz Qarabağ
münaqişəsində aktiv rol oynamaqla bu enerjinin mənbəyi olan
Azərbaycanla yaxınlaşmaq mümkündür. Brüsselin Qarabağ siyasətində
bu faktor açıq görünür.
İqtisadi: Almaniya və Fransanın Azərbaycanla
iqtisadi əməkdaşlığı yüksək səviyyədədir. Azərbaycanın "Azərspace"
peykinin hazırlanması və orbitə çıxarılması işini Fransa şirkətləri
həyata keçirib. İqtisadi sferada əməkdaşlığı gücləndirmək üçün
siyasi sahədə aktivlik tələb olunur. Məsələyə bu kontekstdən də
yanaşmaq mümkündür.
Berlin-Paris liderliyində irəliləyən Avropa Birliyinin Cənubi
Qafqazda daha aktiv olması üçün Qarabağ münaqişəsinin həlli
prosesində təşəbbüsü ələ almaq istəyi bütün bunların fonunda
başadüşüləndir.
Bu, Azərbaycana nə verə bilər?
Bu sualın bir-birinin əksi olan iki cavabı var.
Birinci: Avropa Birliyinin bu prosesdə məhz ABŞ-ın
yerini tutmaq istəməsi müsbətə doğru irəliləyişə gətirib çıxara
bilər. Fransa və Almaniya Amerikaya alternativ yaratmaq üçün bu
məsələdə Rusiya ilə yaxınlıq siyasətini izləyəcəklər. ABŞ-ı əvəz
edən Avropa ilə Rusiyanın razılığı münaqişədə irəliləyişə nail
olmağa kömək edə bilər. Çünki indiyə qədər Qarabağ məsələsinə
regionda Amerika-Rusiya müharibəsi olaraq baxılıb.
İkinci: Fransanın aktivləşməsi bu ölkədə güclü
olan erməni diasporunun də danışıqlar prosesinə təsirinin
güclənməsi ilə nəticələnə bilər. Bu,ehtimal kiçikdir, lakin mövcud
olduğu da danılmazdır.
Lakin qlobal güclərin mübarizəsi çərçivəsində bu amilin uğurlu ola
bilmək şansının yoxluğu da önə çıxır. Hazırda Almaniya-Fransa
cəbhəsinin ABŞ-İngiltərə cəbhəsinə qarşı mübarizəsi və bu
mübarizədə "mehriban düşmən" olduğu Rusiya ilə yaxınlaşması prosesi
müşahidə olunur. Bu prosesin Qarabağ məsələsinə təsirini
aydınlaşdırmaq üçün isə bir qədər gözləmək lazımdır.
Asif Nərimanlı
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia