Atatürklə Rəsulzadənin gizli qarşıdurması və... – TARİXİN QARANLIQ ÜZÜ - - VİDEO
Bizi izləyin

Nida.az

Atatürklə Rəsulzadənin gizli qarşıdurması və... – TARİXİN QARANLIQ ÜZÜ - - VİDEO

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə Rəsulzadənin münasibətlərinə dair ziddiyyətli məlumatlar var.

"Bizdən soruşmadan torpağımızdan keçən hər-hansı qüvvə dostumuz deyil, düşmənimizdir... Gələn rus ordusudur. Anadolunun imdadına getmək bəhanəsi ilə yurdumuza girən işğal ordusu buradan bir daha çıxmaq istəməyəcək. Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim etmək ultimatumunu kəmali-nifrətlə rədd edirik".

Məmməd Əmin Rəsulzadə. 1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin son iclasındakı çıxışı.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə Rəsulzadənin münasibətlərinə dair ziddiyyətli məlumatlar var. Kimisinə görə onlar bir-birinə hörmət edən iki şəxsiyyət, kimisinə görə çox yaxın dost, kimisinə görə isə gizli şəkildə bir-birinə düşmənçilik edən insanlar olublar.

Publika.az tarixin ziddiyyətli məqamlarını təqdim edir.

M.Ə. Rəsulzadənin AXC parlamentinin son iclasındakı çıxışı tarixi faktdır. Hansı ki, bu iclasdan bir gün sonra – 28 apreldə bolşeviklər tərəfindən Azərbaycan işğal olundu və 70 il ərzində "28 aprel" müstəqillik günü olaraq bizə sırındı. Lakin Azərbaycanın işğalında Atatürkün rolu nə qədər idi, o, həqiqətənmi şüurlu şəkildə qardaş ölkənin müstəqilliyini satmışdı?

Tarixi ziddiyyətləri nəzərə alaraq, hansısa fikir yürütmək istəyində deyilik. Sadəcə bir-birinin əksi olan, yaxud atılan addımlara haqq qazandıran faktları təqdim edəcəyik.

XIX əsrin əvvəlindəki hadisələrlə bağlı ilk olaraq AXC hökumətində dəmir yolları üzrə baş hakim vəzifəsində çalışan Əziz Alpoudun "Həyatımın hekayətləri" kitabında rast gəlirik. Onun dediklərini gerçək tarix adlandırmağı mümkün edən yeganə səbəb var. Əziz Alpoud siyasi tarix yazmırdı, onun yazdıqları ideologiyadan da uzaq idi. 30 yaşında Azərbaycanı tərk edən və ölümünə (93) qədər vətən həsrətini çəkən bu şəxs sadəcə öz həyatının hekəyətlərini yazırdı. Bu baxımdan, onun AXC dövrünə və bolşeviklərin işğalına dair dedikləri olduqca inandırıcıdır.

O da həyatından bəhs edən əlyazmasında rus ordusunun türklərə kömək üçün Bakıya gəldiyini və şəhəri bir daha tərk etmədiyini yazır.

Azərbaycanı satdılarımı?

Bu tarixi məqamlar fonunda bu yaxınlarda Türkiyənin "Sözçü" qəzetində dərc olunan bir məqalə yada düşür. Qəzetin məqaləsində "Azərbaycanı niyə ruslara satdın?" sualına Atatürkün cavabı yer alıb. Belə ki, qəzet ittihamlar əsasında hazırladığı suallara tarixçi Sinan Meydanın Atatürkün dilindən hazırladığı cavabları təqdim edib.

Tarixçi S.Meydan Mustafa Kamal Atatürkü ən yaxından tanıyan şəxslərdən biridir.

"Azərbaycanı niyə ruslara satdın?" sualına Atatürkün cavabı:

"Mondoros müqaviləsinin 11-ci maddəsinə görə, türk ordusu 1918-ci ildə Azərbaycanı boşaltmaq məcburiyyətində qaldı. Mən Naxçıvana qarşı erməni hücumlarına şiddətlə etiraz etdim. Hətta Naxçıvanın müdafiəsi üçün zabitləri gizli şəkildə bölgəyə göndərdim. Ruslarla razılıq əldə olunması üçün göndərdiyim Yusuf Kemal bəyə "Naxçıvan türk qapısıdır. Bu məsələni nəzərə alaraq əlinizdən gələni edin" əmrini verdim. Daha Qurtuluş savaşı vaxtında Azərbaycanla dost münasibətləri qurdum. 18 noyabr 1921-ci ildə təşkil olunan böyük bir mərasimlə Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin bayrağını şəxsən mən Ankaradakı təmsilçiliyinin binasına taxdım. Həmin vaxt çıxışımda Azərbaycan və Türkiyə xalqlarının qardaş olduğunu diqqətə çatdırdım. "Qardaş Azərbaycan" Qurtuluş savaşında Nərimanovun vasitəsilə bizə maddi yardımlar da göndərib. Azərbaycanla mədəni əlaqələrə böyük önəm verdim. Misal üçün, 1926-cı ildə Azərbaycanda bolşeviklər latın əlifbasına keçdi. Biz də 1928-ci ildə latın əlifbasına keçərək mədəni əlaqələrin zəifləməsinin qarşısını aldıq. Qısası, mən Azərbaycanın azadlığı üçün mübarizə apardım. Həmçinin, bu mübarizəni digər məzlum millətlər üçün də apardım".

Atatürkün cavabında həmin dövrün siyasi reallıqları öz əksini tapır və "situasiyanı onu yaşamadan dərk etmək mümkün deyil" prinsipi önə çıxır.

Lakin bu məsələdə məşhur türk tarixçisi Kadir Mısıroğlunun dedikləri də diqqət çəkir.

"Atatürkün Bakıya göndərdiyi Xəlil paşa azərbaycanlıları aldatdı. O bildirdi ki, rus ordusu Bakıdan keçərək Anadoluya türklərə yardım etmək üçün gedir. Bu ordunun sizinlə əlaqəsi yoxdur. Həmin vaxt yunanlarla müharibə aparan Türkiyəyə hər cür yardım göstərən azərbaycanlılar bunu eşidən kimi geri çəkildilər. Amma ruslar Bakıya gələndən sonra orada da qaldılar. Sonradan Xəlil paşa bunu Atatürkün teleqramları əsasında etdiyini bildirdi. Bununla bağlı tarixi faktlar kifayət qədərdir", - Mısıroğlu belə deyir.

Məqsədimiz nə Atatürkə, nə də Bakının xilasına kölgə salmaq yox, sadəcə bəzi tarixi məqamlara yenidən işıq tutmaqdır. Və bunun fonunda Rəsulzadə-Atatürk münasibətləri yada düşür.

Rəsulzadə 1922-32-ci illərdə (Atatürkün Türkiyəyə rəhbərlik etdiyi dövrdə) Türkiyədə mühacirətdə yaşayıb. 1923-cü ildə İzmirdə keçirilən kitab festivalında onun "Azərbaycan Cümhuriyyəti (keyfiyyət-i təşəkkülü və şimdiki vəziyyəti)" kitabı "Atatürk mükafatı"na layiq görülüb. Rəsulzadə 1932-ci ildə Türkiyəni tərk etmək məcburiyyətində qalıb və 15 il sonra – 1947-ci ildə qardaş ölkəyə qayıdıb. Onun Türkiyəni tərk etməsinin səbəbkarı kimi Atatürk göstərilir.
Tarixçilərə görə, Atatürk bunu SSRİ-nin təzyiqinin qarşısını almaq üçün edib.

1934-cü ildə Atatürkün Rəsulzadə haqqında çıxardığı hökm də ona olan münasibətini göstərirdi. Yayılan sənəd Rəsulzadənin 1934-1936-cı illərdə Berlində nəşr etdirdiyi "İstiqlal" qəzetinin Türkiyədə satışığının qadağan olunması ilə bağlıdır.

"Türkiyə sərhədləri kənarına çıxarılan Məmməd Əmin Rəsulzadənin Berlində nəşr olunan "İstiqlal" qəzeti məmləkətimiz əleyhinə zərərli yazılar yazdığına görə Mətbuat qanununun 50-ci maddəsinə uyğun olaraq Türkiyədə satılması qadağan edilsin", - deyə qərarda bildirilir.

1934-cü il oktyabrın 8-də verilən qərar Atatürk tərəfindən imzalanıb.

Bu fakt fonunda Rəsulzadənin AXC parlamentinin sonuncu iclasında çıxışı yada düşür və "Rəsulzadə-Atatürk qarşıdurmasının kökündə duran məsələ budurmu?" sualı yaranır. Lakin istənilən sualların cavabı tarixin arxivindədir və bu gün o arxiv ziddiyyətli olduğu qədər, əlçatmazdır.

AXC dövrü üzrə araşdırmaçı Şirməmməd Hüseynov isə bir müddət öncə mediaya müsahibəsində Atatürkün Rəsulzadəyə münasibətinin çox yaxşı olduğunu bildirib.

"1988-ci ildə sovet jurnalistəri ilə Türkiyəyə getmişdik. Bizi Dolmabaxça sarayına apardılar. Orada Atatürkün iş otağını gəzdik. Gördüm ki, çoxlu kitabar var. Soruşdum ki, bu kitablar arasında Azərbaycana dair bir əsər varmı? Dedilər bir kitab var. Məmməd Əmin Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti" əsəri. Götürüb baxdım, 1923-cü ildə ərəb əlifbası ilə nəşr olunmuşdu. Kitabda Atatürkün qeydləri də var idi. Soruşdum ki, Atatürk bu kitab, yaxud onun müəllifi haqda fikirlər deyib? Kitabın arxasını çevirdilər və orada yazılanları oxudular. Mən də dəftərimə köçürtdüm".

Atatürk Rəsulzadənin kitabında yazırdı:

"Mən dünyaya səndən 3 sənə erkən göz açmışam. Amma bütün türk aləmində türkün cümhuriyyət bayrağını ilk dəfə sən qaldırmısan. Bayraq enməsin deyə sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən, enməyəcəkdir".

Rəsulzadənin Atatürkün vəfatına həsr olunmuş "Kamal Atatürkün vəfatı heç kimi laqeyd buraxmadı. Bəşəri miqyaslı bir hadisəyə çevrildi" sözləri ilə başlayan məqaləsi də diqqətdən yayınmır.

Xoş sözlər və sərt qərarlar, siyasətin sərt üzü, yaxud qarşılıqlı hörmət. Beləliklə, yenə tarixin yoxuşlarında ilişib-qalırıq. Hər halda tarix hər şeyi öz yerinə qoyur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm