Demokratlar üçün tək üsul: Ağ Evin sahibini “dələduzlar” müəyyən edəcək
Bizi izləyin

Nida.az

Demokratlar üçün tək üsul: Ağ Evin sahibini “dələduzlar” müəyyən edəcək

Dünyaya demokratiya dərsi keçməyə cəhd edən ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca mümkün seçki saxtakarlıqları barədə iddialar daha güclənir.

Dünyaya demokratiya dərsi keçməyə cəhd edən ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca mümkün seçki saxtakarlıqları barədə iddialar daha güclənir. Respublikaçılar Partiyasının namizədi, milyarder Donald Trampın bəyanatları isə şübhələri daha da artırır.

Publika.az xəbər verir ki, seçkilərə həftələr qalmış respublikaçı namizəd seçki prosesində yaşanan qanun pozuntuları barədə açıq şəkildə bəyanatlar səsləndirməyə başlayıb.

Tramp artıq bir neçə həftədir ki, seçkilərin demokrat rəqibi Klintonun xeyrinə saxtalaşdırılacağını iddia edir. Onun sözlərinə görə, hazırki prezident Barak Obama ABŞ-da baş verən seçki saxtakarlıqları barədə hamıdan yaxşı bilir. Respublikaçılar Partiyasının namizədi bildirib ki, saxtakarlıq axtaranlar Obamanın 8 il əvvəl keçirilən seçkilərdə necə qələbə qazanması barədə kadrları izləyə bilər. Tramp iddia edib ki, hələ o zaman hazırki dövlət başçısının seçki qərargahında olan senatorlar seçkilərin saxtalaşdırılması ilə məşğul olublar. Hətta onlar media qarşısında saxtakarlıq etmədikləri ilə bağlı and içməkdən belə yayınıb.

Respublikaçı namizəd birbaşa yayımlanan debatlar zamanı isə məğlub olduğu təqdirdə seçkilərin nəticələrinin tanınmasına dair suala cavab verməkdən imtina edib. Donald Tramp Florida ştatında seçiciləri qarşısında çıxışında da xəbərdarlıq edib ki, seçki nəticələrinin saxtalaşdırılması gözlənilir. Milyarder biznesmen əmindir ki, Hillari Klintonun mümkün qələbəsi "ölü canlar"ın hesabına baş tutacaq. O, ölkənin seçki sistemini də kəskin tənqid edib.

Tramp hələ avqust ayında Pensilvaniya ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib ki, seçkilərdə pozuntular onun qələbəsi yolunda maneə ola bilər. "Tək üsul, onlara (demokratlara – red.) burada udmağa icazə verə bilər. Bu, bəzi rayonlarda təşkil edilmiş dələduzluqdur. Mən bunu 100 faiz ciddi deyirəm".

Amerika KİV-i qeyd edir ki, son zamanlar respublikaçı milyarderin seçkilərin saxtalaşdırıla biləcəyi barədə fikirləri ölkədə ciddi təşviş yaradıb. İctimai rəy sorğuları da göstərir ki, hər üç amerikalıdan biri seçkinin saxtalaşdırılmasından ehtiyat edir.

Trampın ən yaxın köməkçilərindən biri olan, Nyu-Yorkun keçmiş meri Rudolf Culiani də qalmaqallı bəyanatla çıxış edib. O, CNN telekanalına müsahibəsində bildirib ki, ABŞ-dakı seçki sistemi genişmiqyaslı pozuntulara imkan verir. O, həmçinin bildirib ki, 1990-cı illərdə mer vəzifəsinə namizəd olarkən genişmiqyaslı karusellərin şahidi olub.

ABŞ Ədliyyə Nazirliyi isə xəbərdarlıq edib ki, prezident seçkilərində pozuntuların müəyyənləşdirilməsi cəhdi seçicilərin hüquqların pozulması kimi qiymətləndirilə bilər. Nazirlik bildirir ki, ABŞ-ın federal qanunvericiliyi seçiciləri "qorxutma və təqibdən", həmçinin onların alınmasından müdafiə edir. Bəyanat bir növ Donald Trampın bəyanatlarına cavab olaraq verilib.

Daha əvvəl məlum olub ki, ABŞ Rusiya nümayəndə heyətinə Texas, Luiziana və Oklahoma ştatlarında seçkiləri müşahidə etməyə razı olmayıb. Ağ Evin nümayəndələri bildiriblər ki, rusiyalılar seçki kampaniyasının gedişatını ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) tərkibində müşahidə edə bilərdilər. Bu fakt isə seçkilərin saxtalaşdırılacına dair şübhələri artırır.

ATƏT-in özü də prezident seçkilərinə görə narahatdır. Belə ki, DTİHB-in araşdırmalarında narahatlıq doğuran məqamlar ortaya çıxıb. Almaniyanın "Frankfurter Allgemeine Zeitung" nəşrinin məlumatına görə, DTİHB-nin aralıq məruzəsində 6 milyon amerikalının seçmək hüququndan məhrum olduğu qeyd edilib.

ATƏT-in Almaniyada olan rəsmi nümayəndəsi Yurgen Klimke "Bild" nəşrinə açıqlamasında qeyd edib ki, ABŞ-da seçkilərin keçirilməsində beynəlxalq standartları artırmaq lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm