“Amerika röyası”nın sonu və seçki qutularına həbs edilmiş yunan icadı
Bizi izləyin

Nida.az

“Amerika röyası”nın sonu və seçki qutularına həbs edilmiş yunan icadı

Respublikaçıların namizədi Donald Trampın bu sözləri dünyanı “seçki ittihamlarına” boğan Amerikanın özündəki seçkilərə diqqəti artırdı.

"Seçkilər demokratiyadan uzaq və ədalətsiz şəkildə keçirilib" – deyə amerikalı siyasətçilər tribunadan bağırır və onların bir cümləlik bu sözləri müxtəlif ölkələrin müxalifətlərinin dilində "konstitusiya maddəsinə" çevrilir. Bu, yeni dünyanın gerçək üzüdür. Çünki Amerika ən ədalətli, ən şəffaf, ən demokratik ölkədir, lakin dünya gerçəkliyinin ən real üzü bütün bu sözlərin əvvəlinə və axırına dırnaq işarələri qoyur.

"Əminəm ki, Klintonun qələbəsi saxtakarlıq hesabına baş tutacaq".

Respublikaçıların namizədi Donald Trampın bu sözləri dünyanı "seçki ittihamlarına" boğan Amerikanın özündəki seçkilərə diqqəti artırdı. Öz maraqlarına uyğun şəkildə istənilən ölkədə keçirilən seçkiləri pisləmək, yaxud tərifləmək hüququnu yalnız öz-özünə tanıyan və bunu demokratiya ilə bəzəyən ABŞ öz reallığı ilə üz-üzə qalıb. Və ilk dəfədir ki, bu ölkənin prezident postuna iddialı namizəd seçki saxtakarlığını açıq şəkildə dilə gətirir.


Senatda respublikaçıların xarici siyasət məsələləri üzrə məsləhətçisi Cim Djetrasın "demokratların nəzarət etdiyi böyük şəhərlərdə seçki saxtakarlığının yüksək səviyyəsi müşahidə olunur" sözləri də Trampın "iddia" olaraq təqdim edilən, lakin həqiqətin özü olan fikirlərini gücləndirir.

1960-cı ildə demokratların namizədi olan Con Kennedi respublikaçı rəqibi Niksona məhz Çikaqo və Texasda səslərin oğurlanması ilə qalib gəldi. Bunu noyabrın 8-də prezident seçkilərinə hazırlaşan respublikaçılar tez-tez təkrarlayırlar.



"Albert Qor da 2000-ci ildə Corc Buşa məğlub edildi. Yaxşı, indi biz hansı "mükəmməl demokratiya"dan danışa bilərik?!", - Cim Djetras deyir.

"Mükəmməl demokratiya"nın amerikalı üzü

2000-ci il prezident seçkiləri ABŞ seçki sisteminin demokratiyasının "təntənəsi" hesab oluna bilər. Hansı ki, demokratların namizədi Albert Qor seçkidə tam şəkildə qalib gəlmişdi. Oğul Buşu Ağ Evə gətirmək istəyənlər onun qardaşının qubernator olduğu Florida ştatında səslərin yenidən hesablanmasına start verdilər. Sayılma zamanı Buş nisbi üstünlük qazanan kimi ştatın məhkəməsi prosesi dayandırdı və respublikaçılar qalib elan olundu. Halbuki, səslərin sona qədər sayılması nəticəyə ciddi təsir edə bilərdi.


Buşu amerikalı yox, məhz seçki sistemi prezident etdi. Amerika bu sistemlə fəxr edə bilər, lakin Albertin 560 min səs öndə olmasına baxmayaraq, 50 ştatın 538 nümayəndəsinin təmsil olunduğu Nümayəndələr Palatasında 270 nümayəndənin səsini alan Buş Ağ Evə köçdü.

"Sadə amerikalı kimə səs verirsə, versin, nəticəni o, müəyyən etmir". Amerika seçki sisteminə bu tezis hakimdir. Demokratiyadan uzaq olan bu tezislə qalib gələn Buşun Əfqanıstana və İraqa məhz demokratiya bayrağı altında hərbi müdaxiləsi qədər acınacaqlı nə ola bilərdi ki?!
Soyuq analiz Amerika seçkilərinin ölkənin gələcək xarici siyasətinə uyğun təşkil edildiyini göstərir. Buş da işğal siyasətinin əsasını qoymaq üçün Albertə "qalib gəlmişdi".

İndi tərəzinin Hillari Klinton gözünə ağırlıq verilməsinin də əsas hədəfi Amerikanın hegemon siyasətinin gələcək konturlarından xəbər verir. Amerika kapitalının sahiblərinə Putinlə dost olacağını bəyan edən Tramp o qədər də lazımlı görünmür.

Respublikaçı namizəd isə geri çəkilmək niyyətində deyil. O, tərəfdarlarını seçki günü ehtiyatlı olmağa çağırır, xüsusilə Florida ştatında gözüaçıq olmalarını tövsiyə edir. Görünür, Tramp 2000-ci ildə respublikaçıların məhz bu ştatda demokratlara necə qalib gəlməsini unutmayıb və 16 il öncəki hadisənin bumeranqını yaşamaq istəmir.

Hazırda Ağ Evə daha yaxın məsafədə olan Klinton isə rəqibinin həqiqəti söyləməsini dərhal özünün seçki kampaniyasında fürsətə çevirərək, "seçkinin saxtalaşdırıldığını demək, məğlubiyyətini əvvəlcədən qəbul etmək kimi zəiflik əlamətidir" deyə bəyan edir.

Öz iş masasını Klintona təhvil vermək üçün dəridən-qabıqdan çıxan prezident Obama da Tampa "sızıldamağı qurtar" deyir və onun dediyi həqiqətləri absurd iddialar adlandırır.

Obamanın seçki saxtakarlığını tələsik inkar etməsi təəccüblü deyil. Axı o, məhz bunun hesabına 8 il Ağ Evdə yaşaya bildi. Onun prezident seçildiyi sonuncu seçkilərdə kifayət qədər seçki saxtakarlığı qeydə alınıb.

Misal üçün, Obamanın qələbəsi elan olunandan sonra məlum oldu ki, Nyu-Yorkun Bruklin rayonunda 1,6 mindən çox səs yoxa çıxıb. Hansı ki, bu bülletenlərdə respublikaçıların namizədi Mitt Romninin adı işarələnmişdi.

Amerikanın somalili seçiciləri: 4 il öncəki seçkilərdə "The Las Vegas Journal Review" nəşri yazırdı ki, demokratların seçki qərargahı Ohayo ştatında seçki məntəqələrinə somalili miqrantları gətirib.

"Onlara Obamanın xeyrinə səs vermək göstərişi verilmişdi. Analoji hal Florida, Kolorado və Nevada ştatında da baş verib. Bu ştatlarda da Amerika vətəndaşlığı olmayan miqrantlar müxtəlif vədlər qarşılığında demokratların namizədinin xeyrinə səs veriblər. Bu, "karusel əməliyyatı"dır", - nəşr bildirirdi.

Obamanın prezident olduğu son seçkilərlə bağlı Rusiya monitorinq qrupunun hazırladığı hesabatda da saxtakarlıq faktları kifayət qədərdir.

- 50 milyondan çox amerikalı seçici səsvermə hüququndan məhrum edilib. Onlardan 62 faizi afroamerikalı, digərləri isə Latın Amerikasından olanlardır.
- Bir sıra ştatlarda şəxsiyyət vəsiqəsini təqdim etmədən də bülleten almaq mümkündür.
- Gizli səsvermə prinsipi pozulub. Çünki səslər faksla, yaxud elektron poçtla da verilə bilər. Bu isə şirkət sahiblərinə öz əməkdaşlarının səslərini yönəltmək imkanı tanıyır.
- Həbsxanada olanlar səsvermə hüququndan məhrumdurlar.

Bütün bu faktlar Obamanın "təntənəli qalibiyyətinin" əsil səbəbini ortaya çıxarır.

Həqiqəti demə, yoxsa həbs olunacaqsan

Amerika seçkilərinin qaranlıq tərəflərini dilə gətirən Trampın "seçkilər saxtalaşdırıla bilər" açıqlamasına Ədliyyə Nazirliyinin verdiyi reaksiyası demokratiyadan uzaq və olduqca qəribədir.

"Seçkilərdə pozuntuların aşkarlanması seçici hüquqlarının tapdanmasıdır".

Ədliyyə Nazirliyi xəbərdarlıq edir və hətta həbsxana ilə hədələyir. Bu, faktiki olaraq, Amerikada seçki saxtalaşdırılmasının öncədən legitimləşdirilməsidir. Nazirlik isə bunu federal qanunvericiliklə legitimləşdirir.

ABŞ federal qanunvericiliyi isə seçkilərin müşahidəsini tamamilə məhdudlaşdırır.

Misal üçün, noyabrın 8-də keçirilən prezident seçkilərini müşahidə etmək istəyən Rusiya nümayəndələrinin Texas, Luiziana və Oklaxom ştatlarına göndərdiyi sorğuya rədd cavabı verilib. Rusiyanın Vaşinqtondakı səfirliyi isə bildirir ki, Amerika hakimiyyəti diplomatlara seçki məntəqəsinə yaxınlaşacaqları təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəkləri ilə bağlı xəbərdarlıq edib. Ağ Ev elan edib ki, rusiyalı nümayəndələr yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) tərkibində seçkini müşahidə edə bilərlər.

Niyə DTİHB?

1. DTİHB ATƏT-ə üzv olan ölkələrdə keçirilən seçkilərdə əsas rəy verən qurumdur. Bu büronun məhz Ağ Evin kurasiyasında olduğu faktdır. Misal üçün, Azərbaycanda keçirilən seçkilərə ATƏT müsbət rəy verdiyi halda, ATƏT-in strukturu olan DTİHB mənfi rəy verir. Bu məntiqsizliyin əsas səbəbi də büronun ABŞ-ın siyasi istəklərinə uyğun davranmasıdır. İndi Amerikanın öz seçkilərini məhz DTİHB-nin müşahidə etməsinə icazə verməsi, həmçinin, digər ölkələrdən olan nümayəndələrin bu büronun tərkibinə qatılmasını istəməsi saxtakarlıq faktlarının ört-basdır etmək məqsədi daşıyır. Hər-halda DTİHB onu kurasiya edən ölkəyə qarşı çıxmayacaq.

2. Amerikanın rusiyalı, eləcə də digər ölkələrdən olan nümayəndələrə DTİHB tərkibinə qatılmalarını tövsiyyə etməsinin digər səbəbi bu büronun müşahidə imkanları ilə bağlıdır. Misal üçün, Texas ştatının qanunvericiliyinə uyğun olaraq, DTİHB seçki məntəqəsinə 30 metrdən artıq yaxınlaşa bilər. Məsafənin 29 metr olması artıq cinayət məsuliyyəti deməkdir. Analoji hal digər ştatlarda da fərqli formada mövcuddur.

Qeyd edək ki, noyabrın 8-də keçirilənə seçkilərdə ATƏT DTİHB-yə qoyulan məhdudiyyətlər daha çoxdur. Bütün dünyaya meydan oxuyan bu büro isə sadəcə zəif etirazını bildirməklə kifayətlənir. Büro bu günlərdə yaydığı açıqlamada bildirib: "6 milyon amerikalı seçmək hüququndan məhrum olunub. ABŞ-da 3,2 milyon insan həbsdə, yaxud istintaq altındadır. Təxminən 2,6 milyon insan cəzalarını çəkib başa vursalar da, seçkiyə qədər azadlığa buraxılmayacaq".

Ağ Ev isə büronun "dişsiz" tənqidlərinə nəinki cavab vermək, heç dinləmək belə istəmir.

Gizli seçki qutuları, yaxud "şübhə həqiqətin yarısıdır"

ABŞ-ın seçkini müşahidə etmək istəyənlərə qoyduğu qadağaların uzun siyahısı var. Misal üçün, 2012-ci ildə prezident seçkilərini müşahidə edən almaniyalı deputat Yurgen Klimken ona müşahidəçi kimi sərbəst hərəkət etməyə icazə vermədiklərini deyir.

"Müşahidəçilərə seçki məntəqəsini yoxlamaq üçün sərbəst hərəkət etməyə imkan vermədilər. Səsvermə prosesinin şəkilini çəkməyə, mobil telefon daşımağa, hətta seçicilərlə danışmağa belə icazə verilmirdi. Müşahidəçiləri əvvəlcədən özləri seçdiyi məntəqələrə aparırdılar", - deyə o qeyd edib.

Dünya təcrübəsi göstərir ki, belə seçki sistemi saxtakarlıq üçün zəmin yaradır.

- "karusel əməliyyatı"
- "vəfat etmiş insanların yerinə səs vermə"
- "topa bülletenlərin atılması"
- "əvvəldən hazır bülletenlərin istifadəsi".


Faktlar bu pozuntu hallarının Amerika seçki sisteminin tərkib hissəsi olduğunu deməyə imkan verir. Seçki məntəqələrinin israrla gizlədilməsi, müşahidəçilərə məhdudiyyətlərin yaradılması halları da şübhələri artırır.

Bütün bunların fonunda Trampın "ölü canlar"dan bəhs edərək saxtakarlıq ehtimalını dilə gətirməsi heç də onun rəqibinin dediyi kimi "məğlubiyyətini əsaslandırmaq" deyil. Bu, "Amerika röyası"nın ("American dream") gerçək üzüdür.

O Amerika ki, yunanların icad etdiyi demokratiyadan başqa ölkələri işğal etmək üçün gen-bol yararlanır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm