Dünyanın multikulturalizm mərkəzinə çevrilən Azərbaycan
Bizi izləyin

Nida.az

Dünyanın multikulturalizm mərkəzinə çevrilən Azərbaycan

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), bu ali təhsil ocağının doktorantura və əlavə təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunan “dəyirmi masa” keçirilib.

ATMU-dan Publika.az-a bildiriblər ki, tədbirdə universitetin rektoru vəzifəsini icra edən Eldar Aslanov Prezident İlham Əliyev tərəfindən cari ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu xatırladıb. Vurğulanıb ki, tədbirin keçirilməsində məqsəd dövlətçilik məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni müxtəlifliyin qorunmasını təmin etmək, ölkəmizin dünyada multikulturalizm mərkəzi kimi daha çox tanınmasına töhfə verməkdir.

Azərbaycanın müasir dövrdə dünyanın multikulturalizm mərkəzinə çevrildiyini deyən BBMM-in icraçı direktoru Azad Məmmədov diqqətə çatdırıb ki, respublikamız bu sahədə bir çox ölkələr üçün nümunəvi bir modeldir. Dünyanın onlarla ölkəsinin ali təhsil müəssisələrində multikulturalizmin Azərbaycan modeli fənn kimi tədris planlarına daxil edilib.

Tədbirdə “Tolerantlıq multikulturalizmin əsası kimi” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı Zaur Bağırov bildirib ki, multikulturalizm siyasəti mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Həmçinin ölkə əhalisinin etnik irqi, mənəvi-mədəni, dini müxtəlifliyindən asılı olmayaraq, onların hüquq və azadlıqlarına hörmətlə yanaşmanı təmin edir. Bu anlayışın nəzəri əsasını azadlıq, bərabərlik, qardaşlıq kimi dəyərlər təşkil edir. Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların, ölkə ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarını ön plana çəkir.

Tədbirdə, həmçinin “Mədəniyyətlərin diffuziyası”, “Azərbaycançılıq və multikulturalizm” mövzularında məruzələr dinlənilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm