24 illik uğur formulu
Bizi izləyin

Nida.az

24 illik uğur formulu

Tarixin səhifələrində elə hadisələr əbədiləşib ki, onlar təkcə keçmiş kimi əlamətdar deyil.

Tarixin səhifələrində elə hadisələr əbədiləşib ki, onlar təkcə keçmiş kimi əlamətdar deyil. Bugünün reallıqları da o hadisələrin təməli üzərində qərar tutur. Onlar dünəndən bu günə bələdçilik etdiyi kimi, bugündən də gələcəyə doğru aydın istiqamət verir.

Həyatımızın hər anı bir hadisədir əslində... Amma bunlar, olsa-olsa, bizim ömrümüzün anlarıdır. Xalqın, dövlətin tarixinə isə elə hadisələr yazılır ki, onun mərkəzində insanların taleyində böyük rolu olmuş tarixi şəxsiyyət dayansın. Zaman keçdikcə o şəxsiyyətin böyüklüyü, ucalığı bu hadisələrin mahiyyətini daha da gücləndirsin, ona yeni dəyərlər qatsın...
***
Bu sətirlər 21 noyabra bir neçə gün qalmış, Yeni Azərbaycan Partiyasının təsis olunmasının 24-cü ildönümü ərəfəsində qələmə alınır. Düşüncələrimizdə bir anlıq 24 il əvvələ qayıdıb o çətin və keşməkeşli illərdəki siyasi mühiti xatırlayırıq.
Qəribə vəziyyət yaranmışdı. Uzun illər təkpartiyalı sistem şəraitində yaşamış insanlar müstəqilliyin ilk illərində qəzetlər kimi, partiyaların da bolluğuna düşmüşdülər. Bir çoxları öz gələcəyini partiya yaradıb siyasi meydana atılmaqda görürdü. Necə deyərlər, hərə bir partiya yaradırdı.
Politologiya elmi nöqteyi-nəzərindən yanaşsaq, insanların partiya fəaliyyətinə bu güclü marağını təbii saymaq olardı. Çünki hər bir sivil cəmiyyətdə geniş əhali kütlələrinin, ümumən cəmiyyət üzvlərinin ictimai-siyasi həyatda iştirakı məhz partiyalar vasitəsilə reallaşır. Fərdlər ayrı-ayrı siyasi qurumlarda birləşərək konkret məqsəd və vəzifələri, müəyyən konsepsiya və ideologiyanı həyata keçirməyə çalışırlar. Amma indiyə qədər dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərmiş siyasi partiyaların tarixi həm də onu göstərir ki, xalq və dövlət maraqlarını özünün praktik fəaliyyətində ifadə etməyən təşkilatların mövcudluğu çox da uzun çəkə bilməz. Cəmiyyətin ayrılıqda götürülmüş bir təbəqəsinin və yaxud sosial qrupunun mənafe və maraqlarını qoruyan siyasi təşkilatın, həmçinin ictimai qurumun xalqı, milləti daim öz arxasınca apara bilməsi də heç zaman mümkün deyildir. Ən önəmlisi isə partiyaların taleyi ona rəhbərlik edən liderin şəxsiyyətindən, xalq və dövlət maraqlarına bağlılığından, öz ideyalarına sadiqliyindən çox asılıdır.
Ona görə də müstəqilliyin ilk illərində hadisələri dərindən təhlil etməyi bacaran insanlara əyan idi ki, cılız firqə maraqlarını aktuallaşdıran, cəmiyyətdə xaotik bir siyasi əhval yaradan bu partiyalar bolluğu uzun sürməyəcək. İdeoloji-siyasi kursu bütövlükdə cəmiyyətin maraqlarına cavab verən sağlam bir qüvvə siyasi meydana çıxan kimi böyük əksəriyyətin dəstəyi ilə monolit qüvvəyə çevriləcək və müxtəlif dəbdəbəli adlar, cəlbedici proqramlar, şüarlar irəli sürən, xalqı, ölkəni irəli aparacaqlarını vəd edən digər firqələr xalqın bu böyük gücü qarşısında yavaş-yavaş meydanı tərk etməli olacaqlar.
Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü ilə 1992-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevə üz tutmuş 91 nəfər Azərbaycan ziyalısının məşhur müraciətində də elə bu xüsusda yazılırdı: “Azərbaycanda “sürətli artım” ancaq yeni-yeni partiyaların və onların liderlərinin meydana çıxması sayəsindədir. Bu siyasi partiyaların sayı gündən-günə çoxalsa da, respublikada ictimai-siyasi həmrəylik yaratmaq yolunda əməli iş görülmür, siyasi vakuum mövcuddur. Çünki bu siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur”.
***
İstər ədəbiyyat tarixi olsun, istər mədəniyyət, istər siyasət - fərq etməz, diqqət etsək görərik ki, hər hansı xalqın tarixində ortaya çıxan ən mütərəqqi yenilikləri, baş verən ən önəmli hadisələri zaman özü yaradır, dövr özü ərsəyə gətirir.
21 noyabr 1992-ci il də Azərbaycan tarixinin belə səhifələrindəndir. O zaman Naxçıvana - Yeni Azərbaycan Partiyasının təsis konfransına, sonralar Şəki Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmiş Nəzir Əhmədovla getmişdik. Qaldığımız mehmanxanada işıq, su belə yox idi. Bizim üçün əlindən gələni əsirgəməyən Naxçıvan və Azərbaycan Ali Sovetinin deputatı Eldar İbrahimovun gətirdiyi “Badamlı” suyu ilə əl-üzümüzü yuduq.
Bəli, Yeni Azərbaycan Partiyasının yaradıcı qüvvəsi belə bir ağır zaman kəsiyində Naxçıvanda qərar tutmuşdu. Həmin noyabr günü partiyanın təsis konfransında iştirak üçün Naxçıvandakı Cəlil Məmmədquluzadə adına Dram Teatrının soyuq zalına toplaşmış ziyalıları, həmçinin ölkənin ayrı-ayrı bölgələrindən gəlib toplantıda iştirak edə bilməsə də, qəlbi bu zalda döyünən insanları birləşdirən zamanın səsi idi, dövrün çağırışları idi.
Bu çağırış 91-lərin Heydər Əliyevə müraciətində öz əksini belə tapmışdı: “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq Siz
qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və ya yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər”.
***
Beləliklə, zaman öz səsi ilə insanları Azərbaycanı müstəqilliyin ilk illərində üzləşdiyi bəlalardan xilas edib aydın inkişaf yoluna çıxara biləcək yeganə liderin - Heydər Əliyevin ətrafında bir araya toplayırdı.
Ona görə Yeni Azərbaycan Partiyasının qeydiyyat sənədlərində təsbit olunmayan bir adı da “Heydər Əliyev partiyası” oldu. Baxmayaraq ki, ümummilli liderin öz çıxışlarında, müsahibələrində dəfələrlə qeyd etdiyi kimi, siyasi partiya yaradıb ona rəhbərlik etmək arzusunda deyildi, bununla belə, xalqın istəyinə qarşı çıxmadı və onun adı ilə assosiasiya olunması bu partiyanın uğurlarında çox böyük rol oynadı.
***
Heydər Əliyevin ziyalıların o müraciətinə cavabını tapıb təkrar oxuyuram. Bir liderin müstəqilliyini yenicə əldə edib naşı idarəçilər əlində saysız-hesabsız problemlərlə üzləşən, gündən-günə xaosa sürüklənən, parçalanaraq dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qalan ölkənin problemlərini bu qədər dəqiqliklə ümumiləşdirə bilməsinə və bu problemlərdən xilas yollarına işıq salan fəhminə sadəcə olaraq heyrətlənirəm.
Heydər Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsini tarixi bir hadisə, zamanın, taleyin xalqımıza əvəzsiz bir töhfəsi kimi qiymətləndirir, bu hadisənin bütün azərbaycanlıları sevindirdiyi qədər müstəqil Azərbaycan dövləti və xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyduğunu göstərirdi: “İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir”.
Ulu öndər qeyd edirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması bütün ictimai-siyasi, sosial-iqtisadi potensialdan maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur. Heydər Əliyev bu məqsədlə görüləsi işləri ardıcıllıqla sıralayır, ilk növbədə Azərbaycanın müharibə vəziyyətindən çıxması zərurətini irəli sürürdü.
Onun qarşıya qoyduğu digər məsələ isə Azərbaycanda sosial-iqtisadi böhranın aradan qaldırılması, xalqın güzəranının yaxşılaşdırılması üçün ölkəmizin tükənməz təbii sərvətlərindən, zəngin sənaye, aqrar və sosial ehtiyatlarından, lazımi intellektual potensialından, əsaslı istehsal fondlarından, işçi qüvvəsindən respublikanın müstəqilliyinin möhkəmləndirilməsi və insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün səmərəli istifadə olunması idi.
Heydər Əliyev ziyalıların müraciətinə cavabında haqlı olaraq kadr məsələlərinə də toxunur, AXC-Müsavat cütlüyünün bolşeviklərin və kommunistlərin özünü doğrultmayan kadr təcrübələrindən yenidən istifadə etməsinin yolverilməzliyini bildirir, ötən onilliklər ərzində respublikada hazırlanmış kifayət qədər bilikli, təcrübəli, səriştəli, yüksək mədəniyyətə malik kadrların ictimai-siyasi təşkilatlara, partiyalara mənsubiyyətindən asılı olmayaraq fəal quruculuğa cəlb edilməsinin zəruriliyini göstərirdi.
Ümummilli lider eyni zamanda qeyd edirdi ki, müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, hər şeydən əvvəl, respublikada qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır. Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizm, insan azadlığı şəraitində mümkündür. Söhbət söz, vicdan, din, təşəbbüskarlıq və sahibkarlıq, mülkiyyətçilik, seçib-seçilmək azadlığından gedir.
Azərbaycanda yaşayan hər bir vətəndaş milliyyətindən, dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq, bu demokratik azadlıqlara və hüquqlara malik olmalıdır. Yeni müstəqil dövlətin quruculuğu prosesinə vətəndaşların hamısı, əhalinin bütün təbəqələri cəlb olunmalıdır. Yeni müstəqil Azərbaycan bütün Azərbaycan xalqınındır. Hamı onun tərəqqisinə çalışmalıdır. Bu işdə heç kəsə məhdudiyyət qoyulmamalıdır.
O illərdə Azərbaycanın parçalanmasına yönəldilmiş meyillərin doğurduğu böyük təhlükələr də Heydər Əliyevin narahatlıqla toxunduğu əsas məsələlərdən idi. Böyük dövlət adamı belə meyillərin qarşısının qətiyyətlə alınmasını, yaranan problemlərin sivil və demokratik yollarla həllini zəruri sayırdı. Qeyd edirdi ki, Azərbaycan onilliklərlə, yüzilliklərlə onun ərazisində yaşayan bütün insanların vətəni olmuşdur. Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanılması və inkişaf etdirilməsi, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir.
“Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur.
Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğulur.
Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.
***
Belə bir partiya Heydər Əliyevin rəhbərliyi ilə yaradıldı. Yeni Azərbaycan Partiyasının təsis olunmasından qısa müddət sonra isə tarixi taleyimizin digər mühüm hadisəsi baş verdi. Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq partiya işindən əlavə böyük bir məsuliyyəti - Azərbaycanın ağır dövründə ölkəyə rəhbərlik missiyasını üzərinə götürdü. Bu 24 il müddətində dövlət təsisatlarının gördüyü işlərlə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin ayrılmaz vəhdəti müstəqil Azərbaycan dövlətinin inkişafına qapı açdı.
Bu gün tarixinin ən qüdrətli mərhələsini yaşayan Azərbaycandakı inkişaf reallıqlarını məhz bu vəhdət şərtləndirdi. Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışı ilə Onun Yeni Azərbaycan Partiyasının təsis olunması ərəfəsində cəmiyyət qarşısında aktuallaşdırdığı məsələlərin hər biri ardıcıllıqla öz həllini tapmağa başladı.
İlk növbədə, cəbhə bölgəsində atəşkəs elan olundu. Bu isə insan itkilərini, qan-qadanı, cəmiyyətdəki müharibə kabusunu, hərbi müxalifətin doğurduğu təhdidləri aradan qaldırmaqla yanaşı, Azərbaycana qısa zamanda toparlanıb ictimai-siyasi sabitlik mühitində strateji inkişaf kursunu müəyyən edərək addım-addım həyata keçirməyə imkan yaratdı. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı, Azərbaycanın malik olduğu təbii resurslardan milli maraqlarımıza uyğun istifadə, əhalinin güzəranının yaxşılaşması istiqamətində məqsədyönlü addımlar atıldı. Dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycan qlobal layihələrin əsas iştirakçılarından birinə çevrildi.
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu ilə ölkəmizdə hüquqi dövlət quruculuğunun əsası qoyuldu. Demokratik islahatlar, ordu quruculuğu uğurla həyata keçirildi. Azərbaycana töhfə verə biləcək bütün peşəkar, yüksək potensiallı kadrlar ölkəmizin inkişafı proseslərinə cəlb edildi. Qanunun aliliyi, vətəndaşların hüquq və azadlıqları təmin olundu, azadlıqların anarxiyaya çevrilməməsi, demokratik prinsiplərin ziyanlı məqsədlərlə istifadə olunmaması üçün cəmiyyətdə sosial məsuliyyət normaları müəyyənləşdi. Müvəqqəti hakimiyyətlər dövründə ölkənin müxtəlif bölgələrində zəhərli alaq otu kimi boy göstərməyə başlayan separatizm meyillərinin qarşısı alındı.
Heydər Əliyevin irəli sürdüyü və Yeni Azərbaycan Partiyasının geniş kütlələr arasında yayılmasında, təbliğində böyük rol oynadığı azərbaycançılıq ideologiyası cəmiyyətdə müstəqil dövlətimizin milliyyətindən, dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq özünü bu torpaqlara bağlı sayan, Azərbaycanı özünə tarixi vətən bilən hər kəsə aidliyi məfkurəsini formalaşdırdı.
Əsas ideoloji dayaqları ölkəmizin müstəqilliyindən, azərbaycançılıqdan, müasirlikdən, inkişafdan, sosial rifahdan, iqtisadi və siyasi islahatlardan ibarət olan Yeni Azərbaycan Partiyası da Heydər Əliyevin milli dövlətçilik kursunun ifadəçisi olaraq bütün bu proseslərdə tarixi rol oynadı.
***
Partiyanın 2013-cü ilin 7 iyununda keçirilən V qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev demişdir: “Ulu öndər Heydər Əliyevin Azərbaycanda Prezident kimi fəaliyyəti Yeni Azərbaycan Partiyasının güclü dəstəyi ilə tamamlanırdı. Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur”. Bu mənada partiyanın tarixi Azərbaycanda müstəqillik dövlət quruculuğu tarixi ilə üst-üstə düşür.
17 oktyabr 2016-cı ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda isə Prezident müasir Azərbaycanda siyasi sistemin formalaşmasında Yeni Azərbaycan Partiyasının yerini və rolunu xüsusi vurğulayaraq bu qurumun fəaliyyətinə tarixi qiymət verdi. Dövlət rəhbərinin çıxışının ən maraqlı məqamlarından biri də müstəqillik tariximizin dövrlər üzrə dəqiq təsnifatının aparılması və xalqımızın keçdiyi tarixi təkamül yolunun bu həqiqətin aynasında aydın şəkildə öz əksini tapması idi. Prezident İlham Əliyev müstəqilliyimizin 1991-ci ilin oktyabrından 1992-ci ilin yay aylarına qədər olan dövrünü itirilmiş imkanlar, itki və faciələr dövrü kimi xarakterizə etdi. Bu dövrün 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədər, daha çox AXC-Müsavat cütlüyünün hakimiyyəti dövrü kimi xatırladığımız ikinci mərhələsini tam haqlı olaraq biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü adlandırdı.
Ulu öndər Heydər Əliyevin hakimiyyət rəhbərliyinə qayıdışından sonra Azərbaycanın daxil olduğu inkişaf və sabitlik mərhələsinin müstəqillik tariximizin ikinci dövrü kimi layiqli qiymətini verdi. Eyni zamanda, 2003-cü ildən bəri yaşadığımız nailiyyət və qürur dolu illərin milli dövlətçilik tariximizdəki əhəmiyyəti də dövlət rəhbərimizin çıxışında dəqiqliklə öz əksini tapdı: “2003-cü il, hesab edirəm ki, müstəqil tariximiz üçün xüsusi əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə ölkənin bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi: Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa ki, yenə Azərbaycan bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdrikliyini göstərərək Heydər Əliyev siyasətinə öz səsini verdi. ...Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, yenə də Azərbaycan xalqı düzgün seçim etmişdir. 2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti davam etdirilir. Bu, müstəqilliyimizin üçüncü dövrüdür. Bu üçüncü dövr ikinci dövrün məntiqi davamıdır”.
***
Bu illər ərzində qazandığımız tarixi uğurlar cild-cild tədqiqatların mövzusudur. Azərbaycan cəmi 25 il əvvəl saysız-hesabsız problemlər məngənəsində sıxılan, bir tərəfdən daxildəki qaragüruhçuların səriştəsizliyindən, bir tərəfdən də xarici təhdidlərdən kövrək müstəqilliyini hər an itirmə təhlükəsi ilə üzləşən ölkədən bu gün dünyanın ən sabit, yüksək inkişaf tempinə malik, özü öz taleyinin sahibi olan ölkəsinə çevrilib.
2003-cü ildən bəri Azərbaycan misilsiz inkişaf yolu keçib və bu inkişaf xətti indi də davam etdirilir. Ölkədə işsizlik, yoxsulluq kimi ağır sosial problemlər, demək olar ki, həllini tapıb. Keçid dövrünü uğurla başa vurmuş cəmiyyətimizdə demokratik normalar, bazar iqtisadiyyatının prinsipləri tam bərqərar olub. İnsanların güzəranı düzəlib. Eyni zamanda, hər kəsə bacarığını, imkanlarını ortaya qoyaraq öz işini qurub daha çox qazanmaq, daha yaxşı yaşamaq üçün bərabər imkanlar təmin edilib.
Azərbaycanın regionlarında həyat büsbütün dəyişib. Ölkəmizin sərvətlərinin yüz illərlə sümürülüb qəsb edildiyi vaxtlarda abad yola, elektrik enerjisinə, təmiz suya, mavi yanacağa, normal məktəbə, uşaq bağçasına, xəstəxanaya, idman obyektlərinə həsrət rayonlarımızda, kəndlərimizdə indi hər cür şərait yaradılıb. Bütün bunlar ulu öndər Heydər Əliyevin memarı olduğu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin isə daha da möhkəmləndirdiyi dövlət müstəqilliyimizin nailiyyətləridir.
Azərbaycan bu gün dünyanın nüfuzlu təşkilatlarının həlledici üzvlərindəndir. Regionda reallaşdırılan bir çox qlobal layihələr bilavasitə ölkəmizin qərarlarından, təşəbbüslərindən, iştirakından asılıdır. Beynəlxalq arenalarda Azərbaycanın mövqeyi ilə hər zaman hesablaşırlar. Əgər bu, bir tərəfdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətindən irəli gəlirsə, digər tərəfdən də Azərbaycanın kimsənin mənafeyinə toxunmayan, amma ölkəmizin milli maraqlarını da heç kimə güzəştə getməyən haqq mövqeyinə hörmətin təzahürüdür.
Azərbaycanda ciddi islahatlar aparılır, rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi istiqamətində böyük işlər görülür. Korrupsiya, rüşvətxorluq kimi inkişafımızı əngəlləyən bəlaların kökünü kəsmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə atılmış addımların ilkin parlaq nəticələri göz qabağındadır. Məsələn, artıq bütün dünyada məşhur bir Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” brendinin cəmiyyət həyatında səbəb olduğu böyük dəyişiklikləri, insanlarımız üçün yaratdığı yeni dəyərləri kim inkar edə bilər? Bu, Azərbaycanın dünyaya təqdim və ixrac etdiyi, artıq bir çox ölkələrin də istifadə etmək üçün öyrəndiyi intellektual məhsuldur. Azərbaycan Prezidentinin ortaya qoyduğu siyasi iradə, verdiyi mütərəqqi qərarlar, ölkə həyatında tətbiq etdiyi innovativ yeniliklərlə ölkəmizin üzünü bütün dünyada ağ edən bu cür nümunəvi məhsullarımızın sırası hələ genişlənəcəkdir.
***
Müstəqil dövlətimizlə həmahəng, bu müqəddəs dəyərin yol yoldaşı, milli ideallarımızın daşıyıcısı olan Yeni Azərbaycan Partiyası da tarixi baxımdan yaşa dolur, amma mahiyyətcə gəncləşir, sıraları genişlənir, partiya dövrün siyasi-texnoloji yeniliklərinə açılır, özünü zaman-zaman inkişaf etdirir.
Bu partiya ənənə və müasirliyin vəhdətidir.
Yeni Azərbaycan Partiyasının müstəqillik tariximizin sabitlik və inkişaf dövrünün yaradılmasındakı tarixi rolu ilə, bu partiyanın Azərbaycan siyasi mühitinə gətirdiyi mənəvi dəyərlərlə, cəmiyyətimizdə siyasi mədəniyyətin, demokratik prinsiplərin, milli dövlətçilik düşüncəsinin bərqərar olmasında yerinə yetirdiyi missiya ilə partiyanın hər bir üzvü qürur duya bilər. Partiyamız öz missiyasını bu gün də şərəflə davam etdirir.
Sıralarında 700 minə yaxın vətəndaşımızı birləşdirən bu partiya, ilk növbədə, böyük bir dövlətçilik məktəbidir. İnsanlar bu məktəbdə siyasi bilik və təcrübələrini təkmilləşdirir, öz imkanlarından vətənin rifahı üçün daha səmərəli və məqsədyönlü şəkildə istifadə edə bilirlər.
Milli ideyanın formalaşmasında böyük rol oynamış bu partiyanın Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi modernləşmə xəttinin uğurlarında, ölkəmizin bilik və informasiya cəmiyyətinə doğru irəliləməsində, yeni düşüncəli vətəndaşların yetişməsində, beləliklə, Azərbaycanın inkişaf etmiş cəmiyyətlər səviyyəsinə yüksəlməsində rolu müstəsnadır.
Ölkənin tanınmış ziyalılarının, fikir adamlarının, peşəkar siyasətçilərin təmsil olunduğu Yeni Azərbaycan Partiyası, eyni zamanda, cəmiyyətimizdə gedən demokratik inkişaf proseslərini yönləndirən, bu proseslərin siyasi-ideoloji əsaslarının formalaşdırılmasında və möhkəmləndirilməsində yaxından iştirak edən, müstəqillik tariximizi mənəvi töhfələrlə zənginləşdirən düşüncə mərkəzidir.
Partiyamızın daha bir tarixi rolu isə cəmiyyətdə qadın fəallığı ənənələrinin formalaşmasına, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında yaxından iştirakına verdiyi töhfələrdir. Yeni Azərbaycan Partiyasının V qurultayında partiya üzvlərinin siyasi iradəsi və istəyi ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın partiya sədrinin müavini seçildikdən sonra partiya daxilində qadın hərəkatı daha da genişlənmişdir. Azərbaycanda və dünyada həyata keçirilən sosial-humanitar layihələr, mədəniyyətlərarası dialoq, multikulturalizm, mədəni dəyərlərimizin qorunması və təbliği, bir sıra möhtəşəm beynəlxalq tədbirlərin təşkilatçılığı nümunəsi ilə uğur rəmzinə çevrilmiş Mehriban xanım Əliyeva bu gün sədr müavini kimi YAP-ın inkişafında da mühüm rol oynamaqdadır.
Bu partiya yüksək təşkilatçılıq, böyük siyasi mədəniyyət nümunəsidir. Ölkəmizdə müasir dövrün çağırışlarına uyğun partiya işi təcrübəsinin formalaşmasında, siyasi plüralizm ənənələrinin möhkəmlənməsində, münaqişələrin diskussiya məcrasına yönəldilməsində, bütün cəmiyyətlər üçün böyük təhlükə doğuran qaragüruhçu çarpışmaların öz yerini intellekt mübarizəsinə verməsində Yeni Azərbaycan Partiyasının böyük xidmətləri var.
Və müstəqillik tariximizdə bu qədər nəcib işlərə imza atmış bir siyasi partiyanın artıq fəaliyyətinin 24-cü ildönümünü qeyd etməsi çox fərəhli hadisədir.
***
Bu sətirləri qələmə ala-ala xəyalən Yeni Azərbaycan Partiyasının 24 il ərzində keçib gəldiyi çətin və şərəfli yola nəzər salıram. Partiyanın milli dövlətçilik tariximizdəki uğur formulunu müəyyənləşdirməyə çalışıram. Düşünürəm ki, bu formul Azərbaycan Respublikası Prezidentinin partiyanın roluna qiymətində mükəmməl şəkildə ifadəsini tapıb:
Mütəşəkkil fəaliyyət, öz liderinə sədaqət və Azərbaycan xalqının bu siyasətə verdiyi dəstək!
Bu vəhdət Yeni Azərbaycan Partiyasını müstəqil dövlətimizlə birgə yeni-yeni uğurlara aparacaq!..
Bayramımız mübarək, əziz partiyadaşlarımız!..

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,YAP Xətai rayon təşkilatının sədri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm