2016-cı ildə baş verənlər, yaxud 2017-də bizi nə gözləyir? - RƏYLƏR
Bizi izləyin

Nida.az

2016-cı ildə baş verənlər, yaxud 2017-də bizi nə gözləyir? - RƏYLƏR

2017-ci ildə bizi nə gözləyir?

2016-cı il başa çatmasına artıq sayılı günlər qalıb. Bu il beynəlxalq aləmdə baş verən siyasi proseslər istər-istəməz “dünya hara gedir?” sualını yaratdı. Xüsusilə “Brexit” və ABŞ-a Donald Trampın prezident seçilməsi Qərbin “məhv olma” dövrünə qədəm qoyduğuna dair fikirlərin yaranmasına səbəb oldu. Eyni zamanda, Azərbaycan daxilində baş verənlər, xüsusilə Dağlıq Qarabağ ətrafında yeni reallığın yaranmasına səbəb olan hadisələr yaşandı.

Aprel müharibəsi və kitablara düşəcək hadisə

Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında deyib ki, 2016-cı il Azərbaycan üçün ən mühüm hadisə aprel döyüşləri oldu: “Azərbaycan Ordusunun qələbə qazanması tarixə düşən hadisədir. Azərbaycan əyani şəkildə göstərdi ki, ərazilərini geri qaytarmaq və ərazi bütövlüyünü təmin etmək iqtidarındadır”.

Politoloqun fikrincə, dünyada ən vacib hadisə isə ABŞ-da biznesmen Donald Tranpın prezident seçilməsidir.

“Bunu tarix kitablarına düşəcək hadisə hesab etmək olar”, - deyə o bildirib.

Referendum və şəhid istəyən Vətən

Tanınmış jurnalist, “Ayna-Zerkola” qəzetinin baş redaktoru Elçin Şıxlı isə hesab edir ki, aprel döyüşləri siyasi yox, hərbi hadisədir.

Publika.az-a açıqlamasında E. Şıxlı bildirib ki, Azərbaycan daxilində baş verən siyasi hadisə kimi referendumun keçirilməsini göstərmək olar: “Siyasi olaraq hansısa başqa hadisələr yaşanmadı. Aprel döyüşünü hərbi-siyasi hadisə olaraq xarakterizə edərdim. Bu döyüşlər göstərdi ki, Azərbaycan ordusu və millətimiz döyüşməyi bacarır. Bu, mənəvi cəhətdən böyük hadisə hesab olunamalıdır. Doğrudur, şəhidlərimiz oldu. Amma görünür, Vətən bunu tələb edir”.

E. Şıxlı dünyada yadda qalan siyasi hadisələri belə sıralayıb: “Brexit”, Donald Trampın prezident seçilməsi, İraqda və Suriyada baş verənlər”.

Şıxlı onu da əlavə edib ki, əgər ABŞ-da Hillari Klinton prezident seçilsəydi, bu, yadda qalan siyasi hadisə olmayacaqdı.

Aprel və iyul ayları, yaxud Azərbaycan və dünya



“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da Publika.az-a açıqlamasında aprel müharibəsini Azərbaycan üçün ilin hadisəsi adlandırıb.

“Azərbaycan aprel döyüşlərində uğurlu bir əməliyyat apardı. Bu ölkəmiz üçün mühüm hadisədir. Bununla yanaşı, referendumun keçirilməsi və konstitusiyaya dəyişikliklərin edilməsi əhəmiyyətli siyasi hadisə hesab oluna bilər”, - deyə o vurğulayıb.

Dünyaya gəlincə, A. Aşırlı ən diqqətçəkən hadisənin Türkiyədə 15 iyul çevriliş cəhdinin olduğunu bildirib.

Ümumi rəy 2016-cı ilin gərgin və kataklizimlərlə dolu olması haqdadır. Bəs 2017-ci il? Gələn il siyasi baxımdan necə gözlənilir?

Bakı əraziləri qaytarmaq üçün bir variant seçəcək

Q. Hüseynli hesab edir ki, Azərbaycan Dağlıq Qarabağın azad olunması istiqamətində addımlarını daha da intensivləşdircək.

“Münaqişə ilə bağlı vəziyyət belə qalmayacaq. Azərbaycan buna dözməyəcək. Hesab edirəm ki, Azərbaycanın siyasi rəhbərliyi ərazi bütövlüyümüzün bərpası üçün münaqişənin həlli istiqamətindəki mümkün olan variantlardan birini seçəcək”, - deyə o bildirib.

Dünyanın gələcəyi bədbindir

Q. Hüseynli dünyanın gələcəyi haqqında bədbin düşünür.

Onun sözlərinə görə, Tramp kimi siyasətdən uzaq bir şəxsin ABŞ prezidenti olması, digər tərəfdən, Rusiya prezidentinin artıq üçüncü dəfə “Forbes” jurnalı tərəfindən ilin adamı seçilməsi dünyaya baxış bucağının dəyişdiyini göstərir: “Dünyada dəyərlər sistemi ciddi sürətlə dəyişir. Bunu bir il öncə proqnozlaşdırmaq mümkün deyildi”.

“Putin seçki yolu ilə hakimiyyətdən gedərsə...”

E. Şıxlı isə hesab edir ki, dünyanın gələcəyinin necə olacağı ABŞ siyasətindən asılıdır.

“Tramp ya Obama kimi Rusiya ilə yaxınlaşmaq istəyəcək. Ya da Obamanın sonradan ağılanaraq, Rusiyaya qarşı sanksiyalar əl atması kimi kəskin siyasət yürüdəcək. Burada iki qüvvənin mübarizəsi gedir: Rusiya və kommunist ideologiyası liberal dəyərlərə qarşı. Liberal tərəfdən dünyaya öz süni həyat tərzlərini yetirmək istəyənlər var. Seçim qarşısındayıq. Əgər Putin seçki yolu ilə hakimiyyətdən gedərsə, Azərbaycan üçün müəyyən yumşalmalar olacaq. Bu, həm də təzyiqləri azalda bilər. Əgər bu baş verməyəcəksə, o zaman iki qüvvənin kəllə-kəlləyə gəlməsi prosesi davam edəcək və biz burada özümüzə yol tapmalıyıq”,- deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm