"Onu görəndə heyrətdən donmuşdum..."
Bizi izləyin

Nida.az

"Onu görəndə heyrətdən donmuşdum..."

"Mən onu ilk dəfə görəndə heyrətdən donmuşdum".

Aynur Camalqızı

Rəna xanımın vəfatına çox üzüldüm. O, mənimçün çox dəyərliydi. Xəstə olduğunu bilirdim. Bir neçə ay öncə telefonla danışmışdıq. Səsindən artıq bu dünyanın adamı olmadığı bilinirdi. Səfər üstündəydi...

Onu görmək istədiyimi dedim. Amma sonra gedə bilmədim görüşünə. Sarsılacağımdan qorxdum. Son illərdə bir-birinin ardınca o qədər sarsıntı yaşamışam ki... Doğmalarımın, sevdiklərimin, əzizlərimin itkisinə. Qaldıracaq gücüm yoxdu artıq...

Rəna xanımın ilk gördüyüm şəkildə xəyalımda qalmasını istədim...

Mən onu ilk dəfə görəndə heyrətdən donmuşdum. Necə gözəl, necə əsalətli, necə nəcabətli, necə məğrur, necə nəzakətli qadın idi, İlahi! Onun kimi qadınlar dünyada çox azdır. Sanki padşah qızıydı, sanki sarayda böyümüşdü, bu əsaləti başqa cür təsəvvür etmək mümkün deyildi...

Məncə, o, layiq olduğu həyatı, taleyi yaşamadı. Hər şey mane oldu, hər kəs mane oldu. Qarabağ müharibəsi onun taleyini dəyişdi.

O, xəstəlikdən ölməməliydi; o, gözəl-gözəl yaşlanmalı, yaşı üstünə yaş gəldikcə gözəl üzü daha da gözəlləşməliydi. Qarabağın, Kəlbəcərin azadlığını görməliydi.

Çox təəssüf edirəm, çox üzülürəm, Rəna xanım. Arzu edirəm, o dünyanız rahat olsun, gözəl olsun, behişt olsun, cənnət olsun, uca ruhunuza layiq olsun.

İndən sonra "Sarı gəlin" mahnısını hər dinləyəndə Sizi xatırlayacam!

Bir gün görüşəcəyik...

Qeyd: Bu gün İsgəndər Həmidovun həyat yoldaşı Rəna xanım uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm