Nida.az
Yaqub Məmmədov nurçuları Azərbaycana gətirənin adını açıqladı - MÜSAHİBƏ
Azərbaycan Ali Sovetinin sabiq sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Yaqub Məmmədovun Publika.az-a müsahibəsi:
Yaqub bəy, hazırda nə işlə məşğulsunuz?
Elmi-pedeqoji fəaliyyətlə məşğul oluram, professoram.
Niyə mətbuatda görünmürsünüz?
Mətbuatdan heç bir şikayətim yoxdur. Özüm mətbuatda görünmək istəmirəm. Mətbuatdan mənə müraciətlər çox olur. Ancaq özüm kənarda qalıram.
Bəs siyasətdən nə üçün kənarda qalmısınız?
Siyasətdə qalmağa ehtiyac görmürəm. İndiyədək siyasətlə məşğul olan adamlar nə ediblər ki, biz də nə edək. Vaxtında aktiv siyasətlə məşğul olduq, bir nəticəsi olmadı. İndi də siyasətbazlıq etməkdənsə, öz işinlə məşğul olmaq daha yaxşıdır.
Ukraynda baş verən hadisələri izləyirsiniz?
Bəli, izləyirəm. İndi Ukraynada yaranmış vəziyyət Azərbaycanda 90-cı illərin əvvəllərində yaranmış vəziyyəti xatırladır. O zaman Azərbaycanda da eyni qarşıdurmalar yaranmışdı. O vaxtı Azərbaycanda da müxalifət hakimiyyəti devirib iqtidara gəldi. Ancaq o zaman Azərbaycanda yaxşı idi ki, heç olmasa müxalifətin arxasında dayananlar oldu və Rusiya açıq şəkildə müdaxilə etmədi. Beləliklə, o dövrdə müxalifət heç olmasa 1 il hakimiyyətdə qala bildi. Ancaq sonra yenə ara qarışdı. Bunun da əsas səbəbi o idi ki, həmin dövrdə hakimiyyətə gələn müxalifət düzgün xarici siyasət qura bilmirdi. Məhz, 90-cı illərin əvvəllərində də AXC açıq-aşkar Rusiyanın əleyhinə təbliğat aparırdı və bunun nəticəsində də Gəncə hadisələri törədildi və AXC hakimiyyətdən getdi.
Eyni hadisələrin indi təkrarlanması nə qədər realdır?
Xeyr, indi bu hadisələr təkrarlana bilməz. Çünki indi Azərbaycanda şərait və vəziyyət tamam fərqlidir. İndi Azərbaycana qarşı elə bir təhlükə hiss etmirəm. Yəqin ki, yaxın illərdə də belə bir təhlükə olmayacaq. Çünki indi Azərbaycanın dövlət rəhbərinin xarici siyasəti tamam başqadır.
İndi Azərbaycan Prezidentinin xarici siyasətini necə qiymətləndirirsiz?
Müsbət qiymətləndirirəm. Hesab edirəm ki, indiki şəraitdə bu ən düzgün siyasətdir. Çünki, həm qərb, həm şərq, həm şimal, həm də cənubla balanslaşdırılmış siyasət yürüdülür. Bu cür diplomatik və iqtisadi əlaqələrin saxlanılması indiki halda ən düzgün siyasətdir. İndi başqa cür siyasət yürütmək Azərbaycanın milli maraqlarına xidmət etməz.
Ukraynada baş verən hadisələrdən sonra Azərbaycanda da “5-ci kolon”un işə düşdüyü deyilir. Tərəfinizdən bu nə qədər açıq müşahidə edilir?
Bilirsiniz, mən tam səmimi deyirəm ki, bunu bizim mətbuat yalandan şişirdir. Azərbaycanda heç bir “5-ci kolon” yoxdur. Azərbaycanda “5-ci kolon” Rusiya meyilli qüvvələr nəzərdə tutulur ki, ancaq bunların təşkilatlanmaq imkanları mövcud deyil. Ola bilər ki, kiminsə fərdi qaydada hər hansı istək və arzusu olsun. Ancaq bir qüvvə kimi, onların nə vaxtsa Azərbaycanda meydana çıxması real görünmür. Bu, ola bilməz.
Artıq 20 ildən çoxdur ki, Azərbaycanda təşkilatlanmış və platforması olan Rusiya meyilli heç bir siyasi qüvvə qalmayıb.
Amma Ayaz Mütəllibovun partiyası Rusiya meyilli hesab olunurdu...
Artıq bu partiya çoxdandır ki, yox olub. Bu cür partiyalar əvvəllər olsa da, ancaq neçə illərdir ki, dağılıb gedib. Ayaz Mütəllibovun adı ilə bağlı olan partiyaların birinin başında Sabir Hacıyev, digərinin başında isə İqbal Ağazadə idi. Onların da hər biri bu gün Milli Məclisdə oturublar. Kommunist Partiyası isə 3-4 nəfərlə fəaliyyət göstərir. Onların da hərəsi bir yerdə bir-biri ilə çəkişməklə məşğul olur. Yəni, bu gün Azərbaycanda Rusiya meyilli partiya yoxdur. Bunu bizim müxalifət liderləri və bəzi jurnalistlər şişirdirlər. Bütün bunlar real söhbətlər deyil. Bu cür fikirlər real deyil.
Bəs belə bir təhlükə yarandığı təqdirdə, hansı addımlar atılmalıdır?
Əvvəla, mən belə bir təhlükə hiss etmirəm. Əgər belə bir təhlükə yaranarsa belə, o zaman ilk növbədə ölkədəki bütün siyasi qüvvələr birləşməlidir, müxalifət-iqtidar söhbəti olmamalıdır, başqa siyasi məqsədlər güdməməlidir və hamı bir yerdə Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qorumalıdır. Ancaq bu yolla gedilməlidir. Mən bundan başqa çıxış yolunu da görmürəm.
Jurnalist Rauf Mirqədirovun həbsinin ölkədəki ictimai-siyasi vəziyyətlə hər hansı əlaqəsi ola bilərmi?
Doğrusu, mən bu barədə mətbuatdan tanış oluram. Məsələnin mahiyyətindən xəbərim olmadığı üçün bu həbslə bağlı konkret nə isə deyə bilmərəm. Ancaq ümumilikdə, jurnalistlərin təqib olunmasını və ya həbs olunmasını düzgün hesab etmirəm. Amma hər hansı əsas varsa, dövlətə xəyanət edibsə, o zaman həbsinə haqq qazandırmaq olar. Ancaq indiyədək mən hiss etməmişəm ki, hər hansı azərbaycanlı jurnalist dövlətə xəyanət etsin və gedib erməni ilə görüşsün. Bunu edən adam nəinki öz həyatını, həm də ailəsinin həyatını risk altında qoyur. Mən inanmıram ki, Azərbaycan adı və soyadı daşıyan bir adam gedib erməni ilə əməkdaşlıq etsin.
Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunus da ermənilərlə əməkdaşlıq etməkdə ittiham olunur. Onunla bağlı bu məsələyə münasibətiniz necədir?
Əvvəla deyim ki, Leyla Yunus Xalq Cəbhəsinin hakimiyyəti dövründə Müdafiə Nazirliyində işləyib. Onu vəzifəyə Rəhim Qazıyev gətirmişdi.
Digər tərəfdən isə mən inanmıram ki, Leyla Yunusun ötən 20 il ərzində ermənilərə işləməsi indi müəyyən olunur. Bu, o qədər də inandırıcı deyil.
Bəs “nurçuluq” məsələsi nə qədər inandırıcıdır?
Bu haqda da məndə konkret məlumat yoxdur. Mətbuatda gedənləri mən də izləyirəm. Mənə elə gəlir ki, Türkiyədə gedən prosesləri bizə də şamil ediblər. Ancaq bunun Azərbaycan dövləti üçün ciddi təhlükəsi yoxdur. Bunlar Türkiyə daxilində qarşıdurma yaradıblar və bunun təsiri Azərbaycana kimi gəlib çatıb. Ümumiyyətlə, Türkiyənin Azərbaycana hər zaman təsiri güclü olub. İndi Türkiyədə bunlar bir-birinə qarşı mübarizə aparırlar və bunun təsiri bizə də gəlib çatır.
Digər tərəfdən isə Türkiyədə “nurçular” hər zaman güclü olublar. Vaxtilə də onlar Nəcməddin Ərbəkanın partiyasına yaxın olublar.
Ancaq nurçuluq, onun mahiyyəti və Azərbaycanda olan adamları barədə heçnə deyə bilmərəm.
Nurçuların Azərbaycana gəlişi barədə nə deyə bilərsiz?
O vaxtı onlar Türkiyədə müxalifətdə idilər. Onların partiyasının başında da Nəcməddin Ərbakan dayanırdı. Sonra onu hərbiçilər devirdi və yerinə başqası gəldi. Bundan sonra da onlar məxfi formada təşkilatlanmağa başladılar. Yadıma gəlir, o dövrdə Rəcəb Tayyib Ərdoğanın özü də həbs olunmuşdu. Sonra həbsdən çıxan kimi partiya yaratdı və sairə.
Deyə bilərikmi ki, nurçuların Azərbaycana gəlişi Ayaz Mütəllibovun hakimiyyəti illərindən başlayıb?
Yox, qətiyyən belə demək olmaz. Çünki, o vaxtı Ayaz Mütəllibovun dövründə Azərbaycanda partiyalaşma və Türkiyənin güclü təsiri hələ yox idi. Türkiyədən Azərbaycana get-gəl hələ yeni başlayırdı. Nurçular və digər təriqətlərin nümayəndələri Azərbaycana 1992-ci ildən sonra gəliblər. Bu, heç mənim də dövrümdə olmayıb. Bunların hamısı məndən sonra Azərbaycana ayaq açmağa başlayıb.
Bizim Türkiyə ilə əlaqələrimiz var idi, biz tez-tez danışırdıq, görüşürdük. Mənim vaxtımda Süleyman Dəmirəl böyük nümayəndə heyəti ilə Bakıya gəlmişdi, bizim görüşlərimiz olmuşdu, sənədlər imzalanmışdı və sairə. Bizim çox normal və dostluq və qardaşlıq münasibətlərimiz var idi. Mütəmadi olaraq biz Türkiyə ilə əlaqə saxlayırdıq.
Nurçuları Azərbaycanda ilk təqdim edən şəxs kimi Məmməd Aslanın adı çəkilir. Bu nə qədər doğru görünür?
Məmməd Aslan cəbhəçi idi və o vaxtı AXC-nin nümayəndəsi kimi Türkiyəyə gedib-gəlirdi, onun Türkiyə ilə əlaqələri var idi. Mən 1989-cu ildə Tibb Universitetində rektor işləyən vaxtı Ayaz Mütəllibovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Türkiyəyə getmişdim. O vaxtı rəhmətlik Turqut Ozal prezident, Süleyman Dəmirəl isə baş nazir idi. O vaxtı bizim görüşlərimiz olmuşdu. Ancaq mən o dövrdə belə söhbətləri eşitməmişdim. Ancaq o dövrdə Türkiyədə Əbülfəz Elçibəyi çox yaxşı tanıyırdılar və Xalq Cəbhəsini dəstəkləyirdilər. O vaxtı biz türklərlə görüşəndə də onlar Elçibəyi soruşurdular. Hələ Sovetlər dövründə, 1989-cu ildə Əbülfəz Elçibəyin Türkiyədə böyük nüfuzu var idi. Mən bunu gözlərimlə görmüşdüm.
O dövrdə Məmməd Aslanın da çıxışları yadımda qalıb, o da Cəbhəçi mövqeyində idi, o da AXC-nin üzvü idi. Ancaq Azərbaycanda belə partiyalaşma və ayrı-ayrı təşkilatlar 1992-ci ildən sonra yaranmağa başlayıb. 1992-ci ilədək isə belə şey yox idi. O dövrdə Azərbaycan Xalq Cəbhəsi (AXC) var idi. Sonradan isə Milli İstiqlal Partiyası və digərləri yaranmağa başladı. AXC hakimiyyətə gələndən sonra bu partiyanın özündən parçalanmalar başladı, Müsavat və digər partiyalar yarandı. İndi də görürsünüz ki, 50-60 partiya mövcuddur. Bütün bu partiyaların hamısının kökündə AXC dayanır. Çünki, bu partiyaları yaradanların əksəriyyəti vaxtilə AXC-nin tərkibində olub.
Sizin kadrlarınzdan var ki, bu gün hökumətdə vəzifə tutur?
Yox, böyük vəzifədə olan kadrlarım yoxdur. Açığı heç kəs ilə əlaqəm yoxdur. Ona görə də bilmirəm kim harada çalışır.
Bəs sizin özünüzə vəzifə təklif olunub?
Bəli, 1993-cü ildə şəxsən Heydər Əliyev tərəfindən mənə vəzifə təklif olunub. Ancaq bundan sonra heç bir vəzifə təklif edilməyib. Ancaq təklif olunsaydı, mütləq dəyərləndirərdim. O vaxtı yaşım da çox deyil idi, cavan adam idim.
İndi də elmi-pedeqoji işlə məşğul oluram, xidmətimi bu sahədə göstərirəm.
Vasif Həsənli
-
ABŞ00:45
Tramp ABŞ-da yalnız iki cinsi tanıyacağına SÖZ VERDİ
-
Səhiyyə00:30
Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyətləri AÇIQLAMA
-
Paranormal00:00
Günün ULDUZ FALI - Olduqca önəmli bir şeyi itirəcəksiniz
-
Hadisə22 Dekabr 23:12
Ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı / FOTO
-
Magazin222 Dekabr 22:36
Tanınmış aktrisanın 26 yaşlı gəlininin meyiti tapıldı
-
Magazin222 Dekabr 22:24
Çakar Hadiseni təhqir etdi - VİDEO
-
Hadisə22 Dekabr 21:24
Xırdalanda mənzildə PARTLAYIŞ: yaralılar var - VİDEO
-
Magazin122 Dekabr 20:48
Zümrüd 21 il əvvəl belə görünürdü - FOTO