AMİP Firudin Cəlilovu necə aldadıb?
Bizi izləyin

Nida.az

AMİP Firudin Cəlilovu necə aldadıb?

Bir az qaldım, seçkilər dövründə Etibara da çox kömək etdim. Sonra çıxdım, normal münasibətimiz var. Mən oradan çıxandan sonra partiya yavaş-yavaş dağıldı

Sabiq təhsil naziri, professor Firudin Cəlilov "Gündəlik teleqraf" qəzetinin “Brifinq” layihəsində bir vaxtlar Mərkəzi Şurasının sədri olduğu AMİP-də aldandığını söyləyib. O bildirib ki, hazırda AMİP üzvləri ilə münasibətləri normaldır: “Mən ömründə heç bir partiyaya üzv olmaq istəməmişəm.

Seçkiqabağı rəhmətlik Şadman bəy gəldi, deyəsən, Etibar bəy göndərmişdi. O dedi ki, gəl partiyadan namizədliyini verək. O məqsədlə getdim ki, növbəti parlament seçkilərində partiya adından iştirak edim. Sonra da başa düşdüm ki, məni aldadıblar. Bir az qaldım, seçkilər dövründə Etibara da çox kömək etdim. Sonra çıxdım, normal münasibətimiz var. Mən oradan çıxandan sonra partiya yavaş-yavaş dağıldı”.

AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov Firudin Cəlilovun AMİP-ə dəvət olunmasının tarixindən danışıb. Ə. Orucov qeyd edib ki, AMİP F. Cəlilova ziyalı və elm adamı kimi hörmət bəsləyir:

“Müəllimim olub, onu ziyalı kimi yüksək qiymətləndiririk. Amma Firudin müəllimin partiyamız barəsində bu cür açıqlaması təəccüb və təəssüf doğurdu. Cənab professor sıradan bir adam deyil ki, onu kimsə aldada bilsin. O, təhsil naziri vəzifəsindən istefaya göndərildikdən sonra partiyada fəaliyyət göstərib. Etibar Məmmədov ona böyük etimad göstərib. Firudin Cəlilov partiyada ikinci post olan Mərkəzi Şuranın sədri vəzifəsini tutub”.

Ə. Orucov bildirib ki, F. Cəlilov 1995-ci il keçirilən parlament seçkilərində proporsional qaydada partiyanın namizədləri siyahısında 6-cı şəxs olub: “2000-ci il parlament seçkilərində də onun namizədliyi AMİP tərəfindən 8 saylı Binəqədi I seçki dairəsindən irəli sürülüb. İstəməzdim ki, Firudin bəy özünün aldadıldığını desin. Ona hörmətimiz var, onu istiqlalçı şəxs kimi qəbul edirik. Təkcə Firudin bəyin deyil, eyni zamanda bir çox insanların üzərində sıravi AMİP-çilərin haqqı var. Bizim günahımız deyil ki, o, partiyadan deputat seçilə bilmədi. İstəməzdim ki, incikliyini bu şəkildə ifadə etsin. Hər halda bizdən inciməyə haqqı yoxdur. Namizədliyi irəli sürüləndə sıravi partiya üzvləri heç bir təmanna güdmədən onun qalib gəlməsi üçün fədakarlıq edib. Firudin Cəlilovun təhsil naziri olarkən də AMİP rəhbərliyi ilə sıx münasibətləri olub. Təhsil naziri vəzifəsindən istefaya göndərildikdən sonra da könüllü surətdə partiyamızı seçib”.

F. Cəlilovun AMİP-dən gedişinə gəlincə, Ə. Orucov söylədi ki, professor elmi yaradıcılıqla məşğul olduğuna görə partiya ilə əlaqəni kəsib:

“Daha sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunub. Amma heç vaxt partiya ilə Firudin bəy arasında problem olmayıb. AMİP bu gün də ölkənin aparıcı siyasi qüvvəsidir. Aparılan mücadilədə ön sıradadır. Partiyamız dağılmayıb. Bizim üçün Firudin müəllim yenə də milli istiqlalçıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm