Arif Hacılı: "Eldar Əliyev bizə yalvarırdı"
Bizi izləyin

Nida.az

Arif Hacılı: "Eldar Əliyev bizə yalvarırdı"

“Elçibəy hökumətinin hər bir üzvü 4 iyun qiyamının yatırılmamasına görə məsuliyyət daşıyır. Lakin qiyamın yatırılmasına heç bir cəhd göstərilməməsi, Elçibəyin meydanda yalnız buraxılması barədə ittihamları qəbul edə bilmərəm”.

Publika.az xəbər verir ki, bu barədə vaxtilə AXC hökumətində təmsil olunmuş Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Gəncə qiyamı barədə deyib. O, Gəncə qiyamı barədə ilk məlumatı Gəncə şəhər icra hakimiyyətinin başçısı Elxan Qədimovdan aldığını bildirib: “Məlumatı həmin vaxt Daxili İşlər Nazirliyində olan Pənah Hüseynlə dəqiqləşdirdikdən dərhal sonra Gəncəyə yola düşdüm. Bir neçə saat ərzində Gəncə ətrafına topladığım hökumətə sadiq silahlı qüvvələr arasından şəxsən seçdiyim hərbçilər vasitəsi ilə Gəncə şəhərinin girəcəyindəki Zazalı kəndində blokpost qurdum. Qiyamın ən dəhşətli ilk iki günü ərzində bu blokpostdan bu üzə bir quş da uça bilmədi.

709-cu briqadanın komandiri Eldar Əliyev blokposta gələrək irəliyə hərəkət etməməyimiz üçün bizə yalvarırdı.

Həmin vaxt Daxili Qoşunların komandanı Fəhmin Hacıyev, İcra hakimiyyəti başçıları və batalyon komandirləri olan Maşallah Abdullayev və Sərdar Həmidov, rəhbərlik etdiyim Ərazi İdarəetmə Üzrə Dövlət Müşavirliyinin məsul işçiləri Əfruz Niftili, Tapdıq Fərhadoğlu və başqaları da mənimlə birlikdə qiyamın Gəncədən ölkənin digər ərazilərinə yayılmasının qarşısını almaq missiyasını həyata keçirirdilər. Heç təsadüfi deyildi ki, Gəncə şəhər meydanındakı mitinqlərdə qiyamın ideoloqları Gəncəbasar regionunda televiziyada birbaşa yayımlanan çıxışlarında İsa Qəmbər və Pənah Hüseynin istefasını, Arif Hacılının isə öldürülməsini tələb edirdilər”.

A. Hacılı qeyd edib ki, Bakıdan verilən yanlış qərar əsasında Zazalı blokpostu Goranboy rayonunun içərilərinə doğru geri çəkildi, qiyam əvvəlcə Gəncəətrafı rayonlara sonra isə bütün respublika ərazisinə yayıldı.
“İyunun 15 də Elçibəyin prezident kimi Bakı şəhərində, prezident aparatının qarşısındakı mitinqdə son çıxışı zamanı da, iyunun 16 da prezident aparatında Elçibəyin keçirdiyi, artıq Heydər Əliyevin parlament sədri kimi iştirak etdiyi son müşavirəsində də Elçibəyin yanında olmuşam. Bir iştirakçı kimi yox, Elçibəyin mövqeyinin əsas müdafiəçisi, ona hücum edənlərin əsas opponenti kimi. İyunun 24-nə Heydər Əliyev 1 saylı fərmanı ilə məni vəzifəmdən rəsmən azad edənədək də, sonrakı dövrlərdə də görəvimizin başında, legitim Elçibəy hakimiyyətinin keşiyində durduq.

Ona görə də heç kəs mənə "Elçibəyi meydanda tək qoydunuz" deməsin”,– deyə o bildirib.
Qeyd edək ki, 1993-cü ilin 4 iyununda AXC-yə qarşı baş vermiş Gəncə qiyamından 21 il ötür.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm