Səudiyyə Ərəbistanı erməni terrorunu pisləyib
Bizi izləyin

Nida.az

Səudiyyə Ərəbistanı erməni terrorunu pisləyib

Səudiyyə Ərəbistanı erməni terrorunu pisləyib

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Ziyafət Əsgərov Azərbaycanla Səudiyyə Ərəbistanı arasında tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətlərindən danışıb: “İki ölkə arasında ticari-iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələr inkişaf edir. Qarşılıqlı səfərlər, görüşlər bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Qarşılıqlı münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələrin də mühüm rolu vardır”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Milli Məclis Sədrinin birinci müavini diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini hələ də işğal altında saxlayır. Onun sözlərinə görə, bu münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilibdir.

1990-cı ildən bəri Ermənistanın Azərbaycanda 30-dan çox terror aktı törətdiyini deyən Ziyafət Əsgərov qonaqlara Xocalı soyqırımı haqqında məlumat verib. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirib.
Birinci vitse-spiker həmçinin Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Səudiyyə Ərəbistanının göstərdiyi dəstəyin ölkəmizdə yüksək qiymətləndirildiyini qeyd edib: “Səudiyyə Ərəbistanı, eyni zamanda, Azərbaycan ilə birgə terrorizmə qarşı mübarizə aparan ən fəal ölkələrdən biridir”.

Azərbaycanın İslam dünyasının ayrılmaz bir parçası olduğunu deyən Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Abdulla ibn Məhəmməd Ən-Nasir ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu söyləyib.

“Həm Səudiyyə Ərəbistanının, həm də Azərbaycanın neft ölkəsi olduğunu nəzərə alaraq, enerji sahəsində təcrübə və məlumat mübadiləsinin, birgə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır”-deyə o bildirib.

Səudiyyə Ərəbistanının daim sülhü dəstəklədiyini deyən Abdulla ibn Məhəmməd Ən-Nasir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəsinin mövqeyinin dəyişməz olduğunu qeyd edib.
Diqqətə çatdırıb ki, Səudiyyə Ərəbistanı ermənilərin törətdikləri terror aktlarını qətiyyətlə pisləyir.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm