MTN-nin keçmiş əməkdaşı “Gəncə qiyamı”nın sirlərini açdı
Bizi izləyin

Nida.az

MTN-nin keçmiş əməkdaşı “Gəncə qiyamı”nın sirlərini açdı

MTN-nin keçmiş əməkdaşı “Gəncə qiyamı”nın sirlərini açdı

MTN-in sabiq əməkdaşı, politoloq Ərəstun Oruclu 4 iyun qiyamı ilə bağlı əsl həqiqətləri açıqlayıb. Publika.az xəbər verir ki, xüsusi məqalə ilə çıxış edən Ə. Oruclu AXC-nin devrilməsinin səbəblərini belə izah edir.

“1. AXC 1992-ci ildə hakimiyyətə gələndə keçirilən prezident seçkisinin nəticələri hakimiyyət üçün artıq ciddi siqnal idi. Əbülfəz Elçibəyə əsas opponentlik edən akademik Nizami Süleymanov xeyli seçki dairəsi üzrə kifayət qədər səs toplamışdı və bunun da səbəbi heç də iddia edildiyi kimi, təkcə onun populist çıxışları deyildi. AXC-nin hakimiyyətə gəlişi ərəfəsində baş verən hərbi məğlubiyyətlər və siyasi böhranlar bu təşkilatdan da yan keçməmişdi. AXC 1992-ci ilin ilk 4-5 ayı ərzində əhali arasında olan nüfuzunun önəmli bir hissəsini artıq itirmişdi və bir çox hallarda milli-azadlıq hərəkatı kimi deyil, hakimiyyətə can atan siyasi qüvvə kimi qəbul edilirdi ki, bu da təşkilatın cəmiyyətdəki mövcud stereotipik imicinin transformasiyası demək idi. Təsadüfi deyildi ki, həmin seçkidən sonra hakimiyyətə qarşı saxtakarlıqla və silah gücünə hakimiyyəti zəbt etməklə bağlı xeyli ittihamlar səsləndirilirdi. Az ya çox, amma fakt budur ki, cəmiyyətdə belə fikirlər dolaşırdı.

2. Opponentləri AXC-ni hakimiyyətə gəlmək üçün Şuşanı və Laçını təhvil verməkdə ittiham edirdilər. AXC hakimiyyətinin təbliğat siyasəti isə son dərəcə zəif qurulduğundan, bu ittihamların miqyası getdikcə daha da artır və genişlənirdi.

3. Həmin tarixi dövrün bütün çətinliklərinə baxmayaraq, AXC hakimiyyəti qısa müddətdə əldə etdiyi uğurları əhaliyə çatdıra bilmirdi və bunun da səbəbi yuxarıda qeyd etdiyim təbliğat siyasətinin zəifliyi, qeyri-peşəkar qurulması idi.

4. AXC hakimiyyətində təmsil olunan qruplar arasında mövqelər uğrunda daxili mübarizə getdikcə vüsət alırdı və bəzən bu qruplar bir-birinə qarşı daha barışmaz olurdular, nəinki ümumi rəqibə qarşı.

5. Hakimiyyətin vahid idarəçilik mərkəzi yox dərəcəsində idi və qruplararası çəkişmələr bu istiqamətdə pozitiv addımların atılmasına ciddi mane olurdu.

6. Bu və digər səbəblərdən AXC hakimiyyəti yeni parlament seçkiləri keçirməyə tələsmir və hələ sovet dönəmindən qalan, legitimliyi xeyli suallar doğuran parlamenti qoruyub saxlamağa çalışırdı.

7. Təkcə hakimiyyət qanadları arasında deyil, bir çox nazirliklər arasında əlaqələrdə də açıq-aşkar pərakəndəlik, qarşıdurmalar, qeyri-sağlam rəqabət vardı və bunlar durmadan yüksələn xətt üzrə davam edirdi.

8. Hakimiyyət ierarxiyası yox dərəcəsində idi və bəzən elə şəxslər elə siyasi bəyanatlar verirdilər ki, bunun, yumşaq desək, siyasətə heç bir aidiyyəti olmurdu. Bəzən isə buna oxşar bəyanatlar ən yuxarı səviyyələrdən səsləndirilirdi və bu da öz növbəsində beynəlxalq aləmdə hakimiyyətin nüfuzuna ciddi xələl gətirirdi. Məsələn, tutduğu vəzifə statusuna uyğun olaraq funksiyası sirf yerli idarəçilik məsələləri olan bəzi hakimiyyət nümayəndələri türkçülük, turançılıq haqda boş və mənasız mülahizələr irəli sürürdülər ki, bu da bir sıra hallarda hakimiyyətin qeyri-ciddi, xaotik bir qrupdan ibarət olması təəssüratını yaradırdı.

9. Azərbaycan üzərində Qərb şirkətləri ilə imzalanmağa hazırlanan neft müqaviləsinin kabusu dolaşırdı və bu da ən təhlükəli, amma təəssüf ki, çox da ciddi yanaşılmayan bir məqam idi.

10. Əslində özünü daha çox sözdə göstərən ifrat ideolojiləşmə həm ölkənin daxilində, həm də ondan xaricdə hakimiyyətin əleyhdarlarının ümumi çəkisini sürətlə artırırdı.

11. AXC hakimiyyətə gələnədək ölkədə əsas idarəçilik sistemi olan korrupsiya mexanizmləri sıradan çıxarılsa da, əvəzində yeni, sağlam sistem qurulmamışdı. Bir növ idarəçilik boşluğu və hətta idarəçilik böhranı mövcud idi.

13. Sistemsiz, qeyri-ardıcıl və pərakəndə də olsa, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar bir sıra qonşu dövlətlərdə (xüsusilə, İran və Rusiyada) ciddi təlaş yaradırdı ki, bu da onların Azərbaycana ənənəvi düşmənçilik münasibətini bir qədər də kəskinləşdirir və dərinləşdirirdi. Bu ölkələr artıq sistemli pozuculuq fəaliyyətinə başlamışdılar ki, bu da 4 iyun hadisələri dövründə özünü açıq şəkildə göstərəcəkdi”-deyə o yazır.

Sabiq MTN-çi qeyd edir ki, bütün bu sadalananların fonunda ölkənin daxilində və onun xaricində AXC hakimiyyətinin devrilməsinə ciddi hazırlıq gedirdi. “Rusiya casus şəbəkəsinin fəallığı artır... gələcək prezidentin şərəfinə badələr qaldırılırdı” Ə. Oruclu bu çevrilişdə Rusiya və İran amilini də xüsusi vurğulayır. Əlavə edir ki, Rusiya əsasən Azərbaycana hərbi uğursuzluqlar təşkil edir, ölkəni tərk etməyə hazırlaşan Rusiya qoşunları silah-sursatı Azərbaycan hakimiyyətinə təhvil verməklə yanaşı, həm də özünə loyal siyasiləşmiş hərbi qrupları silahlandırırdı. Onun sözlərinə görə, ölkə ərazisindəki Rusiya casus şəbəkəsinin fəallığı da gündən-günə artırdı: “Bir tərəfdən Rusiya xəfiyyələri Ayaz Mütəllibovu hakimiyyətə qaytarmağı hədəfləyən qrupları dəstəkləyirdisə, digər tərəfdən də Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi (ГРУ) Azərbaycan Ordusunda pozuculuq, təxribat və diversiya fəaliyyətini genişləndirirdi. Azərbaycanın Müdafiə Nazirliyi faktiki olaraq ölkənin siyasi rəhbərliyinə tabe olmurdu və bu da Elçibəy hakimiyyətinin nüfuzunu (o cümlədən, beynəlxalq nüfuzunu) sürətlə aşağı salırdı. Ölkədə xaos yaranması təhlükəsi artırdı. Bundan başqa, bir sıra siyasi partiyalar da müəmmalı yollarla əldə etdikləri vəsaitlər hesabına silahlı birləşmələr təşkil etmişdi. Belə silahlı birləşmələr adətən döyüş bölgələrində deyil, Bakı ətrafında (məsələn, Biləcəridə) yerləşdirilir və yalnız həmin siyasi müxalifət liderlərinə tabe olurdu. Digər tərəfdən də “Hərbi birlik” adlı zabitlər qrupunun fəallığı artır, bu birlik artıq siyasi bəyanatlar səsləndirirdi. Hakimiyyətin qətiyyətli addımlar atmaması bu cür zərərli təşəbbüsləri daha da ruhlandırır və separatçı mövqedən çıxış edən hərbi-siyasi qrupların təhlükə dolu nümunəsi Milli Ordu sıralarına da nüfuz edirdi. Belə təşəbbüslərdən birinin durmadan artan fəallığı xüsusilə nəzərə çarpırdı. “De-fakto” korpus komandiri, polkovnik Surət Hüseynovun ətrafına toplaşmış kriminal və yarım kriminal qruplarda “Azərbaycanın gələcək prezidenti” haqda təbliğat xarakterli məlumatlar dövriyyəyə buraxılır, hətta bir sıra el şənliklərində bu şərəfə tostlar səsləndirilir, badələr qaldırılırdı.

Elçibəy hakimiyyəti susur, cəzasızlıq isə yeni-yeni özbaşınalıqlar doğururdu”.“Azərbaycan əks-kəşfiyyatı öz ölkəsində İran casuslarından daha ehtiyatlı davranmağa çalışırdı” Sabiq MTN-çi bildirir ki, Azərbaycanın müstəqilliyini ilk gündən aqressiv qarşılayan digər bir qonşu dövlət - İran da pozuculuq fəaliyyətini gücləndirir, bu ölkənin kəşfiyyat orqanları bir neçə istiqamətdə aktivlik göstərirdi. “İran xəfiyyələri orduya nüfuz edir, dini dəyərlərin təbliği adı altında sərbəst olaraq məscidlərdə antiazərbaycan təbliğatı aparır, qurduqları casus şəbəkəsinin vasitəsilə Elmlər Akademiyasının müxtəlif strukturlarında çalışan alimlərin iştirakı ilə müxtəlif “konfranslar” təşkil edir və hətta

bəzən belə “elmi konfransların” iştirakçılarına qonorarlar verməyi də unutmurdu. Bundan başqa, İran xəfiyyələri sürətlə Azərbaycanın media məkanına nüfuz edir, bu işlərə son dərəcə səxavətlə “investisiyalar” yatırırdılar.

Ümumiyyətlə müxtəlif mənbələrdən İranın 1992-93 illərdə Azərbaycandakı pozuculuq fəaliyyətinə 14-16 milyon ABŞ dolları məbləğində vəsait ayırdığı haqda məlumatlar daxil olmuşdu. Bu ölkənin xəfiyyə şəbəkəsinin üzvləri və onları idarə edən diplomatik pərdə altında çalışan kəşfiyyatçıları xüsusi həyasızlığı ilə fərqlənirdilər. Bəzən bu hətta ironik həddə çatırdı və Azərbaycan əks-kəşfiyyatı öz ölkəsində İran casuslarından daha ehtiyatlı davranmağa çalışırdı ki, bu da öz növbəsində İran casuslarını daha da ruhlandırırdı”-deyə o bildirir. AMİP-in ordusu var imiş? Ə. Oruclunun sözlərinə görə, müxalifətdə olan iki partiyanın diqqətə alınmaması da böyük səhv idi. Onun sözlərinə görə, üzdə görünən digər iki müxalifət partiyaları - AMİP (sədri Etibar Məmmədov) və MAP (sədri Nizami Süleymanov) isə əslində yetərincə zəif və sistemsiz mübarizə aparmaları ilə təklikdə və hətta tandemdə ciddi təhlükə mənbəyi hesab edilmirdilər: “Bir amili - AMİP-ə bağlılığı iddia edilən bir sıra nəzarətsiz hərbi birləşmələri nəzərə almasaq.

Daxil olan məlumatlarda iddia edilirdi ki, bunlardan biri yuxarıda qeyd etdiyim Biləcəridə dislokasiya olunmuş iki batalyondan ibarət idi. Beləliklə, oyunlar genişləndikcə, çevrə daralır, manevr etmək imkanları məhdudlaşırdı. 1993-cü ilin yanvarında Surət Hüseynovun nəzarətində olan korpusun hərbi birləşmələrini Seyfəli poliqonuna çəkərək, Tərtər-Kəlbəcər yolunu müdafiəsiz qoyması və bunun ardınca aprelin ilk günlərində Kəlbəcərin Ermənistan qoşunları tərəfindən işğalı sürətlə daralan halqanı qapadı. Ölkədə fövqəladə vəziyyət elan edildi, amma bu hakimiyyətin süqutunu ən yaxşı halda bir qədər uzada bilərdi. Onu xilas etmək isə artıq gec idi”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm