Naxçıvanda nə baş verir? – polkovniklərin şərhi
Bizi izləyin

Nida.az

Naxçıvanda nə baş verir? – polkovniklərin şərhi

Naxçıvanda nə baş verir? – polkovniklərin şərhi

Naxçıvanda erməni hücumu ilə bağlı xəbərlər yayıldı. Məlumatlara görə, erməni hərbi birləşmələri ilə Culfa, Şahbuz, Sədərək rayonlarında şiddətli döyüşlər gedir. Hətta erməni tərəfinin 4 hərbi təyyarəsinin havaya qalxdığı xəbərləri də dolaşmaqdadır. Lakin Müdafiə Nazirliyi bu xəbərləri təkzib edir və vəziyyətin nəzarətdə olduğunu deyir.


Ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Publika.az-a açıqlamasında bildirib ki, ermənilərin Naxçıvana genişmiqyaslı hücumu mümkün deyil:

“Bildiyimiz kimi, müəyyən müqavilələr də var. Əgər Naxçıvana kənar qüvvə soxulsa, müqaviləyə əsasən məsələyə Türkiyə də qarışacaq. Əslində, bu cür xəbərləri qeyri-ciddi hesab edirəm. Kimlərsə gündəmə gəlmək üçün belə xəbərlər uydururlar. Birdən-birə belə şeyin baş verməsi mümkünsüz görünür. Birincisi, Azərbaycan ordusu kifayət qədər güclüdür, ikincisi, Ermənistanın hərbi potensialı o səviyyədə deyil ki, belə bir hücuma başlasın. Digər tərəfdən, ermənilərlə bir yerdə olan Rusiya da buna getməz”.

Polkovnik hesab edir ki, bu cür informasiyaların yayılmasının iki tərəfi var: “Birincisi, erməni tərəfi Azərbaycanda xof yaratmağa çalışır və ordumuza zəif gözlə baxdıqlarının mesajını verirlər. İkincisi isə, belə informasiyaların yayılması ilə cəmiyyətin hazırlıq vəziyyəti yoxlana bilər. Düzdür, Müdafiə Nazirliyi bu məsələlərə əvvəldən hazırdır. Amma ictimaiyyətin də hər an hazır olması baxımından belə informasiyalar yayıla bilər”.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərli isə Publika.az-a açıqlamasında bildirib ki, bu, tirajlanan dezinformasiyalardır: “Naxçıvanda gərginlik var, əvvəlki dövrlərə nisbətən atəş səsləri daha tez-tez eşidilir. Bu da ermənilərin verdiyi itkilərlə bağlıdır. Lakin deyildiyi formada hücum yalandır. Son vaxtlar Azərbaycan Naxçıvana böyük miqdarda silah-sursat yerləşdirib, ən böyük təlimlər də burda keçirilir. Bu baxımdan, ermənilər bu bölgədə təxribat yaratmaq istəyi ilə belə informasiyalar yayırlar. Mən belə dezinformasiyalara uymamağa çağırıram”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm