Yusif Bağırzadə: “AMİP olaraq hökumətin yanındayıq”- Müsahibə
Bizi izləyin

Nida.az

Yusif Bağırzadə: “AMİP olaraq hökumətin yanındayıq”- Müsahibə

Yusif Bağırzadə: “AMİP olaraq hökumətin yanındayıq”- Müsahibə

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin Publika.Az-a müsahibəsi

- Avrasiya İqtisadi İttifaqı və Avropa Birliyi. AMİP Azərbaycanın bunlar arasındakı seçimi ilə bağlı nə düşür?

- Hesab edirik ki, bu gün Azərbaycanın torpaqlarının azad olunmasında hansı tərəf daha fəal olacaqsa, onun yanında olmalıyıq. Lakin burda bir nüansı gözdən qaçırmamalıyıq. Biz torpaqlarımızı işğal edən Ermənistanla eyni ittifaqda ola bilmərik, hansı ki, rəsmi İrəvan Avrasiya İqtisadi İttifaqına daxil olmaq istiqamətində çalışır.

Digər tərəfdən biz MDB-nin üzvüyük, hesab edirəm ki, artıq bu qurum öz fəaliyyətini dayandırmış kimidir. Biz GUAM-ın da üzvüyük ki, bu qurumdakı ölkələr-Ukrayna, Gürcüstan, Moldova üzünü Avropaya tərəf tutub. Deməli biz də öz seçimimizi Avropa ilə etməliyik. Bu gün Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında aktiv iştirakçıdır. Enerji resurslarımızı Qərbə sataraq iqtisadiyyatımızı formalaşdırırıq. Türkmən qazını, daha sonra sanksiyaların azadlığı İran qazını da bu layihəyə qoşa bilsək o zaman daha sərfəli olar.
Bunların fonunda Azərbaycanın heç bir birliyə qoşulmamaq yolunu seçdiyini görürük. Belə olduğu təqdirdə ən yaxşı birlik Türkiyə, Azərbaycan və Gürcüstanın birliyidir. Lakin bu birlik çərçivəsində də yol Avropaya olmalıdır. Hesab edirəm ki, 2014-cü ilin sonuna kimi Azərbaycan kimi yanında olduğunu açıqlamalıdır.

- Sizcə bu, böyük dövlətlərin üzərimizə gəlməsinə səbəb olmayacaq?

- Təbii ki, Azərbaycan öz seçimini edərkən hansısa tərəflə münasibətləri korlamamalıdır. Biz həm Avropa, həm də Rusiya ilə eyni münasibətləri saxlamalıyıq. Belə bir vəziyyətdə bizdən uzaq, yaxud bizə yaxın ölkələrlə münasibətləri korlaya bilmərik. Amma vəziyyəti öz xeyrimə dəyişməliyik. Çünki torpaqların azad olunması üçün unikal bir vəziyyət yaranıb.

- Bu, necə bir vəziyyətdir və belə vəziyyətdə Azərbaycan hansı addımı atmalıdır?

- Bu yaxınlarda Ukrayna məsələsi ilə bağlı Almaniya və Rusiya xarici işlər nazirləri görüşdü. Orda iştirak edən Polşanın xarici işlər naziri açıqladı ki, onlar Ukraynanın ərazi bütövlüyünü və separatçılara qarşı keçirilən anti-terror əməliyyatlarının dəstəkləyir. Ukraynanın bu əməliyyatlarına bəyanatlarla haqq qazandırılır, amma Azərbaycanın əlində 4 BMT qətnaməsi var və bu bizə Dağlıq Qarabağın ətrafındakı Azərbaycan torpaqlarında anti-terror əməliyyatları başlamağa imkan verir. Hesab edirəm ki, bu əməliyyatlar tezliklə başlanmalıdır.

- Necə hesab edirsiniz, bu məsələlərdə müxalifət iqtidarın yanında olmalıdır, yoxsa hansısa beynəlxalq gücün?

- Müxalifətin dövlətin yanında olmalıdır. Bütün məqsədlər də torpaqlarımızın azad olunması istiqamətində birləşməlidir. Hesab edirəm ki, Bakı tərəflərə torpaqların azad olunması məsələsi baxımından yanaşacaq və bu doğru yanaşmadır. Xalq da, iqtidarlı, müxalifətli, hər kəs birgə olmalıdır. Biz də AMİP olaraq hökumətin yanındayıq.

- Amma bəzi müxalif partiyalar səhv, yaxud düz olmasından asılı olmayaraq iqtidarın seçdiyi yolun əksinə gedir.

- Bu səhv və radikal yanaşmadır. Biz belə fikirlərdən uzağıq. AMİP bir çox beynəlxalq təşkilatların iclaslarında iştirak edir. Biz hər zaman Azərbaycanın mövqeyini müdafiə edir, ərazi problemimizi dilə gətiririk. Misal üçün Avropa Xalq Partiyasında AMİP hakim YAP-la birgə təmsil olunur. Bu qurumda biz eyni məqsəddən eyni hədəfə doğru çıxış edirik.

- Siz Azərbaycanın ağrılı problemlərini beynəlxalq təşkilatlarda qaldırdığınızı deyirsiniz. Amma bir sıra müxalif partiyalar ancaq daxili problemlərdən danışırlar.

- Bu onların öz daxili işidir. Bizim yolumuz, məqsədimiz başqadır. Hesab edirəm ki, hökumətin də siyasi təşkilatlara baxışı dəyişməlidir. Ənənəvi olaraq müxalifət kimi qəbul edilən partiyalar var ki, beynəlxalq təşkilatlarda xalqına, dövlətinə müxalifətçilik edirlər. Bu baxımdan hökumət də öz baxıcını müxalifətə dəyişməlidir.
AMİP isə bacardığı qədər Azərbaycanın mövqeyini müdafiə edir.

- Son vaxtlar müxalifətdəki passivliyi nə ilə əlaqələndirərsiniz?

- Bütün dövlətlərdə belədir ki, siyasi aktivlik seçki öncəsi daha çox olur. Azərbaycanda da eyni durumdur. Amma müxalifətdə passivlik əvvəldən də var idi və bu göz önündədir.

Bunu AMİP ilə bağlı demək olmaz. Bizim qərargahımız var və daim aktiv formada fəaliyyətimizi qururuq. Bələdiyyə seçkilərinə də qatılmaq fikrimiz var.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm