
Milli Şuranın fəxri sədri, kinorejissor Rüstəm İbrahimbəyov avqustun 5-nə qədər ikili vətəndaşlığı ilə bağlı Rusiya Federal Miqrasiya Xidmətinə məlumat verməlidir.
Publika.az xəbər verir ki, Rusiya Federal
Miqrasiya Xidmətinin yeni qərarına görə, Rusiyada yaşayanlar bundan
sonra ikili vətəndaşlığı ilə bağlı hökumətə məlumat verəcəklər. Əks
təqdirdə, onları 200 min rubl cərimə gözləyir.
Qeyd edək ki, Rusiya Konstitusiyası ikili vətəndaşlığı qəbul
edir.
Moskvadakı Azərbaycan diasporundan Publika.az-a yeni qayda ilə
bağlı verilən məlumata görə isə, Moskva bununla miqrantlar üzərində
yeni siyasətini formalaşdırmaq niyyətindədir.
“Rusiyada yaşayan miqrantların əksəriyyəti həm də öz ölkələrinin vətəndaşıdır. İkili vətəndaşlığa icazə verilən ölkələrdən olanlar bunu açıq, Azərbaycan kimi icazə verilməyən ölkələrdən olanlarsa gizli formada daşıyır. Rusiya hökuməti məhz bu şəxslərin yenidən qeydiyyata alınması siyasətini yeridir. Bu həm də Rusiyada öhdəlikləri olan miqrantların nəzarətinə kömək edəcək”,– deyə mənbə bildirib.
Xatırladaq ki, 2013-cü il prezident seçkilərində Milli Şuranın
birinci vahid namizədi olmuş Rüstəm İbrahimbəyov da Azərbaycan
vətəndaşı olmaqla yanaşı, Rusiya pasportunu da daşıyır. Onun
namizədliyinin qeydə alınmamasının əsas səbəbi də bu olub. Yeni
qaydaya görə, R. İbrahimbəyov də avqust ayının 5-nə kimi Rusiya
hökumətinə məlumat verməlidir.
Asif Nərimanlı