Dilimizin saflığını pozanlar: bəzi hökumət nümayəndələri, Milli Məclis və... - AKADEMİK
Bizi izləyin

Nida.az

Dilimizin saflığını pozanlar: bəzi hökumət nümayəndələri, Milli Məclis və... - AKADEMİK

“Pis cəhət ondan ibarətdir ki, nəinki müasir gənclik, eyni zamanda bir çox hallarda təcrübəli ziyalılar, yaradıcı qüvvələr, hökumətdə təmsil olunan bəzi məmurlar və kütləvi informasiya vasitələri kənar təsirlər vasitəsilə dil mühitimizə daxil olan həmin sözlərə həssas münasibət göstərərək onları gündəlik danışıq dilinə daxil edirlər. Beləliklə, efirdən - ekrandan və sosial mühitdən Azərbaycan dilinin leksik tərkibinə dilimizin ahəng qanununa, qrammatik qaydalarına uyğun gəlməyən kənar sözlər daxil olmaq üçün münasib imkan qazanır”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli “Azərbaycan” qəzeti üçün yazdığı məqaləsində qeyd edib.

Akademik bildirib ki, texniki tərəqqinin inkişafından doğan beynəlxalq miqyasda qəbul edilən yeni terminlərlə yanaşı, heç bir xüsusi ehtiyac olmadan dilimizə nüfuz edən yad kəlmələr leksikamızda özünə yol tapmaqdadır:

“Təəssüf ki, belə lüzumsuz kəlmələr bəzən dərsliklərə də yol tapır, çox asanlıqla məktəb yaşlı uşaqların yaddaşında özünə yer sala bilir. Etiraf etmək lazımdır ki, hətta bəzi müəlliflər öz əsərlərində alınma sözlərdən, mürəkkəb terminologiyadan zəruri olmadan istifadə etməyi savadlılıq əlaməti hesab edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı 1 noyabr 2018-ci il tarixli fərmanında haqlı olaraq "əcnəbi söz və ifadələrin yersiz işlədilməsinin az qala adi hala çevrilməsi” xüsusi olaraq diqqətə çatdırılmışdır. Halbuki Azərbaycan dilinin zənginlikləri həmin alınma sözlərin və ifadələrin dilimizdəki münasib qarşılığı olan leksik vahidlərlə işlədilməsinə tamamilə imkan verir. Belə olduğu halda yad və kənar sözlərə kütləvi marağın güclənməsi və genişlənməsi Azərbaycan dilinin saflığının qorunması üçün həyəcan təbili çalınmasına böyük zərurət yaradır.

Prezident İlham Əliyevin 9 noyabr 2015-ci ildə Milli Elmlər Akademiyasının 70 ilik yubileyindəki dərin məzmunlu nitqində həmin həyəcan siqnalı çox qabarıq şəkildə ifadə olunmuşdur: "Bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni, doğrudan da, narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur. ...İmkan verilməməlidir ki, ana dilimizə yad kəlmələr daxil olsun. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur”.

Dövlət başçısını dövlət dilinə münasibətdə narahat edən məsələlərin həlli, ilk növbədə, Azərbaycan elm və təhsil işçilərinin, mədəniyyət xadimlərinin və ümumiyyətlə ziyalı mühitinin, bütün yaradıcı qüvvələrin, mətbuatda, radio və televiziyalarda çalışanların əsas vəzifəsinə çevrilməlidir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm