Eldar Sabiroğlu: “Mənim günahım yoxdur” – Özəl
Bizi izləyin

Nida.az

Eldar Sabiroğlu: “Mənim günahım yoxdur” – Özəl

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu istintaqa çağırılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Sabiq rəis E.Sabiroğlu Publika.az-a açıqlamasında yayılan xəbərləri təkzib edib.

O deyib ki, bu, əsası olmayan informasiyadır və maraqlı şəxslər tərəfindən mətbuata ötürülür:

“Məni heç bir hüquq orqanı istintaqa dəvət etməyib. Ümumiyyətlə, mənim heç bir günahım yoxdur. İnformasiya təminatı məsələsində mən hər zaman diqqətli olmuşam. Müdafiə Nazirliyinin rəhbərliyi də bu işdə çox doğru siyasət yürüdürdü. Bizim əsas məqsədimiz baş verən hadisə ilə bağlı heç bir informasiyanı gizlətməmək və dərhal ictimaiyyətə məlumat vermək idi”.

E.Sabiroğlu işlədiyi zamanlarda əsgər ölümlərini gizlətməkdə ittiham olunması məsələsinə də münasibət bildirib:

“Əsgər ölümlərini gizlətmək olmaz. Ümumiyyətlə, bu barədə düşünməyin özü qəbahətdir. Əsgər ölümünü gizlətmək olar? Bu heç cür mümkün olası da deyil. Azərbaycan elə böyük ölkə deyil. Ən ucqar yerdə belə baş verən hadisə bir neçə dəqiqədən sonra bütün ölkəyə yayılır, hamının məlumatı olur. Digər tərəfdən isə, biz o qədər məsuliyyətimizi itirməmişdik ki, bu cür yollara əl ataq. Bu, düzgün deyil”.

Xatırladaq ki, AzNews.az saytı yazıb ki, general-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin edilməsindən sonra bu strukturda – qoşun növlərində aparılan təhqiqatlar, istintaq hərəkətləri ilə bağlı bir-birinin ardınca maraqlı xəbərlər gəlməkdədir:

“Sayta daxil olan daha bir informasiya isə Müdafiə Nazirliyində istintaq-təhqiqat işlərinin yeni fazaya qədəm qoyduğunu göstərir. Məlumata əsasən, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu (Səfərov) da istintaqa çağırılıb. Qurumun sabiq sözçüsü cəbhə xəttində, əsasən isə döyüş bölgəsində olmayan hərbi hissələrdə əsgər ölümləri ilə bağlı faktların mediadan gizlədilməsində ittiham edilir. Yaxın günlərdə E. Sabiroğlunun hərbi prokurorluğa çağırılacağı da xəbərlər sırasındadır.

Müdafiə Nazirliyinə yaxın mənbələrdən əldə edilən daha bir məlumata görə, təhqiqatlara Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov şəxsən nəzarət edir.

Xatırladaq ki, ötən ilin noyabrında müdafiə naziri Zakir Həsənov 2012-2013-cü illərdə baş verən əsgər ölümləri ilə əlaqədar tədqiqatların aparılması ilə bağlı xüsusi tapşırıq verib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm